Fəthullah Gülən Xocaəfəndi “The atlantic” juranlına intervü verib
Fəthullah Gülən Xocaəfəndi ABŞ-ın məşhur “The atlantic” jurnalına xüsusi müsahibə verib. Cemi Tarabi (Jamie Tarabay) imzalı müsahibədə söz azadlığından İslamda qadının mövqeyinə, Xocaəfəndinin Türkiyəyə qayıtmama səbəbindən musəvilərə dair görüşlərinə qədər bir çox məsələyə toxunulub.
Tarabi Fəthullah Gülən Xocaəfəndinin Türkiyə və Orta Asyada yaxşı tanınmasına baxmayaraq ABŞ-da hələ kifayət qədər məşhur olmadığını qeyd etdikdən sonra suallara keçib. Onun birinci sualı KİV qarşısına az çıxması ilə əlaqədar olub. Gülən sadə bir ailədə böyüdüyünü, təbiətcə utancaq olduğunu və münzəvi həyata üstünlük verdiyini qeyd edib.
Tarabayın ən çox diqqətini çəkən Gülənin kiçik və sadə otağı olub. Geniş imkanlar ola-ola niyə kiçik bir otaqda ömür sürdüyünü soruşan jurnalistə Gülən belə cavab verib: - Mənim bütün ömrüm bu cür keçib. Tələbəlik illərində də, ondan sonrakı illərdə də həmişə belə sadə yerlərdə yaşamışam. İstəmişəm ki, xalqım kimi güzəran keçirim, özümü onlardan ayırmayım. Heç vaxt özümü üstün saymamışam. Bu həm də mənim təbiətimdən irəli gəlir. Axirət inancım məni bu cür yaşamağa vadar. Dünyaya çox bağlanmaq istəmirəm.
Hələ də tələbə yetişdirirsiniz?
Səhhətim imkan verdiyi qədər burada hər gün tələbələrimlə məşğul olmağa çalışıram. Bəzən səhhətim buna mane olsa da, nə qədər ki həyatdayam onlarla birlikdə çalışmaq istiyirəm.
Eşitmişəm ki, qadın tələbələriniz yoxdur.
Dostlarımız ilahiyyat dərsləri keçirlər və həmin dərslərin iştirakçıları arasında qadınlar da var. Burada eyni sistemi tətbiq etmək olmur, ancaq dərslərimizi müntəzəm dinləyən xanımlar var.
İslam ənənəsinə görə qadının rolu təkcə analıqdan ibarətdir?
Xeyr, elə deyil. Ananın müstəsna mövqeyi bir kənara, qadınlar barədə ümumi düşüncəmiz onların xüsusi halları nəzərə alınmaq şərti ilə əsgər, həkim, hakim və ölkə başçısı da daxil olmaqla hər cür vəzifəyə gələ bilməsi üçün şərait yaradılması istiqamətindədir. Necə ki, müsəlman qadınların tarix boyu həyatın bütün sahələrində özlərinə görə xidmətləri olmuşdur. “Səadət əsrində” Hz.Aişə başda olmaqla, Hz. Həfsa və Hz. Ümmü Sələmə analarımız İslam hüquqçuları və müctəhidləri sırasında yer alırdılar və kişilər onlara müraciət edirdi.
Bu misallara diqqət yetirəndə aydın görünür ki, İslamda qadının həyat azadlığını məhdudlaşdırmaq və hərəkət istiqamətini daraltmaqdan söhbət gedə bilməz. Hazırda, əfsus ki bəzi yerlərdə İslam qaynaqlarının yanlış izah edilməsi nəticəsində qadınların ictimai həyatdan təcrid edilməsi əldə rəhbər tutularaq Müsəlmanlıq əleyhinə bütün dünyada anti-təbliğat aparılır.
Əgər inancınıza, yaxud da fikirlərinizə dair məlumatı az olan belə bir ölkədə sizə söz haqqı verilsəydi, nə deyərdiniz?
Özümü tanıtmağa ehtiyacım yoxdur. Heç vaxt belə bir dərdim olmadı ki, insanlar məni tanısın, bilsin. Elədiyim şey sadəcə inandığım fikirləri ətrafımdakı insanlarla bölüşməkdir. Buna baxmayaraq insanlar məni tanıyırsa, bu onların bəxtsizliyidir. Mənim ən böyük arzum dünyada sülhün bərqərar olması, mümkün qədər insanları təhsil vasitəsi ilə pis əxlaqdan uzaqlaşdırmaqdır. Ərəb atalar-sözü var, deyir ki: “Əgər bir şeyi bütöv əldə edə bilmirsənsə, qalanından əl çəkmə”.
