Kökü mazidə (keçmiş) olan bir ati (gələcək) və haqda səbat
“Kimin Allahı varsa, hər şey var!”
- “Müğni” ismi-şərifi Cənabi-Allahın əsmayi-hüsnasındandır. “Varlıq (həyat) bəxş edən, müstəsna nemətlər lütf edən, qəlblərə ənginlik ehsan edən, inananların gözünə-könlünə toxluq verən, “Sən olandan sonra başqa şeylərin yoxluğu bir məna kəsb etmir. Sən bizimləsənsə, hər şey bizimlədir!” mənasına gəlir. Bu ismin təcəllisidir ki, insanlar maddi və mənəvi zənginliyi Allahdan bilirlər.
- Həzrəti Pir deyir: “Kimin Allahı varsa, onun hər şeyi var!” O halda mömin “Allahım, məni Sənsiz qoyma!..” deməli və bunu dilindən düşürməməlidir. Qalan şeylər ikinci dərəcəli məsələlərdir, onlara da əhəmiyyətinə görə dəyər vermək lazımdır.
- Allah Qəniyi-aləl-itlaq, Müğniyi-mütləqdir. Onun inayətinin kölgəsi altına girən insanlar Ondan başqa heç kimə əl açmazlar. Dünya cazibədarlığı ilə, başgicəlləndirici gözəlliyi ilə, dəbdəbə və ehtişamı ilə qarşılarına çıxsa da, gözlərinin ucu ilə baxıb “Görəsən, bunda Sənin rizan varmı? İmtina edəkmi? Uzaqlaşaqmı? Kənara ataqmı?” deyə düşünərlər. Çünki Zati-Üluhiyyətin yanında hər şey ikinci dərəcəli məsələdir. İkinci dərəcə də deyil... Üçüncü, dördüncü, beşinci dərəcəli məsələdir...
Nə xərabəyəm, nə xərabatiyəm / Kökü mazidə olan bir atiyəm!..”
- Təəssüflər olsun ki, biz bu düşüncələri itirdik. Biz rəşid xəlifələrdən, səhabeyi-kiram və sələfi-salehindən sonra Allahla dərin irtibatı itirdik! Tapmağa heç cəhd də göstərmədik. O qədər şey itirdik ki, arayıb tapmaya çalışsaq, çərək əsr çəkər.
- Bir də sağdan, soldan, öndən, arxadan gələn şeytanın əvanları var! ...Bizi kökümüzdən qoparmağa çalışırlar.
- Yəhya Kamal ona “Sən elə hey mazidən danışırsan, həmişə Osmanlı çeşmələrindən, camelərindən bəhs edirsən, sən xərabəsən, xərabatisən” deyənlərə “Nə xərabəyəm, nə xərabatiyəm / Kökü mazidə olan atiyəm” beyti ilə cavab vermişdi. Bəli, bu günü anlamaq üçün dünəni bilmək lazımdır. Güclü gələcək qurmaq istəyirsinizsə, sağlam kökə söykənməlisiniz.
- Keçmişi inkar edərək gələcəyi qurmaq mümkünsüzdür. Çünki bizim dəyərlər məcmumuz və onun özəyi keçmişdədir... Ənbiyayi-izam və onların sultanı İnsanlığın İftixarı Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm)... Ondan sonra rəşid xəlifələr, səhabeyi-kiram, tabeini-fəxam, tabeyi-tabeini-izam, müctəhidini-izam, mücəddidini-kiram... hamısı keçmişdədir. Biz o kökdən gəlirik! Onu görməməzliyə vurmaq və qəbul etməmək, üzr istəyirəm, “köksüzlük”dür!
- Keçmişindən qopan insandan gələcək naminə bir şey gözləmək olmaz! Çünki o, köksüzdür, köksüz ağaclar bu gün də olmasa, sabah hökmən yıxılacaq!..
