"Türkiyədə iki fərqli qütb yoxdur"
Almaniyada Türk və Alman dillərində fəaliyyət göstərən Deutsch Türkische Nachrichten (DTN) xəbər saytı Fəthullah Gülən Xocaəfəndidən aldığı ətraflı müsahibəni yayımladı.
Mişel Meyr (Michael Maier) imzası ilə yayımlanan müsahibədə Xocaəfəndi son günlərdə Avropa mediasında da Könüllülər Hərəkatını siyasi məsələlərə alət edən iddialara cavab verdi.
Mişel Meyr: Qərbdə əksəriyyətin düşüncəsinə görə bir şey ya qara, ya da ağdır. Siz İslamla müasir toplumun bir-birini tamamlaması mövzusunda nə düşünürsünüz?
Fəthullah Gülən: Allah Təala (c.c.) insana elmi-mənəvi tərəqqi və təkamül üçün nüvə şəklində bir çox xüsusiyyət, qabiliyyət və duyğular bəxş etmişdir. Bunlardan bəziləri insana ilk baxışda mənfi görünə bilər. Məsələn, inadkarlıq. Halbuki, sözügedən bütün xüsusiyyət, qabiliyyət və duyğuların hər birinin sərf olunma yeri vardır və əgər zahirən mənfi görünən duyğular yerli-yerində sərf edilsə, həm bir çox xeyrin mənbəyi olar, həm də insanın elmi-mənəvi tərəqqisinə xidmət edər. Zahirən mənfi xüsusiyyət kimi görünən inad insana onu (inadı) haqq, doğru yolda sabit, möhkəm olmağa istiqamətləndirmək və ya haqq və doğruluqda sabitqədəm olmaq üçün istifadə etməyə görə verilmişdir. Lakin insan, ələlxüsus da, lazımi səviyyədə təhsil almamışsa, elmən və ruhən kamilləşməmişsə, inaddan yanlış yöndə istifadə edə bilər. İnsan göz və qulağı ilə, yaxud oxumaqla əldə etdiyi məlumatı elmə çevirib həqiqəti, doğrunu tapır. Ancaq bu məlumatlar insanın zehinində bəzi mexanizmlərdən keçir. Təxəyyül, təsəvvür, təəqqül, təfəkkür, mühakimə, təsdiq, izan, iltizam və etiqad başlıca mexanizmlər olub, zehində hər biri bir nəticəyə aparıb çıxarır. Elmə, sağlam düşüncəyə, həmçinin düzgün hərəkət və davranışa “material” olan məlumat, müşahidə və eşidilənlər bu süzgəclərdən keçərək doğruya çevrilmədikcə, xüsusilə, yanlış yolda istifadə ediləndə inad, – məsələyə siyasət, ideologiya və şəxsi mənafelər də qarışarsa – hər şeyi ağ-qara görməyə, kor fanatizmə, təqlidçiliyə gətirib çıxarar, hətta mələyi şeytan, şeytanı mələk kimi görmək və göstərmək dərəcəsinə çatar. Bu baxımdan, doğru baxış aspekti, doğru bilik, doğru düşüncə, doğru mühakimə, duru niyyət və qərəzdən uzaq olmaq bizi həm hər şeyi ağ-qara görməkdən, həm də yanlış hərəkət və davranışlardan, mahiyyətimizə yerləşdirilmiş xüsusiyyət, qabiliyyət və duyğuları yanlış yöndə istifadə etməkdən, dolayısilə aramızda düşmənçiliyin yaranmasından qoruyar.
Suala bu zaviyədən yanaşanda bunu rahatlıqla deyə bilərik: insanı əşya kimi bir qəlibə salmaq mümkün deyildir. Onların hər cür fərqli cəhəti Allahı tanımaq üçün bir ayə, yəni işarə və dəlildir. Buna görə də Qurani-Kərim rəng, irq, dil, qabiliyyət, şəxsi seçim müxtəlifliyini Allahın ayələri və həyatın zərurətləri arasında sayır (“Hucurat” surəsi, 49/13; “Rum” surəsi, 30/22) və müxtəlif dövrlərdə, müxtəlif məkanlarda müxtəlif peyğəmbərlərin göndərilməsini, əsas ortaq dəyərlərlə yanaşı, zaman, məkan və şərtlərdən asılı olaraq fərqli “həyat sistemlərinin” müəyyən edilməsini də insana xas bir cəhət kimi təqdim edir (“Maidə” surəsi, 5 /48). Bütün bu müxtəliflikdə əsas məqsəd insanların bir-birilə tanış olması, qaynayıb-qarışması və yardımlaşmasıdır, digər mühüm məqsəd isə, hər kəsin özünəxas xüsusiyyət və qabiliyyətlərdən istifadə edərək bir-birilə xeyirdə, yaxşı işlər görməkdə yarışmasıdır (“Bəqərə” surəsi, 2/148; “Maidə” surəsi, 5/48). Dolayısilə, insanlar heç vaxt bir inanc, bir sistem halqasında və bir toplum şəklində olmamışlar, olmazlar və olmayacaqlar. Elə isə onlar istər-istəməz qarşılıqlı sülh və əmin-amanlıq şəraitində yaşamağı öyrənməlidirlər. İslam insanlardan bunu istədiyi kimi, yer üzünü “qardaşlıq beşiyi” və Hz. Əlinin sözü ilə desək, müsəlmanları dində, qeyri-müsəlmanları insanlıqda qardaş sayır. Həmçinin, islami aspektdən insanın varlığı ilə üst-üstə düşməyən və onunla ən çox ziddiyyət təşkil edən iki xüsus var: o da qan tökmək və fəsad törətməklə yer üzünü təxribat məskəninə çevirmək. (“Bəqərə” surəsi, 2/30).
İslamla müasir toplumun ayaqlaşması, ziddiyyət təşkil etməməsi mövzusunda digər vacib xüsus da budur: Müasir toplum bir mənada Qərbdə Xristianlıqla mübarizədə formalaşan bir fikir axını ətrafında təşəkkül etmiş kimi görünsə də, müasirliyin tamamilə dinə qarşı olduğunu demək qeyr-mümkündür. Onun düşüncə, inanc, dünyagörüşündə, həmçinin iqtisadi, ictimai və siyasi sistemində bilavasitə dindən qaynaqlanan, ən azı dinə zidd olmayan bir çox ünsürlər vardır. Bunlar İslama da zidd deyil. Dolayısilə, bunlar (bu ünsürlər) İslamla müasir toplum arasında körpü və müştərək bünövrə təşkil etdiyi və edəcəyi kimi, İslam mahiyyət etibarilə Müsəlmanların hər cür toplumun insanları ilə sülh münasibtələri çərçivəsində birgə yaşamasına imkan verən qaydaları ehtiva edir. Müsəlmanlarla xristianlıq, yəhudilik, sabiilik kimi digər din mənsublarının, hətta müsəlman alimlərin dəhri (cəmi dəhriyyun) və zindiq (cəmi zənadiq) adlandırdığı dini qəbul etməyən insanların sülh şəraitində birgə yaşadığı on dörd əsrlik İslam tarixi də buna bariz sübutdur.
Mişel Meyr: Din fərqli toplumlarda hansı rolu oynaya bilər? Dinlər həyatın hansı sahələrində birgəyaşayışın yaxşılaşdırılmasına töhfə verə bilər?
Fəthullah Gülən: Bu və buna bənzər sualları cavablandırmaq üçün dinlərin müxatəbi olan insanı və tətbiq sahəsi olan insan həyatını yaxşı təhlil etmək və yaxşı bilmək lazımdır. İndi insan, ümumiyyətlə bədəndən, onun həyatı da bədən ehtiyaclarının qarşılanması mərhələsindən ibarət sayıldığına görə, dini və din-insan əlaqələrini anlamaqda və təhlil etməkdə çətinlik çəkirik.
İnsan təkcə bədəndən və bədənin ehtiyaclarından ibarət varlıq deyildir. Necə ki, bir sözün əsl varlığı insan zehinində daşıdığı mənadır və sözün hərflərdən ibarət maddi varlığı bu mənanın zahirən görünməsi, bilinməsi üçün geydiyi qəlibdir; bunun kimi də insan varlığı daxil olmaqla, bütün varlığın əsası, təməli onun mənası və ya mənəvi yönüdür. Yəni bütün varlıqlarda məna ilk və əsas olandır, maddə isə mənaya tabe olub ona xidmət edir. İnsana bu aspektdən yanaşanda onun ilk növbədə bütün metafizik yönlərdən və qollardan – ruh, "qəlb", zehin, vicdan və hiss kimi mənəvi ünsürlərdən təşkil olunduğunu görürük. O, təkcə həyatı yaşamaq üçün zahirən bir vasitə olan bədənin ehtiyaclarını təmin etməyə deyil, zehni, qəlbi, ruhi, vicdani və hissi ehtiyaclarını da təmin etməyə məcburdur. Təkcə fiziki tərbiyəyə, yəni inkişaf etmiş "əzələ" və yaxşı işləyən, sağlam "bədən insanı" olmağa deyil, zehni, qəlbi, ruhi, qısaca əxlaqi və mənəvi baxımdan da tərbiyəyə, yaxşı, inkişaf etmiş və sağlam bir "elm, əxlaq, mənəviyyat, qəlb, ruh və hiss" insanı olmağa da ehtiyacı vardır. Din ilk növbədə insanın məhz bu yönlərinə xitab edir və bu yönlərinin ehtiyacını təmin edir. Bu sahədə fəlsəfələr, müasir psixologiya və psixoanalizlər heç vaxt dinin elədiyini edə, dinin yerini tuta bilməz. Müasir psixologiya və psixiatriya elminin, psixoanaliz üsullarının yüksək inkişafına baxmayaraq dünyanın hər tərəfində dinin öz varlığını və təsirini qoruyub saxlaması, əksər insanların bu və ya digər dinə inanıb ibadət etməsi bu gerçəyi isbat edir.
