Qulu Məhərrəmli: O, böyük bir işıqdır
Müasir Azərbaycan jurnalistikasının tanınmış simalarından teleaparıcı, şərhçi Qulu Məhərrəmli ilə üz-üzə görüşüb səmimi söhbət etdik. Onun fikirlərini, düşüncələrini, qənaətlərini öyrəndik. Möhtərəm Fəthullah Gülənlə görüşü barədə təəssüratlarını aldıq. Bu müsahibənin təfərrüatlı şəkildə sizə təqdim edirik.
S. Azərbaycan ictimaiyyəti Möhtərəm Fəthullah Güləni 20 Yanvar hadisələrindən sonra tanıdı. Hətta xalqımız o dövrdə onu “ağlayan insan” adlandırırdı. Bildiyimiz kimi siz 1998-ci ildə ilk dəfə Onu yüksək səviyyədə ictimaiyyətə tanıtdınız. Sizi onunla görüşüb müsahibə almağa nə sövq etdi? Güləni necə gördünüz, necə tanıdınız? Təəssüratlarınızı bizimlə bölüşərdinizmi?
Q.M. Mənim jurnalist taleyim elə gətirib ki, dünyada bir çox tanınmış adamlardan müsahibə almışam, o cümlədən, Rusiya prezidenti Boris Yeltsindən, İsrailin baş naziri İshaq Rabindən, Türkiyənin cumhurbaşkanı Süleyman Dəmirəldən, Amerikanın dövlət katibi Olbraytdan və başqalarından... Və Fəthullah Gülən 20 Yanvardan mənim beynimdə qalmışdı, yəni əcəba kimdi Türkiyədə heç dövlət rəhbərlərinin o qədər reaksiya vermədiyi bir dövrdə Azərbaycanın halına yanan, Azərbaycanın şəhidlərinə belə ehtiram göstərən, onun üçün fəryad qoparan bu insan və hər zaman da bu barədə fikirləşirdim. Mən o vaxtlar “Zaman” qəzetində guşə yazırdım və təbii ki, orada çalışan arkadaşlarımızdan da çox şey eşidirdim Fəthullah Gülən haqqında. Nəhayət, mən bir gün onlardan xahiş elədim ki, bizi müsahibə almaq üçün Fəthullah Gülənlə görüşdürsünlər. O zaman mən televiziyada proqram rəhbəri idim. Həm də bir müəllif proqramım vardı. Və o müəllif proqramında müxtəlif tanınmış insanlardan müsahibələr hazırlayırdım. Fəthullah Gülənlə də görüşməyi o vaxt burada “Zaman” qəzetinin redaktoru olan Dəmirçidən rica elədim.. Dedilər, problem yoxdur, amma sualları öncədən vermək lazımdır. Sualları tərtib elədim, təxminən 30-a yaxın sual idi. Göndərdim. Türkiyədən cavab gəldi ki, problem yoxdur, görüşmək mümkündür. Eyni zamanda “Xalq” qəzetinin əməkdaşı, baş redaktor müavini Tahir Aydınoğlu ilə birlikdə İstanbula getdik və bu görüş alındı.
Sözün düzü, mənim təsəvvürümdə o yalnız 20 Yanvardakı Fəthullah Gülən idi. Yəni belə bir din xadimi obrazı vardı təsəvvürümdə. Görüşəndən sonra bu təsəvvürlərimin xeyli məhdud olduğunu gördüm, sözün düzü. Bir neçə kəlmə danışandan sonra onun ağlı, zəkası, düşüncə tərzi, hadisələrə yanaşma bucağı, bütövlükdə dünyanı görmək, duymaq qabiliyyəti məni heyran elədi. Çox maraqlı bir müsahibə apardıq. Mən hesab edirəm ki, bu gün Azərbaycanda bir bilik azlığı var, dünyanın fikir adamları haqqında məlumatsızlıq var. O cümlədən Fəthullah Gülən haqqında çox təhrif olunmuş fikirlər var. Bunu kimsə qəsdənmi yayır, bilərəkdənmi yayır, deyə bilmərəm, amma hər halda, bəlkə də, Türkiyənin özündən də qidalanır bu məsələ. Oradan hansı qüvvələrsə, bu insanlara bu mesajları ötürür. Amma mənim bununla işim yoxdur. Hər kəsin hər kəs haqqında fərdi fikirləri ola bilər.
O müsahibədən sonra Məmməd Aslanın təkidi ilə hətta “Ekran Efir” qəzetində görüşlə bağlı təssüratlarımı yazdım. Hazırladığım veriliş efirə gedəndən sonra da çox normal qarşılandı. Belə ki, bizim ictimaiyyətin bir çox nümayəndələri inanmırdılar ki, Türkiyənin özündə, yəni Türk dünyasında bu dərəcədə dünyanı geniş miqyasda duyan, dünyaya bu cür baxışı olan bir insan var. Mən çox sevinirəm ki həyatımda, jurnalist həyatımda bu cür insanla da müsahibəmiz olub.
