“İnsan hüquq və azadlıqları danışıqlar mövzusu ola bilməz”
Ərbildə kürd dilində dərc olunan Rudav (Rudaw) qəzetinin müxbiri Rəbvar Kərimin Türkiyədə çözüm sürəci, Orta Şərqdə gedən proseslər və bölgədə həyata keçirilən hizmət fəaliyyətlərinə dair verdiyi sualları cavablandıran Fəthullah Gülən Xocaəfəndi “Öz iradəmizlə türk, yaxud kürd olmamışıqsa, bunu əsas gətirib insanlar arasında fərq qoymaq məntiqsizlikdir” deyib.
“Problemin açarı özümüzə istədiyimizi başqaları üçün də istəməkdir” deyən Gülən ana dilində təhsil məsələsinin dövlətin vətəndaşlarına ədalət borcu olduğunu, bunun qəbulundan sonra praktikada ortaya çıxan problemlərin isə xüsusi müzakirə edilməsinin mümkünlüyünü bildirib. Kürdlərin dünyaya çıxışında Türkiyənin bir qapı rolu oynamasının vacibliyini söyləyən Gülən: “Türklər kürdlərdən qabaq kürd məsələsinə sahib çıxmalıdırlar”, - dedi. Fəthullah Gülənin verdiyi müsahibənin tam mətni aşağıdakı kimidir:
“Bölgədə illərlə axan qanın və tökülən göz yaşlarının səngiməsi istiqamətində görülən işləri dəstəkləməmək mümkünsüzdür. Əsas məsələ keçmiş acıların gələcəyimizə mane olmasına imkan verməmək, istiqbala baxıb səmərəli fəaliyyətlər ortaya qoymaqdır. İnanıram ki, səmimiyyət, qarşılıqlı hörmət, bir hədisdə deyildiyi kimi, özümüz üçün istədiyimiz hər şeyi başqaları üçün də istəmək, özümüz üçün istəmədiyimizi başqaları üçün də istəməmək, hətta insanları özümüzdən üstün tutmaq – bu xüsusiyyət Qurani-Kərimdə ənsara xas məziyyət kimi təsvir və təqdir olunur – kimi fəzilətlər problemlərin kökünü kəsəcək, qurudub axırına çıxacaqdır. Türk və kürd QHT-ləri bu prinsiplər əsasında gözəl atmosferin meydana gəlməsi, hətta insanların əl-ələ, könül-könülə verib bir və həmrəy olması istiqamətində fəaliyyət göstərməlidir.
Tərəflər bir-birinin hislərinə hörmət göstərməlidir
Yaranan sabitlikdən maksimum dərəcədə yararlanaraq təhsil başda olmaqla, hər cür iqtisadi, sosial, mədəni və mənəvi münasibətləri inkişaf etdirmək lazımdır. Bu məqsəd çərçivəsində Qərbdən Şərqə, Şərqdən Qərbə xalq arasında “Könül körpüləri” adını alan müştərək layihələr həyata keçirilməli, mövcud layihələrin tutum və hədəfləri yüksəldilməlidir. Kürdlərin sıx yaşadığı bölgələrin də yüksək inkişafına nail olmaq, xüsusilə də, təhsili cazibədar hala gətirmək çox əhəmiyyətlidir. Çünki təhsildəkli mövcud problemlərin həll edilməsi ilə bir çox məsələ də həllini tapacaqdır. Bu günə qədər işsiz, gücsüz, təhsil ala bilməmiş insanlar özlərini təcrid olunmuş, ikinci sinif adamlar kimi görüblər. Halbuki keçmiş dövrlərdə böyük mədəniyyətlərin beşiyi olan bu bölgənin sakinləri istedadlı və qabiliyyətli insanlardır. Onları bu cür psixologiyadan və kompleksdən də xilas etmək lazımdır. Buna paralel olaraq tərəflər bir-birinin hislərini rəncidə edən davranışlardan da uzaq olamlıdır. Qardaşlıq və bərabərlik prinsipləri bunu tələb edir.
