Əxlaqi tənəzzül və yenilənmə cəhdi
“Yalan rayic, xəyanət mültəzəm hər yerdə, haqq məchul.”
- Həzərti Pirin də dediyi kimi, bu əsr ənaniyyət əsridir (eqoizim və fərdiyyətçiliyin geniş yayıldığı bir əsrdir). İnsanların eqosu bir buz parçası kimidir. Onu əritmək üçün iman, izan, ehsan, habelə ixlas ümmanı lazımdır. Yoxsa aysberqi andıran eqoları dayaz göllərdə, hətta dənizlərdə belə əritəmək mümkün olmaz. İmanın, İslamın, ehsanın, ixlasın və iştiyaqın (şövq) ab-havası, isti qoynu lazımdır ki, aysberq kimi eqolar əriyib getsin.
- Bir təhlükə də var ki, o da mənəvi xəstəliklərin bir kəsimdən başqa bir kəsimə yayılmasıdır. Bəzi insanlar çox rahatlıqla yalan danışır, böhtan atır, məkrli planlar qurur, fırldaqçılıq edir ki, bu cür əməllər də tədricən ictimai əxlaqa çevrilir.
- Bu baxımdan dinin əsas prinsiplərini möhkəm qorumaq lazımdır. Onlara zərrə qədər xələl gəlməsinə imkan verməmək lazımdır. Bu gün eqoizm baş alıb gedir, mənəm-mənəmlik hislərini körükləyən şan-şöhrət və tanınma arzusu meydan sulayır, pafoslu sözlər, yalanlar, iftiralar, həqarətlər bu arzuya alət edilir, özünü məsum və məsun (günahdan qorunan) göstərmə cəhdləri, hətta özündə peyğəmbərlik vəsfləri görmə halları geniş yayılıb. Belə bir zəmanədə başqa insanlar da belələrindən “nümunə götürüb” bu qorxunc xətaları utanmadan, qızarmadan təkrar edirlər.
- Cəmiyyətin acınacaqlı vəziyyətini mərhum Mehmet Akifin bu sözləri necə də aydın təsvir edir:
Həya sıyrılmış, enmiş, öylə üzsüzlük ki hər yerdə...
Nə çirkin üzlər örtərmiş məgər bir incəcik pərdə!
Vəfa yox, əhdə hörmət heç, əmanət ləfzi-bimədlul;
Yalan rayic, xəyanət mültəzəm hər yerdə, haqq məchul.
Ürəklər mərhəmətsiz, duyğular süfli, əməllər xar;
Nəzərlərdən daşan məna ibadullahı istehqar.
Beyinlər ürpərir, ya Rəbb, nə qorxunc inqilab olmuş;
Nə din qalmış, nə iman, din xarab, iman turab olmuş!
Məfaxir qaynasın getsin də, vicdanlar kəsilsin lal...
Bu izmihlali-əxlaq yürürkən, durmaz istiqlal!
(Rayic –xalq tərəfindən rəğbətlə qarşılanan. Ləfzi-bimədlul - əsassız söz. Mültəzəm – lazım, vacib, tələb olunan şey. Süfli – alçaq, pis şey. Xar – zəlil. İstehqar – təhqir etmək, alçaltmaq. Məfaxir – öyünüləsi şeylər. İzmihlali-əxlaq – pozulan əxlaq.)
Qurtuluşumuzun açarı – yenilənmə cəhdi
Sual: “Əgər məruz qaldığımız müsibətlərin səbəbi bizim ətalətimizdirsə, qurtuluşumuzun açarı yenilənmə cəhdidir” fikrinə əsasən “yenilənmə”yi necə başa düşməliyik? Yenilənmə hansı əsaslarla mümkündür?
- İmanımızı təkrar gözdən keçirməliyik, bu, mühüm faktordur. Çünki dövrümüzdə bu məsələ çox aktualdır. Həzrəti Bədiüzzaman deyir: “Bu çağın dərdi imansızlıqdır”. Elə isə dərmanı imandır. İmanın əsaslarına diqqət yetirmək lazımdır.
- “Axı biz inanırıq!” deyənlər olar. Bunu deyənlərin əksəriyyəti kültür müsəlamanlarıdır (dini adət-ənənə kimi yaşayanlardır). Yetişdikləri mühit nəyə inanırsa, ona inanıblar. Elmihala hörmətsizlik olmasın, müsəlmanlığımız “Mizraqlı elmihal” səviyyəsindədir. Məsciddəki vaizlərin, imamların, xatiblərin təbliğ etdiyi müsəlmanlıqla – onlara da can qurban – dövrün problemlərini həll etmək olmaz. Onlar bugünkü dərdlərin çarəsi deyildir.
