Əsas Olan Yuxu, Kəşf, İlham Deyil, "Üsulüddin"dir

Sual: 1) Üsulüddinin rəhbərliyində söz deyib hərəkət edənlərin illər əvvəlki söz və davranışları ilə illər sonrakı bəyan və mövqeləri arasında qətiyyən tutarsızlıq olmayacağını buyurmuşdunuz. "Üsulüddin" təbirindən nə başa düşülməlidir; “Üsulüddinlə danışmaq və yaşamaq” nə deməkdir?

  • Lüğəvi mənası "dinin əsl qaydaları, təməl prinsipləri" olan "usulüddin" Kitab, Sünnə və bu iki əsasla bağlı sələfi-salehinin düşüncələri çərçivəsində ortaya qoyulan inanc sisteminin adıdır. Keçmişdən bu günədək "üsulüddin" termini ilə, ümumiyyətlə İslami əsaslar çərçivəsində Haqq Təalanın zat və sifətlərindən, nübüvvət və etiqada aid məsələlərdən bəhs edən "kəlam elmi" nəzərdə tutulmuşdur. Bununla yanaşı, ilk dövrlərdə "isimsiz müsəmma (ad qoyulmamış faktlar)" şəklində, daha sonralar isə sistemli şəkildə ortaya qoyulan İslam əqaidi ilə bağlı əsasların hamısı haqqında "üsulüddin" ünvanı işlədilmişdir. (00:58)
  • Dinin təməl mənbəyi Qurani-Möcüzül-Bəyan və Sünneyi-Səhihədir. Bu iki təməl qaynaqda imana dair əsaslar, ibadətü-taətin prinsipləri və möhkəmat[1] məsələləri ehtiva olunur. Bu əsas və prinsiplər haqqında nəssin[2] müəyyənləşdirdiyi çərçivə xaricində şərh vermək, təvilə cəhd etmək mümkün deyil, qəbuledilməzdir. Ancaq iman və Quran xidməti və ya insanlarla münasibətlə və ictimai mövzularla bağlı füruata[3] aid bəzi məsələlər var ki, təfsir[4] və təvilə[5] açıq olan bu məsələlərdə şərtlər və şəraitdən asılı olaraq müəyyən fərqlər ortaya çıxa bilər. Yanlış anlaşılmasın, bu deyilən xüsus məsələlər haqda tarixilik[6] mənasında yanaşanların anladığı şəkildə şərtlər, şərait, məsləhət[7]… kimi xüsuslar əsasında hökm vermək demək deyil. Çünki hökmün kökü, haradan qaynaqlanması məsələsində ilahi əmr özülü təşkil edir. Bunun əksini düşünmək, Allah qorusun, insanı heç fərqinə varmadan inhiraf dəryalarına sürükləyər. Ancaq təməl prinsiplərə sadiq qalmaq şərtilə, ikinci dərəcədə ədilleyi-şəriyyə[8] kimi qəbul edilən məsləhəti-mürsələ[9], istehsan[10], istəshab[11]… kimi dəlillərlə təvil və şərhə açıq bəzi füruat məsələlərində fərqli ictihad[12] və istinbat[13] etmək mümkündür və bu da bəşəriyyətə xitab edən ən son və cahanşümül İslam dininin bir xüsusiyyətidir. (03:50)
  • Bir insanın problemlərlə üzləşərkən Kitabı, Sünnəni, icmanı[14], qiyası[15] bilmədən və bu mövzuda fiqh kitablarında füqəhanın nə deyib-nə demədiyini öyrənmədən özbaşına hərəkət etməsi, bir söz söyləməsi, təbii ki, doğru deyil. Bu kimi hərəkətlər doğru olmamaqla yanaşı, insanın dini və diyanəti üçün ciddi təhlükə doğuran bir bidətkarlıqdır: Düşüncədə bidətkarlıq, hərəkət və davranışda bidətkarlıq, ibadətü-taətdə bidətkarlıq, Qurani-Kərimi anlamada bidətkarlıq, Sünneyi-Səhihəyə baxış tərzində bidətkarlıq, sələfi-salehini anlamada bidətkarlıq, Səhabeyi-Kirama fərqli baxış tərzi ilə yanaşmaqda bidətkarlıq, Peyğəmbərə poçtalyon kimi baxmada bidətkarlıq, "Allah filan şeyi eləməyə, hər işində məsləhət güdməyə məcburdur" demək kimi, Mötəzilə və Cəbriyyənin Zati-Üluhiyyətə nalayiq isnadı kimi sözlər söyləmədə bidətkarlık… Buna görə də bir mövzuda fikir söyləmək üçün öncə üsul və füru ilə təməl qaynaqları çox yaxşı bilmək lazımdır. (06:22)
