Əlillər və əsl manelər
Sual: Anadangəlmə və ya sonradan hər hansı bir xəstəlik, ya da qəza nəticəsində müəyyən qabiliyyətlərini müxtəlif dərəcələrdə itirən, ehtiyaclarını təmin etməkdə və ictimai həyatla ayaqlaşmaqda çətinlik çəkən əlil insanlara İslamın baxışı necədir? Bəzi əlillər taledən narazılıq edir, müxtəlif psixoloji problemlər yaşayır. Bəzi insanlar da onlara xor baxır, cəmiyyətdən təcrid edir və s. Bu mövzu ilə bağlı mülahizələrinizi bölüşə bilərsinizmi?
- Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) ümmətinin dərdləri ilə yaxından maraqlanardı; belə insanlarla xüsusi şəkildə rəftar edər; mübarək bəyan, davranış, nəvaziş və iltifatı ilə onlara yönələn çirkin baxışları dərhal aradan qaldırardı. (01.19)
- Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) bazarda zahiri görkəmi fərqli olan bir səhabənin gözlərini arxadan əlləri ilə tutub nəvaziş göstərməsi... (02.03)
- Cahiliyyə dövründə cəmiyyət qız uşaqlarını diri-diri torpağa basdırar, qadınlara dəyər verməz, onları toplumdan təcrid edərdi; onlar işlərinə yaramayan əlilləri ələyirdilər. İnsanlığın İftixarı (sallallahu əleyhi və səlləm) peyğəmbəranə tövrü ilə cəmiyyətdəki bu pis adətləri dəyişdirərək İslamın uca əxlaqını bərqərar etməklə o dərbədər, o pərişan və səfil toplumun içindən dünyanı idarə edən mədəniyyət müəllimlərini yetişdirdi, Allahın izni və inayəti ilə. (04.15)
- Gözəl səsli yəmənlilər Quran oxuyarkən Rəsuli-Əkrəm səhabələrinə evlərin pəncərələrini açıb dinləməyi buyurur. Ubey ibn Kab Allah Rəsulundan: "Rəbbim: “Ubey “Beyyinə” surəsini sənə oxusun,” buyurdu" sözünü eşidincə: "Adımı da çəkdimi, ya Rəsulullah?" deyə soruşur. Rəsulullahdan "Çəkdi" cavabını alan Həzrəti Ubey hıçqıra-hıçqıra ağlayır. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bu cür söz və davranışlarla əhli-maarifə dəyər verir və iltifat göstəriləcək mövzularda hər kəsə nümunə olurdu. (07.29)
- Əbu Musa əl-Əşari də yəmənli idi və Qureyşin kasta sisteminə görə yəmənlilər aşağı təbəqə sayılırdı. Onlara xor baxır, dəyər vermirdilər. Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) Əbu Musa əl-Əşarini Yəmənə mübəlliğ olaraq göndərməklə ona dəyər verdiyini göstərir. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bəzi insanlarla yerli-yerində rəftar edir, bu mövzuda digər insanlara nümunə olurdu; təcrid edilən insanları həvəsləndirir, onlar da vəzifələrini yerinə yetirərkən arxada kimin olduğunu düşünərək daha diqqətli ömür sürürdülər. (09.30)
- Bilal Həbəşi dərisinin rənginin, buruq saçlarının, “şin” hərfini tələffüz edə bilməmənin məhkumu idi. Ərəb dilini məharətlə işlədən Ərəblərin Bilal Həbəşiyə (radıyallahu anh) münasibətlərinə baxmayaraq, Allah Rəsulu onu baş müəzzin təyin edir. Ordu toplayarkən əmrləri elan etmə vəzifəsini tapşırır və beləliklə onu köləlikdən ağalıq zirvəsinə yüksəldir. O, cəmiyyətdə kök salmış insanlara xor baxma xəstəliyini müalicə etdi; qüsurları görməmə, insanların gözəl cəhətlərinə və Allahla münasibətlərinə baxma əxlaqını yerləşdirdi. (12.11)
- Kor, kar, şikəst, axsaq, topal – hər əlil dərəcələrinə görə Allah Rəsulundan iltifat və nəvaziş görürdü. Allah Rəsulu onların cəmiyyətdəki mövqeyini vurğulamaqla onlara qarşı hörmət duyğusunu aşılayırdı. (14.11)
- Çoxuna vəzifə düşür; bu vəzifələrdən bəzisi dinə, bəzisi pedaqogikaya, bəzisi də psixologiyaya aid mövzulardır. Dini aspektdən baxanda; Allah onu elə yaradıb, onların taleyini belə yazıb. Hər şeydən əvvəl Allahın təqdirinə hörmət etmək və o insanlara dəyər vermək lazımdır. Bu insanların o qədər gözəl cəhətləri var ki... Əvvəla o insandır, ən gözəl surətdə xəlq edilib.. ikincisi, o insan mənən yüksəlsə, mələkləri ötə bilər. Belə insanın yalnız zahirinə, dəridəki bir-iki ləkəyə baxıb Allahın yaratdığı xəzinəni görməməzliyə vurmaq Cənabi-Haqqa xas o gözəlliklərə laqeyd yanaşmaqdır ki, bu, dini cəhətdən çox təhlükəlidir. (14.40)
- Əlillər məktəblərdə psixoloji cəhətdən ruhlandırılmalı və müəyyən dövlət müəssisələrində onlara uyğun iş imkanları yaradılmalıdır. Ancaq təəssüf ki, nə məktəblərdə onları bu vəziyyətdən qurtaracaq təhsil, nə onları düşünüb müxtəlif yerlərə yerləşdirəcək sistem, nə də bizdə belə kök salmış bir Quran əxlaqı var. (19.18)