Sizdən ilham alan insanların qurduğu təhsil müəssisələrinin sayca çoxluğundan narahatlıq keçirən amerikalılara nə deyərdiniz? Sizin əsərlərinizdən və həyatınızdan ilham almış bir təhsil könüllüsünün bütün bunları öz həyatında necə təzahür etdirməsini istərdiniz?
Əvvəla, bir məsələyə düzəliş verməklə sözə başlamaq istəyirəm. Heç bir təhsil qurumunun təsisçisi və idarəçisi olmamışam. Hər hansı bir təsirdən söhbət gedirsə, mənim təsirim ancaq vəz, konfrans və seminar vasitəsilə olmuşdur. Məni dinləyənlər arasında əgər bir etibarım varsa, onu da bugünədək təhsil müəssisələri açmağa təşviq etməkdə istifadə etmişəm. Oxuyan, düşünən, insanlara sevgi bəsləyən, bilik və təcrübəsini insanlığın xidmətində istifadə edən nəsillər yetişdirməklə dünya miqyasında sülhün və qarşılıqlı anlayışın əldə edilə biləcəyini izah elədim.
Diqqət mərkəzində olmağa çalışmasanız da, “Time” jurnalı “ən nüfuzlu 100 insan” siyahısında sizi “ehtiyacımız olan uzlaşdırıcı şəxs” kimi təqdim etdi. Niyə? Sizcə digər “uzlaşdırıcı şəxs”lər səsini çatdırmaq üçün nə edə bilər?
Dünyada ayrı-ayrı uzlaşdırıcı insanların olmağına baxmayaraq, bunlar arasında görüş birliyi əldə etmək çətin ola bilər. Bəlkə də elə buna görə nümunə olmaq daha vacibdir. Türkiyə bu barədə nümunə ola bilərmi? Bu hərəkat, hərəkatın könüllüləri nümunə ola bilərmi? Mən inanıram ki, əgər hər birimiz vicdanımızla üzləşsək, özümüzü sorğu-suala çəksək... Yəqin ki yaxşı nümunə ola və milli-mənəvi dəyərlərimizi layiqincə təmsil edə bilməmişik ki, dünyada bu hərəkata lazımi rəğbət və maraq göstərilmədi. Amma, Allahın izni ilə, bunun həyata keçəcəyindən ümidliyik. Bir vaxtlar bu görüşlər Türkiyədə xoş qarşılanmırdı, ancaq indi yavaş-yavaş mənimsənilir. Yadınızdadırsa, 20 il bundan qabaq demokratiyadan başqa yol olmadığını söyləyəndə, höküməti dəstəkləyən bəzi media qurumları buna şübhə ilə yanaşaraq məni ciddi şəkildə tənqid etmişdilər.
Bir az qabaq “Əgər bir müsəlman söz azadlığının həqiqi mənada bərqərar olduğu bir demokratik sistemdə yaşayırsa, başqa bir hökümət axtarmağa ehtiyac yoxdur” demişdiniz. Söz azadlığından məhrum bir müsəlmana örnək göstərə bilərsiniz? Belə hallarda müsəlman nə etməldir?
1950-ci illərədək, Türkiyə də daxil olmaqla, əksər ölkələrdə müsəlmanlara tam şəkildə söz azadlığı verilmirdi. Hətta fərdi ibadətlərə də icazə verilmirdi, insanlar məcbur qalırdı ibadətlərini gizlətsinlər. Altı yaşım olardı, orta məktəbdə tənəffüsdə günorta namazını qıldığıma görə müəllim məni zirzəmiyə salmışdı. Bütün bunlar faktdır. Bir başqa məsələ: bu gün də təzyiq altında olan bəzi müsəlmanlar var və müəyyən insanlar buna etiraz olaraq kamikadzeliyə əl atır. Din zülmə zülmlə cavab verməyi təsdiqləmir, buna icəzə vermir. Bu gün bəzi yerlərdə müsəlmanlar, başqa yerlədə də xristiyanlar zülmlə üzləşirlər. Bəzi şeylər üçün vaxt lazımdır. Bütün insanlıq sülhsevərliyi mənimsəməlidir, buna isə ancaq cəmiyyəti uzun müddətlik bir reabilitasiyadan keçirməklə nail olmaq mümkündür. Buna nail ola bilərik? Bacardığımız qədər nail olar, bacarmadığımızın müqabilində də, inşallah niyyətimizin mükafatını alarıq.
