Süffənin qüdsiyyəti və qəlblə ağlın ittifaqı
Sual: Aləmlərin Fəxri Peyğəmbərimizin (əleyhissalatu vəssalam) qüdsi mədrəsəsi və təkyəsi – Süffə hansı xüsusiyyətləri daşıyır? Zati-aliniz buyurursunuz ki, "Osmanlını yıxan mədrəsə və təkyələr deyil, əksinə onu qoruyan dayaqlardır. Ancaq bu müəssisələr sıradan çıxınca ona söykənən dövlət də istər-istəməz dağılmışdır". "İgid yıxıldığı yerdə qalxar" prinsipinə əsasən bu məsələni izah edə bilərsinizmi?
- Süffə köhnə evlərdə olan səki, hündür eyvan deməkdir, dilimizdə buna "söffə" də deyilir. İslam tarixində "Süffə" Rəsuli-Əkrəm Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) Mədinneyi-Münəvvərə məscidinə bitişik yerin adıdır. Burada yaşayan səhabələrə də "Əshabi-süffə" və ya "Əhli-süffə" deyilir. (01:10)
- Əshabi-süffə həyatını Peyğəmbər mədrəsəsində elm və ürfana həsr edən seçilmiş insanlardır. Bu səhabələr Məscidi-Nəbəvidən ayrılmaz, orada elm və ibadətlə məşğul olar, çox vaxt oruc tutub Quran öyrənər, Allah Rəsulunun vəz və irşadına qulaq verib Onun insibağı ilə (boyası ilə) boyanar və daim səhbəti-Canana aid məsələləri müzakirə edərdilər. Lazım olanda Allah Rəsulu ilə birlikdə cihada da gedərdilər. Onların dolanışığı ilə şəxsən Peyğəmbərimiz (s.ə.s.) özü maraqlanırdı. (02:26)
- Süffədə təkcə kimsəsiz səhabələr deyil, ev-eşiyi olub Rəsulullahın feyzindən istifadə etmək istəyən möminlər, bəzən də sevgili Rəsulu görməyə gələn qonaqlar da qalırdı. Buna görə də, Əhli-süffənin sayı haqqında müxtəlif rəvayətlər var: qaynaqların verdiyi məlumata görə, Süffə səhabələrinin sayı bir dövrdə yeddi yüzə çatmışdır. Məscidin camaata dar gəldiyini görən Həzrəti Ömər möminlərlə məsləhətləşərək Allahın evini genişləndirmək qərarına gəlmişdir. (04:36)
- Süffə bir mənada bərabərlik, sosial ədalət və ictimai əmin-amanlığın mərkəzi sayılırdı. Orada zənginlə kasıb bir yerdə söhbəti-Canana aid mövzuları müzakirə edir, zəngin varını din qardaşları ilə bölüşür, kasıb da onlara hörmət və sevgi bəsləyirdi. Orada nəinki siniflərarası ziddiyyətlər, heç sinif fərqi də yox idi. Həzrəti Əlinin "Sadə bir insan ol" dediyi kimi, bu təvazökar insanlar əmin-amanlıq içində ömür sürürdülər. (06:55)
- "Kaş ki sevdiyimi sevəydi, qamu xəlqi-cahan / Sözümüz cümlə həman qisseyi-canan olsa ..!" düşüncəsinə sadiq olan Süffə əhli "cihadi-əkbər"i Allah Rəsulunun məscidində və Onun hüzurunda edirdilər, lazım olanda da döyüş meydanına atılır, "cihadi-əsğar" edirdilər. (10:53)
- Bəzi Süffə səhabələri sonralar ailə qurmuş, mal-mülk sahib olmuşlar. Məsələn, Ənəs ibn Malik (r.a.) övladlarının çoxluğu ilə tanınırdı. Ənsar arasında ən çox uşaq atası o idi. Bu da Rəsulullahın duasının bərəkətindən idi. Həzrəti Ənəsin anası Ümmü Süleym oğlunu Rəsulullaha gətirib ona xeyir-dua verməsini istəmişdi. Rəsuli-Əkrəm də əllərini açıb "Ya Rəbb, onun malını və övladını çoxalt, onu cənnətlik et" deyə dua etmişdi. Bu duanın bərəkəti ilə Ənəs ibn Malikin həm mal-mülkü çoxalmış, həm də bir çox övladı dünyaya gəlmişdi. Həzrəti Ənəs yüzünü − çox guman, nəvələri də daxil − öz əlləri ilə dəfn etdiyini deyir. (12:58)