İnsan hüquqları Allahın hamımıza bəxş etdiyi hüquqlardır
Etnik və məzhəb təməllərində və başqaları əleyhinə hər cür fəaliyyətdən, təhrikdən, münaqişəyə, mücadiləyə və qarşıdurmaya zəmin hazırlamaqdan, alət olmaqdan və girməkdən qətiyyətlə çəkinmək lazımdır. Həmçinin istər başqa ölkələrdə, istərsə bölgəmizdə ayrılıq və fitnə-fəsad toxumlarının əkilməsinə və cücərdilməsinə ciddi cəhdlə imkan verməməyə çalışmalıyıq. Bu gün baş verənlərin əksinə olaraq, Orta Şərq xalqları bərabər, sülh və əmin-amanlıq şəraitində yaşamaqla bağlı güclü tarixə və ənənəvi dəyərlərə malikdir. Kürd, türk, ərəb, xristian, müsəlman və musəvilər birlikdə yaşama kültürünə sahibdir. Bu mədəni dəyərləri dirçəldən, onları yenidən canlandıran "təhsil modellərinə və qeyri-hökumət təşkilatlarına" ehtiyac vardır.
Bu yerdə mühüm bir məqama da toxunaq: Hüquq və azadlıqlar insanlar və hər hansı güc tərəfindən bəxş edilmir və bu səbəbdən də başqalarından gözlənilməməlidir. Bunlar bizi yaradan və yaşadan Cənabi-Allahın bir insan kimi hamımıza bəxş etdiyi hüquq və azadlıqlardır. Peyğəmbər də olsa, insan və məxluq kimi hər kəs bərabərdir. Bu bərabərliyi başlanğıcdan tanımasaq, nə ədalət olar, nə də hüquq. Dolayısilə, söz, rəftar və davranışlarımızda özümüzü əsas hüquq və azaqdlıqları bəxş edənlər kimi göstərməkdən uzaq olmalı, bu əsas hüquq və azadlıqları danışıqlar mövzusu kimi görməməli və istifadə etməməli, digər tərəfdən də qeyri-qanuni, beynəlxalq hüquqa zidd və xüsusilə, zorakı xarakterli yollardan nə məqsədlə olur-olsun qaçınmalıyıq.
Təkcə Türkiyə, kürd qardaşlarımız və İraq Kürdüstanı deyil, bütün İslam dünyası bir neçə əsrdir, ən ağrılı və acı dövrlərini yaşayır. Hər tərəfdə eyni problemlərimiz var: cəhalət, yoxsulluq və təfriqə. Ümidsizlik, hiylə, yalan və qarşılıqlı etibarsızlıq, qarşılıqlı düşmənçilik və əleyhdarlıq, düşüncənin, ictimai, iqtisadi və siyasi həyatın təzyiq, despotizm və zülm girdabında çabalaması, nəticə etibarilə fikri, elmi, ictimai, iqtisadi və siyasi tərəqqinin dalana dirənməsi, fərdlərin inkişafına imkan verilməməsi və şəxsi mənafelərin hər şeydən üstün tutulması neçə əsrlik iztirablı halımızın digər və ya yan səbəbləridir. İslam dünyasının dirçəlişini və tərəqqisini istəməyənlər, öz mənfəətləri naminə müsəlmanların bir-biri ilə çəkişməsini arzu edənlər də müntəzəm şəklildə bu problemləri körükləyirlər. Ərəb, türk, kürd, əcəm olaraq problemlərimizi, bunların səbəblərini və həll yollarını nə qədər görür və dərk edirik, o da sual altındadır.
Bizim dünyamızda ideoloji təbliğata yer yoxdur
Tarix boyunca insanlıq naminə həyata keçirilən xeyirxah fəaliyyətlər, demək olar, hər dövrdə müəyyən bir dünyagörüşünü yeritməkdə ittiham edilmişdir. Əməksevərlik, dürüstlük, diyərqəmlik kimi müsbət məziyyətlərin bəhrəsi olan xeyirxah işlər, layihələr belə, müəyyən kəsim tərəfindən endoktrinasion (beyin yuma, insanların fikirlərini dəyişmə) adlandırılmışdır. Ortada zərərli bir ideologiya və bu ideologiyanın təbliğatı olsaydı, bu cür həssas mühitdə, insanların evinin içinə qədər belə izləndiyi bir cəmiyyətdə, təhlükəsizlik xidmətlərinin hər cür müşahidə və təqib imkanlarına malik olduğu bir dünyada bunun gizli qalması mümkündümü? Yarım əsrdən çox müddətdə bu ittihamları isbat edən bircə dəlil-sübut ortaya qoya bilməmişlərsə, bu ittihamlara qiymət verməyi yüksək idrak və insafınıza həvalə edirəm, hökmü siz verin.
