İnsanlara hörmətin vacib tərəflərindən biri də onları daima Cənabi-Allahın rəhmaniyyət və rəhimiyyətinin təcəllisi kimi görmək, onları qucaqlamaq, bağrına basmaq, köksünü onlara açmaqdır. Nöqsana yol verəndə də doğma övladınız kimi, bəlkə, yüngülcə qulağını çəkə bilərsiniz, cəzalandıra bilərsiniz, başına bir iş gəlməsin deyə “bismillah dəstur” deyib yüngülcə əlinizlə itələyə bilərsiniz. Bunlar ayrı məsələ... Lakin öz övladınıza göstərdiyiniz bu şəfqəti bütün möminlərə göstərməyi də bir prinsip kimi qəbul etməli və bu məsələdə əsla nöqsana yol verməməlisiniz. Hal-hazırda da şahidi olduğumuz kimi, övladınızın yol verdiyi xətaya görə, üsyan və günaha sürükləyəcək bir məsələ qarşısında dərhal hiddətlənərək vurub-döymək yerinə ,“Görəsən nə edim ki, onu bu yanlış yoldan qurtarım, ruhdan salmayım, incitməyim və onu özümə qarşı kəskin reaksiyaya sövq etməyim” deyə düşünmək lazımdır. Şəfqət bunu tələb edir.
Şəfqət sizin yolunuzun, haqqı ucaldanların, özünü ruhun abidəsini yüksəltməyə həsr etmiş insanların tutduğu yolun dörd əsas düsturundan biridir. İki düstur da ikinci dərəcəlidir. Dər təriqi-əczi-məndi lazım aməd çari-çiz, / Əczi-mütləq, fəqri-mütləq, şövqi-mütləq, şükrü-mütləq, ey əziz!.
Şəfqət və təfəkkür dörd əsas qaydadan sonra gəlsə də, çox əhəmiyyətlidir.
Elə bir qapı yoxdur ki, şəfqət toxmağı ilə açılmasın. Hiddətlə, şiddətlə və qaba rəftarla heç bir problemi həll etmək olmaz. Şiddət, hiddət, qəzəb və bu kimi hallar müvəqqəti cinnətdir (dəlilikdir – tərc.) Bu vəziyyətdə isə insanların dərdinə çarə olmaq mümkün deyil. Məcnunlar insanların dərdinə dəva ola bilməzlər. Gərək insanın ağlı başında olsun. Bu da şiddətdən, hiddətdən, qabalıqdan, kobudluqdan, nifrətdən, kindən, qeybətdən, iftiradan, riyadan, ikiüzlülükdən, hiyləgərlikdən, çirkin əməllərdən çəkinməklə mümkündür. Bunlardan uzaqlaşa bilməyən insan ali duyğu və düşüncələrə sahib olsa da, Həzrət Cəbrayılın ağzından çıxan ləli-gövhər kimi inciləri belə heç kimə qəbul etdirə bilməz. Şəfqət, mərhəmət və həlimlik mömində bir əsas olmalıdır.
Kim necə davranır-davransın, başqalarının rəftarı, dünyagörüşü, həyat fəlsəfəsi və mövqeyi nə cür olursa-olsun, mömin Qurana söykənməli, səhih sünnənin xəttində hərəkət etməli və Rəşid xəlifələrin yolundan ayrılmamalıdır. O cümlədən insanların qüsurları ilə məşğul olmamalıdır ki, bu da qətiyyən doğru deyil.
“Mömin qardaşını bir günahına görə ayıblayan həmin iş başına gəlmədən ölməz!..” buyurur İnsanlığın İftixarı Peyğəmbərimiz. Üstəlik, Allah eləməsin, qeybət də edirlərsə və əlavə bu yöndə iftira atırlarsa, xoaşgəlməz sözlər danışırlarsa... üstəlik bütün dünyaya car çəkərək bu işi həyata keçirirlərsə, heyətləri qeybət və iftiranın hədəfinə çevirirlərsə, bu, Allah qorusun, ümumun haqqıdır, Allahın haqqıdır... bu qədər camaat halallıq verməsə - mən yenə də o ifadəni dilimə gətirmək istəmirəm - əgər yerimdə başqası olsaydı, “Başları səcdədən qalxmasa da, İslamiyyət üçün bəzi işlər görsələr də, bu cür insanlar qətiyyən cənnətə girə bilməzlər!..” deyərdi.
Böyük bir cameəni, ömrünü Allaha həsr etmiş insanları... keçmişdə də, bu gün də − keçmişdə təkcə mülhidlər edirdi, indi assimetrik hücumlar var – (hizmətin) axırına çıxmağa çalışırlar. Ancaq bu hadisələr qarşısında sarsılmadan, sarsılsa da yıxılmadan: “Ey uca Rəbbimiz, biz yalnız Sənə güvənib, Sənə pənah gətiririk. Bütün varlığımızla Sənə yönəlmişik və bir gün Sənə gələcəyik” deyərək Peyğəmbərimizin (sallallahu aleyhi vəsəlləm) cəddi Həzrəti İbrahim (aleyhissalam) kimi Allaha söykənib, səy göstərib, hikmətə ram olaraq bu müsibətlərin öhdəsindən gəlməyə çalışmalı, “Bu da keçər, ya Hu!” deyib keçib-getməsini gözləməliyik.
Naxoş, xoşagəlməz şeylərə eyni şəkildə cavab verməmək lazımdır. Möminə “alçaq” deməmək lazımdır. Allah bir gün belə deyəni həqiqətən alçaldar və o, alçalmış halda tarixə düşər. Gələcək nəsillər də onu alçalmış insan kimi tanıyar.
