Yaşatmaq idealı və təbliğ iztirabı
- Bütün bəşəriyyət Allahın istədiyi ruhi-mənəvi məqama yüksələrsə, bizim üçün daha istəməyə bir şey qalmaz.
Həqiqətlər qarşısında qəlbi tir-tir əsən insanları itirdiyimiz gündən yetim qalmışıq!..
- Həzrəti Ustad deyir: “Millətimin imanını salamat görsəm, Cəhənnəmin alovları içində yanmağa razıyam, çünki vücudum yanarkən könlüm gül-gülüstan olar". Yüksək Peyğəmbərlik məqamının kölgəsində, kölgəsinin kölgəsində, kölgəsinin kölgəsində olan insanlar özləri üçün deyil, yalnız və yalnız başqaları üçün yaşamışlar. Bu, Rəşid Xəlifələr başda olmaqla bütün böyük simaların tarix boyu dəyişməz xüsusiyyəti olmuşdur. Rəşid xəlifələr ən doğru yolu tutmuş, bu yolda inamla addımlamışlar. Üstəlik İnsanlığın İftixarı Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) daha ziyadə onları nümunə göstərmişdir. Özü isə həmişə diqqət mərkəzindədir, çünki O “müşərün bilbənan”dır (barmaqla göstərilən böyük şəxsiyyət). O, bir nəbidir və hamı Ona tabe olmağın zəruriliyinə şək-şübhəsiz inanır.
- Harun Rəşid böyük şəxsiyyətlərdən geri qalmır. O, dövrün böyük övliyalarından olan Füdayl ibn İyazın iki dodağından tökülən kəlmələri ləl-cövhər sayar, onun sözündən çıxmazdı. Harun Rəşid Fudaylın yanında neçə dəfə hıçqıra-hıçqıra ağlamışdı. “Padşahsan, hökmdarsan; haqsızlıq edir, zülm verirsən. Allahdan qorxmursan?” deyən Fudayl ibn İyaza heç nə söyləməzdi. Bəlkə də, o, bu əməllərin heç birini işləməmişdi, amma çox güman “Bu böyük övliya bir şey sezir ki, belə sözlər deyir!”, - deyə etiraz etməzdi. Yanındakı Fazl onu susdurar, “Bəsdi, hökmdarı öldürəcəksən!” deyərdi.
- Bu həqiqətlər qarşısında qəlbi tir-tir əsən insanları itirdiyimiz gündən bəri həqiqi insana həsrət qalmışıq... Həqiqətlər üzünə vurulanda “Bunlar elə bil əynimə biçilib” deyərdilər. “Oğru!” “Mürtəşi” (rüşvətxor), “Haq yeyən!”, “Zalım” kimi xitabları eşidəndə “Yerdən-göyə qədər haqlısan” söyləyərdilər. ..... Yəqin, bu zatlar mənim xətalarımı açıq-aydın görür və dilə gətirirlər. Mənim borcum isə, onların göstərdiyi yolla getməkdir” deməyi bacaran insanlara həsrət qalmışıq.
Ömrünü başqalarının səadətinə həsr edən bəxtiyarlar
- Hər birində bir nur haləsi... amma biri həqiqi, digərləri kölgəsi. (...) Onlar insanların qaranlıq dünyalarını işıqlandırmaq üçün özlərinə qaranlığı rəva görürlər. Əllərindəki şamı başqalarına uzadırlar. Bütün şamları alışdırmaq üçün qaranlıqlara can atar və daima iztirab çəkərlər; əzab-əziyyətlərə sinə gərərlər. Ancaq bundan ötrü qəm yeməz, şikayət etməzlər. Heç vaxt sızıldamazlar! Arzulamasalar da – onların belə bir dərdi yoxdur – millətin və gələcək nəslin gözündə yadi-cəmil (ən gözəl xatirə) olaraq qalarlar. Yadi-cəmil olar, daima yad edilər, həmişə barmaqla göstərilərlər...