- Qurani-Kərimi və kainat kitabını yenidən mütaliə edib təfəkkür, təzəkkür və tədəbbürlə imanımızı, mərifətimizi və Haqqa məhəbbətimizi möhkəmləndirməliyik. Allaha, mələklərə, kitablara, peyğəmbərlərə, axirətə və qəzavü-qədərə inam kimi imanın bütün əsaslarına yəqinən inanmağa çalışmalıyıq.
Qurana qayıdış illəri
- Məhəmməd İqbal bir ədib, şair, mütəfəkkir olmaqla yanaşı, eyni zamanda zahid və abiddir. 15 və ya 18 il Londonda yaşamış, lakin təhəccüdsüz (gecə namazı) keçən gecəsi olmamışdır. Bu səbəbdən Qurani-Kərimə də böyük ehtiramı var. O deyir: “Həmişə Quran oxuyardım. Atam hər dəfə məni görəndə: “Oğlum, Quran oxu!” deyərdi. Bir gün atama: “Atacan, mən Quran oxuyuram”, - dedim. Atam: “Oğlum, Quranı Həzrəti Məhəmmədə (aleyhissəlatu vəssəlam) nazil olubmuş kimi deyil, sənə nazil olubmuş kimi oxu!” dedi. Mənə elə gəlir təcdidə (yenilənmə) də bu aspektdən baxmaq lazımdır.
- Həzrəti Piri-Muğan təhəccüd namazını bərzəx həyatını işıqlandıran məşələ bənzədərək hər gecə heç olmasa, iki rükət namaz qılmağın vacibliyini söyləyir. Qəbir həyatının işıqlı keçməsinin təhəccüd namazından asılı olduğunu deyir. Gecənin son üçdə bir hissəsində durub Cənabi-Allaha ibadət etmək qəbir və bərzəx həyatını nura qərq edər.
- Qurani-Kərimi sənə nazil olurmuş kimi oxumalısan, hər ayənin ilk növbədə sənə xitab etdiyini düşünməlisən. Hətta kafirlərə, münafiqlərə ünvanlanan ayələri oxuyanda belə “Deyəsən, bu kafir xüsusiyyəti məndə də var” deyə düşünməyi bacarmalısan. Bir kafir xüsusiyyəti ilə insan kafir sayılmır və hər bir mömində kafir sifəti ola bilər. Məsələn, qəflət içində yaşamaq, ömrü və vaxtı israf etmək kafir sifətləridir. Yalan danışmaq, iftira atmaq, bu kimi əməlləri görüb etiraz etməmək, belə insanlarla oturub-durmaq kafir sifətləridir. Könül dünyamızı ancaq Qurani-Kərimin hər ayəsinin bizə bir şey dediyinə, yol göstərdiyinə inanmaqla ehya edə bilərik. Çünki insan xətalarını görməyəndə, qəbul etməyəndə, zənnimcə onları düzəltməyə də ehtiyac bilmir. Xətaları onlardan əl çəkməklə, tövbə etməklə, üstündən 10, 20, 30 il keçsə də, hər dəfə yada düşəndə əfv diləməklə düzəltmək mümkündür.
- Bizi yetirmiş mühitdən görüb-götürdüyümüz şeyləri kafi hesab etdiyimizə görə hal-hazırda təkcə Türkiyə deyil, bütün İslam aləmi bu cür yarı-yarımçıq, əmələ çevrilməyən ala-yarımçıq, nəzəri müsəlmanların əlində dərbədər olub.
Yenilənmə və mənən gümrah olmaq üçün bir-birimizə dəstək olmalıyıq
- İndiyədək deyilənlər, bir mənada yenilənmənin nəzəri cəhətini təşkil edir. Ancaq zənnimcə insanlar Həzrəti Pirin sözü ilə desək “qübbədəki daşlar kimi, əl-ələ, çiyin-çiyinə verməsələr, dağılarlar”. Demək, bu gün əl-ələ verməyə, bir olmağa ehtiyacımız var.
- Buna görə də oturub durduğumuz yerləri hökmən söhbəti-Cananla bəzəməliyik. Lüzumsuz sözlər danışmaq yerinə vaxtımızı bir-iki səhifə kitab oxumaqla, mütaliə etməklə, bunu da bacarmırıqsa, heç olmasa Cövşən, Övradi-qüdsiyə, Səkinə dualarını oxumaqla keçirməliyik. Heç kimi incitmədən, rəncidə etmədən nöqsanlarımızı, xətalarımızı gözdən keçirməli və mənən kamilləşməyə çalışmalıyıq. İnsanlığın İftixarı Peyğəmbərimizin xəta işləyən insanlara qarşı göstərdiyi münasibəti əldə əsas tutmalıyıq. Peyğəmbərimiz bəzi insanların nöqsanlarını ad çəkib utandırmadan camaatın içində düzəldər və onlara yol göstərərdi. Həmin insanlar da bundan nəticə çıxarardılar, ancaq inciməzdilər.