Sizə məhəbbət bəsləyən çox adam, ancaq bir o qədər də çəkinənlər var. Bəzi insanlar Türkiyəyə qayıtmağınızı arzulayır, bəziləri bu ehtimaldan qorxurlar.
Bu kimi qütbləşməyə gətirib çıxaran davranışlara, yanaşmalara səbəb olan nə birinci, nə də axırıncı adamam. Tarix boyu bütün doğrunun tərəfdarları – buna peyğəmbərlər də daxildir – maneələrlə və düşmənçiliklə üzləşmişdir. Suala gəlincə, ola bilsin özümü yaxşı təmsil edə, yaxud da məramımızı düzgün açıqlaya bilməmişik. Əgər bizdə narahatçılığa səbəb olası heç bir şey olmadığını açıq-aşkar şəkildə onlara göstərə bilsəydik, yəqin düşmənçiliklə qarşılaşmazdıq. Ümumiyyətlə bütün dünyaya paranoyya hakim kəsilib. Türkiyədəki insanlar da bundan yan keçə bilmir. Biz elə hərəkət etməli, elə davranmalıyıq ki, bütün mənfi düşüncə və ya şübhələr aradan qalxsın. Üstəlik bunu da qəbul etməliyik ki, bəzi insanların keçmişdən qaynaqlanan müəyyən sabit, dəyişməz mövqeləri var. Yəni bütün insanlar tərəfindən eyni dərəcədə sevilmək, bəyənilmək mümkünsüzdür.
Keçmişdə müsəvilər və İsrail haqqında işlətdiyiniz ifadələr antisemitizm kimi əks-səda doğurub. Buna nə deyərdiniz?
Bu məsələyə müxtəlif prizmlaradan yanaşmaq olar. Birincisi, insan düşüncələrinin dəyişilməsi təbiidir. Belə ki, illər əvvəl qələmə aldığım bir yazıda: “Sən dünənki “sən”, o da dünənki “o”dur? Demək ki, nə sabahkı sən “sən”, nə də sabahkı o “o” olacaq” şəklində ifadə etmişdim.
Münasibətdə olduğunuz şəxslərin söz və davranışları fikirlərinizə təsir edə bilər. Xüsusilə doxsanıncı illərdə dialoq fəaliyyətləri çərçivəsində münasibətdə olduğum insanları daha yaxından tanımaq imkanı əldə etdim və ümumiləşdirilmiş fikirlərimə düzəliş verməyə ehtiyac gördüm.
Səmimi-qəlblə etiraf etməliyik ki, ola bilsin ayə və hədisləri yanlış anlamış və fikirlərimdə yanılmışam. Sonra başa düşdüm və ardınca açıqladım ki, Quran və sünnədə tənqid olunan, lənətlənən müəyyən bir inanca mənsub şəxslər deyil, sözügedən xarakterdəki bütün insanlardır. Bəzən işlətdiyim sözlər mətləbdən uzaqlaşır. Bəzi qüvvələr bədxah şəkildə sözləri kəsib montajlayaraq sizin demədiyiniz, deməyi heç vaxt düşünmədiyiniz şeyləri sizə dedirdir. Ortaya qoyduğumuz dialoq fəaliyyətlərini “müsəlmanların yəhudi və xristianlara qarşı münasibətini yumşaldırsınız” deyə tənqid edənlər oldu. Peyğəmbərimizin (s.a.s.) sünnəsində olmayan heç bir işə qol qoymamışam. Aparılan bir yəhudi cənazəsini görüb “O da insandır” deyərək ayağa qalxan Peyğəmbərimizdir (s.a.s.). Düzdü, keçmişdə İsrailin bəzi icraatlarını tənqid etmişəm, amma bununla yanaşı, günahsız insanların canına qəsd edən kamikadzeləri də lənətləmişəm.
Niyə Pensilvaniyada yaşamağı seçdiniz?