İkincisi, insanlar məxəzin müqəddəsliyinə çox əhəmiyyət verir. Yəni aldıqları bir məlumatın və ya tabe olduqları sistemin mənbəyi onlar üçün çox əhəmiyyətlidir. Din səmavi mənşəli olduğu və peyğəmbərlərlə təbliğ edildiyi üçün, yəni mənbəyinin müqəddəsliyinə görə insanlara böyük təsir edir. Məhz buna görə də bu qədər zehni potensiala, parlaq fəlsəfi görüşlərə və son əsrlərdə fəlsəfənin geniş yayılmasına baxmayaraq, insanların qəlbinə hələ də peyğəmbərlərin hökm etməsi, hələ də insanların Hz. İbrahim, Hz. Musa, Hz. İsa və Hz. Məhəmmədin (Allahın salamı onlara olsun) yolu ilə getməsi və ya getməyə çalışması bu həqiqətə danılmaz dəlildir. İnsanların zorakılığa əl atmadan mənəvi və əxlaqi cəhətdən yetişib yaxşı bir insana çevrilməsində, insanlararası münasibətlərdə, sevgi, şəfqət, mərhəmət, yardımlaşma kimi duyğuların inkişafında, yer üzündə sülh, haqq və ədalətin hakim olmasında ən böyük rol məhz dinə məxsusdur və bu təsir gücünə müasir dövr kimi gələcək dövrlərdə də malik olacaq.
Mişel Meyr: Sizin fikrinizcə, din və dövlət əlaqəsi necə olmalıdır?
Fəthullah Gülən: "Hər dövrün bir hökmü var və zaman bir müfəssirdir. Dolaysilə, zaman hökm və şərhini ortaya qoyanda ona etiraz edilmir". Bu İslami düsturdur. Müasir düşüncəyə görə, ümumən bəşər tarixi daima inkişaf edən bir mərhələdən ibarətdir. Dolayısilə, belə bir mərhələnin hər hansı bir dövründə keçərli olan şərtləri dəyişməz və ideal saymaq tarixi təkamülə zidddir. Necə ki, dünən ideal olan bu gün deyil, bu gün ideal olan dünən ideal olmaya bilərdi, sabah isə ideal sayılmaya bilər. İmperatorluqların hökm sürdüyü Orta əsrlərdə, hətta Yeni Dövrdə, məsələn Yüksəliş Dövrü Osmanlı Dövlətində və ya Avstriya-Alman İmperatorluğunda, İngiltərədə Yelizaveta, hətta Viktoriya dövründə hazırkı demokratiyadan söz açılsaydı, hər halda çox qəribə qarşılanardı.
İkincisi, Avropada istər demokratiyada, istərsə də müasir demokratik sistemdə din-dövlət əlaqlələri dinə qarşı deyil, din vsitəsilə teokratiyanı bərqərar edən kilsə hakimiyyətinə qarşı orta təbəqənin mübarizəsi nəticəsində ortaya çıxmış və formalaşmışdır. Bu proses Amerikada qismən fərqli şəkildə özünü göstərsə də, onun mənbəyində yenə də Avropada sözügedən mübarizədən qaçıb Amerikada məskunlaşan insanlar vardı. Necə ki, təkamül mərhələsində bir vaxtlar ideal olan həmişə ideal olmadığı kimi, müəyyən şərtlərin ortaya çıxardığı başqa bir reallığı da mütləqləşdirə bilmərik. Məsələn, İslamda din adamlarından ibarət rəsmi sinif və hakimiyyət forması qətiyyən yoxdur, olmamışdır, dolayısilə də heç vaxt teokratiya yaranmamışdır. Həmçinin İslamda peyğəmbərlər istisna digər insanlar yanılmaqdan uzaq və nöqsansız deyildir. Qurani-Kərimdə, məsələn İsrail oğulları tarixində bir peyğəmbərlə (Samuel) yanaşı, bir hökmdardan da (Talut - Saul) bəhs olunduğu kimi (“Bəqərə” surəsi 2/246-250), İslam tarixində də dövlət başçısı rütbəsini daşıyan xəlifə və ya hökmdarla dini işlərdən məsul olan bir şeyxülislam və ya buna oxşar şəxs, yaxud da müəssisə olmuşdur.
İslamda insanın və kainatın dəyişməz gerçəklərinə dair sabit həqiqət və qaydalarla insan həyatının dəyişən yönlərinə dair dəyişə bilən, dolayısilə, ictihada daxil olan həqiqətlər və qaydalar vardır. İslam, xüsusən də ikinci mövzuda, ümumiyyətlə mərufa diqqət çəkir və insanları məruf əsasında hərəkət etməyə çağırır. Məruf dinin əsas və dəyişməz düsturları, məsələn, iman həqiqətləri, təməl ibadət, əxlaq və müamilə qaydaları ilə ziddiyyət təşkil etməyən və bir toplum tərəfindən qəbul edilən adətlər, ənənələr deməkdir. Din-dövlət əlaqələrinin kökündə məhz bu gerçəklər dayanmalıdır və bu mövzuda həmişə keçərli olan dəyişməz münasibət formasını idealizə etməkdən çəkinmək lazımdır. Söhbət əgər din-dövlət əlaqələri mövzusunda dəyişməz və dəyişən qaydalara istiqamət verən bəzi prinsiplərdən gedirsə, ədalət, haqpərəstlik, vətəndaşlar arasında və qanun qarşısında bərabərlik, əsas insan hüquq və azadlığının təmin edilməsi, dövlətin təzyiq vasitəsi deyil, Peyğəmbərimizin bir hədisində "Bir millətin rəhbəri ona xidmət edəndir" buyurduğu kimi, millətin xidmətçisi olması və dövlət xidmətinin qazanc yeri deyil, xalqa xidmət yeri hesab edilməsi, hüququn üstünlüyü, azad seçki kimi prinsiplərin adını qeyd edə bilərik.
Mişel Meyr: Keçmişdə dinlər tez-tez qanlıbıçaqlı olmuşlar. Hər din “həqiqət yalnız mənim həqiqətimdir” anlayışı ilə hərəkət etdiyinə görə bu, qaçılmaz sayılırmı?
Fəthullah Gülən: Bəli, tarixdə dinlər kimi, eyni dinin müxtəlif etiqadi məzhəbləri arasında da qarşıdurmalar olmuş, hətta bəzi dinlərdə müəyyən bir məzhəb əsl din kimi qəbul edilərək digər məzhəb mənsubları kafirliklə, dinsizliklə ittiham edilmişdir. Bununla yanaşı, eyni din mənsubları arasında “məşrəb” adlanan yol və üsul fərqi də olur. Bir dində müxtəlif məşrəblərin olması, – din həm də təlim-tərbiyə vasitəsi olduğuna görə – insan xarakterinin fərqliliyindən irəli gəlir. Çağdaş İslam alimlərindən biri bu məşrəb fərqlərini belə izah edir: "Maddi xəstəliklər birdən çox olduğuna görə tibb mütəxəssislərinin çoxluğu təbiidir. Bunun kimi, mənəvi xəstəliklər də birdən çoxdur, bu səbəbdən bir dində fərqli məşrəblərin olması təbiidir. Lakin məşrəb fərqliliyi din mənsubları arasında ixtilafa səbəb olmamalıdır. Hər məşrəbin mənsubu “Ən gözəl yol, ən gözəl məşrəb mənimdir” deyə bilər və bunu söyləmək onun haqqıdır. Lakin “Yeganə doğru və gözəl olan yol və ya məşrəb mənim yolum və ya məşrəbimdir” deyə bilməz və deməməlidir. Məhz belə demək ixtilaf və təfriqələrə səbəb olur".
İslam, Xristianlıq və Yəhudilik kimi dinlərin də təməlində eyni əsas qaydalar dayanır. Buna görə də Allah Təala Quranda bunların hamısına "Allaha təslimiyyət yolu" mənasına gələn İslam deyir. Yəni Allah Təala tarix boyu bütün peyğəmbərləri eyni təməl əsaslarla göndərmişdir. Bir müsəlmanın bütün peyğəmbərlərə və onlara verilən kitablara inanması müsəlmanlığın tələbidir. Dinlər arasındakı fərqlər əslində tarixi sürəcdə fərqli şərtlərin meydana gətirdiyi ikinci dərəcəli fərqliliklərdir, bunlar da təfriqəyə səbəb olmamalıdır.