- Həzrəti Ruhu-Seyyidil-Ənam (əleyhi əlfü əlfi salətin və salam) bir nəfəri bir bölgəyə zəkat amiri kimi göndərmişdi. O şəxs də getdiyi yerdən vergiləri toplayıb gətirmişdi. Ancaq amirlər o dövrdə vali, hakim kimi nüfuzlu şəxslər olduğuna görə bəzi yerlərdə xalq vergilərlə yanaşı, onlara hədiyyələr də gətirirdi. Bu şəxs xalqdan topladığı vergiləri təslim edərkən: "Bunlar sizindir, bunlar da mənə hədiyyə edildi" deyib verilən hədiyyələri ayırmışdı. Bu zaman minbərə çıxan Allah Rəsulu (əleyhi salavatullahi və səlamuh) Allaha həmd-səna etdikdən sonra həmin şəxsə adı ilə xitab edib utandırmamaq üçün ümuma: "Mən sizdən birinə Allahın mənə əmanət etdiyi bir vəzifə tapışırıram. Sonra o adam gəlib: “Bu, sizə aiddir, bu da mənə hədiyyə verildi” deyir. Əgər bu adam doğru söyləyirsə, ana-atasının evində otursun, görüm hədiyyəsi ayağına gəlirmi?" (Buhari, Hiyel 15) buyurur. Bu sözdən həm o şəxs səhvini başa düşüb dərsini alır, həm də xalq ibrət götürürdü.
- Huneyn hadisəsindən sonra baş verənlər də buna misal ola bilər. Bildiyiniz kimi Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) İslamı qəbul etsələr də hələ “müəlləfeyi-qülub”[5] olan bəzi məkkəlilərə qənimətdən pay verməsi ənsarı-kiramdan bəzi gəncləri narahat etmişdi. Onlardan bəziləri belə deyirdi: "Onların qanı hələ qılıncımızdan damır, amma ən çox payı onlar alırlar". Bundan xəbər tutan Allah Rəsulu (əleyhissalatu vəssalam) Ənsarı bir yerə torplayaraq bu sözü deyənləri rəncidə etmədən ümuma xitab edir. Əvvəla özünün onlara Cənabi-Haqqın bir neməti olduğunu xatırladaraq belə buyururur: "Mən gələndə, siz zəlalətdə deyildiniz? Allah mənim vasitəmlə sizə hidayət vermədi? Mən gələndə yoxsul deyildiniz? Allah mənimlə sizi zənginləşdirmədi? Mən gələndə siz bir-birinizə düşmən deyildniz? Allah mənimlə sizi barışdırmadı?" Allah Rəsulu (sallallahu əleyhi və səlləm) onlara hər səslənişdə Ənsar: "Bəli, minnət və təşəkkür Allah və Rəsulunadır" deyirdi. O Rəhbəri-Küll-Müqtədayi-Əkməl Peyğəmbərimiz də (əleyhi əkməlüttəhaya) hər zamankı kimi yenə də oxu hədəfindən vurub sözünü belə nöqtələyirdi: "Ey Ənsar topluluğu! Hər kəs evinə dəvə ilə, qoyunla qayıdarkən, siz evlərinizə Rəsulullahla qayıtmağa razı deyilsiniz?" Ənsarı-Kiram göz yaşları tökərək: "Razı olduq!" deyib təslimiyyət və məmnuniyyətini ifadə edirlər (Buhari, Menakıbü'l-Ensar 1-2).
- Bu hadisələrdə göründüyü kimi Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) kimsənin xətasını üzünə çırpmadan, yumşaq, şəfqətli bir həkim kimi davranmış və problemləri gözdən tük çəkər kimi həll etmişdir. Başqalarının səhvlərini və xətalarını söyləyəndə bu üsluba riayət etməliyik. Peyğəmbərimizin üslubuna sadiq qalaraq nöqsanları incitmədən, rəncidə etmədən xatırlatmalıyıq.
- Xülasə, həyatımızı təfəkkür, tədəbbür, təzəkkür və söhbəti-Cananla bəzəməli; mütəmadi kitab oxumağa, zikir və təfəkkür etməyə səy göstərməli və Allahın inayətilə bu kimi şeylər sayəsində mənən gümrah qalmağa çalışmalıyıq.
- tarixində yaradılmışdır.