- Mömin imanın, mərifətin və məhəbbətin dərinliyinə kök atmalıdır. Bir Haqq dostu deyir: “Cənabi-Allahın əzabından, qəzəbindən qorxursansa, əmrlərindən möhkəm yapış, dindən uzaqlaşma, çünki ağaclar sərt küləklərin qorxusu ilə yerlərini möhkəmlədir”. Ağaclar sərt küləkdə yıxılmamaq üçün torpağın dərin qatlarına kök salırlar.
“Dəyərlər yetimi” olan bir millətin ehyası
- Biz hicri V (XII) əsrdən bəri kökümüzdən uzaqlaşmağa başlamışıq. Səltənət və dəbdəbəli həyat ağlımızı başımızdan alandan sonra isə iki qat uzaqlaşdıq. Bir-iki əsrdir ki, artıq tamamən öz dəyərlərimizdən, ruhi-mənəvi köklərimizdən uzaq düşmüşük. Bu səbəbdən də “dəyərlər yetimi” və “din yetimi”yik.
- Möhkəm silkələnmə olarsa, Allahın izni və inayəti ilə, Allah-taala öz əllərimizlə öldürdüyümüz dəyərləri ehya edər. Silkələnsək, Allahın izni və inayəti ilə, bu olacaqdır, əsla şübhəniz olmasın.
- Müvəqqəti zalımların müvəqqəti zülmlərindən təşvişə düşməmək lazımdır. Hansı dövrdə hansı zalımın zülmü uzun müddət davam etmişdir ki, sizə zülm edənlərin zülmü də çox çəksin?!
- Əgər Ona inanır, Ona güvənirsinizsə “Ey Uca Rəbbimiz, biz yalnız Sənə güvənir, Sənə pənah gətiririk. Bütün ruhumuzla, canımızla Sənə üz tutmuşuq və dönüşümüz Sənədir, axırda Sənin hüzuruna gələcəyik” deyib əhd-peymanınızdan dönmürsünüzsə, əsla yenilməzsiniz, kürəyinizi yerə vura bilməzlər, Allahın izni və inayəti ilə.
- Öz işimizlə məşğul olmalıyıq. Fikrimizi filankəsin-bəhmənkəsin sözlərinə, əməllərinə sərf etsək, alternativ yollar aça bilmərik və yolda qalarıq. Buna görə də faydasız işlərdən uzaq durub cəhdimizi, səyimizi və fəaliyyətlərimizi ikiqat, üçqat artırmalıyıq.
“Qəriblərə müjdələr olsun!” müjdəsi kimlər haqdadır?
- İnsanlığın İftixarı Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) “Qəriblərə müjdələr olsun!..” buyurur. “Qəriblər kimdir?” sualına isə “El-aləmin fitnə-fəsad törətdiyi bir dövrdə cəmiyyəti islah edənlərdir” şəklində cavab verir.
- Əgər işlərimizə fasilə versək, “əyləcə bassaq”, “Sürətimizi azaldaq, görək bu adamlar nə deyir?” desək, dünya qədər vaxt israf etmiş olarıq. Halbuki zamanın bir saniyəsini belə israf etməyə haqqımız yoxdur. Vaxt israfı yemək-içmək israfından daha böyük haramdır.
- İnsanlara haqq və həqiqəti çatdırmaq, ruhumuzun ilhamlarını könüllərə çatdırmaq, qəlblərin önündəki əngəlləri aradan qaldıraraq onları Allaha qovuşdurmaq... dünyada bundan daha böyük bir iş yoxdur. “Bir insanın hidayətə gəlməsinə vəsilə olmaq günəşin üzərində doğub batdığı hər şeydən xeyirlidir!” buyurur Söz Sultanı (sallallahu aleyhi və səlləm).
Təəssübkeşlik mərəzi
Təəssübkeşliklə dini səlabət və ya İslam həmiyəti arasındakı əsas fərq nədir?