S.Fəthullah Gülənin təşviqi ilə aparılan könüllülər hərəkətinin mədəniyyətlər və dinlərarası diyaloq fəaliyyətləri haqqında nə deyə bilərsiniz? Sizcə bu fəaliyyətlər və onun ideyaları bəşəriyyətə nə vəd edir?
Q.M. Mən o müsahibəyə gedəndə Fəthullah Gülən haqqında bir xeyli material oxumuşdum, amma müsahibədən sonra, veriliş efirə gedəndə onun bu miqyasda qavranılacağını təsəvvür edə bilmirdim. Fəthullah Gülənin başlatdığı bu könüllülər hərəkəti hesab edirəm ki, bütün bəşəriyyətlə bir dialoq körpüsünün başlanğıcıdır. Çox mürəkkəb dünyada yaşayırıq. Və bu mürəkkəblik də fərqli düşüncələr, fərqli fikirlər, fərqli xarakterlər, fərqli dünyaların mövcud olması ilə bağlıdır. Bu gün elə texnologiya, elə tərz lazımdır ki, fərqli düşüncələrlə, fərqli dünyalarla, fərqli xarakterlərlə, fərqli ideologiyalarla körpü qura bilək. Fəthullah Gülənin irəli sürdüyü fikirlər, dünya ilə səsləşən ideyalar, yəni bugünkü dünyanı sabaha aparan, insanlara sülh və barış gətirən bir fəlsəfədir, bir yanaşma tərzidir. Və mən hesab edirəm ki, bu könüllülər sadəcə Türkiyəni hansısa bir ölkədə tanıtmır. Bu, eyni zamanda, Türklərin bütün dünyaya, bütün bəşəriyyətə açıq olmasının, əsrlərin bağrından qopub gələn o barışdırıcı fikirlərin indi üzə çıxmasıdır, bir bulağın gözünün açılmasıdır, yəni dünya Şərq təfəkkürünün konstruktiv cəhətlərini görür, onun dünyaya açılan tərəflərini görür. Bu mənada mən hesab edirəm ki, Fəthullah Gülən XXI əsrin ən nəhəng fikir adamlarından, böyük şəxsiyyətlərindən biridir. Yəni burada maraqlı olan nədir? Yeni bir dünya qurulur, yeni cəmiyyətlər qurulur, biz dünya ilə anlaşmağa çalışırıq. Amma bunu köhnə zəka ilə, köhnə başla, köhnə qafa ilə eləmək mümkünsüzdür. Həm də bu yaxşı, xoş, müharibəsiz, əmin-aman gələcəyi qurmaq üçün yeni düşüncəli insanlar lazımdır. Məhz könüllülər hərəkətıinin ən böyük önəmi odur ki, bu insanı, yeni düşüncəli insanı yetişdirir. Yəni bu insan öz milliliyini, özünün milli kimliyini yaşadır və eyni zamanda dünyaya açılır. Bu çox vacib cəhətdir ki, insan özünü unutmadan dünyanı qucaqlaya bilir, öz tarixini, öz keçmişini unutmadan, özünün bugünkü dünyadakı yerini unutmadan bütün dünyaya qucaq açır. Ortaya dözümlülük qoyur, Avropanın baxışı ilə desək, tolerantlıq aşılayır. Yəni bu cəhətdən hesab edirəm ki Fəthullah Gülənin könüllülər hərəkəti təkcə Türkiyə faktı deyil, təkcə Azərbaycan və Orta Asiya faktı deyil, Asiya faktı deyil, bütövlükdə dünya hadisəsi, Avropa hadisəsidir. Mən hesab edirəm ki o, hər halda Türk dünyasının yetişdirmiş olduğu böyük simalardan biridir.
S.Azərbaycan üçün bu dialoq fəaliyyətləri nə ifadə edir?