- Əshabi-süffə Allah yolunda mücahidə uğrunda ta İstanbulun önünə qədər gəlmişdir. Bəziləri İstanbulun fəthini istila saysa da, fəthin mahiyyətində əngin ruh və kamil təmsil yatır. Yaşına baxmayaraq Həzrəti Fateh Sultan Mehmetin İstanbula ayaq basar-basmaz gördüyü işlər və mükəmməl təmsili insanı heyrətə salır. Bizim də bu gün Süffə ruhuna, təmsil qəhrəmanlarına və məsələləri təmsillə həll etmək əzmində olan insanlara ehtiyacımız var. (14:00)
- Cihad insanın gücünü sərf edərək, özünü məcbur edərək və həyatın axarındakı maneələrə sinə gərərək özünü kəşf etməyə çalışmasıdır ki, buna böyük cihad, yəni "cihadi-əkbər" deyirik. Allahla insan arasındakı maneləri aradan qaldırmaq və insanın özünü tapmasına zəmin hazırlamaq naminə göstərilən səylərə isə kiçik cihad mənasında "cihadi-əsğar" deyilir. Allah Rəsulu (s.ə.s.) bir cihadda düşmənə həddini bildirib geri dönərkən ordusuna xitabən "İndi kiçik cihaddan böyük cihada dönürük" buyurmuşdur. Böyük cihadın nə olduğunu soruşan səhabəyə "nəfslə mübarizə" cavabını vermişdir. (19:20)
- "Dərs keçilən yer" mənasına gələn mədrəsə İslam tarixində geniş yayılmış təlim-tərbiyə müəssisələrinin ümumi adıdır. Əslində bütün mədrəsələr Məscidi-Nəbəvədəki "Süffədən törəyərək damlanı dəryaya, zərrəni günəşə, zülməti nura çevirən mərkəzlər kimi fəaliyyət göstərirdi. Bu müəssisələrdə həm dini elmlər, həm də dəqiq elmlər tədris olunurdu. Müsəlmanların qızıl dövründə tibb, cəbr, həndəsə və digər bütün dəqiq elmlər fiqh, təfsir, hədis və kəlamla qoşa idi. Əl-Cabirdən (cəbrin mürşidi) İbn Sinaya, İbn Batutadan Xarəzmiyə, on əsrə yaxın Avropa ali məktəblərində əsərləri dərs vəsaiti kimi işlədilən cərrahiyyənin ustadı Zöhrəvi kimi neçə-neçə şəxsiyyət Həzrəti Məhəmmədin (sallallahu əleyhi və səlləm) məktəb və mədrəsəsinin tələbəsidir. Abbasi xəlifəsi Məmunun dövründə dövlət yerin kürə şəklində olduğunu sübut etmək qərarına gəlmiş, Bəni Musa (Məhəmməd, Əhməd, Həsən) Sancar səhrasında bu fikri isbat etməyə çalışmış, elm tarixində özünəməzxsus yeri olan bu təcrübə Kufə səhrasında da sınaqdan keçirilmiş və müasir biliklərə yaxın nəticələr əldə olunmuşdur ki, bütün bunların arxasında da mədrəsə dayanırdı. (21:43)
- Mədrəsə tələbələrə elmlə yanaşı ruh və məna aşılayır, həm də təkyə kimi fəaliyyət göstərirdi. Mədrəsə və təkyə kamil insan yetişdirən bir akademiya və şagirdlərini ruh və məna qəhrəmanı olmağa səsləyən bir müəssisə idi. O dövrdə, bəlkə də, bunlara bir ad verilməmişdi, amma mədrəsə də, təkyə də öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirirdi. Bu iki müəssisənin barı-bəhəri birləşib çağlayantək coşanda biz yüksəliş və qızıl dövrümüzü keçirirdik.. bu iki müəssisə bir-birindən qopub ayrı düşüncə biri gedib fanatizm və təəssüb quyusuna yuvarlandı, o biri də mistisizmin toruna dolaşıb iflic oldu. Bu məsələyə məktəb, mədrəsə, təkyə və ya dəqiq elmlər, İslami elmlər və qəlbi-ruhi həyatından ibarət üçbucaq şəklində də baxmaq olar. Bunların bir-birindən qoparılıb ayrı salınması bizim tənəzzülümüz olmuşdur. (25:00)