Bu həqiqətlərə baxmayaraq, tarixdə dinlərarası ziddiyyət və qarşıdurmlar olmuşsa, qənaətimcə bu qarşıdurmalara dinlər deyil, onları ideologiyaya çevirən və ya onları dünyəvi məqsəd və mənafeyə alət edən din mənsublar səbəb olmuşdur. Bu qarşıdurmaların dinlərdən sui-istifadə edilməsidir. Əlbəttə, İslam, Xristianlıq və Yəhudilik arasında bir sıra təməl fərqlər var. Ancaq birinci sualın cavabında da təmas edildiyi kimi, Qurani-Kərimdə iki qəbulolunmaz pis əməldən danışılır ki, bunlar da qan tökmək və təxribatçılıqdır (fitnə-fəsad salmaq) (“Bəqərə” surəsi, 2/30). Elə isə, müxtəlif dinlərin mənsubları yer üzündə təxribat, fitnə-fəsad törətmədən və qan tökmədən sülh şəraitində yaşamaq və beləliklə, həm varlığını davam etdirmək, həm də dinini təmsil, istəsələr, təbliğ etmək üçün dini qarşıdurmaya alət etməməlidirlər. Bu da dini düzgün anlamaqdan, ona inanma və onu yaşamada səmimiyyətdən, dini dünyəvi məqsədlərə və mənfəətlərə alət etməkdən şiddətlə qaçınmaqdan, qısaca dində ixlas və səmimiyyətdən asılıdır. Əks halda dinə mənsubluq iddiası həqiqətdən uzaq iddia olar.
Mişel Meyr: Dinlərarası dialoqun hansı faydaları var və bu dialoqun sərhədləri haqqında nə düşünürsünüz?
Fəthullah Gülən: Həm bir sıra yanlış anlaşılma və ittihamlara, həm də “dialoq dinlərin öz təməl əsaslarından güzəştə getməsini zəruri edir” kimi qənaətin meydana gəlməsinə imkan verməmək üçün şəxsən “dinlərarası dialoq” terminindən çox "din mənsubları arasında dialoq” termininə üstünlük verirəm. Çünki dinlərarası dialoq ifadəsi ilə bir dinə "Filan əsaslarından imtina et, mənə yaxınlaş" deməyi əsla nəzərdə tutmuruq. Biz müasir dünyada dinlərin qarşıdurma deyil, anlaşma və uzlaşma vasitəsi olmasını istəyir, dolayısilə din mənsublarının "sülh şəraitində birgəyaşayış" idealı ətrafında bir-birini tanımasını, bir-biriləri və dinləri haqqında tarixdən və yanlış məlumatlandırmadan qaynaqlanan yanlış baxış bucağını və mövqeyini düzəltməsini, bir-birinin mövqeyini, inancını xoşgörü ilə qarşılamasını və münasibətlərini buna əsasən tənzimləməsini arzulayırıq.
Çağdaş dünya keçən əsrlərin dünyası deyil. Ötən əsrlərdə nəqliyyat və informasiya vasitələrinin vəziyyəti, insanlarda düşüncə, ağıl və mühakimədən çox təqlidin hakim olması, təqlid və cəhalətdən doğan təəssübkeşlik, hiss və həvanın hakimliyi, çox vaxt sağlam fikirlə hərəkət edilməməsi kimi səbəblərlə müxtəlif din mənsubları bir-birini də, bir-birinin dinini də, hətta əksəriyyətlə öz dinini də kifayət qədər tanımırdı. Bəzi mənfəətpərəstlər, bir sıra siyasi güclər bundan sui-istifadə edir və müxtəlif dinlər haqqında yanlış anlaşılmaları qızışdırır, – insanlar dinə fitri və dərindən bağlı olduqlarına görə, – dinlərdən öz mənfəətləri istiqamətində qarşıdurma vasitəsi kimi istifadə edə bilirdilər. Bu gün isə elə dövrdə yaşayırıq ki, informasiya və nəqliyyat vasitələri yüksək inkişaf edib, elmdə böyük nailiyyətlər əldə olunub, ümumilikdə təqlid, cəhalət və fanatizmin yerini ağıl, mühakimə və sağlam düşüncə tutub və tutması zəruridir. Dolayısilə, din mənsubları bir-birini tanımağa daha çox cəhd göstərməli, hər kəs həm öz dinini, həm digər dinləri düzgün tanımalı və əslində eyni hədəfə yönəlmiş dinləri qarşıdurma vasitəsi olmaqdan qurtarıb, tam əksinə dünyanı sülh və əmin-amanlıq diyarına çevirmək üçün əlindən gələni etməlidir. Bu da, əlbəttə, dialoqla mümkündür.
Mişel Meyr: Hansı din mənsubları ilə (xristianlar və ya yəhudilər) dialoqa daha çox üstünlük verirsiniz? Ya da hansı ilə dialoq qurmaq daha asandır?
Fəthullah Gülən: On dörd əsrlik İslam tarixində, demək olar, bütün dinlərin mənsubları hər kəsə qucaq açan İslamiyyət mühitində firavan ömür sürmüş və dinini yaşamaqda azad olmuşdur. Bir vaxtlar İslam coğrafiyasında, xüsusilə, Osmanlı Dövlətində yaşayan əhalinin əksəriyyət etibarilə qeyri-müsəlman olduğunu, Osmanlı coğrafiyasında 1907-ci il siyahıyaalınmasına görə, paytaxt İstanbulun 47 faizini qeyri-müsəlman əhalinin təşkil etdiyini nəzərə alanda sözügedən məsələ daha aydın olur. İslamın on dörd əsrlik tarixində bütün dinlərin mənsubları, hətta əksər müsəlman alimlərin zənadiqa, dəhriyyun, vəsəniyyun və s. adlandırdığı heç bir dinə inanmayanlar belə İslam coğrafiyasında rahat ömür sürmüşdü. Bu baxımdan, şəxsən deyim ki, dialoqda bir din mənsubunu digərindən üstün tutmağı təsəvvür etmirik. Hz. Əli (r.a.) "Müsəlmanlar dini baxımdan, digər insanlar isə insan olaraq qardaşlarımızdır" buyuraraq hər kəsi ən azı insan olaraq qardaş elan edir və hər kəs Allahın yaratdığı qullar olaraq qardaşımızdır. İndiyə qədər qurduğumuz təmaslarda hər hansı bir dinin mənsubunun başqa dinlərlə müqayisədə dialoqa daha meyilli, daha açıq olması qənaətinə gəlməmişəm, din mənsubları belə bir təəssürat oyatmayıb. İnsanlara qucaq açanda onların rədd etdiyini də çox görmədim. İnsan şərəfli və ali varlıqdı, onun ruhundakı ucalıq və alilik, – nadir hallarda rast gəlindiyi kimi insan insanlığını tamamilə itirməyibsə – yaxşı münasibətlərin qurulmasında həmişə qaynayıb-qarışma funksiyasını yerinə yetirir.
Mişel Meyr: İslam 2001-ci il 11 Sentyabr tarixindən bəri qərəzli baxış və münasibətlə ciddi mübarizə aparmağa məcbur olmuşdur. Bu qərəzli münasibəti daha tarazlı və obyektiv münasibətlə əvəz etmək üçün nə tələb olunur?
Fəthullah Gülən: Siyasi mövqelər, ideoloji tərəfdaşlıq və mənfəət bölgüsü bəzən insanları böyük xətalara sövq edir. Keçmişdə informasiya və məlumat alma vasitələrinin azlığından din mənsubları arasında qərəzli münasibət yarandığı kimi, bəzən siyasi mövqedən, bəzən ideoloji tərəfdaşlıq və qərəzli baxışdan, bəzən mənfəət bölgüsü uğrunda mübarizədən, bəzən hələ də yanlış tanımaqdan, əlbəttə, bəzən də özünü yanlış tanıtmaqdan qaynaqlanan qərəzli münasibət təəssüf ki, bu gün də mövcuddur. Sualda əksini tapan və 11 Sentyabr terror aktının körüklədiyi qərəzli münasibət də bunlardan biridir. Və təəssüf ki, adı belə qurtuluş, salamatlıq və sülh mənasını daşıyan İslam dininin ona yad və yaraşmayan terror ittihamı ilə anılmasını bacarmışlar.
Şübhəsiz ki, siyasi və ya ideoloji planları və mənafeləri naminə bu qərəzli münasibəti qızışdıranlar, “İslam terror dinidir” kimi əsassız bir iddianı daim gündəmdə saxlamaq istəyənlər və bundan ötrü terror “tender”ləri keçirənlər, adı müsəlman olanlardan istifadə edərək, bəzilərini də aldadaraq iddialarına dəstək axtaranlar olacaq və var da. Ancaq onların ortaya atdığı və geniş yaydığı bu qərəzli münasibət və baxışları düzəltmək, onun yanlış olduğunu göstərmək ilk növbədə müsəlmanların öhdəsinə düşür. Bir tərəfdən yorulmadan, usanmadan İslamın əsl, gerçək mahiyyətini anlatmaq, insanlara çatdırmaq, bu istiqamətdə kütləvi informasiya vasitələrindən istifadə etmək, digər tərəfdən də İslamı əslinə, əsasına və həqiqi mahiyyətinə uyğun təmsil və tətbiq etmək zəruridir. Bunlar yerinə yetirilsə, heç olmasa böyük əksəriyyət: "Demək ki, həqiqətən İslam bu imiş. Başqaları, yəni İslamla terroru bir göstərməyə çalışanlar isə böyük xəta edirlər!" deyəcək və hər bir din, sistem və ideologiyanın ardıcılları arasında həmin din, sistem və ideologiyanı əsl mahiyyətindən fərqli göstərənlər həmişə var olduğu kimi, İslamın yanlış tanınmasına səbəb olan Müsəlmanların xətasına görə İslamı məhkum edilməyəcək.
Michael Maier: 11 Sentyabr hadisəsinin planlaşdıran adam kimi tanınan Üsamə bin Laden haqqında nə düşünürsünüz?