- Bəzilərinin dünyada bir məzarı da yoxdur. Nə bir məktəb, nə bir kültür dərnəyi, nə də bir universitet onların adını daşımaz, çünki onlar hər şeyi Allah üçün etmişlər və “Bizim mükafatımız Allaha aiddir. Heç kimdən bir təmənnamız yoxdur” deyib peyğəmbəranə bir əda ilə unudulub getmişlər.
- Ustad Həzrətləti: “Mənim qəbrimin yerini bir-iki tələbəmdən başqa heç kim bilməməlidir!” demişdir. Bir yerə dəfn edilmiş, sonra da arzuladığı kimi məchul bir yerə köçürülmüşdür. Ancaq kim onu yaddaşlardan silə, kim onu unutdura bilər?! İnsanlar tərtib etdiyi təsbihatla, qoyub getdiyi nadir əsərlərlə onu yad edir, onun dünyasında səyahət edirlər. Onun açdığı yolda imani-billahdan mərifətullaha, mərifətullahdan məhəbbətullaha varırlar, əsərlərini oxuyub onun seyri-ruhanisini (ruhi-mənəvi kamilləşmə) yaşayırlar. Ardıcılları da ondan geri qalmamışdır. Tahiri Mutlulardan Xülusi əfəndilərəcən...
- Onlar böyük insanlardı... Xülusi Əfəndi leytenant və ya kapitan olanda Həzrət Ustadla bir-iki dəfə görüşmüş, bircə dəfə arxasında namaz qılmışdı. Ancaq ixlasda zirvələrə yüksəlmişdir. Həzrəti Xalid ibn Vəlid təbiətli... Amudi (şaquli) yüksəlmişdi mənən. Zübeyr Gündüzalp heç də onlardan geri qalmırdı. Mustafa Sunqur da... məqamı cənnət olsun... Bu insanların hamısı dünyasını dəyişib, rəhmətə gediblər... İndi öz ruh aləmlərində qanad çırpırlar. Bəzən bizə iltifat göstərib yuxularımıza gəlirlər, yuxularımızı şənləndirir və rəngləndirirlər.
- Mustufa Sunqur bu yaxınlarda dünyasını dəyişdi. Abidəvi bir şəxsiyyət idi. İlk illərdə tanış olduğum insanlardandı. Müəllimliyi qoyub Həzrəti Piri-Muğanın ardınca getmiş... Ustada o qədər yaxın olmuşdu ki, onun haqqında “Vəkilim” demişdi. Həbsdə də, azadlıqda da ondan ayrılmamış; dünyaya aid hər şeydən imtina etmiş və həqiqətən böyük qəhrəmanlıq göstərmişdi. Bizim kimi deyil! Sonra yetişənlər kimi deyil! Zindanlara atılmış, nəyin bahasına olursa-olsun ondan ayrılmamışdı. Və son nəfəsinədək də vəfakar olmuşdu, Allahın izni və inayəti ilə... Məqamı cənnət olsun... Allah bizi onların şəfaətinə nail eləsin.
- Onlar öz dövrünün insanları deyildi. Bu kirli, çirkabla dolu dövrü yaşayan insanlar deyildi. Onlar səhabənin arxasında dayanan igidlər idi. Abidəvi şəxsiyyətlər idi, Allahın izni və inayəti ilə... Allah bizi düşüncələrimizdə səhv çıxarmasın. Biz onların belə olduğuna inanırıq, onları bu cür görürük və ölənədək onları bu cür yad edəcəyik. Çünki onların dünyəvi heç bir amalı olmadı... maaliyyəçilər araşdırsınlar, qara qəpikləri də olmadığını görəcəklər.
- Çünki onların Qarun kimi sərvət yığmaq niyyəti yox idi. Qaruntək dünya sərvətində boğulma fikri yox idi. Firon kimi insanlara hökmranlıq etmək düşüncəsi yox idi. Onlar həsəd xəstəsi deyildilər. Qısqanclıq xəstəsi deyildi. Dəli deyildi onlar. Onlar başqalarının qurduğunu dağıtmaq üçün hər yerdə propaqanda aparan Fironcuqlar deyildi. Əksinə onlar Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) miras qoyduğu əmanəti – ciddi bir isar düşüncəsi ilə, başqaları üçün yaşama və öz həyatını fəda etmə düşüncəsi ilə, bütün çətinliklərə baxmayaraq – ehya etməyə çalışırdılar.
