Fəthullah Gülən Xocaəfəndinin "Yenilənmə cəhdi" adlı yeni kitabı yaxın günlərdə işıq üzü görəcək
Bəşəriyyətin keçdiyi dövrləri və qazandığı təcrübələri də nəzərə alıb çağdaş dünyaya nəzər yetirəndə insanlığın yol ayrıcına gəldiyinə şahid oluruq. Ümumilikdə yer kürəsində, xüsusən də İslam coğrafiyasında baş verən dəhşətli hadisələr bəşəri sistemlərdən törəyən xaos və qarışıqlığın ortasında qalmış insanlığın gündən-günə məhv olduğunu göstərir. Adicə elmi-texnoloji nailiyyətlər öz-özlüyündə bu çağın nə qədər ruhsuzlaşdığını aydın əks etdirir. Qlobal iqtisadi böhran xəbərləri ilə çalxalanan dünya həqiqət və mövcudluq böhranının onu haralara sürüklədiyini bilmir. Saxta “müqəddəslər”, Peyğəmbərlərə edilən təhqirlər, hakimiyyət və mənafe uğrunda törədilən cinayətlər, aclıqdan qırılan millətlər dünyəviliyin hissi hökmlərinin “bəhrələrindən” başqa bir şey deyil. Səmaviliyi unudan və gündən-günə daha çox aldanan bəşəriyyət, təəssüf ki, fövqəlbəşər cəhdləri ilə təhtəlbəşər varlığa çevrilməkdədir.
Məhz belə bir dövrdə əsrlərlə meydana gələn mənəvi boşluqlarda itirdiyimiz kimliyə yenidən yiyələnməli, hadisələrin yükü altında əzilmiş bəşəriyyətə bir daha əl uzatmaq üçün məna dənizini təkrar dalğalandırıb Əsri-səadətlə süslənmiş günlərə yelkən açmalı, qəlbimizi, fikrimizi, zikrimizi o xoşbəxt günlərin sahilinə yanaşdırıb orada lövbər salmalıyıq. Bunları həyata keçirmək üçün yenilənmə rüzgarına ehtiyacımız var.
Nil Yayınlarının hazırladığı “Kırık Testi” silsiləsinin 12-ci cildi ‒ “Yenilenme Cehdi” adlı kitab möhtərəm Fəthullah Gülən Xocaəfəndinin yaxın dövrlərdə işıqlandırdığı aktual məsələləri ehtiva edərək oxucunu İslamiyyətin əngin dünyasında təkrar birləşməyə, Allah Rəsulunun (sallallahu və səlləm) gətirdiyi dərin və orijinal həqiqətə bir daha müraciət etməyə səsləyir.
“Yenilenme cehdi” iki cəhətdən mühüm əhəmiyyət kəsb edir. Birincisi, mədəni köklərimizdən uzaqlaşdığımız bir dövrdə bu mədəni dəyərlərlə nəfəs alan, düşünən, fikir yürüdən və bu dəyərləri dünyanın yenidən inşasında sərhədlərə sığmayan müsbət bir fəaliyyətə çevirən möhtərəm müəlliflə təkrar tanış olmağa və onu tanımağa zəmin hazırlayır. İkincisi isə, mövqeyimizdən aslı olmayaraq “Quran və Sünnədən nə anlayırıq?”, “Anladığımızın neçə faizini yaşayırıq”, “Yaşadığımızın neçə faizini anlada bilirik”, “Neçə faizini qarşı tərəf anlaya bilir?” kimi suallarla özümüzü sorğu-suala çəkmək üçün də böyük bir fürsətdir. Kitabın bu iki xüsusiyyəti müasir dövrü düzgün anlamağa və bəşəriyyətin gələcəyi naminə həyati əhəmiyyətli bir çox problemin həll yollarını göstərməyə, qaynaqlardan düzgün bəhrələnməyə və məqsədəuyğun addımlar atmağa zəmin hazırlayan duyğu və düşüncələri ehtiva edir.
Kitabın səhifələrini çevirdikcə insanın niyə kainatın özü və xülasəsi olduğunu, həqiqətin niyə məhz insanda gizləndiyini anlamağa başlayırsınız. Və yekun olaraq, ancaq mənliyimizdən (eqo) sıyrılıb kamil insan olmağa çalışmaqla və adanmışlığa layiq şəkildə insanlığa əl uzatmaqla aşılmaz əngəlləri geridə qoyacağımızı başa düşürük.
- Əgər biz bir millət olaraq gözoxşayan, inşirah verən və insanı ovsunlayan bir ruh abidəsi yüksəltmək istəyiriksə, ilk öncə əlimizə bir balta götürüb öz mənlik (eqo) abidəmizi yıxmalıyıq.
- Bir insanın zehnində "Bu qədər vaxtdır işin içindəyəm. Mən də az-çox bilirəm…" düşüncəsi baş qaldırıbsa, bilsin ki, çoxdan işin çölündədir, amma xəbəri yoxdur.
- Ətəmm (tam, hər şeyi yerli-yerində olan) və əkməl (ən kamil, ən mükəmməl) olan bir dini natamam və qüsurlu insanlarla bərqərar ola bilməz.
- Müxtəliflik və uyuşmazlıqlar bəşəriyyəti fəlakətli qarşıdurma və müharibələrə sürükləyə bilər. Əgər bu gün belə bir qarşıdurma və müharibə ortaya çıxarsa, bu, nə Birinci, nə də İkinci Dünya müharibəsinə bənzəyəcək.
- Şeytan işində çox professionaldır. O, ağlasığmaz fənd və oyunları ilə indiyə qədər neçə-neçə nəhəngləri diz çökdürmüşdür.
Bu kimi ibrətamiz cümlələrin pəncərəsindən zamana, həyata və özümüzə nəzər yetirmə fürsəti verən “Yenilenme Cehdi” eyni zamanda, “Dindarlıq və dini həssaslıq fərqli məfhumlardır?”, “Möminin möminə ən böyük köməyi nədir?”, “İslam intihara necə baxır?”, “Sui-zənn və həsədlə necə mübarizə apara bilərik?”, “Şeytan hər kəsin səviyyəsinə görə vəsvəsə verir?”, “Ana-atadan küsmək olar?”, “Başqa dinlərin münayəndələri məscidlərimizdə ibadət edə bilər?”, “Hüsnü-zəndə yanılmaq günahdır?” “Nəzəri və əməli millətpərvərlik nədir?”, “Maraq hissi insana niyə verilmişdir?” “Səmərəli və faydalı bir söhbət üçün nələrə diqqət etmək lazımdır?” kimi bir çox sualın cavablarını oxuculara təqdim edir.
- tarixində yaradılmışdır.