Burada onu da xatırladım ki, bizim istilahımızda "ideoloji təbliğat" ifadəsi yoxdur. Könüllülər hərəkatnın qayəsi yerli dəyərlərə və hüquqa hörmət edərək əxlaqi tərəqqiyə, sülhün, əmin-amanlığın təsisinə və dünyanın inkişafına xidmət edən keyfiyyətli təhsil verməkdir. İraqda da məqsəd eynidir. İdeoloji təbliğat bizə yad olan bir fikir dünyasından gəlir. Biz onu bilmərik. Qarşıdurma və ziddiyyətlərin həlli yolunda görülən tədbirləri, dialoq və uzlaşma cəhdlərini, cəhalət və savadsızlığa qarşı mübarizəni, elmi-texniki tərəqqiyə zəmin hazırlanmasını, sabitlik, əmin-amanlıq və sülhün tərəfində olmağı ideoloji təbliğatla izah etmək mümkün deyildir.
Bildiyim qədər Şimal İraqdakı məktəblər dünya ilə inteqrasiya və yerli mədəniyyəti yaşatmaq fəlsəfəsi ilə hərəkət edir. Bu məktəblərin kürdcə təşkil etdiyi mərasim və tədbirlər göstərir ki, onların fəlsəfəsi müəyyən ideologiyaya xidmət etməkdən və ya insanlara başqa fikirlər aşılamaqdan fərsəx-fərsəx uzaqdır. Əslində, bölgədəki dost və qardaşlarımızın bəsirəti və uzaqgörənliyi də ötən iyirmi il ərzində bu məktəblərin bölgədə dəstəklənməsində mühüm faktor olmuşdur. Tarix boyunca inanc və dərd ortağı olduğumuz kürdlər dedi-qodu və şayiələrə əhəmiyyət vermədən, Anadolunun təmiz sinəsindən süzülərək gələn və kürd coğrafiyasında kök salıb boy atan bu məktəblərə daima ürəkdən arxa-dayaq olaraq tarixi qardaşlığımızı bir daha göstərmişlər.
Hələbçə və Ənfal üçün nə qədər göz yaşı tökmüşəm
Böyük kəndə oxşayan bir dünyada, əsrlərlə bir-birinə qənim kəsilmiş Avropa dövlətlərinin birliyə, hətta siyasi birliyə can atdığı bir dünyada (baxmayaraq ki, nə millətimizin, nə də dilimizin kürd və ya türk olması bizdən asılı deyil) türklüyü, yaxud kürdlüyü, türk və ya kürd dilində danışmağı ayrı-seçkiliyə əsas gətirmək məntiqsizlikdir və zərərdən başqa bir işə yaramır. Tarix boyu bu coğrafiya müxtəlif din və mədəniyyətlərin sülh və əmin-amanlıq şəraitində yaşadığı bir bölgə olmuşdur. Türklər və kürdlər tarix boyu əl-ələ, çiyin-çiyinə verib bir-biri ilə qaynayıb qarışmış, eyni sevinc, kədər və tarixi bölüşmüşlər. Əhmədi-Hani, Molla Cəzəri, Faqihi-Tayrani, Molla Xalidi-Bağdadi, Səlahəddin Əyyubi və Bədiüzzaman Səidi-Nursi kimi işıqlı şəxsiyyətlər kürd, türk, ərəb və digər xalqların birgəyaşayışına öz töhfələrini verən ortaq dəyərlərdir.