Q.M. Azərbaycan bu yeni yaranan dünyada müstəqil dövlətdir. Amma Fəthullah Xoca qocaman Türkiyə dövlətinin yetişdirdiyi, onun yüksək təfəkküründən qaynaqlanaraq zəngin bir formada ortaya çıxan bir şəxsiyyətdir. O mənada Fəthullah Gülənin düşüncəsi, fəlsəfəsi, dünyaya baxışı Azərbaycanda da hər halda ictimai fikrə, ictimaiyyətin dünyaya baxışına müəyyən dərəcədə təsir göstərir. Yəni Fəthullah Gülən də Azərbaycan üçün birinci növbədə barış, dialoq, dünyaya fərqli baxış, başqalarının dərdi ilə yaşamaq fəlsəfəsidir. Və bu mənada Azərbaycanın özünün bugünkü durumunda dünyadakı mövcud texnologiyalardan, o cümlədən Fəthullah Gülənin düşüncələrindən bəhrələnməsi onu hər halda üzü qərbə, üzü dünyaya, üzü Avropaya apara bilir. Məsələn, şərqdə çox maraqlı cərəyanlar, fəlsəfələr, baxışlar sistemi var: Çindən, Şərqi Asiyadan, Yaponiyadan, Koreyadan, Hindistandan, Pakistandan üzü bu yana. Amma tutaq ki, Hindistanda Qandi kimi düşüncə adamı meydana gəldi. Onun da fəlsəfəsi mən hesab edirəm ki, Fəthullah Gülənin fəlsəfəsinə yaxındır. Açığı, ifadə edim ki, mən onu görəndə ilk olaraq Mahatma Qandiyə bənzətdim. Onun (Qandinin) da fəlsəfəsində şərə müqavimət göstərmədən, qan tökmədən, arzu və ideallarını gerçəkləşdirə bilirsən, yəni bu, Hindistanı əslində böyük bir fəlakətdən xilas etdi, onu bugünkü dünyaya çıxarda bildi. Bu mənada XX-XXI əsrlərin qovşağında dünya daha da mürəkkəbləşir. Yəni bu təkcə bir ölkənin məsələsi deyil. Qərblə Şərq arasında müəyyən ziddiyyətlər var, dinlərarası problemlər var, anlaşmazlıqlar var. Bütün bu mürəkkəbliklər şəraitində Fəthullah Gülənin dialoq və barış fəlsəfəsi, onun ortaya qoyduğu fikirlər dünyanı sülhə aparır, barışa aparır, insanları mənəvi təmizliyə aparır. Bu mənada deyirəm ki, bəli, bu, təkcə Türkiyə üçün deyil, təkcə Şərq dünyası üçün deyil, dünyanın bir parçası olan Azərbaycan üçün də önəmli bir düşüncə tərzidir.
S. Fəthullah Güləninin təşviqi ilə başladılan bu könüllülər hərəkatının mahiyyəti haqqında müasir ölkələrin elm ocaqlarında xüsusi fakültələr, araşdırma mərkəzləri açılaraq, məsələn, Avstraliya, Amerikada, tədqiqat işləri aparılır. Dünyanın müxtəlif dillərinə tərcümə olunmuş kitabları ən çox satılan kitabları siyahısına daxil olduğu kimi onunla bağlı yazılan kitablar da bu ölkələrdə böyük maraqla qarşılanır (Cill Karrol nümunəsi). Kanadada, İndoneziyada, Ərəbistanda, Almaniyada, İngiltərədə, Qazaxıstanda, Bolqarıstanda, qonşu dövlət Gürcüstanda və dünyanın bir çox ölkəsində şəxsiyyəti və ideyaları haqqında keçirilən seminar, konfrans, panellərdə ortaya atılan iddialar ciddi, əsaslı arqumentlərlərlə cavablandırılır. Bütün bunlara baxmayaraq, hələ də F.Gülən və fəaliyyətlər haqqında iftira və böhtanlara rast gəlirik. Bu haqda fikrinizi bilmək istərdik.
Q.M. Bilirsiniz, bu bir az mürəkkəb məsələdir. Yəni bunların haradan qaynaqlandığını düşünmək lazımdır. Amma mən bunun özünə də bir qədər təbii baxıram. Yəni görkəmli şəxsiyyətlərin bioqrafiyasına baxanda onların nə qədər təqiblərə, nə qədər məhrumiyyətlərə, işgəncələrə məruz qaldığını görürük. Mən deməzdim ki, insanlar Fəthullah Güləni başa düşmədiklərinə görə belə deyirlər. Sadəcə olaraq hər yerdə belədir, yəni bütün dünyada belədir. İnkişaf səviyyəsindən asılı olmayaraq bütün ölkələrdə nadan və arif insanlar var. Hz. Əlinin gözəl bir kəlamı var: “O yerdə ki cahillər artıb, orada ariflər qərib adama çevrilir”. Və Avropa, Amerika Fəthullah Gülənə qucaq açırsa, yəni bu ölkələrdə Fəthullah Güləni qəbul edirlərsə, – o, Roma papası ilə görüşdən sonra xüsusən məşhurlaşdı, – yəni xristian dünyası onun ideyalarını qəbul edirsə, hesab edirəm ki, bir zaman gələcək, bu iftiraları, bu böhtanları atan, bu yaramazlıqları edən insanlar peşman olacaqlar. Yəni Fəthullah Gülənin qoşunu yox, silahı yox, ordusu yox. Nəyi var? Təfəkkürü, Allahın verdiyi yüksək ağlı, düşüncəsi, dərin zəkası