- “Təəssüb” ərəb sözü olub bir işin əvvəlini-axırını düşünmədən məsələlərə sırf şəxsi görüş və maraq aspektindən yanaşmaq, ağıla və məntiqə sığmayan, hətta dinin ruhuna zidd olan məsələlərdə belə inadkarlıq etmək deməkdir. Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bəzi hədislərində bu davranışı "əsəbilik, hirslilik" mənasına gələn "əsəbiyyə" sözü ilə ifadə etmişdir. (Bax: Əbu Davud, “Ədəb”, 111; İbn Macə, “Fitən”, 7) Çünki təəssüb tamamilə əsəb və hislərdən qaynaqlanan bir davranışdır, qandan, damardan, cismanilik və heyvanilikdən “bəhrələnən” bir hiss və duyumun üzə çıxmasıdır.
- İnsan digər duyğuları kimi, təəssüb hissini də xeyirxah əməllərə yönəltsə, müsbət şeylərə vəsilə ola bilər. İnsanın mahiyyətində var olan “mənəm-mənəmlik”, şəhvət, qəzəb, inad və hərislik kimi hislər təlim-tərbiyə ilə əbədi həqiqətlərə və üxrəviliyə yönəldilsə, hər biri yüksək fəzilətə çevrilə bilər.
İnadkarlıq hissini Haqda səbat etməyə, həsədi isə xeyirxahlıqda yarışmağa sərf etməliyik!..
- İnsanın şər duyğularından biri də inadkarlıq hissidir. Çox vaxt boş bir inadkarlıq ucbatından insanlar arasında düşməçilik və ədavət yaranır, mübahisə və münaqişələr meydana gəlir, hətta cana qıyılır. Halbuki, inadkarlıq hissini iradəsi ilə cilovlayan bir insan haqq və həqiqətdən heç vaxt ayrılmaz. Belə bir adamın yolunu nə tamahkarlıq hissi, nə məqam və mənsəb hərisliyi, nə şan-şöhrət düşkünlüyü, nə də rahatlıq arzusu kəsə bilər. O, iradəsini ortaya qoyaraq haqq yolundan qətiyyən ayrılmaz. Beləcə, zərərli hiss sayılan və nəfsin bir parçası olan inad duyğusu o insanda haqda səbat göstərmək və həqiqətə təslim olmaq şəklində özünü hiss etdirər. Beləliklə, şeytani hiss sayılan inadkarlıq duyğusu xeyirə yönəlib insanın mələki tərəfinə keçmiş və onun mənən kamilləşməsinə xidmət etmiş olur.
- Həsəd insanların uğurlarına paxıllıq edib onların əldə etdiyi nemətləri və fəzilətləri həzm edə bilməmək, onların bu nemət və gözəlliklərdən məhrum olmasını və hamısının özünə verilməsini istəməkdir. Bu, insanı məhv edən, onun axırına çıxan bir hisdir. Həsən Bəsri həzrətləri: “Mən həsədkardan çox məzluma oxşayan bir zalım görməmişəm!” deyir. Həzrəti Pir də: “Həsəd əvvəlcə həsədkarı yandırır, məhsuda (həsəd edilən) zərəri olsa da, çox azdır”. Allahın bəlası olan həsəd hissini dəyişdirərək, yumşaldaraq “tənafüs” duyğusuna çevirərək haqq yolunda yarışda istifadə etmək olar.
Müasir əhli-təəssübün düşüncəsi: “Mənim kimi düşünmürsənsə, xainsən!”
- Bu gün siz təəssübün iki, üç qatına məruz qalırsınız. “Mənim kimi düşünmürsənsə, xainsən. Məni qəbul etmirsənsə, alçaqsan!” sözlərinə şahid olursunuz. Bəzi insanlar onlar kimi düşünməyən və onlar kimi olmayan hər kəsi vətən xaini, millət xaini, inqilabçı (“darbeci”) filan elan edirlər. Bu, şeytanın təəssübünə oxşa bir şeydir. O qədər xeyirxah işlər görülür, ancaq bu şeytan düşüncəsinin ucbatından heç birini görmürlər. Öz əlləri ilə ərsəyə gəlmədiyinə görə və özləri bacara bilmədiklərinə görə, bir az da qabiliyyətsiz olduqlarına və bir işə yaramadıqlarına görə işə yarayan insanları və onların xeyirxah fəaliyyətlərini xor görür, təssübkeşliklə qaralamağa və ləkə yaxmağa çalışırlar.