Fəthullah Gülən: Bu sualı 11 sentyabr hadisəsinin baş verdiyi günlərdə bir müsahibədə cavablandırmışdım. Həmin müsahibədə "Dünyada ən çox nifrət etdiyim insanlardan biri bin Ladendir, çünki müsəlmanlığın dirəxşan (işıqlı) çöhrəsini kirlətmiş, çirkli bir imic meydana gətirmişdir. Bin Laden İslami məntiqin yerinə öz hissini, həvəsini ortaya qoymuş, vəhşətə öndərlik etmişdir. Onun ətrafında olan insanlar da belə hərəkət etmişdir... Türkiyədə də belə düşünən insanlar varsa, onlar da canavarlaşmış insanlardır. Biz onların düşüncələrini lənətləyirik" demişdim.
Burada bunu əlavə edə bilərəm: məsələ bir Üsamə bin Laden və ya bir başqa şəxsdə deyil. Dünən Üsamə bin Laden vardı, bu gün bir başqası, sabah da başqaları ola bilər. Xüsusilə din adından səhv edən, dinin yanlış anlaşılmasına səbəb olan insan üstəlik bunu bəzi nəfsani səbəblərlə bilərəkdən, şüurlu şəkildə edirsə, ancaq nifrət qazanar - əsas məsələ budur. Ağacın bir çürük meyvəsi ağacın çürük olduğunu göstərmir, ancaq ağacı çürük görmək istəyənlərin əlinə fürsət verir. Milyardlarla meyvəsi olan və dünyanın hər tərəfinə qol-budaq salmış bərəkətli və möhkəm bir ağac təsəvvür edin. Bu ağac təkcə indi deyil, əsrlərdir meyvə verir. Bu meyvələrin içində bir çox çürük meyvə ola bilər. Lakin xüsusilə, təmsil mövqeyində olan bəzi tanınmış meyvələr şüurlu şəkildə, bilərəkdən özlərini çürüdər və ağıllarda ağacın, həmçinin milyardlarla digər meyvələrin sağlamlığına şübhə oyadar, hətta bunun həqiqət kimi təsdiq olunmasına gətirib çıxararsa, bu, milyardlarla meyvəyə və həmin ağaca qarşı işlənmiş böyük və bağışlanmaz cinayət olar. Bu cinayəti edən də qorxunc və əfvedilməz bir canidir.
Mişel Meyr: Tez-tez İslama qarşı “İslamda zorakılığa gizli bir meyil mövcuddur” kimi ittiham irəli sürülür. İslam zorakılığa necə yanaşır? Peyğəmbərin sözləri (hədis), Kitab bu mövzuda nə deyir? Bu mövzuda nə əsas götürülür, hansı hallarda tarixi kontekstdən yanaşılmalıdır?
Fəthullah Gülən: Bu sual əvvəllər də bir neçə dəfə verildiyinə görə həmişəki cavabımı burada təkrarlayıram: İslam sözünün lüğəvi mənası Allaha təslimiyyət və bu təslimiyyətdən qaynaqlanan sülh, sabitlik, əmin-amanlıq və qurtuluş deməkdir. Demək ki, onun əsl mahiyyəti, məzmunu və məqsədi təkcə insanın deyil, digər bütün varlıqların, heyvanların və bitkilərin də həyatında və bütün ekoloji sistemdə tarazlığın, nizamın, birliyin, sabitlik və əmin-amanlığın hakim olmasıdır. Qurani-Kərimdə Allah Təala Peyğəmbərimizə xitabən buyurur: "Səni başqa məqsədlə deyil, aləmlərə ancaq rəhmət olaraq göndərdik" (“Ənbiya” surəsi, 21/107). Yəni İslamın qayəsi bütün varlıqlara mərhəmətdir, mərhəmət də sülhün, sükunun, tarazlığın, birliyin və əmin-amanlığın mənbəyidir. İslamın ən köklü düsturu və nüvəsi olan, müsəlmanların hər bir xeyirli işə başlarkən söylədiyi, dolayısilə, hər bir əməlin xeyir və xeyirli olmasının zəruriliyini bizə xatırladan “Bismillah”da da Allah Təala Özünü Rəhman və Rəhim kimi tanıdır. Yəni Onun digər bütün sifət və isimləri, hətta cəzalandırma xüsusiyyəti belə Onun Rəhman və Rəhim vəsfinə daxildir; Rəhman və Rəhim olmasından qaynaqlanır, Rəhman və Rəhim olmasının nəticəsidir.
Demək ki, İslam bütünlüklə Allah Təalanın mərhəmətinin təcəllisidir. Bu təcəlli insanlarla yanaşı, bütün varlığı da əhatə edir. Allah Təala (c.c.) bütün kainatı bir yardım simfoniyası şəklində vahid orqanizm kimi yaratmış, bir şeyi hər şeyə, hər şeyi də bir şeyə möhtac və yardımçı etmişdir. Məsələn, bütün insanlar bir yerə yığışsalar, bir alma çəkirdəyini yarada bilməzlər. Almanın əmələ gəlməsi üçün alma çəyirdəyinə, çəyirdəyin cücərmə və alma ağacına çevrilmə qabiliyyətinə, canlı torpağa, istilik və işıq verən günəşə, günəş və öz ətrafında dövr edən yer kürəsinə, başqa sözlə, gecələrə, gündüzlərə və fəsillərə, suya, yağışa və bütün bunların müəyyən nisbət daxilində nöqsansız yardımlaşmasına ehtiyac vardır. Yəni bir almanın yaranması üçün, demək olar, bütün kainat əməkdaşlıq edir, birgə işləyir. İnsanın bütün hüceyrələri və orqanları arasında mükəmməl yardımlaşma olduğu kimi, makroinsan olan kainatın bütün hissələri arasında da yardımlaşma mövcuddur.
Kainatı və insanı belə bir kompozisiya içində bir orqanizm kimi yaradan Allahın (c.c.) qatında ən xoşagəlməz və nifrətə layiq şey elə nifrətdir, düşmənçilikdir, dolayısilə kainatda və insan həyatında mövcud müvazinəti, nizamı, sülhü, sabitliyi və ahəngi pozmaqdır. Qurani Kərim bir çox ayəsində nizamı, sülhü, sükunəti və ahəngi pozmaq və təxribat törətməyi fitnə və fəsad məfhumları ilə ifadə edərək pisləyir və yasaqlayır, qan tökmək və təxribatçılığın insan varlığı ilə ən çox ziddiyyət təşkil edən əməllər olduğunu bəyan edir (“Bəqərə” surəsi, 2/30, 60, 191, 217; “Əraf” surəsi, 7/74, 85; “Şuəra” surəsi, 26/183; “Qəsəs” surəsi, 28/77 və s.). Qurani Kərim həmçinin yaxşı işlərdə, gözəl əməllərdə və Allaha itaətdə köməkləşməyi əmr edib, günah və düşmənçilikdə yardımlaşmağı qəti qadağan edir (“Maidə” surəsi, 5/2).
İslam nəinki zorakılığı qadağan edir, hətta Peyğəmbərimiz (s.ə.s.) bıçağı iş görmək üçün bir insana verərkən iti tərəfini deyil, sapını uzatmağı əmr edir. Heyvan kəsərkən bıçağı heyvana göstərməməyi əmr edir. Döyüşdə düşmən meyidlərinə müslə etməyi, yəni qisas hissi ilə onların qulaq, burun, əl, qol və s. əzalarını kəsməyi qadağan edir. Belə bir dində zorakılıq ola bilməz. Bəzi cəza qanunlarına gəlincə, bu, tamamilə “müalicə” mahiyyəti daşıyır. Yəni xəstə xəstəliyinə uyğun müalicə edildiyi kimi, İslamda da cinayət bu şəkildə müalicə olunur. “Məqsədin qanuniliyi şərt olduğu kimi, məqsədə aparan yol da mütləq qanuni olmalıdır” deyən İslam əsas düsturlarını konyokturaya və ya tarixi kontekstə qurban verməz. Çünki İslam nə bahasına olur-olsun mənfəəti deyil, hər məsələdə, hər addımda Allahın rizası istiqamətində hərəkət etməyi əmr edir.
Müharibə isə ancaq dövlətlərarası münaqişələrin həlli diplomatik yollarla mümkün olmadıqda və başqa çarə qalmadıqda müraciət edilən son çarə ola bilər. Və müharibə mütləq hüquqi, əxlaqi və insani prinsiplər çərçivəsində edilməlidir ki, bunu da İslam mütləq şərt kimi irəli sürür.
Mişel Meyr: Müasir dövrdə inancla elmin qarşıdurmasına da şahid oluruq. Əsas etibarilə hər bir din elm-din münasibətinin mahiyyətini müəyyənləşdirməlidir. İslami aspektdən bu xüsusu necə dəyərləndirirsiniz?