  • Üsulüddinə sadiq qalmaq şərtilə, dövrün şərtlərini və zamanın təfsirini nəzərə almaq olar, lakin Quran, Sünnə və sələfi-salehinin şərhi çərçivəsində heç bir araşdırma aparmadan, "Bu məqamda belə də hərəkət etmək olar" deməyə heç kimin haqqı yoxdur, ola da bilməz. Bəli, dini məsələlər kor-koranə, necə gəldi müzakirə ediləsi mövzular deyil. Dedikləriniz Kitaba, Sünnəyə, ümmühata və möhkəmata mütləq uyğun olmalıdır. (08:50)
  • Bu gün xalqımız dünyanın dörd tərəfinə getmiş və inkişafa, yeni açılımlara səbəb olmuşdur. Əlbəttə, bu da müxtəlif toplum və coğrafiyalarda yeni-yeni məsələlərlə qarşılaşmaq deməkdir. Məhz bu məqamda “adanmış ruhlar”ı bəzi təhlükələr gözləyir: Başqalarına bir şey izah etməyə çalışarkən qeyri-ixtiyari olaraq dini dəyərləri nəzərə almadan hərəkət etmək, qarşı tərəflə yalnız onun şəxsinə görə maraqlanıb onun razılığını əsas götürmək, onları müsəlmanlardan üstün tutmaq və şirin görünmək xatirinə həmin mədəniyyətin mənsublarıtək yaşama kimi xətalar bu təhlükələrə daxildir. İnanan insanın dəyişmə yoluna addım atmaq bir yana qalsın, hətta bircə dəfə də dəyişməyə imkan verməməkdə qətiyyətli olması və təməl prinsiplər etibarilə daim sabitqədəm olub möhkəm dayanması çox mühümdür. Çünki dəyişmə və ya başqalaşma buzda tələsə-tələsə yerimək kimidir. İnsan orada hər an yıxıla bilər. O halda heç bir məsələni kiçik görməyib geyim-kecimdən şəkil-şəmailə qədər hər məsələdə özümüz kimi qalma yollarını axtarıb tapmalı və o yolda qərarlı və qətiyyətli olmalıyıq. (11:00)
  • Könüllülər hərəkatı Afrikanın dərinliklərindən Uzaq Şərqin ən ucqar ölkələrinə, Cənubi Amerikadan Kanadaya qədər fərqli dil, din, mədəniyyətə malik müxtəlif xalqlarla birlikdədir. Elə isə bu mənzərəni nəzərə alıb məsələləri təqdim edərkən üslub xətasına yol verməməyə diqqət yetirmək lazımdır. Müxatəb olan toplumu yaxşı tanımaq, bir tip yanaşma ilə deyil, fərqli coğrafiya və mədəni mühitlərdə yetişən insanların hissiyyatını, düşüncəsini nəzərə almaqla hərəkət etmək lazımdır. Bu insanlar nəyə "hə", nəyə "yox" deyir, qəlb qapısını nəyə açır, nəyin üzünə bağlayır, – məsələləri bütün bunları nəzərə almaqla təqdim etmək bəsirətlə hərəkət etmək deməkdir. (14:27)
  • İnsanların qəlbinə girmək və onlara şirin görünmək üçün onların böyük saydıqları insanları uca tutakən də ciddi səhvə yol vermə təhlükəsi var. Bəli, Rəsuli-Əkrəm (sallalahu əleyhi və səlləm) də Onu Həzrəti Musa ilə müqayisə edib ucalığını və üstünlüyünü dilə gətirənlərə xəbərdarlıq edərək "Məni Musadan üstün tutmayın" buyurmuşdur. Həmçinin "Balığın yoldaşı olan (Həzrəti Yunus) kimi olma!" (“Qaləm” surəsi 68/48) ayəsi nazil olanda güman ki, bəzi səhabələrin ağlına, "Görəsən, Həzrəti Yunus hansı xəta işlədi?" fikri gələr deyə Rəsuli-Əkrəm