Türkiyəyə qayıtmaqda hüquqi heç bir maneə yoxdur, ancaq qayıtmağım Türkiyədə böyük çətinliklərlə əldə edilən demokratik nailiyyətlərə balta çalmaq üçün fürsət axtaran bəzi qüvvələri hərəkətə keçirməsindən nigaranam. Ölkədəki vəziyyəti gərginləşdirmək, höküməti çətin vəziyyətdə qoymaq ehtimalından çəkinirəm. Həm ölkəm üçün, həm də geniş vüsət tapan bir hərəkatın gələcəyi üçün, düşünürəm ki, fədakarlıq etmək lazımdır. Vətənə həsrət zəhər-zəqqumunu içmək lazımdır, dözmək lazımdır. Dolayısilə, hər nə qədər vətənə qayıtmaq istəsəm də, nigarançılığıma səbəb olan bu şərait aradan qalxmadan qayıtmağı düşünmürəm.
Bir başqa məsələ də: çoxlu qaralama və iftiralara məruz qalmışam. Əksəriyyətini təkzib etmək üçün hüquqi yollara baş vurmuşam. Burada bu kimi şeylərdən uzağam, hadisələrdən az təsirlənirəm. Bura mənim üçün daha asudə, daha rahat yerdir.
Türkiyənin dünyadakı mövcud siyasətini və mövqeyini necə qiymətləndirirsiniz?
Türkiyə Avropa Birliyi ilə üzvlük müzakirələri aparır, Türkiyənin bir hissəsi Avropa, bir hissəsi Asya, Orta Şərq də sayılır. Siyasi baxımdan çox mühüm bir coğrafi mövqeyi var. Fikrimcə avropalılarla da, qonşu ölkələrlə də yaxşı əlaqələr qurması Türkiyə üçün vacib amildir. Həm əldə etdiyi demokratik nailiyyətlərini qoruyaraq irəli addımlar atması, həm də qonşu ölkələrlə yaxşı əlaqələr qurması Türkiyə üçün həyati əhəmiyyət kəsb edir. Üstəlik bu sahədə xüsusən də bəzi faktorlardan yararlanmaq lazımdır. Məsələn, keçmişdən qalma Türkiyəyə qarşı bir rəğbət var, müsbət təsəvvür var. Bu etibarımızı qorumaq lazımdır. Əlaqələrin möhkəmləndirilməsi sevgi ilə, ehtiramla, hüsnü-zənnlə, ağla-məntiqə söykənən ideaların ətrafında birlik qurmaqla mümükündür. Bu gün Türkiyə bu işi lazımi səviyyədə görürmü, görə bilmirmi, yoxsa görmürmü, müzakirəli məsələdir. Türkiyə belə bir diplomatik fəaliyyəti başlada bilsə, mənə elə gəlir bu, Avropa üçün, Amerika üçün, hətta bütün dünya üçün faydlı olar. Ancaq hazırkı vəziyyətə baxanda hələlik “Elədik və bəhrəsini gördük” deyə bilmirik.
Bir müsəlman olaraq özünüzü və İslam anlayışınızı necə təsvir edərdiniz?
Mən Quran və Peyğəmbərimiz Hz. Məhəmmədin sünnəsinin yolundan getməyə çalışan adi bir müsəlmanam. Bu mövzuda üləmanın, füqəhanın, müfəssirlərin, hədis şarehlərinin, əhli-təsəvvüfün əsərlərini mütaliə etməyə çalışmışam. Əvvəlki illərdə mənə təriqət haqqında da suallar verənlər olub. Təriqətə mənsub və əksinə təriqətin əleyhinə olub-olmadığımı öyrənmək istəyənlər də vardı. Hər nə qədər təriqət mənsubu olmasam da, təsəvvüf böyüklərinin məndə ciddi təsiri var.
Məni və İslam anlayışımı hərəkət və davranışlarda, insanlığa xidmət qayəsi ilə dostlarımla bir olduğum fəaliyyətlərdə araşdırmaq və oxumaq lazımdır. Fərqlilikləri münaqişə amilinə çevirmədən hər kəsi öz mövqeyində qəbul edərək sülh və əmin-amanlıq içində yaşamaq, dünyanı qardaşlıq beşiyinə döndərmək üçün bütün dünyada aparılan təhsil, dialoq, investisiya, yardım fəaliyyətlərində görmək lazımdır. Bütün bunlar bir mənada bizim İslam anlayışımızın təzahürləridir.
- tarixində yaradılmışdır.