- Nə məktəb, nə məbəd, nə də cəmiyyət əlillərin ehtiyaclarını qarşılaya bilir. Mühiti də nəzərə alsaq, əlillər bir mənada qəribdirlər. Onlar bu qəribliyi anlayıb Allaha yönəlsələr, Allahın inayəti ilə axirətlərini qurtararlar. Bu məsələ bütün cəmiyyətin bütün müəssisələri ilə bağlıdır. (22.23)
- Məsələyə dini cəhətdən baxsaq, Allah ayaq vermədiyinə, ona bu iztirabı çəkdirdiyinə görə, o biri tərəfdə ona ayrı bir iltifat göstərəcək, daha üstün ayaqlar verəcək. Peyğəmbərimizin Amr ibn Cəmuhun şəhid olandan sonra Cənnətdə əyri ayaqları düzəldiyini görməsi bu həqiqətin sübutudur. (23.20)
- İnsanlara nümunə olmaq üçün bəzi şeylərə dözmək əsasdır. Ürəkgetmə xəstəliyinə mübtəla olan bir qadın Cənnət nemətlərinin əvəzində xəstəliyinin davam etməsini istəyir... (24.10)
- Dövrümüzdə küfr sözləri və taleyə üsyan çox məşhurdur. Dilin nəzahət və iffətini qorumaq çox vacib olduğu kimi, dinin namus və şərəfini qorumaq da çox vacibdir. Başımıza gələn bəla və müsibətlərdə öz xətalarımızı görməzlikdən gəlirik. Məsələyə bir tərəfli baxarsaq, sadəcə başa gələn hadisələr baxımından nəzərə almış və özümüzü görməzlikdən gəlirsək, böyük xəta etmiş olarıq. "Həqiqətən, Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər!" (“Yunus” surəsi, 10/44) (26.10)
- “Bu mənim nöqsan və xətalarımın nəticəsidir, mən buna layiq idim," demək və səhər-axşam "Rəbb olaraq Allahdan, din olaraq İslamdan, nəbi və rəsul olaraq da Məhəmməddən (sallallahu əleyhi vəsəlləm) razıyıq!" sözünü səmimi qəlbdən təkrar etmək mömin davranışıdır. (30.00)
- Ustad Bədiüzzaman həzrətlərinin öz başına gələnləri müqərrəbinə layiq şəkildə dəyərləndirməsi… (30.35)
- İnsanın “başıma gələnlərə layiq idim” deməsi onu tövbəyə sövq edər; bu həm Allahın lütfünə vəsilədir, həm də taleyə üsyana maneə. (32.50)
- "Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır! (Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) çoxunu əfv edər" (“Şura” surəsi, 42/30). İbni Əbi Xəttim bu ayə ilə bağlı Peyğəmbərimizdən (sallallahu əleyhi və sellem) belə bir hədis rəvayət edir: "Ayağına tikan batsa, büdrəyib düşsən, sıxılsan, tərləsən, danışanda dilin dolaşsa, bil ki bunlar sənin xəta və qüsurlarının nəticəsidir". Allah onları günahlarına kəffarə olsun deyə verir. Bütün çətinliklərdə öz xəta və qüsurlarını səbəb görsən, nə taleyə üsyan edər, nə də başqa bir günahkar axtararsan. Nəfsini günahkar görən insan başqa günahkar axtarmaz. Başqa günahkar axtaran insan da heç vaxt həqiqi günahkarı tapa bilməz. (33.20)
- Başına bəla gələn bir insana "o buna layiq idi" demək günahdır; belə düşünmək sui-zənn, bu sözü dilə gətirmək də qeybətdir; əgər o buna layiq deyilsə, böhtandır. (35.34)
- "(Döyüşə getməyə minikdən ötrü) yanına gəldikdə: “Sizin minməyiniz üçün bir heyvan tapmıram”, - deyərkən (cihad yolunda) sərf etməyə bir şey tapa bilmədikləri üçün kədərdən gözlərindən yaş axa-axa geri dönənlərdə heç bir günah yoxdur!" (“Tövbə” surəsi, 9/92) məallı ayə ilə Allah (c.c.) üzrlü sahibi insanları mücahidə edənlərlə bir tutur, onları təqdir edir. Əlillər mücahidə edə bilmədiklərindən, yoldaşları ilə birlikdə gediləsi yerlərə gedə bilmədiklərindən dərindən mütəəssir olur ki, onlar üçün ibadət yerinə keçir. Əlil olduqlarına görə bəzi şeyləri edə bilməyənlər məsələn, hicrət edə bilməyənlərə düşən üzüntü, "kaş ki mən də getsəm" deməkdir. Gedənlərin vəzifəsi də onları da aparmaqdır. Əlillərin buna baxmayaraq ölkəni, yurdunu-yuvasını buraxıb hicrət etmələri elə bir dərs, elə bir nümunədir ki, dilə gəlməz, kəlməyə sığmaz. Onlar yoldaşlarına da rüh yüksəkliyi verərlər. (35.30)
- Müsibətlər, bəlalar -səbir edilsə- insanları zirvələrə yüksəldər. Cənabi-Haqq burada onların əllərindən aldı, o biri tərəfdə iki qatını verəcək. Dünyada əl, dil, göz və qulağın necə böyük bir nemət olduğunu xatırlatmaq üçün Allah əlillər vasitəsilə dərs verir. "(Allah) sizə istədiyiniz şeylərin hamısından vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, həm də çox nankordur. (O, Allahdan başqasına tapınmaqla özünə zülm edər, Onun lütfünü, mərhəmətini danmaqla küfrani-nemət olar)." (“İbrahim” surəsi, 14/34) (37.55)
- tarixində yaradılmışdır.