var. Bu cür adamları, təbii ki, nadanlar qəbul etmirlər. Fəthullah Gülən insanları ağıla, zəkaya, açıq dialoqa çağırır. O yerlərdə ki, korrupsiya var, o yerdə ki, maksimalizm var, o yerdə ki, insanlara əzab vermə istəyi var, insanları anlamamaq var, o yerdə ki, səfalət var, o yerdə ki, istismar var, orada, təbii ki, işıqlı şüur həmişə lənətlənəcək. Niyə? Çünki insan güzgüdə özünü necə görür? Eybəcər görünəndə güzgünü niyə sındırır? Yəni bu ağılsızlığın məhsuludur. Mən hesab edirəm ki, Fəthullah Gülən böyük bir işıqdır, böyük bir nurdur. Allahın verdiyi o işığı, nuru bütün dünyaya yayan insandır. Və hamının onu eyni dərəcədə duyub dəstəkləməsi bu gün üçün inandırıcı deyil. Peyğəmbər (ə.s.) İslam dinini yaymağa başlayanda çox problemləri oldu. Onu anlamayanlar oldu, Ona daş atanlar oldu, Ona qılınc çəkənlər oldu, Onu məhv etməyə çalışanlar oldu. Bəlkə, müqayisəm qüsurludur, amma yenə də deyirəm, yeni ideya, yeni düşüncə, yeni baxış, yeni tərz həmişə müqavimətlə qarşılanır. Amma faktiki olaraq Fəthullah Gülənin ideyaları zoru da, şəri də özünü təmizləməyə yönəldir. Məhz bu cəhətdən hesab edirəm ki, bunlar bizim dünya üçün insanların beynini qidalandıran, onun ağlını, zəkasını işıqlandıran ideyalardır. Və ona görə də ağlı başında olan insanlar, dünyanı qavrayan insanlar, indiki gedişatı duyan insanlar, təbii ki, Fəthullah Güləni özləri üçün böyük bir fikir adamı hesab edirlər. Yəni mən bir fikri qəbul eləmirəmsə, bu, o demək deyil ki, mən ona qarşı savaş açmalıyam. Çünki Fəthullah Güləndə zor yoxdur, insanlara sayğıdan başqa bir şey yoxdur. Yəni böyük Allah var və biz insanlar Onun yerdə bəndələri kimi sülhə, barışa, dialoqa, anlaşmaya çağrılırıq. Dünyada bundan daha gözəl nə var ki?
S. 11 Sentyabr hadisəsindən sonra, xüsusilə Qərbdə İslamla terrorizmin adı birlikdə çəkilməyə başlandı. Bu hadisə “islamafobiya” məfhumunu da gündəmə gətirdi. Bildiyimiz kimi, ilk dəfə buna etirazını bildirən, “Müsəlman terrorist ola bilməz, terrorist müsəlman deyil” sözləri ilə İslamın sülh və əmin-amanlıq dini olduğunu dünya ictimaiyyətinə çatdıran şəxs Fəthullah Güləndir. Bu barədə fikirlərinizi bölüşə bilərsinizmi?
Q.M. Sözün açığı, 11 Sentyabrdan sonra mən Moskvada kitab mağazasında Fəthullah Gülənin bir kitabını gördüm. İslam və terrorizm mövzusunda. Rus dilinə çox gözəl tərcümə olunmuş bir kitab idi. İslamdakı barış ideyalarını, İslamdakı dözümlülük ideyalarını Fəthullah Gülən elə bir ustalıqla şərh edir, elə sadə, rahat anlaşılan bir dildə oxucularına çatdırır ki.. Mən bu kitabı oxuyandan sonra – ümumiyyətlə din haqqında mənim bilgilərim kifayət qədər deyil, – İslamiyyətin bizlərdə lazım olan səviyyədə təbliğ olunmamasını, öyrədilməməsini gördüm. İslamın ruhunda insan sevgisi, Allah sevgisi, başqalarına hörmət, zəiflərə, ağır vəziyyətdə olanlara şəfqət hissi, mərhəmət hissi çox güclüdür. Ancaq (Allahın göndərdiyi bütün dinlər insanlar üçün faydalıdır) hesab edirəm ki, Allahın vermək istədiyi bütün nüanslar İslam dinində öz əksini tapır. Ona görə də Fəthullah Gülənin İslamda terrorizm əleyhinə, İslamın, Müsəlmanların terrorda suçlanması əleyhinə çıxması xüsusi əhəmiyyətə malikdir. Bütün Avropada tanınan bir ilahiyyat alimi, bir filosof, bir düşüncə adamının bu barədə danışması bir tərəfdən İslam düşmənlərinə ağır bir zərbədir, ikinci tərəfdən İslam dünyasını şərəfləndirən bir hadisədir. Üçüncüsü, bütün dünyaya bilgi verdi ki, haqqında danışılan İslam bu deyil, yəni kimsə xristian və ya İslam adı ilə çox böyük pisliklər yapa bilər. Amma bu dinin daşıyıcıları terroristlər deyil. Ona görə də bu məsələdə Fəthullah Gülənin mövqeyi və təbii ki, Amerikada da artıq barış ruhu, 11 Sentyabrdan sonra prezidentin İslam təmsilçiləri ilə, din xadimləri ilə görüşməsi hesab edirəm ki, çox ciddi bir addım idi. Və hər halda bu mövzuda Fəthullah Gülənin bu bəyanatının xüsusi yeri oldu.