dərhal "Məni Yunus b. Məttaya üstün tutmayın..." demişdir. Həzrəti Məsihi yeni bir dirilişin memarı kimi tanıtmışdı. Lakin Allah Rəsuluna aid bəyanlar Quranda, həyatda və onun bənzərsiz əxlaqında müəyyən yer tutur. Ancaq Quranın, Sünnə və sələfi-salehinin fəzilətindən bəhs etmədiyi insanları sırf şirin görünmək üçün təqdir etmək düzgün deyil. Qarşı tərəfin “damarına toxunmaq” yanlış olduğu kimi, İslamı bəsit və tabe göstərmək də böyük xətadır. (16:57)

Sual: 2) Üsulüddini bilməyən mürşid mövqeyində bir insan – duyğu və düşüncədə səmimi olsa belə – dinə və ardıcıllarına zərər verə bilərmi? Hidayət və istiqamət üzrə ömür sürməkdə ilham, yuxu, kəşf və kəramətdən çox üsulüddinə bağlılığın əhəmiyyətindən bəhs edə bilərsinizmi? (22:00)

  • Ümumi mənada mürşid irşadın bütün əsaslarını ruhunda cəmləyən həqiqət dəllalı, məna qəhrəmanı və könüllərə Haqq rayihəsini çatdıran bir peyğəmbər varisidir. Bir insan ata-babalarına varis olaraq, yaxud da başqa yollarla irşad mövqeyinə gəlib mürşid, şeyx və ya “dədə” ola bilər. Lakin üsulüddini lazımi səviyyədə bilməyən bir insan – hansı mövqedə olur-olsun – hər an şeytanın əsiri ola bilər. (22:25)
  • Eynilə kahinlərin bir doğru ilə yüz yalanı sırıdağı kimi, bir doğrunun arxasında yüz kizb (yalan) gizlətdiyi kimi, şeytanlar da dinin əsasını yaxşı bilməyən və təməl prinsiplərə diqqət yetirməyən mürşid görünüşlü insanlara ilk öncə bir doğru pıçıldayır, arxasınca da doxsan doqquz yalanı ona yedirir. Belələri özləri aldandığı kimi, ardıcıllarını da sapdırırlar. Niyazi Misri bu həqiqəti bu xoş misralarla təsvir edir:

    "Mürşid gərəkdir bildirə Haqqı sənə həqqülyəqin
    Mürşidi olmayanların bildikləri güman imiş
    Hər mürşidə əl vermə ki, yolunu sarpa uğradar,
    Mürşidi kamil olanın yolu qayət asan imiş..." (23:52)
  • Üsulüddinə hörmət edən bir insan belə düşünər: Mən vəhylə müəyyəd[16] bir insan deyiləm. Qulağıma pıçıldanan, gözümə görsənən, ya da qəlbimə duyurulan, ihsaslarıma səslənən bir şey varsa, mən onu Kitab və Sünnə süzgəcindən keçirərəm. Allahın Kəlamına, Peyğəmbərimizin Sünnəsinə və sələfi-salehinin bu əsaslardan ortaya qoyduğu qayda-qanunlara uyğundursa, başım, gözüm üstünə.. əks halda, ona etibar etmərəm. (25:10)
  • Məhəmməd Bahauddin Nəqşibənd Həzrətləri bir gün evinə gec gəlir. Mübarək zövcəsi "Əfəndi, qızımız bu gecə həddi-büluğa çatdı" deyir. Həzrət bu xəbəri alan kimi, dərhal dərs verdiyi və ya müridləri olan tələbələrinin mədrəsələrini gəzməyə başlayır. Gecənin bu saatında hər kəs yuxuda ikən, Ələddin Əttar Həzrətlərinin otağında işıq yandığını, içəri girəndə də onu gözəl bir halətdə görür. Ona: "Oğlum, qızım bu gecə həddi-büluğua çatdı. Onu səninlə evləndirmək istəyirəm" deyir. Belə bir sultanın uca kəriməsi ilə evlənmək payəsi gələcəkdə qızıl silsilənin dəyərli halqalarından birini təşkil edən Ələddin Əttar Həzrətlərinə nəsib olur. (26:00)