Fəthullah Gülən: Bəli, inanc (və ya din) və elm münasibəti son əsrlərin ən mühüm məsələlərindən biridir. Bu mövzu ilə məşğul olan bəzi tədqiqatçılara görə, Qərbdə Xristianlığın rahibliyi və eşqi ön plana çəkib ağıla və elmə eyni səviyyədə dəyər verməməsi nəticəsində "təbiət"i insanı Allahdan və Allah sevgisindən uzaqlaşdıran bir pərdə kimi görməyə başladılar. Aciz qənaətimcə, bu, “təbiətin” məhkum edilməsindən çox, dünyanın profan (dünyəvi, müqəddəs çərçivəsinə daxil olmayanlar) yönü ilə məhkum edilməsi idi. Ancaq tədricən kilsə ilə yüksələn burjuaziya sinfinin mübarizəsi – burjuaziya bu mübarizədə daha çox təbiəti araşdırdığına, yəni dəqiq elmlərdən və onun məhsulu olan texnologiyadan istifadə etdiyinə görə – din və elmin mübarizəsinə çevrildi. Daha sonra da Dekart dualizmi ilə uzlaşdılar: dinlə elmin sahəsi ayrıldı. Din əqli, məntiqi və elmi olması o qədər zərurət kəsb etməyən doqmatik bir təslimiyyət sahəsi, elm isə xüsusilə, obyektiv gerçəkliyin yeganə sahəsi və səbəbi qəbul edildi. Bu din və elmin ayrılması və qarşıdurması Qərbdə tədricən pozitivizm və materializmin meydana gəlib yayılmasında böyük rol oynadı. Bununla yanaşı, inancdan uzaqlaşan və ondan qaynaqlanan məsuliyyət hissi və Axirət əndişəsindən təcrid edilmiş elm bəşəriyyətə böyük fayda versə də, doymaq bilməyən bəşər nəfsinin əlində ən amansız silahların icadına da xidmət etdi. Enşteynin məşhur sözü ilə desək, elmsiz din kor, dinsiz elm də topal oldu. Bəşər tarixində ən qanlı dünya müharibələrin XX əsrdə baş verməsi, əlbəttə təsadüfi deyildir, bir də bu aspektdən dəyərləndirilməlidir.
İslam din-elm münasibətinə bu şəkildə yanaşmır. Allah Təalanın Həyat, Qüdrət, Elm, İradə, Səm', Basar, Kəlam və Təkvin kimi sifətləri vardır. Din Allah Təalanın Kəlam sifətindən gələn qayda-qanunlar toplusu, kainat, hətta insan isə Onun İradə və Qüdrət sifətlərindən gələn qayda və düsturlar məcmuəsidir. Müsəlman alimlər bu aspektdən Dinin kitabına, məsələn Qurana Allahın Kəlam sifətinə söykənən "vəhy edilmiş kitab" kimi, kainat və insana isə Allahın Qüdrət və İradə sifəti ilə bağlı olan "yaradılmış kitab" kimi baxır. Dolayısilə, Dinin kitabı ilə kainat və insan kitabları bir-biri ilə ziddiyyət təşkil etmir, əksinə bir-birini izah edir. Bir binanın fiziki quruluşu ilə onun bütün detallarını izah edən kitab və ya broşura eyni məna və məzmunun fərqli vəsaitlərlə ifadəsi olub bir-biri ilə ziddiyyət təşkil etmədiyi kimi, Din, Dinin kitabı, kainat və insan eyni məna və məzmunun fərqli vəsaitlərlə ifadəsindən ibarətdir, dolayısilə nəinki bir-biri ilə təzad təşkil edir, əksinə bir-birini təfsir edir və biri digərinin başa düşülməsinə kömək olur. Bu üç kitab kainat, insan və Dinin Kitabı bizə Allahı tanıdır. Bu səbəblə, Dinin Kitabı ilə bağlı aparılan araşdırmalarla kainat (təbiət) və insanla əlaqədar aparılan araşdırmalar eyni dərəcədə müqəddəsdir, eyni dərəcədə müqəddəs fəaliyyətdir və insan kainat və özünü bir kitab kimi oxuma qabiliyyəti ilə yaradıldığı üçün mələklərdən üstün sayılır. Onun kainat və insan kitablarını oxuyub onlarla Allaha çatması ən azı mələklərin ibadətinə bərabərdir.
Bu təməl həqiqətə əsasən İslam elmlə dini bir-birindən ayırmır və bir-birinə zidd saymır. Tam əksinə, inanmaq üçün elmi (bilməyi) şərt qoyur və imanı elmin, elmlə əldə edilən qətiliyin dərəcələrinə görə elmül-yəqin (oxuyaraq, dinləyərək və araşdıraraq əldə olunan yəqinlik), eynül-yəqin (görməkdən hasil olan yəqinlik) və həqqül-yəqin (yaşayaraq, təcrübə edərək əldə olunan yəqinlik) şəklində təsnif edir. İnsan təkcə fiziki bədəndən ibarət deyildir, onun zehni, qəlbi və hissi vardır. İnsan bunların hər birini təmin etmək istəyir. Bədiüzzaman həzrətlərinin bu mövzuda çox gözəl təsbiti var: "Ağılın nuru müsbət elmlərdir, fənlərdir; qəlbin işığı dini elmlərdir. İkisi birləşsə, tələbənin səyi qanadlanar. Biri, yəni müsbət elmlər və ya fənlər olmasa, yəni ağıl bu elmlə işıqlanmasa, təəssübkeşlik meydana gələr; digərinin, yəni dini elmlərin olmamasından, qəlbin bu elmlərlə nurlanmamasından isə şübhə və inkar doğar". Məhz buna görə də, müsəlmanlar İslam tarixinin ilk beş əsrində bütün elm sahələrində böyük nailiyyətlər əldə etmiş, nəhəng addımlar atmışlar. Xüsusilə, kainatı və insanı araşdıran dəqiq elmlər Səlib yürüşləri, Əndəlüs (Kordova, İspaniya) və Siciliya yolu ilə Qərbə keçmiş və inkişafını orada davam etdirmişdir. İslam dünyası və müsəlmanlar elmi müqəddəs dini dəyər saymış, bir müfəssir, mühəddis, fəqih, Sufi eyni zamanda riyaziyyatçı, kimyaçı, təbib və astronom ola bilmiş, bunlar heç vaxt bir-birinə zidd olmamış, əksinə bir-birini tamamlamış, bir-birinə dəstək vermiş və xidmət etmişdir. Qənaətimcə, elm, din və texnologiyanın bu günü və sabahı naminə insanlığın hal-hazırda bu dünyagörüşünə çox ehtiyacı vardır.
Michael Maier: Müasir cəmiyyətdə tolerantlıqla (xoşgörü) azadlıq mühüm dəyərlərdən sayılır. Bu dəyərlər İslamla uyğun gəlirmi?
Fəthullah Gülən: İslamdan danışanda ilk öncə nəzərə almaq lazımdır ki, Allah Təalanın bəşərə göndərdiyi dini, yəni İslamı təkcə bir coğrafiya, bir nəsil, bir millət və ya tayfayla məhdudiyyət qoymamış, bütün bəşəriyyətə xitab etmişdir, ondan əvvəl gələn bütün İlahi Dinləri, kitabları və peyğəmbərləri qəbul etmişdir. Hətta tarixdə göndərilən yüz mindən çox peyğəmbərdən, yüzlərlə Kitabdan bircəsini belə inkar etmək müsəlmanlıqdan çıxmağa səbəbdir. Bir müsəlman Hz. Məhəmməd (s.ə.s.) və Qurana təbe olub izində ola-ola, həmçinin Hz. İsaya (ə.s.) və İncilə, Hz. Musaya (ə.s.) və Tövrata, Hz. Davuda (ə.s.) və Zəbura, Hz. Süleymana (ə.s.) və Məzmurlara, Hz. İbrahimə (ə.s.) və Ona verilən Səhifələrə, qısaca hər rəsula və ona verilən Kitab və ya Səhifələrə, hər peyğəmbərə də tabedir. (“Bəqərə” surəsi/2: 285).
Quran bütün insanlara xitab edir. İslam qətiyyən bölən, parçalayan deyil, hər cəhətdən əhatəedicidir. Quran yeganə şərəf qaynağı Allaha yaxınlıq olduğunu bəyan edir:
“Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır” (“Hucurat” surəsi, 49/13).
İnsanları bir ailənin üzvləri kimi görən İslam bu üzvlərin arasındakı münasibətin yaxşılıq, lütfkarlıq və mürüvvət çərçivəsində olmasını (“Bəqərə” surəsi, 2/237); pisliyi yaxşılıqla sovuşdurmağı (“Fussilət” surəsi, 41/34) və bizə qarşı edilən pislikləri mümkün olduğu qədər bağışlamağı (“Şura” surəsi, 42/40, 43) əmr və tövsiyə edir. Bu münasibət təkcə müsəlmanlara qarşı deyil, təcavüzkar əsgərlərdən savayı hər kəsədir:
“Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!” (“Mumtəhənə” surəsi, 60/8)
Bununla yanaşı İslam dində, yəni dini qəbul etmək və dini ibadətləri yerinə yetirmək üçün məcburiyyəti qadağan edir. "Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs Tağutu (Şeytanı və ya bütləri) inkar edib Allaha iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir!" (“Bəqərə” surəsi, 2/256)
Quranın, xüsusən İlahi Kitab verildiyinə görə “Kitab Əhli” adlandırdığı Xristianlara, Yəhudilərə, Sabilərə və başqalarına qarşı qoyduğu münasibət şəkli olduqca diqqət çəkicidir.
