Fəthullah Gülən və fəlsəfəsi 27 sualda-4
Tanınmış araşdırmaçı yazar Əli Ünalla apardığımız silsilə müsahibələrin yavaş-yavaş sonuna çatırıq. İndiyə kimi onunla söhbətimizi 27 sual ətrafında quraraq möhtərəm Fəthullah Gülənin müəyyən məsələlərə yanaşmaları, onun haqqında cəmiyyətdə gəzən söz-söhbətlər, Gülən hərəkatının mahiyyəti, dünyada baş verən siyasi proseslərə müsəlmanların yanaşmaları kimi məsələlər haqqında fikirlərini öyrəndik. Bu dəfəki yazıda siz Əli Ünalın 17-22-ci suallara verdiyi cavablarla tanış olacaqsınız. Növbəti yazıda görüşənədək...
Sual: Türk dövlətlərinin əhəmiyyətindən bəhs edə bilərsinizmi?
Cavab: Müstəqilliyini əldə edən Türk dövlətləri dərin tarixi köklərə və zəngin mədəniyyətə malik olduğu üçün, dünyanın güc mərkəzinin tədricən cəmləşdiyi Asiyada, üstündə müharibələr gedən enerji resurslarının mərkəzində və ətrafında yerləşdiyinə görə böyük əhəmiyyət daşıyır. Bundan əlavə, bu respublikalar modern mədəniyyətin bilavasitə və tam təsirinə məruz qalmadığına görə bu mədəniyyətin mənfi cəhətlərini aradan qaldırmağa imkan verən, onun bəşəriyyət üçün faydalı hala gəlməsini təmin edən dinamizmlərə də malikdir. Bu və ya digər faktorlar bu dövlətlərin Türkiyə ilə birlikdə, inşallah, dünyanın gələcəyində böyük rol oynayacağını və belə bir potensiala malik olduğunu göstərir.
Sual: Fəthullah Güləni sevənlər tez-tez soruşurlar: niyə təfsir yazmır və ya yazdırmır?
Cavab: Xocaəfəndi bilavasitə yazmaqdan çox – xüsusən də, təfsir kimi dini elmlərdə – müzakirəyə üstünlük verir. Ancaq Xocaəfəndi ilə belə bir müzakirəni aparmağı bacaran bir heyətə, yəni yalnız bu işlə məşğul olan bir heyətə ehtiyac var. Bəlkə də, Xocaəfəndi mövcud imkanlar, daha vacib işlər təfsir yazmağa imkan vermədiyi üçün bu işə başlamır. Bundan əlavə, Ustad kimi Xocaəfəndi də təfsir üçün “açar” və meyar mahiyyəti daşıyan əsərlər yazmışdır. Onun “Fatihə haqqında mülahizələr”, “Qurandan idraka əks olunanlar” və çapa hazırlanan “Quranın altın iqlimi” kimi əsərləri var. Bəlkə, o da Ustad kimi “açar”ı verib, meyarları göstərib təfsir yazmağı bir heyətə həvalə etmək istəyir. Hər halda indiyə qədər niyə təfsir yazmadığını özü daha yaxşı bilər.
Sual: Fəthullah Güləni böyük İslam alimlərindən kimə bənzətmək olar?
Cavab: Hər bir dövrdə böyük alimlər, mürşidlər, mücəddidlər yaşamış, böyük işlərə imza atmışlar. Xocaəfəndi nə klassik mənada təfsirçi, nə klassik mənada fəqih, nə klassik mənada hədis alimi, nə də klassik mənada bir təsəvvüf şeyxidir. O, sözügedən elmlərə, yəni təfsir, hədis, fiqh, siyər, kəlam və təsəvvüfə dövrün tələbatı qədər vaqif, ictimai elmləri müəyyən səviyyədə mənimsəmiş, dövrün ictimai-iqtisadi-siyasi hadisələrini də dərk edən, bununla yanaşı, aksiyona malik bir insandır. Hərtərəfli rəhbərdir. Bu baxımdan onun haqqında mütləq mənada “filan İslam aliminə bənzəyir” demək bir az çətindir. Ancaq mütləq müqayisə etmək lazımdırsa, onu daha çox İmamı Qəzali ilə, müəyyən mənada da İmam Rəbbani ilə müqayisə edə bilərik.