S. Hal-hazırda dünyanın elə bir ölkəsi yoxdur ki, orada Fəthullah Gülənin təşviqi ilə açılan sevgini təmsil edən məktəblər, hətta gələcəyin “sülh adacıqları” deyə vəsf edilən təhsil müəssisələri olmasın. Kanadadan Argentinaya, İngiltərədən CAR-a, Rusiyadan Avstraliyaya qədər dünyaya təmənnasız sevgi bəxş etmək üçün həyatını fəda edən könül “memarları” var. Bu məktəblərdə din, dil, mədəniyyət ayrı-seçkiliyi qoyulmadan təlim-tədris aparılır. Sevgi məktəbləri haqqında fikirlərinizi ala bilərikmi?
Q.M. Azərbaycanda da bu məktəblər şəbəkəsi öz fəaliyyətini göstərir. Hazırda 10-12 məktəb fəaliyyət göstərir. Sözün düzü, bəlkə də, bizim Fəthullah Gülənə olan hörmətimizin, rəğbətimizin, sevgimizin kökü buradan qaynaqlanır. Çünki bu proseslər Naxçıvanda başladı, Azərbaycanın başqa bölgələrinə yayıldı. Azərbaycanın çox ağır bir vaxtında yeni məktəblərin yaranması, yeni təhsil metodikasının tətbiq edilməsi, yeni düşüncəli insanların formalaşması göstərir ki, ölkəmizdə duyan, düşünən, qavrayan vicdanlı insanlar bu məktəblərin sabahkı Azərbaycan üçün önəminin fərqindədir. Bu məktəblərdə ən müasir texnologiya əsasında dərslər keçirilir, ingilis dilində fizika, kimya, riyaziyyat, dəqiq fənlər öyrədilir. Olimpiadalarda qızıl medallar qazanılır. Mən uzun müddət Azərbaycan Televiziyasında çalışdım, o vaxt Çağ Öyrətimin medallar qazanması xəbərlərini böyük bir fəxrlə qarşılayırdım. Əgər onlar Azərbaycanı çox yüksək yerlərdə təmsil edirlərsə, Azərbaycanın bayrağını olimpiadalarda yüksəklərə qaldırırlarsa, biz bununla yalnız və yalnız fəxr edə bilərik. Digər tərəfdən Amerikada, Almaniyada, Fransada İngiltərədə və müxtəlif ölkələrdə məktəblər açırlar. Bu gün misal üçün, Şərq ölkələrində Amerika məktəbləri var. Bax burada problem nədədir? Yəni biz ilk dəfə həm də Türkiyə adına bu məktəblərin açılışına şahid olduq. Yəni Türkiyə artıq öz təhsil şkalasını qaldırmış oldu. Yəni təkcə Amerikanı qəbul eləmədi. Həm də özünün təhsil texnologiyasını irəli sürdü və dünyanın dediyiniz bir çox ölkələrində o cümlədən Azərbaycanda da bu məktəbləri açdı. Bu gün bəzən bu məktəblərə çamur atmağa çalışırlar, “ay burada dinçilər yetişdirilir” və s. kimi yalançı fəryadlar eşidilir. Xüsusən medyadakı dostlarıma deyirəm ki, siz araşdırın görün bu Çağ Öyrətimi bitirənlərin neçəsi gedib din adamı oldu. Baxın bunların hamısı müasir, Azərbaycanı irəliyə aparan, bank sistemində çalışan, icra strukturlarında çalışan, biznes strukturlarında çalışan çox tanınmış ləyaqətli insanlardır. Bunlar yeni düşüncəli insanlardır. Bu barədə düşünməliyik. Çamuru hər kəsə atmaq olur, amma önəmli odur ki, bu insanlar bizim üçün əziyyətə qatlaşıb gəlmişlər, bizim balalarımıza, övladlarımıza elm, təhsil verirlər. Onlara müasir dünyanı qavradırlar, müasir texnologiyanı öyrədirlər. Yəni biz bunları lazımınca qiymətləndirməliyik. Nankorlar həmişə olub və yenə olacaq. Ruhdan düşmək lazım deyil. Mən bu məktəblərin müəllimlərini, məzunlarını görürəm. Xüsusən müəllimlərin bir çoxu ilə münasibətimiz var. Zaman-zaman toplantılarda görüşürük. Mən onları sözün həqiqi mənasında o könüllülər ordusunun çox fədakar nəfərləri hesab edirəm. Bütün bunlara görə onlar çox fədakar insanlardır və onları Azərbaycanda lazımınca qiymətləndirən insanlar var.
S. Fəthullah Gülənin təşəbbüsü ilə açılan bu sevgi məktəblərinin getdikcə qloballaşan dünyaya, xüsusilə də Türk dünyasına nə vəd edir?