"Kitab əhlinin zülm edənləri (cizyə verməyənləri, sizinlə vuruşmaq istəyənləri) istisna olmaqla, onlarla ən gözəl tərzdə mücadilə edin! (Onlarla xoş rəftar edib ürəklərini ələ alın və özünüzdən incitməyin. Onların kobudluğuna nəzakətlə, qəzəblərinə soyuqqanlıqla cavab verin. Nalayiq işlər gördükdə nəsihət edib düz yola çağırın. Yox, əgər üstünüzə silah qaldırsalar, siz də silahlanıb onlarla vuruşun və onları təslim olmağa, cizyə verməyə məcbur edin!) Və (onlarla söhbət etdikdə) belə deyin: “Biz həm özümüzə nazil olana (Qurana), həm də sizə nazil olana (Tövrata və İncilə) inanırıq. Bizim də Allahımız, sizin də Allahınız birdir. Biz yalnız ona təslim olanlarıq!" (“Ənkəbut” surəsi, 29/46). Quran, münaqişəni belə qadağan edir: "Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər." (“Furqan” surəsi, 25/63)
Bu gün dünya plüralizmi axtarır, xüsusilə tarixdə təcrübəsi olmayan Avropanın başqa din mənsublarıyla, xüsusilə müsəlmanlarla birgə yaşamağı öyrənməyə çalışdığı belə bir dövrdə İslam on dörd əsrlik plüralizm və başqa din mənsublarıyla dostca birgə yaşama təcrübəsinə malikdir. Papalığın 1963-cü ildə yəhudi və müsəlmanlarla başlatdığı dialoq və tolerantlıq hərəkatını İslam on dörd əsr əvvəl, üstəlik ilk təbliğ günlərində bir həyat tərzi, hər kəslə birgə yaşam şəkli kimi mənimsətmiş və on dörd əsr bunun ən gözəl nümunələrini təqdim etmişdir. Məkkədə müsəlmanlar təkcə bir olan Allaha ibadət etdikləri üçün hər cür işgəncəyə məruz qalırdılar, belə bir dövrdə belə "vurana əlsiz, söyənə dilsiz" olmağı İslamın şüarı kimi mənimsəyib tətbiq etmişlər, Peyğəmbərimizin Mədinəyə hicrətindən sonra ilk işi orada yaşayan yəhudi və müşrik ərəb qəbilələriylə bəzi müasir alimlərin “yazılı konstitusiya” kimi qəbul etdikləri sülh və əmin-amanlıq içində yaşama müqaviləsi bağlamışdır. İslamın öz xüsusiyyətində yatan dialoq, xoşgörü və birgə yaşama doktrina və təcrübəsinin 14 əsrlik örnəklərini çəkmək cildlərlə kitaba sığmaz. Lakin mövzumuzla əlaqəli bir-iki örnək ümid edirəm ki, birgə yaşamağı öyrənməyə çalışan bəşəriyyətə işıq tutacaq:
Peyğəmbərimizin vəfatından əvvəl Mədinəyə 60 nəfərlik Nəcran xristianlarından ibarət bir heyət gəlir. Onlar İslam və Xristianlıqla bağlı Peyğəmbərimizlə mübahisə edib dinlərini dəyişməməqdə israr edirlər. Məscidi-Nəbəvidə gecələmələrinə və ibadətlərini də burada etmələrinə icazə verilir. Nəhayət onlarla bir müqavilə imzalanır. İslam torpaqlarının hüdudları daxilində qalan Nəcranlı Xristianlarla imzalanan bu müqavilədə belə deyilir:
Allahın himayəsi və Rəsulullah Məhəmmədin qoruması Nəcranlılar və onlara bağlı hər kəsin mallarına, canlarına, din və ibadətlərinə, orada olub-olmayanlarına, ailələrinə, məbədlərinə, az olsun, çox olsun mülkiyyətinə haqq və vacibdir. Heç bir yepiskop öz dini vəzifə sahəsi xaricinə, heç bir keşiş öz keşişlik vəzifəsini gördüyü kilsənin xaricinə, heç bir rahib yaşadığı monastırın xaricinə göndərilməyəcək… Onlar, nə zülm edəcəklər, nə də zülmə məruz qalacaqlar. Onlardan heç kim bir başqasının cinayətindən və haqsızlığından məsul deyil. (İbn Sad, Tabakat, 1:287-288; İbn Hişam, Sirə, 1-2: 573-575)
1453-cü ildə İstanbulu fəth edən Fateh Sultan Mehmet yəhudilərə Balkanlardan İstanbula köçməyə icazə verdi, hətta Avropadan Osmanlıya köçmək üçün təşviq etdi. Bu səbəblə bir çox Avropa ölkəsindən Osmanlı ölkəsinə yəhudi köçləri oldu. Köç edənlərdən Rabbi İsaaq Tzafartinin Almaniyadakı yəhudilərə yazdığı məktub qeyri-müsəlmanların müsəlman ölkələrdəki həyatını, İslamın onlara verdiyi haqq-hüququ və azadlığı gün üzünə çıxarmaq naminə öldüqcə əhəmiyyətlidir:
"Qardaşlarım, nəsihətimə qulaq verin. Mən də Almaniyada dünya göz açdım, xaxamların qarşısında Tövrat oxudum. Ancaq ölkəmdən qovuldum və Allahın təqdis edib gözəlliklərlə bəzədiyi Türk torpaqlarına gəldim. Burada hüzur və səadət tapdım. Türkiyə sizin də ölkəniz ola bilər. Burada Allahın bizə verdiyi nemətlərin onda birini bilsəniz, bir yol tapıb bura gələrsiniz. Burada heç bir şeydən şikayətçi deyilik. Böyük sərvətimiz var; ovcumuz qızıl-gümüşlə doludur. Nə ağır vergilər, nə də ticarətimizə bir maneçilik var. Torpağı bərəkətli, hər şey ucuz və hamımız hüzur və azad həyat sürürük. Burada yəhudiləri, utanc əlaməti kimi, sarı şapka geyməyə də məcbur etmirlər. Oyanın qardaşlar, nəyiniz varsa yığıb bura gəlin" (S. J. Shaw, The Jews of the Ottoman Empire and the Turkish Republic, nəql edən F. Apaydın, P. Alister, "Blissful Years of the Jews en the Ottoman State", The Fountain, İyul-Sentyabr, 1994, Sayı. 7, s. 8-11)
Müsəlmanlar öz torpaqlarında yaşayan fərqli dinə mənsub olan insanlara sərbəst dinlərini yaşamasına icazə verdiyi kimi, məscid, kilsə və sinaqoqun yan-yana olmasına, hətta eyni məbədin bir hissəsində müsəlmanlar, o bir hissəsində də xristian və yəhudilərin ibadət etməsinə imkan vermişlər. Hz. Peyğəmbərin Nəcranlı Xristian heyətinə bir bazar günü Məscidi-Nəbəvidə ibadətə müsadəsindən sonra bu adət müsəlman idarəçilər tərəfindən də davam etdirilmişdir. İstanbulun və Anadolu şəhərlərinin bəzi səmtlərində hələ də yan-yana duran məscid, kilsə və sinaqoqun da isbat ediyi dinlərə hörmət və xoşgörünün mənbəyi bilavasitə İslamdır.
Azadlıq məsələsinə gəlincə: bu mövzuda İslamla müasir sistemlər arasında bəzi fərqlər var. İslam insan azadlığını əvvəla elə insanın özündə görür. Onu bir sıra fani və faydasız həvəslərdən, zərərli vərdişlərdən, həm özünə, həm də başqalarına zərərli olan davranışlardan qurtarmaq istəyir. Onun eqoizmin, nəfsani arzuların və şəhvətin qul-köləsi olmasını istəmir və bu arzu-istəyə müəyyən sərhəd qoyub ruhi, mənəvi və əxlaqi üstünlüyü və insani fəziləti təşviq edir.
İkincisi, Tövhid inancı əsasında insanı yalnız Allahın qulu sayır. İslama görə hər insan, Allahın yaratdığı bir qulu olma baxımdından, birdir və heç kimdə başqasına mütləq hakim olma üstünülüyü yoxdur, heç kim qul-köləlik səviyyədə alçaq deyil. İnsan olma nöqteyi-nəzərdən hər kəs birdir. Bu səbəblə İslam insana həqiqi azadlığı bəxş etmişdir.
Bu əsaslara təmas etdikdən sonra müasir dövrdə bayraqlaşdırılan azadlıq anlayışına İslamın baxışı necədir? Təməl haqq və azadlıqlar adı altında Birləşmiş Millətlərin yarım əsrdən bir az əvvəl qəbul etdiyi bu haqq və azadlıqları İslam on dörd əsr əvvəl bəşəriyyətə bəxş etmişdir. İslam alimlərinin təsbitinə və qəbul etdiklərinə əsasən İslamın hökmləri bu beş təməl haqq və azadlığa zəmanət vermə məqsədini daşıyır: Yaşama haqqı və azadlıq; fikir, inanc və inandığını yaşama haqq və azadlığı; xüsusi mülkiyyət haqq və azadlığı; ağlın və vücudun səhhət haqq və azadlığı; evlənib ailə sahibi olma haqq və azadlığı. İslamın ən ağır cəzaları bu təməl haqq və azadlığa təcavüz edənlərə qarşı qoyulmuşdur. Məsələn, haqsız bir insanı öldürməyi, bütün insanları öldürməyə, bir nəfərin həyatının xilasını bütün insanların xilası kimi qəbul etmiş (“Maidə” surəsi, 5/32), Peyğəmbərimiz (s.ə.s.) malını və canını qoruyarkən ölənin şəhid olduğunu bildirmişdir.
Mişel Meyr: Sizin adınızla anılan hərəkat daha çox təhsili bayraqlaşdırması ilə tanınır. Bunun səbəbi nədir?
Fəthullah Gülən: Təlim və tərbiyə insan həyatının ən önəmli tərəfini təşkil edir. İnsan bütün həyatı əhatə edən təlim və tərbiyə vasitəsilə həqiqi insanlığa, varlıq arasında bütün kainatı özündə cəmləmiş ən gözəl örnək məqamına yüksəlir.