Möminə yaraşan təəssüb deyil, dində səlabətdir
- Əslində, mömində təəssüb hissi olmamalıdır. Çünki mömin haqpərəstdir. Onun vəzifəsi haqqı ayağa qaldırmaq, ucaltmaqdır. Odur ki, haqqa könül vermiş bir insanın haqqa qarşı çıxması, haqqı qəbul etməməkdə inadkarlıq etməsi, onu dəyərsiz görməsi mümkün deyildir. Bu, haqqa hörmətsizlik olardı. Buna görə də mömində təəssüb deyil, dini səlabət olmalıdır.
- Səlabət bir məsələdə, bir işdə möhkəm və dözümlü olmaq, ayağı yerə möhkəm basmaq və beləcə, zərrə qədər büdrəməməkdə qətiyyətli olmaq deməkdir. Sərtlik və dözümsüzlük isə səlabət demək deyildir. Dini səlabət bir insanın şərait və hadisələr nə qədər dəyişirsə-dəyişsin, İslamın bütün hökmlərinə əməl etməkdə qərarlı və səmimi olması deməkdir.
- Başda xalqımız olmaqla bütün bəşəriyyət üçün faydalı işlər görürüksə, bu fəaliyyətlərin xalqımıza və digər xalqlara da yararlı olduğuna inanırıqsa, üstəlik bunun keçmişlə əlaqələrimizi qoparmamaq, Rəsuli-Əkrəm Peyğəmbərimizi şad etmək və Cənabi-Allahın rizasına nail olmaq üçün bir vəsilə hesab ediriksə, bu yolda sabitqədəm olmalıyıq. Əgər bir tərəddüdümüz varsa, tutduğumuz yolu bir daha gözdən keçirməli, baş-başa verərək müştərək ağılla bu məsələni təkrar saf-çürük etməli və yanlışımız varsa, düzətlməliyik. Ancaq bunu dəfələrlə eləmiş və doğru yolda olduğumuza yəqin etmişiksə, o halda bu məfkurədə mətin dayanmalıyıq.
“Bu gün bu hizmətə zülm edənlər sabah peşmançılıqla dizlərini döyəcəklər!..”
- Bu işin harası yanlışdır? Anadolu insanı Allahın izni ilə iyirmi ildə dünyanın 163 ölkəsinə qədəb basıb. Qərblilər iki əsrdir, çalışırlar, amma bu dərəcədə müvəffəq ola bilməyiblər. Dünyanın müxtəlif ölkələrində seçmə fənn kimi Türk dili öyrədilir. Bir gün getdiyiniz hər yerdə Türk dilində danışan insanlarla qarşılaşacaqsınız.
- Bir ildir, getdikləri hər yerdə “Amandı, bu məktəbləri bağlayın, yoxsa başınız ağrıyar, başa bəla olar!” deyirlər. Görəsən, sözlərində həqiqət varmı? Sizin mədəniyyətiniz, doğma dəyərləriniz dünyanın dörd tərəfində yaşadılır və bayraqlaşdırılır, dünya sizin dəyərlərinizə maraq göstərir. Allah xatirinə, Peyğəmbər xatirinə, bunun harası səhvdir?!.
- Siz baş-başa verdiniz, “Vallah, billah on dəfə yoxladıq, bu işdə zərrə qədər yanlış yoxdur!” dediniz. O halda sizin vəzifəniz işinizə davam etmək və aldanmış insanların zehnindəki hisi-pası təmizləməkdir.
- Heç narahat olmayın!.. Bu gün bu Hizmətə zülm edənlər sabah dizlərinə döyərək “Kaş torpaq olaydıq!” deyəcəklər, “torpaq olaydıq, amma bu işləri görməyəydik!..”
- tarixində yaradılmışdır.