Könül dili, ramazan və referendum
Sual: 1) Müxtəlif məqalələrinizdə və xüsusən də, insanların kin və qəzəblə gərildiyi dəmlərdə "Gəlin könüllərimizlə danışaq" çağırışı ilə onlara səsləndiniz "Könüllə danışmaq" nə deməkdir, bu çağırış hansı xüsusları ehtiva edir?
- Vicdanın dörd təməl ünsüründən biri sayılan könül bütün duyğu, düşüncə, şüur, seziş, idrak və mənəvi aləmimizin mərkəzidir, "ruhani və ilahi lətifə" kimi tanınan qəlbin başqa bir adı, həm də onun bir dərinliyidir. Bu lətifə kamilliyə uzanan bir nərdivan, insan bünyəsində ruhani aləmlərə açıq ən geniş qapı, xeyir və şərin ən mühüm sınaq mərkəzidir. Biz heç vaxt yalan danışmayan və insanı yanıltmayan bu mərkəzlə bağlı halda ruhla münasibətimizi tənzimləyir, ağlımızı müsbət istiqamətdə hərəkətə gətirir, bəşəri təmayüllərimizi nəzərdən keçiririk. (00:55)
- Könül ərənlərinin söhbəti səssiz və sözsüzdür: onlar daim ruhları ilə söyləşir. Mövlananın dediyi kimi, onlar bir-biri ilə dilsiz-dodaqsız kəlmə kəsər, güllər kimi çöhrələrinə əks olunan qəlblərinin rəngi ilə bir-birinə təbəssümlər saçarlar. Başdan-başa könül rənginə boyanmış bu ruhlar arasında "sən", "mən" düşüncəsi tamam ərimiş və ortada yalnız "Ona" bağlı nisbi "biz" qalmışdır. Beləliklə də, onlar bir-biri ilə qətiyyən çəkişməz, bir-birinin şamını söndürməyə çalışmaz və "mənim şamım", "mənim məşəlim" ifadələrini dilə gətirməzlər. (04:33)
- Alvarlı Efe Həzrətləri necə də gözəl deyib: "Aşiq der: incidəndən / İncimə incidəndən / Kamil deyil o kimsə / İnciyər incidəndən". (06:39)
- Könül dilindən istifadə məsələsi təkcə qəlbin funksiya və sövqünə həvalə edilməməli, buraya iradə də cəlb edilməli, sevgi, şəfqət, mülayimlik xüsuslarında iradədən layiqincə istifadə edilməlidir. (08:28)
- Mövlana Cəlaləddin Rumi həzrətlərinin sağlığında bəzi insanlar onun haqqında təhqiramiz ifadələr işlədir və ona həqarət edirlər. Bir gün bir nəfər: "Sən inancsızlara da qucaq açırsan, onlarla görüşürsən; günah işləyənlərə belə "gəl" deyirsən... Bununla İslamın şərəfini iki quruşluq edib dinin izzətinə xələl gətirirsən" kimi cümlələrdən ibarət təhqir dolu bir məktub göndərir. Həzrət məktubu açıb oxuyur, təbəssümlə kağızın o biri üzünü çevirir və bir cümlə ilə cavab yazıb göndərir: Sən də gəl, sənə də köksümü açıram!" (10:00)
- Qurani-Kərim: "O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər" ("Ali İmran" surəsi, 3/134) məallı ayeyi-kərimədə qəzəbinə məğlub olmayanları, əksinə ona üstələyib əqli-səlimlə davarananları nəzərə verir; "kazımin" ifadəsi ilə (sözün tək şəkli "kazım"dır) qəzəbini udan, hiddət alovunu səbirlə içində söndürən, zərər gördüyü insanlardan qisas almağa gücü-qüvvəsi, imkanı olduğu halda, intiqam almağa cəhd etməyən və pislik edənləri bağışlayan insanları təqdir edib alqışlayır. (10:47)
- Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm): "Ramazan ayı girəndə Cənnət qapıları açılır, Cəhənnəmin qapıları bağlanır və şeytanlar zəncirə vurulur," - buyurur. Bəzi insi və cinni şeytanlar "həva" və "həvəs" kimi köməkçiləri vasitəsi ilə əməllərindən qalmamağa çalışsalar da, Haqq-Təala Ramazan boyu "mərədeyi-şəyatin", yəni ən azğın şeytanların önünü kəsib keçməyə izin vermir. Beləliklə, Ramazanın nazlı gündüz və gecələri, sanki, bütün ruhlarda, könüllərdə taxt qurmağa gəlir; ramazanda baxışlar dərinləşir, söhbətlər təbəssümə çevrilir. Könüllərdə daim yaxşılıq hissi olur; hətta bütün pis duyğu və ehtiraslar müəyyən qədər cilovlanır və beləcə hər kəs səviyyəsinə görə bir mələkləşmə yoluna qədəm qoyur. Həqiqətən, insanlar Ramazanda Allaha o qədər bağlı, qulluqda o qədər etinalı və davranışlarında o qədər zərif, o qədər nəzakətli olurlar ki, sanki, hamısı yalnız könül dili ilə mükalimə edir. (11:57)
Sual: 2) Siyasi gərginlik və çalxantılardan sonra gələn Ramazan boyu iftarlarda insanlar "Gəlin könüllərlə danışaq" çağırışı ətrafında "rənglərin ortaq dili" ilə bir araya gəlir. Sizə o iftar süfrələrin birində olmaq və hisləri bir neçə kəlmə ilə də olsa, dilə gətirmək nəsib olsaydı, nə söyləyərdiniz? (19:20)
- Könüllər arasında iç-içə uzanıb gedən bir çox gizli yollar var. Bu yollara bələd olan və könül dilindən anlayan ruhlar, insani duyğuları inkişaf etmiş həmahəng məzaclar və ümumbəşəri dəyərlərə ehtiram göstərən könüllər ziddiyyətə düşmədən, mübahisə etmədən, bir-birini qaralamadan qanad açırlar öz nisbi həqiqətlərinin səmalarına, üstəlik də heç bir maneə ilə qarşılaşmadan. Onların dünyasında müxtəlif rəng, şəkil, mədəniyyət, düşüncə və fikirlər səthi görünüşlə bağlıdır və bir zənginlik ünsürüdür. (20:53)
- Kaş siyasət aləminə də könül dili hakim olaydı. Kaş CHP-lilər: "Türkiyədə filan, filan, filan böhran hökm sürür, ancaq ehtimal ki, Allah bu böhranları vifaq və ittifaqı təmin edə bilmədiyimizə və iqtidarla uzlaşma nöqtələri axtarmadığımıza görə, - bizim ucbatımızdan yaradır" deyələr. Kaş MHP-lilər: "İnsanın hər cəhəti pis deyildir, hər bir insanda yaxşı cəhətlər də var. Biz, heç olmasa, müəyyən məsələlərdə müştərək cəhətlər tapıb, "buyurun, işinizi görün" desəydik, nə olardı. Bəlkə də, bəzi mənfi hadisələr bizim üzümüzdən baş verib. Bəlkə də, bir dönəmdə bəzi səhvlər etmişik, bəlkə də, bəzi xətaları indi də edirik" deyələr. Kaş, AKP-çilər də iqtidarda olduqlarına görə, Həzrəti Ömər kimi düşünə: "Yağış yağmırsa, mənim üzümdən yağmır; lalələr mənim üzümdən bitmir, pərişanlıq və dağınıqlığımızın davam etməsi mənim üzümdəndir" deyələr. Bəli, kaş siyasət aləmində də hər kəs elə hey günahı onun-bunun üstünə atmaq əvəzinə, istinadı məqbul olmayan məsələləri belə insanlara istinad etmək əvəzinə və tərəf müqabilinin sözünə söz çatdırma düşünəsi ilə oturub durmaq yerinə bir az da özünü sorğu-suala çəkə və bir dəfə də könül dili ilə danışmağa çalışa!.. (22:43)
- Ramazan ayı boyu məbədlər və "məbədləşən" evlər, iftar və sahur süfrələri, dost məclisləri və iftar çadırları insanlara qəlb üfüqünü göstərmə, birlik-bərabərlik ruhunu aşılama və hər kəsi könül dili ilə danışmağa səsləmə baxımından çox yaxşı dəyərləndirilməlidir. (25:53)