Q.M. Mən hesab edirəm ki, yeni təfəkkürlə, yeni düşüncə ilə yeni insanlar gələcəyi qurmalıdır. Bu mənada bu məktəbləri bitirən insanlar gələcəyin insanlarıdır. Bugünkü Azərbaycanın problemləri bilirsinizmi nədir? Dünyada qloballaşma yeni küləklər əsdirir. Bax bu küləklərə, bu təsirlərə cavab verə biləcək yeni insanlar lazımdır. Bu yeni insanlar olmasa, Azərbaycan dünyanın başqa bir qütbündə qalacaq. Məncə, bu məktəblərin tarixi missiyası yeni insan yetişdirməkdir ki, bunlar da yeni Azərbaycanın təmsilçiləri olacaq. Ölkədə bu şəbəkənin genişlənməsinə şərait yaradılmalıdır ki, bizim körpələrimiz, uşaqlarımız sabah bu ölkəni layiqli təmsil edə bilsinlər. Misal üçün, mən babayam. Böyük nəvəmin 5 yaşı var. Mən düşünürəm ki, bu, hansı məktəbi oxuyacaq, hansı təhsili alacaq, hansı təlimlə böyüyəcək, sabahkı günə hansı düşüncə ilə gedəcək. Bax bu məqamda Türk məktəbləri haqqında fikirləşirəm və bu da mənə müəyyən dərəcədə optimizm verir, yəni əlimizdən tutacaq bu cür məktəblər var və buna biz çox sevinməliyik.
S. Bu məktəblər xarici ölkə olaraq ilk dəfə Azərbaycanda fəaliyyətə başladı. Bu çox əlamətdar tarixi hadisədir. Sevgi məktəbləri bu məktəblərin fəxri baş müəllimi olan Ümumimilli liderimiz Heydər Əliyev Cənablarının xeyir-duası ilə fəaliyyətə başladı. Sizcə bu nədən irəli gəlirdi?
Q.M. Şübhəsiz ki, Heydər Əliyev böyük şəxsiyyətdir. Və onun Azərbaycanda gördüyü üç böyük iş varsa, biri də bu məktəblərdir. O hər halda fəhmi ilə hiss elədi ki, yeni qurulan Azərbaycanda köhnə Rusiya təhsil sistemi özünü doğrultmayacaq. Özü də nəzərə alın ki, bu məktəblər fəaliyyətə başlayanda Naxçıvan çox çətin vəziyyətdə idi. Blokada şəraiti, ağır iqtisadi vəziyyət, istilik yox, dərs keçməyə şərait yox və s. Amma bütün bunlara baxmayaraq, bu məktəblərin qurulmasına, Naxçıvanda fəaliyyət göstərməsinə şərait yaradıldı. Və hər halda bu, çox uzaqgörən addım idi. Və mənə elə gəlir ki, bu, həm Heydər Əliyevin Fəthullah Gülən Xocaya olan sevgisinin nəticəsi, bəhrəsi idi, həm də təbii ki, xalqın sabahını düşünməsinin nəticəsi idi. Və mən çox istərdim ki, Azərbaycanda bu proses elliklə (kütləvi) davam edə idi.
S. Fəthullah Gülən bir vaxtlar dinlər və mədəniyyətlərası dialoq təşəbbüsü ilə çıxış etmiş və bu məqsədlə Roma papası II İohan Pavellə görüşmüşdü. Bu görüş çoxları, xüsusilə din xadimləri tərəfindən sərt tənqid olunmuşdu. Ancaq hal-hazırda bu ideya dünyanın ən populyar ideyasıdır və bu siyasət dövlətlər səviyyəsində aparılır. Hətta bununla bağlı beynəlxalq konfranslar da keçirilir. Fəthullah Gülənin bu uzaqgörənliyini necə başa düşmək olar?
Q.M. Fikir adamları ona görə böyük və nəhəngdirlər ki, onlar başqalarından fərqli olaraq uzağı görə bilirlər. Dünyada əsən küləyin istiqamətini duya bilirlər. Yeni dünyada gəlişən münasibətləri duya bilirlər. Ona görə Fəthullah Gülənin Roma papası ilə görüşü bu mənada təkcə Türkiyə və Şərq üçün deyil, Avropa üçün də çox böyük addım idi. Bu, öz-özlüyündə həm İslamın barış, dialoq ruhunu ifadə edir, digər tərəfdən Türkiyə kimi böyük bir məmləkətin yetişdirdiyi fikir adamının sülh arzularını göstərirdi. Yəni Fəthullah təkcə bir fərd olaraq özünü deyil, bütün İslam dünyasının, bütün Şərq dünyasının dialoqa, barışa hazır olduğunu və dözümlülüyünü, dialoq ruhunu, barış ruhunu ifadə edirdi. Hesab edirəm ki, bu dialoq çox böyük proseslərin başlanğıcına çevrildi. Bu gün Avropada da İslama qara eynəklər arxasından baxanlar çoxdur. İslamı din kimi qəbul etməyənlər, Peyğəmbərə karikatura çəkənlər ortaya çıxıb. Bütün bunlar hamısı nəyi göstərir? Yəni orada da anlamayan nadan insanlar var, burada da cahillər var. Amma dünyanı cahillər yox, aqillər, müdriklər, filosoflar, düşüncə adamları irəli aparırlar. Və Fəthullah Gülənin missiyası buna yönəlib.