- Qitmirin (özünü nəzərdə tutur) bir mülahizəsi var: yüksək məfkurəsi uğrunda əzilməyən, döyülməyən, vurulmayan, təhqirə məruz qalmayan, sürgün edilməyən – belə ki, bütün bunlar peyğəmbər yolunda var – insanların “Millətim üçün çalışıram!” iddialarına qətiyyən inanmıram! Onlar yalançıdır, saxtakardır. İnsan inancı uğrunda əzilməli, ruh dünyasını, qəlb dünyasını ehya etmək uğrunda əzab-əziyyət çəkməlidir ki, haqq yolda olduğunu isbat etmiş olsun. Elə peyğəmbər vardır ki, əzab-zəziyyət görməsin, el-obasından sürgün edilməsin? İnsanlığın İftixarı Peyğəmbərimiz, Həzrəti Məsih, mişarla doğranan Həzrəti Zəkəriyya, vəhşicəsinə şəhid edilən Həzrət Yəhya, yerindən-yurdundan sürgün edilən Həzrəti İbrahim, el-obasından didərgin salınan Həzrət Musa, Həzrəti Harun... Peyğəmbərlər bu yolu seçmişsə, məncə, həqiqi yol məhz budur!
- Konyunkturdan istifadə edərək xalqın canına daraşan parazitlərin millətə bir faydası yoxdur! Belələri xalqı istismar edib öz səltənətini qururlar... ancaq Allahın da bir həddi var. Bir həddən sonra cümlə tiranlar kimi onlar da dervrilib gedəcələr. Bəzi insanlar yadi-cəmil (gözəl xatirə), onlar isə yadi-qəbih (pis xatirə) kimi xatırlanacaq. İnsanlar hər dəfə yadlarına düşəndə: “O münafiqə də lənət olsun!” deyəcəklər. “Getdiyi hər yerdə Türk millətinin son dirilişinin, son möhtəşəm dirilişinin kökünə balta çalmaq üçün insanların beynini qarışdıran, dünyanın müxtəlif yerlərində dinin yayılmasına mane olmaq istəyən tirana lənət olsun!” deyəcəklər.
Təbliğ eşqi və bu yolda çəkilən iztirablar
Sual: Ömür boyu təbliğ şövqü və iztirabı ilə yaşayan Peyğəmbərimiz (aleyhissalatu vəssəlam) və səhabeyi-kiram həzrətləri bu yolda hansı metodlardan istifadə edirdilər? Otuz-qırx dəqiqəlik qatar səfərində belə, bir insan tapıb ona haqq və həqiqəti çatdırmaq cəhdini bu eşq və iztirabın bir əksi hesab etmək olarmı? Bu məsələdə fərdi təbliğ nə qədər əhəmiyyətlidir?
- Əvvəla təbliğ edilən həqiqətlərin zəruriliyinə, əhəmiyyətinə, mükafatına və faydalarına inanmaq çox vacibdir. Onlar inanırdılar! Necə inanırdılar? Səhər günəşin doğacağına inandıqları kimi inanırdılar, hətta ondan daha artıq inanırdılar. İkindi vaxtından sonra günəş qüruba yönəldimi, artıq gecədən başqa bir şey gözləmirsiniz. Onların inamı bundan daha artıq idi. Ola bilsin ki, günəş batmasın, gecə gəlməsin, lakin bu, bir ehtimaldır, mində bir ehtimaldır. Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) möcüzəsi kimi, – Rəsulullahın zamanında Allah-Təala bir möcüzə olaraq günəşin doğuşunu bir qədər gecikdirmişdir – gecə gəlməyə bilər. Və ya qiyamət qopar, daha gecə olmaz. Ancaq onlar axirətə riyazi dəqiqliklə inanırdılar. “İki dəfə ikinin dörd etməsindən şübhələnmək olar... ancaq gedəcəyimiz yerə (yəni axirətə) və Cənabi-Allahın və Peyğəmbərimizin bizə təbliğ etdiyi həqiqətlərə zərrə qədər şübhə etmərik!” düşüncəsi vardı onlarda.