Ətrafa bir nəzər yetirsək, bu gerçəyin pıçıldadığını aydın görərik:
İnsan ruhlar aləmindən əbədiyyətə uzanan səyahətin yer üzü mərhələsinin başlanğıcında olduqca aciz, son dərəcədə möhtac və hər şeyi kənardan gözləyən əli-qolu bağlı bir zavallıdır. Halbuki heyvan dünyaya, demək olar, hər şey öyrədilmiş olaraq gəlir. Gözünü açar-açmaz qısa vaxtda həyat qanunlarını öyrənir və həyata adaptasiya olunur. Demək, heyvanın əsl vəzifəsi öyrənməklə inkişaf etmək və mərifət əldə edib kamilləşmək deyildir. Onun vəzifəsi qabiliyyəti çərçivəsində hərəkət edib Yaradana feili qulluq etməkdir.
İnsan isə hər şeyi öyrənməyə möhtac və həyat qanunlarından bixəbər halda dünyaya gəlir. Bir-iki ilə ancaq ayağa qalxa bilir və ən tez on beş ildə xeyir və şəri bir-birindən fərqləndirir. Demək ki, insanın əsas vəzifəsi həyatını uca aləmlərdə davam etdirmək üçün özünü isbat edib düşüncədə, niyyətdə və inancda düzgün istiqamətə yönəlmək və paklaşmaq, qulluq vəzifəsini yerinə yetirərək qəlb və ruhu işlətmək, bütün (maddi-mənəvi) qabiliyyətləri hərəkətə gətirmək, sirr dolu batini və zahiri dünyalarla bütövləşərək varlığın sirrini qavramaq və beləcə həqiqi insanlıq səmasına yüksəlməkdir.
Kainatın mayası olan insana bir çox istedad, yəni potensial qabiliyyət, habelə bir çox bacarıq, hiss və duyğular verilmişdir. İnsanın yaradılması və yer üzünə göndərilməsi funksiyasına uyğun olaraq, sanki, onun sonsuz inkişafına zəmin hazırlamaq üçün bu istedad, bacarıq və qabiliyyətlərə məhdudiyyət qoyulmamışdır. Çünki insan iradəli varlıqdır. İnsanın iradəli olması onun qarşısında daim ən az iki doğru və ya yanlış alternativin dayanması və bunlardan birini seçməyə məcbur olması deməkdir. Həyat bütün bu seçimlərin cəmindən ibarətdir. Dolayısilə, doğrunu yanlışdan ayırıb seçmək insan həyatının ən mühüm tərəfi olmaqla yanaşı, həyatı ən məhsuldar və layiqincə yaşanmaqda da ən birinci vasitədir. Bu da ancaq mükəmməl təlim və tərbiyə ilə mümkündür.
Öyrənmə və öyrətmə, tərbiyə və ya təhsil səmavi bir vəzifədir. Allahın “Rəbb” sifətinin insan həyatında təcəllisi olan bu vəzifənin yerinə yetirilməsi ilə insanın ruhundakı ləyaqət ortaya çıxır, çıxır və o, toplum üçün böyük bir ərməğana çevrilir. Təlim və tərbiyə süzgəcindən keçməyən fərddə insani məziyyətlər və ali xüsusiyyətlər inkişaf etmədiyi üçün ictimailik axtarmaq bihudədir.
Təlim və tərbiyə fərd kimi cəmiyyət üçün də həyati əhəmiyyət daşıyır. Əvvəla qeyd edək ki, insan bayağı hislərdən nə qədər uzaqdırsa, o səviyyədə insandır. Fiziki tərbiyəni, bəlkə də, hər kəs dərk edə bilər, amma əsas məsələ insanı əsl insanlığa yüksəldən fikri, hissi və ruhi tərbiyəni anlamaq və tətbiq etməkdir. İkincisi, toplumun islahı, fənaları (və ya fənalığı) məhv etməklə deyil, ancaq təhsillə mümkündür.
Millətlər yeni nəsillərlə öz varlığını davam etdirərlər. Gələcəyini təminat altına almaq istəyən hər millət, sağa-sola sərf etdiyi zaman və enerji qədər bəzi imkanları da gələcəyin böyükləri olan uşaqların və gənclərin yetişdirilməsinə sərf etməlidir. Çünki bir ağacın nəsilini və öz növünü davam etdirmədə çəyirdək və ya toxum nədirsə, insan nəsli və növünün davamında da uşaq eyni şeydir. Hər otuz-qırx ildə bir millətin ən aktiv və ən məhsuldar hissəsini təşkil edən nəsillər dünənki uşaqlardır. Dolayısilə, başqa sahələrə xərclənən hər şeyin böyük bir hissəsi bada getsə də, nəsillərin həqiqi insanlığa yüksəlməsi istiqamətində sərf edilən hər şey, bitib tükənməz bir xəzinə, bir gəlir mənbəyi kimi davam edəcəkdir.
Həqiqi həyat ancaq elm və ürfanla olur. Dolayısilə, öyrənib öyrətməyə laqeyd yanaşanlar nəfəsləri gedib gəlsə də, ölüdürlər. İnsanın yaradılış qayəsi görüb-götürmək və bildiklərini başqalarına öyrətməkdir. Tədbirli davranmaq və məqsədəuyğun qərarlar vermək ağıl və məntiqdən asılıdır. Ağıl və məntiq isə ancaq elm və ürfanla işıqlanıb kamala çatır. Buna görə də, elm və mərifət olmayan yerdə ağıl tənbəl, ətalətli, məntiq hiyləgər, qərarlar da tutarsızdır. İnsanlıq öyrənib öyrətmək və başqalarına Haqqı göstərməklə ölçülür və üzə çıxır. Elm və ürfanla qazanılan məqam başqa yollarla əldə olunan məqamlardan daha yüksək və uzunömürlüdür. Çünki insan elmlə dünyada pis əməllərdən çəkinib fəzilət qazanır, o biri aləmdə də ürfanıyla aydınlatdığı məqamını tamaşa edib məst və xoşbəxt olur.
Qısaca, həyatınızın məqsədi insanlığa həm fərd, həm də toplum müstəvisində xidmət etməkdirsə, bunun üçün yaşayırsınızsa, həyat fəlsəfəniz yaşatmaq üçün yaşamaqdırsa, bunun ən yaxşı, ən səmərəli və düzgün yolu təhsil və tərbiyədir.
Mişel Meyr: Milyonlarla insanın sizdən ilham alıb hərəkət etməsini necə izah edərdiniz? Təliminizdə tərəfdarlarınızı ovsunlayan nədir?
Fəthullah Gülən: Əvvəlki sualda "Niyə məhz təhsil?" deyilirdi. Hal-hazırda dünyanın elmə daha çox rəğbət göstərməsi və insanlığa ən böyük xidmətin bütün dövrlərdə təhsil və təlimlə mümkün olması kimi həqiqətlər göz qabağında ola-ola Türk toplumunun, demək olar bütün təbəqələrinin yüksək keyfiyyətli təlim-təhsil fəaliyyətlərinə dəstək verməsi hər halda təbii qarşılanmalıdır. Bu insanların təhsil, xoşgörü və dialoq istiqamətində həyata keçirdiyi fəaliyyətlərin müxtəlif din, dil, irq, adət-ənənə və mədəniyyətlərə malik yüzdən çox ölkədə təqdirlə qarşılanması və həmin ölkələrdə yerli insanların da bu fəaliyyətlərdə könüllü iştirak etməsi, təbii ki, bir şəxslə və ya bir qrupla izah oluna bilməz. Bəlkə də, insanları bu fəaliyyətlərə cəlb edən səbəb ən təbii insani ehtiyaca və ya insan varlığının ən təbii bir cəhətinə, yəni təlim-tərbiyəyə lazımi əhəmiyyəti vermək, bunun müqabilində bir təmənna ummamaq, fərdi eqoizmin meydan suladığı belə bir dövrdə yaşatmaq üşün yaşamaqdan keçmək, insanlığın müharibələrlə sarsıldığı bir zəmanədə "Dayanın, ey millət, bu yolun sonu yoxdur!" deyərək sülhü, uzlaşmanı, xoşgörünu, dialoqu ön plana çəkməkdir. Bu saydıqlarımız müştərək insani cəhətlərə xitab edir ki, dünyanın, demək olar, hər ölkəsindən, hər toplumdan və hər təbəqədən insanlar bu fəaliyyətlərdə könüllü iştirak edirlər.
Mişel Meyr: Hərəkat tez-tez hücumlarla da qarşı-qarşıya qalır. İddia edirlər ki, hərəkatın gizli planı var, İslam dövləti qurmaq üçün dövlət müəssisələrinə güclü nüfuz edir. Bu ittihamları necə dəyərləndirirsiniz?
Fəthullah Gülən: Haşa, yanlış anlşılmasın, həyatda heç vaxt bir iddiam olmayıb; sadəcə suala daha dəqiq cavab vermək üçün deyirəm: tarixdə ittihamlara məruz qalmayan bircə peyğəmbər varmı? Neçə peyğəmbərin canına qəsd edilmiş, neçə peyğəmbər vətənindən sürgün edilmişdir. Halbuki bütün peyğəmbərlərə xas xüsusiyyətlərdən biri dini təbliğ müqabilində insanlardan zərrə qədər təmənna ummamaqdır. Peyğəmbərlər kimi ən məsum insanlar belə əlaqəsi olmayan ittihamlarla üzləşirsə, hətta qətlə yetirilirsə, demək ki, heç kəs − bütün fəaliyyətləri bəşəriyyətin xeyirinə olsa da − müəyyən ittihamlardan qurtula bilməyəcəkdir. Tarix Peyğəmbərlərdən başqa minlərlə elm xadiminin, xeyirxahlıqdan başqa bir şey düşünməyən minlərlə övliyanın ən ağır ittihamlara məruz qalmasına, hətta edam edilməsinə, yandırılmasına şahiddir. Əgər gördüyünüz işlər − əvəzində heç bir maddi təmənna ummasanız belə, − bəzilərinin mənafeyinə, mənafeyi istiqamətində istifadə etdiyi ideologiyalara toxunursa, üstəlik bunlar bir sıra hiylə və oyunlarla "dövlət müəssisələrinə sızaraq dövləti ələ keçirib" sonra da “hər kəsi də özü kimi görmə” xəstəliyinə tutulubsa, həmçinin bəzilərinin də qısqanclığına səbəb olursa, təbii ki, sizi ittiham etmək üçün bəzi iddialar ortaya atacaqlar.
