Sevgi və Ən Sevgili
Sual: 1) Bir mənqibədə rəvayət edilir ki, Vüsal adlı məşuquna qovuşmaq arzusu ilə yollara düşən gənc hidayətə çatdıqdan sonra sevgilisi ilə evlənmə imkanı əldə etsə də, məcazi eşqdən vaz keçib: "Ey Vüsal, əsl məşuqa çatmağıma vəsilə oldun! İndi aramıza girib ayrılığa səbəb olma!.." demişdir. Vüsalla ittisalın (birləşmək) birgə olması mümkündür? Həqiqi eşqə qovuşanda məcazi eşq tamamilə tərk edilir?
- Haqqında sual verdiyiniz mövzu mənqibədə belə keçir: Vüsal adlı sevgilisinə qovuşmaq arzusu ilə yollara düşən bir gənc hidayətə çatdıqdan sonra sevgilisi ilə evlənmək imkanı əldə etsə də, ona belə deyir:
يَا وِصَال! كُنْتِ وَسِيلَةً لِلاِتِّصَال، فَلاَ تَكُونِي سَبَبًا لِلاِنْفِصَال
"Ey Vüsal, əsl məşuqa qovuşmağıma vəsilə oldun! İndi aramıza girib ayrılığa səbəb olma!.." (01:10) - Möminin mütləq Məhbubu, mütləq Məqsudu, mütləq Məbudu Allahdır, o Ona dilbəstədir; Onu diləyər və daim Onun qulu olduğunu hayqırar. Sonra da başda İnsanlığın İftixarını, ana-ata, həyat yoldaşı və övladını sevər ki, digər sevgilərə də İlahi sevginin bir ifadəsi kimi baxar, Allah üçün sevər. Sevgidə əsas olan "məhbub" seçimində sıralamadır. (04:50)
- Məcazi sevgilini Mövlayi-Mütəalın sevgisinə mane görən, qəlbi ilə Məhbubi-Həqiqi arasında heç bir pərdə olmasını istəməyən insanların halı müstəsnadır. Dolayısilə, gəncin sözünü yüksək məqama çatmış Haqq Dostlarının ümumi hissiyyatının ifadəsi kimi qəbul etmək lazımdır. Ancaq bu düşüncəni hər kəsdən gözləmək olmaz. (07:07)
- İslam tarixində Cənabi-Haqqın lütfləri ilə sərəfraz olmuş belə qaməti-balalar[1] da vardır. Hətta bu iffət abidələri haqqında elmlə, məfkurə ilə izdivacı seçib ömrü boyu evlənməyən alimlər mənasında – "əl-Üləmaül-Üzzab" ünvanlı kitablar yazılmışdır. Qənaətimcə, maddi-mənəvi mənafeyini düşünmədən, nami-cəlili-Muhammədinin (Rəsulullahın cəlil adını) hər yanda yayılması üçün böyük fədakarlıq göstərən bu qəhrəmanlar mütləq təqdirlə yad edilməlidir. Ancaq onların xüsusi haləti obyektiv qəbul edilməməli və hər kəsə şamil edilməməlidir. İradənin haqqını verə bilən bu insanların halətinə subyektiv baxmaq və məsələyə dinin ruhundakı tarazlıq zaviyəsindən yaxınlaşmaq lazımdır. (08:10)
- Elmi və imana xidməti izdivacdan üstün tutan, həyatı boyu heç evlənməyən Haqq aşiqləri; çox iffətli, həssas ömür sürmüşlər. Məsələn, İmam Nəvəvi dünya nemətlərindən vaz keçmiş, dünyaya yemək-içmək üçün göndərilmədiyini düşünərək süfrə başında vaxt keçirməyi zaman israfı sayaraq ömrünün çox hissəsini gündə bir stəkan südlə keçirmiş; həyatını elmə və dinə həsr etmiş, hər gün müəyyən həqiqətləri qələmə alaraq bir ömrə neçə-neçə kitab sığdırmışdır. (10:12)
- Əsrin Əzabkeşi "Evlənməyi heç düşünmədiniz?" deyə soruşanlara "Aləmi-İslamın dərdindən özümü düşünməyə imkan tapmadım. Ümməti-Məhəmmədin dərdi mənə məni unutdurdu!" demişdir. O, təbiəti, mövqeyi, missiyası və dövrün şərtlərini nəzərə alaraq izdivacdan ictinab etmiş, lakin bunu bir əsas kimi görməmiş və göstərməmiş, buna sünnəti-tərk etmək kimi baxmışdır. (12:22)
Sual: 2) Cənabi-Allah belə buyurur:
قُلْ إِنْ كَانَ آبَاؤُكُمْ وَأَبْنَاؤُكُمْ وَإِخْوَانُكُمْ وَأَزْوَاجُكُمْ وَعَشِيرَتُكُمْ وَأَمْوَالٌ اقْتَرَفْتُمُوهَا وَتِجَارَةٌ تَخْشَوْنَ كَسَادَهَا وَمَسَاكِنُ تَرْضَوْنَهَا أَحَبَّ إِلَيْكُمْ مِنَ اللهِ وَرَسُولِهِ وَجِهَادٍ فِي سَبِيلِهِ فَتَرَبَّصُوا حَتَّى يَأْتِيَ اللهُ بِأَمْرِهِ وَاللهُ لاَ يَهْدِي الْقَوْمَ الْفَاسِقِينَ (“Tövbə” surəsi, 9/24). Bu ayeyi-şərifədə keçən maddələri Allah və Rəsulunun sevgisinə alternativ təhlükələr hesab etmək olar? Möminlər bu ilahi bəyanı necə başa düşməlidir? (17:08)
- Sualda qeyd edilən ayənin məalı belədir:
“(Ya Rəsulum!) De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri (əzabı) gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz!” (19:05) - Bəzən xoşumuza gələn saraylar, bağ evləri və villalarla da imtahan ola bilər, insanda dünya sevgisini və tuli-əməl[2] hislərini körükləyə bilər. Körfəzə baxan çox gözəl bir evin eyvanından ətrafı seyr edərkən dünya mənə çox cazibədar göründü və bir daha o eyvana çıxmamağa əhd etdim. Bu əhdimi də yerinə yetirdim. (22:51)
- Ayədə sadalananların əslində hər biri bir nemətdir; məşru dairədə bu nemətlərdən istifadə etməkdə və onlara maraq göstərməkdə bir qəbahət yoxdur. Lakin zərurət və ehtiyac ölçüləri tam təyin edilməsə, onlara qarşı meylin sərhədləri qorunmasa (həddini aşsa) və yanlış seçimlərdən uzaq durulmasa çeşid-çeşid imtahan, bəla və müsibətlərin baş verməsi labüddür. (25:00)
- -Həzrəti Ustad misal-aləmində İslamın müqəddəratını təyin edən möhtəşəm bir məclisə çağırılır və ümməti-Məhəmmədin (əleyhissalatu vəssalam) məruz qaldığı müsibətlərin hikmətləri ilə bağlı onun fikrini soruşurlar. O da belə cavab verir: "Xaliqi-Təala bizdən iyirmi dörd saatın bir saatı beş vaxt namaz üçün istədi. Tənbəllik etdik, O da bizə beş il iyirmi dörd saat təlim (hərbi), məşəqqət və təhriklə bir növ namaz qıldırdı. İldə bir ay oruc istədi. Nəfsimizə ağır gəldi, kəffarəsi beş il oruc (aclıq) oldu. Lütf etdiyi malın zəkatını istədi. Tamahkarlıq, xəsislik, zülm etdik, O da bizim yığılmış malımızdan zəkatı götürdü". (28:40)
- Həccin əsas hikmətindən biri müxtəlif qövmlər arasında dostluq əlaqələrini möhkələndirmək, fərdilikdən birlik ruhunu formalaşmaq və ümməti-Məhəmmədin (sallallahu əleyhi və səlləm) dərdinə birgə çarə axtarmaqdır. Möminlərə ən böyük zərbə Həcc ibadətini yerinə yetirmədiklərinə görə dəymişdir. (32:20)
- Hər il milyonlarla insan Ərafatda vəqfə[3] edir. Burada bir-iki milyon müsəlman –eyni duyğu və düşüncələrlə– ürəkdən, "Ya Rəbb, göyləri parçala, yerə tök!.." desə, Vallah, billah, tallah, parçalayar!.. Bir milyon insan, "Allahım, canımı al, lakin İslam aləmini qurtar; İslam aləmi dirçəlməyəcəksə, yaşamağımın mənası yoxdur!.." desə, –yenə də and içirəm– vallah, billah, tallah Cənabi-Haqq İslam aləminin abidəsini ucaldar. Təəssüf ki, fərdilik elə yayılıb ki, hər kəs yalnız özünü düşünür, ümməti-Məhəmmədin (əleyhissalatu vəssalam) dərdləri ilə iztirab çəkmir… (32:50)
- Həzrəti Ömər (radiallahu anh) bir gün: "Ya Rəsulullah! Səni nəfsimdən (canımdan) başqa hər şeydən daha çox sevirəm!.." deyir. Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) Həzrəti Ömərin əlini tutur və: "Məni nəfsindən (canından) çox sevmədikcə kamil (mənada) iman etmiş olmazsan, ey Ömər!" –buyurur. O da dərhal: "Səni canımdan da çox sevirəm, ya Rəsulullah!" – deyir. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) də: "Bax, indi oldu!" – buyurur. (34:30)
[1] Uca qamətlər, böyük şəxsiyyətlər
[2] Bitməz arzu istəklər
[3] Həccin şərtlərindən biri. Lüğəvi mənası müvəqqəti dayanma yeridir.
- tarixində yaradılmışdır.