Peşmançılıq, tövbə, əndişə və ümid

Sual: Hal-hazırda mücrim və enişli-yoxuşlu həyat yaşayan insanın – əgər mənqibə doğrudursa – Fudayl İbn İyaz həzrətləri kimi, ya da bəzi böyüklərin həyatlarında olduğu kimi gözlənilməz bir hadisə ilə böyük inayətə məzhər olacağını və istiqamət tapacağını düşünməsi doğrudurmu? Belə bir mülahizənin tarazlığı hansı əsaslara bağlıdır?

  • Hələ təsəvvüfün adı yox ikən onu zühd şəklində dəyərləndirib həyat fəlsəfəsinə çevirən o ilk sufilər haqqında müxtəlif mənqibələr rəvayət olunur; bu hadisələrin bəziləri uydurma olma ehtimalı vardır. Lakin şübhəsiz, xəta və günahlar qarşısında bu Haqq dostlarının qəlbləri böyük nədamət hissi ilə dolmuş və tövbə çeşməsində arınmaq üçün böyük səy göstərmişdir. (01:03)
  • Fudayl İbn İyaz və Bişri Hafi də bir anda ciddi mənada Allaha yönəlib tövbə, inabə və övbə qanadlarıyla insanlığın zirvəsinə ucalan Haqq aşiqlərinin sırasında yer alırlar. (02:22)
  • Ən böyük günahda belə Allahın mərhəmətindən ümid kəsilməməlidir. Ancaq insan günahını hər xatırladığında onu yenicə işləmiş kimi peşmançılıq duymalı, xəcalətlə iki büklüm olmalı və tövbəylə Allaha sığınmalıdır. (04:45)
  • Bədiüzzaman həzrətləri yaşadığı dövrün ağır şərtlərində həqiqi təqvanı əldə etmək çox çətin olduğunu görmüş; təqva mülahizəsini ortaya qoyarkən insanların ümidini tamamilə qırmamaq, təqva dairəsinin qapısını tamamilə bağlamamaq və güman ki, xidmət dairəsini daha geniş tutmaq üçün fərzləri yerinə yetirən və böyük günahlardan üz çevirənlərin müttəqi sayılacağını ifadə etmişdir. "Təqva, mənhiyattan (şəriətcə qadağan olmuş şeylər) və günahlardan ictinab etmək (saqınmaq); əməli-saleh, əmr dairəsində hərəkət və xeyrat qazanmaqdır. Bu zamanda təxribat və mənfi cərəyan dəhşətli dərəcədə artdığı üçün təqva bu təxribata qarşı ən böyük əsasdır. Fərzlərini yerinə yetirən, kəbirləri (böyük günahları) işləməyən, qurtular," buyurmuşdur. (08:45)
  • Günaha girməmə düşüncəsiylə insanlardan uzaq yaşamaq və cəmiyyətə qarışmamaq bir cəhətdən qəbul edilsə də, digər bir cəhətdən eqoizmin başqa şəkildə təzahürüdür və böyük bir xudbinlikdir. Çünki mömin digər insanların da əbədi səadətini düşünmək məcburiyyətindədir və öz qurtuluşunu başqalarının qurtuluşu ilə eyni müstəvidə görməlidir. Üstəlik həyatın hər sahəsində doğru, layiqli təmsilçilərə ehtiyac vardır. (10:50)
  • İnsanlığın İftixarı Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) belə buyurmuşdur: "İnsanlara qarışan, onların əza və cəfasına dözən mömin xalqdan uzaq duran və onların əziyyətindən uzaq olmağa çalışan mömindən daha fəzilətlidir". Beləliklə, təqva dairəsinin genişliyi insanları qurtarma mülahizəsi nöqteyi-nəzərindən müəyyən edilməlidir ki, Həzrəti Ustadın verdiyi təqva tərifində də bu həssas məqam vardır. (14:15)
  • Bütün böyüklər özlərini günahkar və fasiq görmüş, lakin heç vaxt ümidsizliyə qapılmamış, qüfran (əfv) qapısından ayrılmayıb daim qürbət (yaxınlıq) axtarmışlar. (18:47)
  • Heç kəsin əməli Cənnətə girmək üçün kafi deyil, əməl yalnız qapının toxmağına toxunmadır. (21:42)
  • Allah insanı bağışlasa da, insan – bir dəfə günaha giribsə – özünü əsla bağışlamamalı, o günah hər ağlına gələndə təkrar-təkrar "of" deyib nədamətlə inləməlidir. (23:08)
  • İbrahim İbn Ədhəm və Həzrəti Əbu Bəkrin duaları, yalvarışları bütün böyüklərin elədikləri yaxşılıqları və saleh əməlləri heç saydıqlarını, ancaq varsa, günah və qüsurlarını böyüdüb özlərini quyunun dibində gördüklərini göstərən iki gözəl nümunədir. (25:34)
  • Allahdan qorxmayandan qorxulur. Hikmətin ilk prinsipi Allah qorxusudur. (32:13)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.