- İkincisi, o Zatın (sallallahu aleyhi və səlləm) – Həzrəti Pirin də vurğuladığı kimi – insibağı (ilahi boya) var idi. Allah Rəsulu bu düşüncə, duyğu və təbliğ fırçasını kimə çəkirdisə, həmin insan bir mənada səmaviləşirdi. Onun hərəkətlərinə, davranışlarına, baxışlarına, mimikalarına və gözünün içinə baxan adamlar “Bu insan yalan danışmaz!” deyirdirlər. Qərəzlə baxmayanlar Ona görən kimi məftun olur, “Bu insan dürüst adamdır, Ona inanmaq olar!” deyirdilər. Onda belə bir güc var idi. Ona görə də o günədək bataqlıq içində yaşayan insanlar Onun təbliği sayəsində birdən-birə kövsərdə yuyunub təmizlənir, mənən yüksəlir və mələklərlə qoşa addımlamağa başlayırdılar, Allahın izni və inayəti ilə.
Yaşatmaq üçün yaşamayanların yaşadığını sanmayın!..
- Sözügedən iki məsələ aspektindən baxanda, zənnimcə, o pak könüllərdəki təbliğ şövqünü görmək mümkündür. Qurani-Kərimdə Peyğəmbərimizin bu məsələyə münasibəti təsvir edilmişdir. Xüsusilə iki yerdə “Az qala özünü öldürəcəksən” cümləsi keçir. Qurani-Kərim bununla Onun “Hamı hidayət yolunda olsun, kamillik zirvəsinə yüksəlsin, Cənnətlə sərəfraz olsun və ən sonda Cənabi-Allahın camalı və rizası ilə şərəflənsin” düşüncəsini diqqətə çatdırmaq istəyir. İnsanlığın İftixarı Peyğəmbərimiz “O da insan, bu da inans, filankəs də iman gətirsin...” deyir.
- Təbliğdə mülayimlik çox vacib bir faktordur. Qurani-Kərimdə iki yerdə Həzrəti Musaya (aleyhissalam) qövli-leyyin (mülayim dil, üslub) tövsiyə edilir. Davranışlarınızda və düşüncə dünyanızda belə bir mülayimlik , belə bir yumşaqlıq və müsamihə varsa, ümumbəşəri dəyərlərə sayğı varsa, qarşı tərəf də sizə hörmət göstərəcəkdir...
- Ürəyinizi hər kəsə açsanız, sizi təhqir edənləri belə unutmasanız, bir gün bütün dünya da ürəyini sizə açar. Nə olur-olsun Həzrəti Mövlana kimi, Yunus Əmrə kimi insanlara qucaq açmalı və “Məni inandığım dəyərlər yoğura-yoğura bu vəziyyətə gətirdi!” deməliyik... Sizcə, qarşı tərəf inanmazmı buna?! Yəni “Mən də insanam, mən də qəzəblənirəm, hiddətlənirəm, ancaq inancım məni yoğura-yoğura bu vəziyyətə gətirdi. Görürsən ki, sən mənə həqarət etsən də, mənə sənə yenə də qucaq açıram!” düşüncəsinə... Onlar da insandır, mənə elə gəlir, əvvəl-axır onlar da başa düşəcəklər...
- Xüsusilə, bu dövrdə din fərqliliyi, məzhəb fərqliliyi, irq fərqliliyi ucbatından insanlar bir-birinə məsafə qoyur. Biz, buna bir mənada göz yummalıyıq, bu fərqliliyi görməməzliyə vurmalıyıq... bəzən bir stəkan çayla... və ya hədiyyə alıb baş çəkməklə... Bizim əlamətdar günlərimiz var. Bu günləri çoxaltmaq olar. Məsələn, vəhyin ilk dəfə nazil olduğu gün, Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) ümumi təcriddən azad olduğu gün, Peyğəmbərimizin Meraca yüksəldiyi gün, Həzrəti Xədicənin vəfat etdiyi gün, Hicrət... Bu kimi günlərdən istifadə edərək insanlardan uzaq olmadığımızı göstərməliyik...