Bu iki xalqın qarşılıqlı əlaqələrinə son 100-150 ildə xələl yetirilsə də, tarixi kökləri çox güclüdür, elə asanlıqla qopmaz. Böyük xalq və peşmərgə köçü zamanı Anadolunun kürdlərə qucaq açması əlaqələrin normallaşmasında mühüm bir təkan olmuşdur. Fəqir (özünü nəzərdə tutur) Hələbçə və Ənfal (İraqda Səddam Hüseyn rejiminin əsasən kürd, həmçinin nəsrani və türkmənlərə qarşı törətdiyi kütləvi qırğın - tərc.) üçün çox göz yaşı tökdüyü kimi, bu kədərli hadisə, demək olar, bütün Anadolunun ürəyini dağlamışdır.
Əlaqələrin təkrar düzəlməyə başladığı belə bir vaxtda təkcə təhlükəsizliklə bağlı mövcud problemləri aradan qaldırmaq deyil, mədəni və tarixi əlaqələri də möhkəmləndirmək lazımdır. Türkiyə kürd vətəndaşlarına hüquq və azadlıqlarını təmin etməklə yanaşı, dünyanın digər bölgələrində də çətinlik çəkən kürdlərə kömək əlini uzatmalı, siyasi, dini, etnik səbəblərdən problemlərlə üzləşən kürdlərin hüquqlarını, başda BMT olmaqla, bir çox beynəlxalq təşkilatlarda müdafiə etməli və haqq naminə onların da təmsilçiliyini öz öhdəsinə götürməlidir. Bəli, aramızdakı ixtilafı aradan qaldırmaq və birliyimizi təmin etmək naminə nə etsək, azdır.
Ancaq birlik və bərabərliyin təsisinə təkcə siyasi aspektdən baxılmamalı, hər şey dövlət rəsmilərindən gözlənilməməlidir. QHT-lər, iş adamları, pedaqoqlar, alim və mütəfəkkilər, Diyanət təşkilatları, tələbələr, xülasə, cəmiyyətin bütün kəsimləri birliyimizi möhkəmlətmək yolunda əlindən gələni əsirgəməməli, aramızda sarsılmaz könül körpüləri qurmalı, düşmənçiliyə düşmənçilik etməli, təfriqəyə zəmin hazırlayan bütün faktorlardan uzaq olmalıdırlar. Kürdlərin problemlərinə onlardan əvvəl türklər sahib çıxmalı, türklərin yanında türklərdən əvvəl kürdlər olmalıdır. Təhsillə başlayan əlaqələri gələcəkdə elmi, mədəni və iqtisadi sahələrdə həyata keçirilən fəaliyyətlərlə inkişaf etdirmək də mümkündür. Türkiyə bu baxımdan kürdlər üçün dünyaya açılan bir qapı ola bilər.
Ədalət ana dildə təhsilin verilməsini tələb edir
Ana dildə təhsilin bir prinsip kimi qəbul edilməsi dövlətin vətəndaşlarına qarşı ədalətli olmasından xəbər verir. Ancaq praktikada qarşıya çıxan problemlər məxsusi olaraq gözdən keçirilməlidir. Məsələn, ana dildə təhsilin verilməsi üçün kifayət qədər savadlı müəllimlər hazırlanmalıdır. Çünki ana dildə təhsil məsələsi kadr çatışmazlığı problemi ilə üzləşərsə, yaxşı niyyətli səylər hədər gedər və əks nəticələr verər. Digər tərəfdən, kürd valideynlərin da övladlarına türkcə öyrətməyə ciddi yanaşmasının zəruri olduğunu vurğulamağa ehtiyac hiss edirəm. Dünyanın bir çox ölkəsində rəsmi dili yaxşı bilməyən toplumlar böyük çətinliklərlə üzləşirlər. Ümumən, sosial və iqtisadi cəhətdən geri qalırllar. Almaniyaya gedən və alman dilini yaxşı bilməyən ilk nəsil türklər kimi, ABŞ-da ingilis dilini yaxşı bilməyən ispaniklər kimi. Kürd vətəndaşlarımızın övladlarına təkcə türkcəni deyil, ingiliscəni də, ərəbcəni da öyrətmələri onların gələcəyi üçün çox faydalı olacaq.
- tarixində yaradılmışdır.