S. Keçən il qardaş ölkə Gürcütanın Dövlət Başçısı Mixail Saakaşvili 18 ildir Gürcüstanda Beynəlxalq Qara dəniz Universiteti və Çağlar Təhsil Müəssisələri İdarə heyətinin Başçısı vəzifəsində çalışan Məsud Bozkırı Gürcüstandakı xidmətlərinə görə sadəcə əcnəbilərə verilən və çox az adama nəsib olan Yüksək Xidmət Ordeni (Qızıl Post) ilə təltif etdi. Sizcə, könüllülər hərəkatının digər hərəkatlardan fərqi nədir ki, böyük kütlələr, hətta dövlət xadimləri tərəfindən rəğbətlə qarşılanır?
Q.M. Əvvəla, qeyd edim ki, bu, böyük bir jestdir. Və Saakaşvilinin anası da şərqşünas kimi həmin universitetdə dərs deyir, eyni zamanda dialoq platformasında mən dəfələrlə onunla görüşmüşəm. Çox maraqlı düşüncələri, fikirləri olan qadındır. Və hesab edirəm ki, Gürcüstanın bu addımı könüllülər hərəkatına verilən çox böyük bir qiymətdir. Könüllülərin başqa hərəkatlardan oxşarlığı budur ki, digər hərəkatlarda istəyirlər barış yaratsınlar, sülh yaratsınlar və s. Amma mən Könüllülərin texnologiyasını qəbul edirəm, ardıcıllığı, sistemi qəbul edirəm. Çoxları birinci, ikinci addımda ruhdan düşür, geri çəkilir və s. Amma könüllülərin gücü onların fədakarlığındadır. Bax bu fədakarlıq olmasa bu düşüncəni, bu hərəkəti irəliyə aparmaq, inkişaf etdirmək mümkün olmazdı. Baxın 1-2 ölkədə bu məktəbləri bağlamağa çalışdılar. Çünki bu ölkələrdə korrupsiya həddindən artıq çoxalıb. Məmurlar insanlar üzərində bəzi eksperimentlər aparırlar, gələcəyi barədə çoxlu qaranlıq suallar var. Amma görəndə ki, cəmiyyətdə imanlı insanlar yetişir, bunlar Allaha, ədalətə bağlı insanlardır və cəsarətli cəsur insanlardır, dialoq, barış insanlarıdır. Belələrindən, təbii ki, çəkinirlər. Amma Avropanın inkişaf etmiş ölkələrində də bu məktəblər mövcuddur. Almaniyada, Fransada, başqa yerlərdə, Amerikada da bu məktəblər mövcuddur. Yəni bunun gücü bəşəriliyindədir, bunun gücü yeni texnologiyadadır, bunun gücü fədakarlıqdadır. Bu fədakarlıq olmasa bu hərəkat irəli gedə bilməz. Əsas fərq odur ki, bunlar o ideyaya inanırlar, hər cür məhrumiyyətlərə, bəzən təhqirlərə, bəzən iftiralara tuş gəlsələr belə bundan çəkinmirlər, ruhdan düşmürlər, hərəkatı genişləndirirlər. Və onların bu əməlləri, bu fəaliyyəti hesab edirəm ki, təqdirəlayiqdir və çoxları üçün də nümunədir.
S. Bir daha Fəthullah Gülənlə görüşüb müsahibə götürmək istəyərdinizmi?
Q.M. Mən əslində çox məmnuniyyətlə görüşmək istərdim. Mən musahibəyə baxanda düşünürəm ki, nə qədər verilməmiş suallarım qalıb. Və əgər görüşmək fürsətim olarsa, yenidən onunla maraqlı bir müsahibə hazırlayardım. Və heç bilmirəm ki, Xoca Əfdəndi məni yadında saxlayıb, ya yox. Amma arzulayardım ki, bir daha görüşüm və maraqlı bir proqram hazırlayım. Onunla görüşün üstündən 12 il keçib. Şübhəsiz ki, o daha da müdrikləşib, bu illərdə mənim də ağlım azalmayıb. Həm də bir az peşəkarlığım artıb. Və bu görüşümüz çox faydalı bir görüş olar deyə düşünürəm.