Tiranların qarşısında Yusiflər olmasa, dünyada əmin-amanlıq qalmaz!..
- Otuz-qırx dəqiqəlik qatar səyahətində belə bir insana haqq və həqiqəti çatdırmaq üçün çırpınanlarda da bu şövq və əhval-ruhiyyə var. Məsələn, Həzrəti Piri-Muğanı düşünün... Zindana atılır, oranı “Mədrəseyi-Yusufiyə” adlandırır. İmam Şazəli, Əbdülqadir Geylani, İmam Qəzali, İmam Rəbbani həzrətləri kimi şəxsiyyətlərin zindanlara atılması onu göstərir ki, böyük zatların taleyi budur. Yəni bir mənada buralar insanları mənən təmizləyən və ya məqamca yüksəldən yerlərdir.
- Hazırda da Mədrəseyi-Yusufiyədə nə qədər tərtəmiz insanlar var. İnsanlar bu yerlərdə mənən təmizlənirlər. Üstəlik cinayətə görə deyil, savab əməldən ötrü oraya atılıblarsa, əməl dəftərlərinə ikiqat savab yazılır. Bəli, müasir Mədrəseyi-Yusufiyə müsafirləri/mühacirlərini... Allah (cəllə cəlaluhu) sələfi-salehinlə yaxınlaşdırmaq üçün oraya göndərmişdir... “Yusifləşdirir” onları, gələcəyə hazırlayır... Gələcəkdə də çoxlu tiran ortaya çıxacaq... Yusiflər olmasa, dünyada qardaşlıq təşəkkül tapmaz, əmin-amanlıq və sevgi abı-havası meydana gəlməz.
- Əslində, bu yolun qəhrəmanı Həsən əl-Bənnadır (rəhmətullahi aleyh). Misirdə bir qatara minir, yol boyu sərnişinlərə haqqı təbliğ edir...Yolda düşüb başqa miniyə minir, orada da təbliğ etməyə davam edir... Həzrətin peşəsi müəllimlikdir... 7-8 iş saatından sonra həqiqi peşəsi ilə − insanların dünyalarını işıqlandırmaqla məşğul olurdu. Yolda da dayanmaz, vaxtını təbliğlə dəyərləndirərdi.
Əkin mövsümüdür, bizim vəzifəmiz qayalara belə toxum səpməkdir!..
- Allahın lütf etdiyi zamanın zərrəsini belə hədər etməməli, vaxtımızı israf etməməli və onu səmərəli şəkildə dəyərləndirməliyik. Bir mühüm vəzifəmiz də insanları əbədi zindanlardan qurtarıb onlara Cənnətə aparan yolları göstərməkdir.
- Bir nəfərlə, iki nəfərlə məşğul olmaq və onlarla bir-bir görüşmək, bu işi öhdəlik kimi boynuna götürmək, evdədirsə evində, məktəbdədirsə məktəbdə, xəstəxanadadırsa xəstəxanada, kilinikadadırsa klinikada baş çəkmək, alicənablıq göstərib ayağına qədər getmək, alicənablıq göstərib hamıya bir-bir vaxt ayırıb ziyarət etmək çox vacibdir. Xüsusilə də, bəzi insanların həsəddən, qısqanclıqdan, paxıllıqdan narahat olduğu belə bir dövrdə siz mülayimliklə, onları narahat etmədən fəaliyyətlərinizi davam etdirməlisiniz.
- On nəfəri üstünüzə öhdəlik götürün, amma bir filankəslə görüşün, bir filankəsə baş çəkin... İndi əkin mövsümüdür... Yazda toxum gec cücərir, amma payızda əkilənlər baharın işartıları görünər-görünməz dərhal boy atmağa başlayır. Yaxşı məhsul götürmək istəyirsinizsə, bu “payız” mövsümündə dayanmadan toxum əkin. Dayanmadan hər tərəfə toxum əkmək lazımdır... Qranit qayalara belə toxum əkmək lazımdır... Allahın izni ilə, o toxumlar, o rüşeymlər qayaları belə dəlib keçər, boy atar.
- tarixində yaradılmışdır.