- Bu yaxınlarda, "Nəinki qadın-kişi, ailə-uşaq, dünyanın dörd tərəfinə yayılan insanlardan, hətta imkan olsa məzarda yatanları belə qaldırıb onlardan Referendumda "bəli" səsini almaq lazımdır" demişdim. Bəziləri bu sözlərə istehza ilə yanaşdı, hətta bəziləri bu sözdəki mübaliğəni və mübaliğədəki ironiyanı tərsinə yozub "Ölüləri də qeydə alın, əl altdan onlara da səs verdirin" şəklində şərh edərək məsələni cızığından çıxardılar. Halbuki o sözün üslubu çox istifadə edilən və hər kəsə məlum üslubdur. Məsələn, İmam Busiri Peyğəmbərimiz haqqında deyir: "Əgər Onun möcüzələri qədir-qiymətinə görə olsaydı, mübarək adı ölülərə oxunanda çürümüş sümüklər belə dirilərdi". Mən də bu sözə istinadən, bəlkə, əlli dəfə demişəm: "Rəvayətlərə görə Allah Rəsulunun dünyaya gəlişi zamanı bir çox möcüzə baş vermişdir. Bunlar nədir ki?!. O yer üzünə təşrif edəndə məzardakılar belə dirilib ayağa qalxmalı və ona minnətdar olmalı idilər". Məhz Referendumun əhəmiyyətinə və "Bəli" səsinin lüzumuna inandığıma görə, bu məsələni də belə bir üslubla dilə gətirmişdim. (29:45)
- Heç kim Konstitusiya dəyişiklik paketini və referendumu Avropa və ya Amerika ilə əlaqələndirməməlidir, bunlar dialektika sayıla biləcək dedi-qodudan ibarət yanlış şeylərdir. (32:24)
- Hər kəs Ramazani-şərifdə yumşalan qəlbləri də dəyərləndirərək Referendum məsələsi ilə bağlı öz vəzifəsini yerinə yetirməlidir. Hətta burada (Amerikada) səs verə bilməyəcəklərinə görə, Türkiyəyə gedə bilənlər getməli və səs verməlidir. Oraya gedəndə də "Amerikadan durub gəldim, min lirə yol xərcim çıxdı; qayıdanda da filan qədər pulum gedəcək. Bu qədər zəhməti "təkcə öz səsim üçün çəkməməliyəm" deməli, ən azı on, iyirmi insanı da öhdəsinə götürməli, onları da seçimə aparmalı və bir gözəl "bəli" dedirtməli. (32:33)
- Referendumda səs verilməsi ilə bağlı dediyim sözləri siyasi mülahizələrlə əlaqələndirməyə ehtiyac yoxdur. Hər kəslə eyni məsafədəyik. Biz yeri gəlsə, Dəniz bəyi də dəstəkləyərik, Dövlət bəyi də dəstəkləyərik. Təki gördükləri işlər millətimizin bu günü və sabahı naminə, dövlətlər müvazinətində sükana oturması üçün bir şey ifadə etsin. Millətim dövlətlər arasında istiqamət verici, sözü keçən müvazinət ünsürü olmayacaqsa, məni nə Avropa, nə Amerika, nə Çin, nə də Maçin maraqlandırır. Bu baxımdan da, milləti sözügedən hədəfə doğru aparan hər bir fəaliyyət alqışlanmalıdır. (33:38)
- Referendumda "Bəli" səsinin verilməsini dəstəkləməyimiz həmin işi görən insanları deyil, o işin özünü təqdir etməkdir; kim edir-etsin, görülən gözəl bir işi təqdir etməkdir. Bunu rəhmətlik Bülənt Ecevit də edə bilər, bunu Süleyman Dəmirəl bəy də edə bilər, bunu İsmət Sezgin bəy də edə bilər, bunu Tayyib Ərdoğan da edə bilər, bunu Turqut Özal da edə bilər, bunu Dövlət bəy də edə bilər, bunu Dəniz bəy də edə bilər. Kim millətimiz üçün gözəl bir işi görmüşsə və millətimizin irəliyə doğru bircə addım atmasına nail olmuşsa, biz başımızı səki daşı kimi o ayağın altına qoymağa hazırıq. Bütün dünya bilir ki, yer üzündə daş üstündə bir daşımız yoxdur və bundan başqa heç bir idealımız olmadı. (35:00)
- tarixində yaradılmışdır.