Şəxsən dini bir kimliyim olduğuna görə, Türkiyədə uzun illər bir dövlət məmuru kimi imam və vaiz işlədiyim üçün fəqirə (özünü nəzərdə tutur) qarşı irəli sürülən ittihamlar da gündəmə ən uyğun ittiham olmalıdır. 1958-ci ildən bəri rəsmi vəzifəmlə, yazdıqlarımla, çıxışlarımla, gördüyüm işlərlə xalqın içindəyəm. Bəhs etdiyiniz ittihamlarla əlaqədar haqqımda, xüsusilə, hərbi çevrilişlər dövründə məhkəmə işləri açılmışdı. Ancaq 50 ildən çoxdur ki, bu ittihamları sübut edən bircə dəlil də ortaya qoya bilməmişlər; barəmdə açılan məhkəmələrin hamısı bəraətlə yekunlaşmış, hətta Türkiyədə 28 Fevral sürəcində açılan məhkəmə işində Yarqıtay IX Dairəsi yekdilliklə bəraətim haqda qərar qəbul etmişdir. Bundan əlavə, "hərəkat"a mənsub sanılan milyonlarla insanın heç biri dünyanın heç bir yerində sözügedən ittihamlarla məhkum edilməmişdir. Elə isə, bu kimi ittihamların nə qədər əsassız olduğu göz qabağında deyilmi?
Mişel Meyr: Türkiyə əsaslı dəyişikliklər dövrünü yaşayır. Hərəkatın bu mənada Türkiyəyə hansı qatqılarından danışmaq olar?
Fəthullah Gülən: Madam ki, təkamülü (dəyişmə, inkişaf) müdafiə edirik, demək ki, varlıq aləmində də açıq-aydın bir təkamül var; elə isə, xüsusən informasiya və nəqliyyat vasitələrinin olduqca inkişaf etdiyi və informasiya texnologiyasının sərhəd tanımdığı, həmçinin “dəyişmə” anlayışının ən cazibədar və təsirli bir məfhuma çevrildiyi bir dövrdə heç bir toplum bir yerdə sabit qala bilməz. Türk toplumu da təkcə bu gün deyil, bir neçə əsrdir dəyişir. Üç əsr əvvəl başlayan avropalaşma istiqamətində Məşrutiyyədən sonra Cümhuriyyətə keçmiş, Cümhuriyyət dövründə müəyyən islahatlar aparmış, 61 il əvvəl çoxpartiyalı sistemə keçib cümhuriyyəti demokratiya ilə daha da inkişaf etdirmiş bir toplumuq.
Toplumumuzun müntəzəm tərəqqi və inkişafı − onu müəyyən status-kvoda saxlamaq istəyənlər, buna görə də cəmiyyətin inkişafından və dəyişməsindən qorxanlar (bu həqiqət əvvəlki sualınıza cavabın bir hissəsini, yəni fəqirə (özünü nəzərdə tutur) atılan böhtanların bir səbəbini də təşkil edir) dəfələrlə bunun qarşısını alsalar da, − əlbəttə, davam edəcək. Dolayısilə 1980-ci ildən sonra Türkiyə artıq həm daxili, həm də xarici şərtlərin də tələbiylə iki mühüm addım atmağa məcbur qalmışdır; birincisi, sərbəst bazar iqtisadiyyatının möhkəmlənmiş və möhkəmlənməkdədir, ikincisi: azad demokratiya və hüququn aliliyi sahəsində son on ildə müəyyən irəliləyişlər əldə edilmişdir. Bu dəyişmədə şəxsimə isnad edilən "hərəkat"ın, daha doğrusu, “könüllülərin nə qədər rol oynadığını, düzü, mən cavablandıra bilmərəm. Çünki bu "hərəkat" cəmiyyətin təkcə bir təbəqəsinə aid deyildir. Bu fəaliyyətdə hər kəsim və düşüncənin insanları iştirak etdiyi üçün onların sözügedən bu dəyişikliyə qatqılarını təxmin etmək çətindir. Bəlkə də, onların təhsil, xoşgörü və dialoq fəaliyyətlərinin sözügedən dəyişikliklərdə rolundan danışmaq olar. Bu isə geniş sosioloji araşdırma tələb edir.
Mişel Meyr: Türkiyədə Kamalistlərlə Müsəlmanlar arasındakı uçurum həmişə belə qalacaq? Ya da onların praqmatik birgəyaşayışı, hətta barışması mümkündürmü?
Fəthullah Gülən: Bu sualın kökündə “kamalistlərin içində müsəlman, müsəlmanların da içində kamalist yoxdur” və ya “bu iki təbəqə tamamilə bir-birinə zidddir” düşüncəsi yatır. Bunu sualı düzəltmək məqsədilə deyil, əksinə sözügedən problemin əsl səbəbini ortaya qoymaq üçün söyləyirəm. Yəni Türkiyədə nə müsəlmanlar və kamalistlər adlı bir-birindən tamam fərqli qrup var, nə də bu iki qrup arasında aşılmaz uçurumlar.Biz, qaynayıb-qarışmış mozaikaya malik bir "İmperatorluq" toplumunun varisləriyik. Əsrlər boyu müsəlman, xristian, yəhudi, sünni, şiə, türk, kürd, çərkəz, hətta yunan, bolqar, boşnak, serb, ərəb, yəni millətlər, dinlər, irqlər və dillər mozaikasında yaşamışıq. Türk toplumu məhz bu mozaikanın varisi və din, irq və millətindən asılı olmayaraq sülh şəraitində birgə yaşamağı bacaran bir toplumdur. Ancaq çox təəssüf ki, Türkiyədə − qismən də bir sıra xarici güclərin təsiriylə − sülh şəraitində birgə yaşamaqdan narahat olan və bunu öz mənafeyinə zidd sayan çox kiçik, lakin təsirli qrup və ya qruplar var. Yoxsa müsəlmanlar və kamalistlər deyə tamam bölünmüş qruplar yoxdur. Şəxsən ümid edirəm ki, o kiçik qrup da bir gün həqiqəti görəcək, zənginliyi fərqlilik olan Türk toplum mozaikasına qaynayıb-qarışmağın onların mənafeyinə də uyğun olduğunu dərk edəcəklər. Bu, həm Türkiyənin, həm bölgəmizin, həm də Türkiyə və bölgəmizin beynəlxalq mövqeyinin əhəmiyyəti baxımından dünyanın xeyirinədir.
Mişel Meyr: Türkiyəyə qayıdacaqsınız?
Fəthullah Gülən: Əlbəttə, "kərimeyi-tarix" olan gözəl yurdumun həsrətini çəkirəm. Qürbət hər qərib üçün bir ağrıdır və onu ancaq vüsal aradan qaldırar. Lakin bir mənada, mən taleyin könüllü məhkumuyam.
Mişel Meyr: Almaniyada yaşayan müsəlmanlara nə məsləhət görərsiniz?
Fəthullah Gülən: Əstağfirullah. Kiməsə məsləhət vermə səviyyəsində deyiləm. Ancaq Allahın rizasını qazanma ümidini daşıyan və bu məqsədlə insana xidməti Yaradana qulluğun ən mühüm əsası sayan bir qul olaraq deyə bilərəm ki: Qloballaşan və artıq böyük bir kəndə oxşayan, dolayısilə hər kəsin hər kəsə qonşu olduğu bir dünyada İslamiyyətin çox əhəmiyyət verdiyi qonşuluq prinsiplərinə əməl etmək, İslamın aləmlərə rəhmət olduğunu, Peyğəmbərimizin (s.ə.s.) aləmlərə rəhmət olaraq göndərildiyini dərk edən bir rəhmət insanı olmaq və İslamın ləkəsiz və ağ üzünü qaraldan hər cür hərəkət və davranışdan uzaq olmaq bütün müsəlmanların vəzifəsidir və onların xeyirinədir.
Mişel Meyr: Avropada yaşayan qeyri-müsəlmanlara bir ismarıcınız varmı?
Fəthullah Gülən: Bir az əvvəlki sualın cavabında dediyim kimi, qloballaşan və artıq böyük bir kəndə bənəzəyən, dolayısilə hər kəsin hər kəsə qonşu olduğu bir dünyada müsəlmanlığın çox əhəmiyyət verdiyi və müsəlman-qeyri-müsləlman – hər kəsin qəbul edə biləcəyi qonşuluq münasibətlərinə uyğun hərəkət etmək və Hz. Əlinin bu sözünü baş tacı etmək bütün dünya, bütün insanlıq üçün faydalıdır: "İnsanlar öz inancımızdan, öz dinimizdəndirsə dində, deyillərsə, insan kimi qardaşımızdır".
- tarixində yaradılmışdır.