Qulu Məhərrəmli kimdir
Müasir Azərbaycan jurnalistikasının tanınmış simalarından biri, teleaparıcı, şərhçi, siyasi əqidəsindən asılı ol-mayaraq hər kəsin və Azərbaycan ictimaiyyətinin qəbul etdiyi nüfuzlu ziyalıdır. 1954-cü ilin noyabrında Zəngilanda doğulub, Şuşa şəhər 3 saylı internat məktəbini bitirib. 1973-cü ildə BDU-nun jurnalistika fakültəsinə daxil olub, oranı 1978-ci ildə bitirib. Tələbə vaxtından yazılan "Azərbaycan gəncləri", "Bakı", "Sovet kəndi" qəzetlərində, "Müxbir" jurnalında çap olunub, radioda tərcümə, reportaj və iri həcmli oçerkləri səslənib. TV-nin "Günün ekranı" xəbərlər proqramında (1977-78) maraqlı süjelləri gedib. 1978-ci ilin noyabrmdan AzTv-də çalışır. "Tədris" baş redaksiyasında redaktor, "Beynəlxalq həyat" redaksiyasında böyük redaktor, "Xəbərlər" redaksiyasında şərhçi və şöbə müdiri vəzifələrində çalışıb. Azərbaycan ekranında siyasi publisistikanın formalaşmasında xüsusi rolu var. "Qitələr, hadisələr", "Azərbaycan dünya meridianlarında" (1982-84), "Yer kürəsi: müharibə, yoxsa sülh" kimi publisistik verilişlərin redaktoru, aparıcısı və müəllifi olub. 1991-ci ildə AzTv-də diktor institutunun ləğv edildiyi dövrdə ekrana aparıcı kimi çıxan ilk jurnalistlərdəndir. Dilə, mövzuya bələdliyi, sərbəstliyi və səmimiliyi onu tez populyarlaşdırıb. 1993-95-ci illərdə apardığı "7 gün" analitik informasiya proqramı onu daha çox tanıdıb. Azərbaycanın ictimai fikrin-də böhran olduğu bir vaxtda efirə çıxan bu proqram obyek-tivliyi və qərəzsizliyi, hadisələrə vicdanlı münasibətilə yana-şı, aparıcısının yüksək peşəkarhğı ilə də fərqlənirdi. Yeni, mükəmməl veriliş modeli olan "7 gün" teleməkanımızda jur-nalistikanın yeni prinsiplərinin təsdiqində həlledici rol oyna-yıb. 1995-ci ildən televiziyanın siyasi icmalçısıdır. Uzun müddət dövlət başçısını xarici səfərlərdə müşaiyət etmiş və silsilə verilişlər hazırlamışdır. Əvvəlki və indiki protokol səciyyəli hesabatlardan fərqli olaraq Q.Məhərrəmli ustalıqla bu verilişlərə maraqlı forma və publisistik məzmun verə bi-lirdi. 1995-ci ildən efirə çıxan yeni mozaik veriliş tipi olan "Səhər" musiqi-informasiya proqramının rəhbəridir. Artıq 10-cu ildir ki, teleməkanımızın ən populyar proqramların-dan biri olan "Səhər"in sabit imicinin və uğurunun səbəbi də ona Q.Məhərrəmli kimi peşəkarın rəhbərlik etməsidir. Azərbaycan teleməkanmda müəllif proqramlarının təşəkkülü və inkişafında xidmətləri böyükdür. 90-cı illərin əv-vəllərində hazırladığı ayrı-ayrı iri həcmli tematik verilişlər,"7 gün" (1993-95), "Təfsilat" (1995-96), "Gerçəklik" (1997-ci ildən bu günədək) kimi verilişlər müəllif proqramları nümunəsi kimi müasir telejurnalistikamızın parlaq nailiyyətinə çevrilmişdir. Onun öz yaradıcılıq üslubu, aparıcılıq dəst-xətti, öz məktəbi var. Bu məktəb yüksək sənətkarlığı və mənəvi də-yərləri özündə birləşdirir. Ölkə ictimaiyyətinin qəbul etdiyi nüfuzlu ziyalıdır. Ölkə-nin və jurnalistikanın mühüm problemləri ilə bağlı ictimai fi-kirdə sözü olan, bu sözü deyə bilən nüfuzlu simadır. Sənədli filmlər müəllifidir. "Müstəqilliyin çətin yolu", "Qaçqınlar", "Müstəqil Azərbaycan", "Böyük ömrün anları" (H.Əliyev haqqında), "Qobustan" və b. filmlər onun ssenarisi əsasında çəkilib. Filologiya elmləri namizədidir. 1991-ci ildən BDU-nin jurnalistika fakültəsində dərs deyir. Ardıcıl elmi araşdır-malarla məşğul olur. KİV-nin, o cümlədən televiziya və radionun nəzəri problemlərinə dair çoxsaylı tədqiqatların və 15 kitabın müəllifidir. "Televiziya haqqında etüdlər" (1996), "Deystvie u mikrofona" (1998), "Radio dalğalarında" (1999), "İctimai televiziya" (2003), "Danışır Təbriz" (2004) kitabları maraqla qarşılanıb. Araşdırmalarında ekran-efirin mürəkkəb dil sisteminin təhlili xüsusi yer tutur. Bu problemlər onun "Radiodramaturgiya dili" (1990), "Televiziya nitqi və ədəbi tələffüz" (1999), "Ekran və ədəbi dil" (Tehran, 2001) əsərlərində, "Kino, televiziya və radio terminləri" izahlı lüğətində (2002), "Audiovizual nitq" (2000), "Televiziya dili" (2002) monoqrafiyalarında, həmçinin "Kütləvi kommunika-siya və dil" (2004) dərs vəsaitində öz əksini tapıb.
- tarixində yaradılmışdır.