Sual: Fəthullah Güləni uzun illər tanıyan bir şəxs kimi onu bir neçə cümlə ilə necə təsvir edə bilərsiniz?
Cavab: Məncə, indiyə qədər cavabladığım suallarda bunun da cavabı var. Sual: Fəthullah Gülən bəzi düşüncələrini şəriət hökmləri ilə deyil, hissi hökmlərlə ifadə edir. Məsələn, qeyri-müsəlmanlarla sosial münasibətlərdə tolerant olmaq, bu fəaliyyətə mənsub bir insanı qeyri-münasib yerdə və ya vəziyyətdə görərkən buna inanmamaq kimi...
Cavab: Xocaəfəndi, “Qəlbin zümrüd təpələri” əsərinin III cildində verilən "Vicdan" yazısında Bədiüzzamandan bir iqtibas gətirir. Orada vicdanın, elə ruhun da 4 rüknündən (əsasından) bəhs edir. Bunlardan birincisi iradə, ikincisi hiss, üçüncüsü qəlb və nəhayət dördüncüsü zehin. Bunların hər birinin öz funksiyası var və hər biri ilə həqiqi mənada ibadət etmək mümkündür. Kamil insan bunların hamısını layiqincə yerinə yetirən insandır. Məhz Xocaəfəndi kimi insanlar bunların hamısından istifadə edən, dolayısilə, həm elmə, həm ilhama və ya qəlb qoluna, ya da vəhbi elmə, həmçinin duyğulara, sezişə, hissə, həm də iradəyə əsaslanan, bu istiqamətdə hərəkət edən insanlardır. Onlar hissiliyin ağır gəldiyi hallarda onu iradə ilə, ağılla tarazlayır və qərarlarını buna uyğun verirlər. Dinin hökmlərinə uyğun qərar verirlər, bəzən tam üst-üstə düşməyən mövqe sərgiləsələr də – bu mövzuda dəqiq bir şey deyə bilmərəm – bunu düzəldirlər. Onların niyyəti tamam xalis olduğu üçün Allah Təala onları xeyirxahlığa istiqamətləndirir, daim xeyir əməllərə vəsilə edir, şərə baiskar etmir.
Sual: Fəthullah Güləni mütləq mənada öndər və yanılmayan müstəqim rəhbər kimi görmək olarmı?
Cavab: Mütləq mənada yanılmaz və yanıltmaz rəhbərlər yalnız peyğəmbərlərdir. Onlardan başqa rəhbərlərdə qismən də olsa, yanılma ola bilər. Ancaq bu yanılma günah olan, mütləq şərlə nəticələnən yanılma deyildir. Müəyyən yanılmalar olsa da, yuxarıda da ərz etdiyim kimi, bunlar düzəldilir. Cənabi-Allah peyğəmbərlərdən sonra, bir mənada, təbii ki, peyğəmbər olmayan və vəhy gəlməyən, Peyğəmbərə və vəhyə tabe olan insanlardan seçdiyi rəhbərləri din yolunda səhv əməllərə yönəltməz. Bəzən edilən xətalar da düzəldilir. Bunu da qeyd edim ki, bəziləri Xocaəfəndi kimi şəxsləri yanlış tanıyır, yanlış anlayır. Hətta Peyğəmbərimzdən (s.ə.s.) nəql edilən bəzi səhih hədislər haqqında belə şəxsən səhabələr də fərqli fikirlər irəli sürmüşlər. Əsas məsələ belə böyük şəxsləri düzgün anlamağa çalışmaq, onlara kölgə salmamaq, onları öz arzu və fikirlərimizə alət etməkdən çəkinməkdir.
- tarixində yaradılmışdır.