  • Məhəmməd Bahauddin Nəqşibənd Həzrətlərinə görə bir insan "ülumu-aliyə" (qrammatika, sərf, nəhv, bəlağət və məntiq və s. kimi elm sahələri) və "ülumu-‘aliyə"yə (təfsir, qiraət, hədis, mərifətullah, fiqh, kəlam, əxlaq və s. kimi dini məsələlərdən bəhs edən elm sahələri) bələd deyilsə, ona irşad vəzifəsi verilməz. (27:33)
  • İmam Rəbbani Həzrətlərinin "Mən İbn Məsuddan Müavvizəteynin Qurandan olmaması haqda rəvayətini görəndən sonra fərz namazlarımda bu surələri oxumamağa üstünlük verdim. Nə vaxt ki ilham yolu Peyğəmbərimizdən müavizəteynin Qurandan olması haqda xəbər aldım, ancaq ondan sonra bu surələri fərz namazlarımda da oxumağa başladım" ifadəsinə bir izah.. və ilham, kəşf, kəramət məsələlərində üsulüddinin müəyyənedici rolu... (29:50)
  • Corabın üstündən məsh edən iki ilahiyyatçının gördüyü yuxu.. Corabı məst kimi istifadə etmənin hökmü.. məstin şərtləri.. və yuxu ilə hərəkət etməyin dində yeri... (32:32)

[1] Mənası açıq, təvilə (iki mənadan birini seçmək, ona meyil göstərmək) ehtiyac olmayan. Başqa bir mənaya ehtimal olmayan açıq dini əsaslar.
[2] Quran və hədisdə olan açıq, dəyişməz hökmlər.
[3] Haqqında dəqiq hökm olmayan ictihadla müəyyənləşdirilən dini məsələlər. Məsələn, namaz və dəstəmaz dinin əsaslarıdır. Dəstəmazda başın neçə hissəsini məsh etmək məsələsi isə füruatdır.
[4] Deyilən sözün əsl mənasını kəşf etmək.
[5] Zahirən bir-birinə yaxın iki ehtimaldan birinə yönəlmək.
[6] Tarixilik məsələlərə yanaşma metodlarından biridir. Tarixiliyə görə, bilgi və dəyərlər izafidir. Buna görə, müəyyən dövrə aid biliklər, hüquqi və əxlaqi dəyərlər həmin dövrün xüsusiyyətlərini özündə əks etdirir. Dolayısilə, tarixiliyə görə mütləq həqiqət və yeganə doğru yoxdur. Pozitiv elmlər araşdırmalar nəticəsində inkişaf etdiyi kimi, əxlaq, estetika və hüquq da mütəmadi təkmilləşir.
[7] İnsanlar üçün faydalı olan şeyi həyata keçirmək, bunları qorumaq və insanlardan zərərli olan şeyləri uzaqlaşdırmaq.
[8] Şəriətin dəlilləri, əsasları. Bu fiqhin təməl istinadgahıdır. Bunlar Kitab (Quran), Sünnə, İcma və Qiyasdır.
[9] İnsanların faydasına olan şeyləri həyata keçirmək, bunları qorumaq və insanlardan zərəri uzaqlaşdırmaq. Məsləhət.
[10] Qiyası tərk edib insanlar üçün ən uyğun olanını götürmək, fərd və ya toplum bir problemlə üzləşərkən müsamihə, rahat yol və rüxsətlə hərəkət etmək. İstinsah – rahat yolu təmin etmək üçün çətin yolu tərk etməkdir.
[11] Keçmişdə sabit olan bir hökmün sonradan dəyişməsi haqqında məlumat yoxdursa və ya dəyişdiyinə dair bir dəlil tapılmırsa, olduğu kimi qalması haqda hökm vermək.
[12] Qiyas və s. yollarla hökm vermək.
[13] Fiqhin prinsipləri əsasında hökm vermək.
[14] Müctəhid və din alimlərinin Kitab və Sünnəyə istinadən verdikləri hökmün təsdiqlənməsi.
[15] Hökmü haqqında nəss (ayə və ya sünnə) olmayan bir məsələni aralarındakı ortaq səbəb-nəticə əlaqəsinə və ya xüsusiyyətinə görə, hökmü barədə nəss olan, hökmü nəsslə təsdiqlənən bir məsələ ilə müqayisə edərək hökm vermək.
[16] Təsdiqlənmiş, yardım almış, möhkəmləndirilmiş.
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.