- İlk müsəlmanlar elm, həqiqət və araşdırma eşqi ilə varlıq və əşyanı ələk-vələk etmiş, əsrlər boyu hər kəsin baş vurduğu mühüm qaynaq olmuş, ayaq basdığı hər yeri öz müstəsna zövqünə görə şəkilləndirmiş, hər yeri cənnətə gedən yollara çevirmişlər. Təəssüf ki, hicri V əsrdən sonra o eşq-iştiyaq yavaş-yavaş söndü. O fikir fırtınası tədricən səngidi, hər şey tərsinə döndü.. və bu millətin üstünə ölümcül bir yorğunluq çökdü. (26:27)
- Mədrəsə, məktəb və təkyənin bir-birindən qopuşunu bir bənzətmə ilə izah edək: Bildiyiniz kimi, Qurani-Kərim təcvidində "səktə" qaydası var. Səktə bir əlif qədər nəfəs almadan dayanmaq deməkdir. Quranda dörd yerdə səktə keçir və sözlərin altında سكته şəklində işarə olunur. “Kəhf” surəsinin ilk ayəsindəki عِوَجًا sözü də bunlardan biridir. وَلَمْ يَجْعَلْ لَهُ عِوَجًا قَيِّمًا bəyanında "ıvəcə" deyib nəfəs almadan bir əlif qədər dayanırıq və "qayyimən" sözünə keçirik. Bəli, V əsrdə bizim məktəb, mədrəsə və təkyə ruhumuz səktəyə məruz qaldı. Əslində, o durğunluq bir əlif miqdarı olmalıydı, amma təəssüf ki, biz orada ilişib qaldıq, səktəni heç cür keçə bilmədik. (27:55)
- Zəfər, güc, qüvvət və hakimiyyət ən gözüaçıq insanın belə gözünü qamaşdıra, ağlını başından ala, saraylara həbs edib rahatlığa sürükləyə bilər. Haşa, əcdadımıza tənə etmirəm, Gibbin, Renanın dilə gətirdiyi bir həqiqəti çatdırıram: insana biçilmiş bir ömür var və vaxtı gələndə hamı bir-bir dünyadan köçəcək. Millətlərin də bir ömrü və əcəli var. Onlar da insan kimi doğulur, böyüyür və ölür. Heç kim bu amansızın əlindən qurtula bilməz. Osmanlı bu tənəzzülü gecikdirdi, amma bu da bir həqiqətdir ki, uğur, təqdir və alqışlar hipnoz kimi “yat, yat” deyib müəyyən dövrdən sonra onlara da təsir etdi. (28:33)
- Belə demək mümkünsə, mədrəsə üç talaqla (bir kişi kimi) dəqiq elmləri evindən qovdu, "Rədd ol, səni üç talaqla boşadım" dedi. Çox keçmədən təkyəni də eyni şəkildə çölə atdı. Üç talaqla boşanan həmin kişəyə qayıtmaq istəyirsə, zövci-axir etməli idi. İndiyə qədər bəlkə də əlli dəfə zövci-axirlə nikahlandı, amma hələ də öz yerinə qayıtmadı. Qərblə zifafa girmək üçün əlli dəfə qapısını döydük, əlli dəfə vüsala can atdıq, əlli dəfə “şəbi-arus” dedik, ağlımız getdi, gözümüz bulandı, atdıq özümüzü onun qucağına. Zövci-axir şərtini dəfələrlə yerinə yetirdik, mədrəsə ruhu ilə məktəb şüuru, ağılla qəlb təkrar birləşə, izdivaca girə bilər. Həzrəti Ustadın xəyalını qurduğu, "Ağılın ziyası ilə qəlbin nurunun ittifaqı" həyata keçə bilər. Bu ittifaqla da tələbənin himməti pərvaz edər. (30:38)
- Bəli, "İgid yıxıldığı yerdən qalxar!" Məktəb, mədrəsə və təkyənin bir-birindən qopması və yararsız hala gəlməsi bizim süqutumuza gətirib çıxarmışdır. Belimizi dikəltmək istəyiriksə, bu üçü təkrar birləşməli və əl-ələ, çiyin-çiyinə verib öz funksiyasını yerinə yetirməlidir. (35:00)
- tarixində yaradılmışdır.