Ayıblarla məşğul olmaq möminin işi deyil. Həm Quranın əsas prinsipləri, həm sünneyi-səhihədən çıxan əsaslar hüquq sistemi baxımından şəxslərin qüsurlarını arayıb-axtarmağın doğru olmadığını qitmir dəfələrlə ərz etmişdir.
Peyğəmbərimizin (sallallahu aleyhi vəsəlləm) hüzuruna çıxan Həzrəti Maizi üç dəfə geri qaytardığını, dördüncü gəlişində şəriətə görə cəzalandırdığını bu yaxınlarda ərz etməyə çalışmışdım. Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) qamidiyəli qadını da geri qaytarsa da onlar qərarlı idilər. Ancaq belə bir cəza ilə arıncaqlarına inanırdılar. Halbuki gizlin işlənən günahlar haqda İnsanlığın İftixarı bu fikirdə idi: Allaha pənah apararsan, mənəvi dərəcəndən asılı olaraq, tövbə, inabə, övbə edərsən, isteğfar edərsən, “Allahım, bütün isteğfar edənlərin isteğfarları qədər Sənə isteğfar edirəm!” deyərsən, “Və tövbə edirəm, Sən Tövvabsan, tövbəmi qəbul et, Sən Münibsən, inabəmi cavabsız qoyma, Sən Həzrəti Övvabsan, nə olar övbəmi qəbul buyur” deyə niyaz edərsən. Bunlar Sufi anlayışında Allah-taalaya yönəlişi ifadə edən məfhumlar olub “Qəlbin zümrüd təpələri”ndə verilmişdir. Ərbab yanında bunları sadalamaq artıq olar. Şəxsi günahlardan təmizlənmək üçün isteğfar, tövbə, inabə və övbə etmək lazımdır. Bunu edən insan Cənabi-Allahın lütfü, kərəmi, mərhəməti, rəhməti ilə arınar və təmizlənər. Tövbə bir təmizlənmə çeşməsidir. Beləcə insan tərtəmiz arınıb Firdövslə şərəflənə bilər.
Ancaq elə cinayətlər var ki, ümumun – ammənin hüququna təcavüz sayılır. Ammə haqqı həm də Allah haqqıdır. Heç bir hüquq sistemi − istər İslam, istər müasir hüquq sistemi olsun − ammə hüququnu güzəştə getmir. Burada söhbət ümumun hüququndan gedir. Ümuma aid şeylər talan edilibsə, bunu nə “Məcəllə” qaydaları ilə yumşaltmaq olar, nə də demaqoqluq və dialektika etməklə... Bu, ammə hüququdur. Ümum hüquqa təcavüz edilibsə, xalqın bir arpa dənəsi haqqı varsa və onu yeyiblərsə, kimsə buna göz yumursa, demək, o da həramilərlə şərikdir. Bu işə göz yummaq olmaz. Bu məsələdə əsas budur, prinsip budur, üsul budur...
Ola bilsin, üslubda xəta ediblər. Bunun bir üsulu var. “A”ya demək, “B”yə demək, “C”yə demək, nə bilim “H” demək də üslubdur. Ancaq heç vaxt üsul və əsas üsluba qurban verilməməlidir. O cinayətin yaxasını buraxmamaq, o cür pisliklərdən təmizlənmək lazımdır.
Günahkarlıq psixologiyası ilə cinayətləri görməməzliyə vuraraq, həramiliyi görməyərək, “Görən bunu kimin üstünə yıxaq?!” düşüncəsi ilə gündəmi başqa məcraya yönəldərək “Xalqın diqqətini necə yayındıraq, kimin üstünə yıxıb özümüzü xalqın gözündə təmiz çıxaraq?” demək... Bunlar dinin əmrlərini bir kənara qoyub demoqogiyaya əl atmaq deməkdir, Allah qorusun. Bu da günahı iki qata çıxarmaqdır. Bu, eyni zamanda cəmiyyətin bir-birinə yaxın olan parçalarını, “molekullarını” bir-birindən qoparıb kənara atmaq, yararsız hala gətirmək deməkdir. Allah qorusun.
Bu iki şeyi bir-birinə qarışdırmamaq lazımdır. Maiz günahı ilə, Qamidiyəli qadın günahı ilə, şəxsi günahı ilə qarşınıza çıxanda... İmam Xadimidən nəql etdiyim kimi, “Görəsən həqiqətən odur, yoxsa o deyil?” deyə üç-dörd dəfə gözlərini ovuşdurmaqdansa, baxma, “Lə havlə və lə quvvətə illə billəh” de. “Allahım, məni də, onu da bağışla!” de, üzünü çevir, çıx get. Əhəmiyyət vermə, fikrində, beynində ona yer ayırma... Və görəndə də qardaş kimi qucaqla. Bu, şəxsin özünə aid xətasıdır. Ancaq elə xətalar var ki, cəmiyyəti kökündən sarsıdır... Güzəştə getsəniz, yayılmasına, çirkabın bütün cəmiyyəti bürüməsinə səbəb olarsınız. O baxımdan istər İslam hüququ, istərsə də müasir hüquq sistemi bu məsələni araşdıraraq ağı ağ kimi, qaranı da qara kimi üzə çıxarmalıdır.
Ayədə buyurulduğu kimi “Allah mömini üzüağ çıxarar, təmizləyər, paklayar; o birilərini də ələyib tökər, onlar da ələnmiş olarlar”. Həzrəti Pirin sözü ilə desək, almazla kömür bir-birindən ayrılmış olar. Almazı kömürdən ayırmayanda onun yanında olduğuna görə, almaza belə kömür gözü ilə baxarlar.
Əsas məsələ təmizlənməkdir. İçəridəki çirkabları ataraq “ak” (ağ) idim, “ak” olmağa çalışıram, inşallah, həmişə “ak” qalacağam!” düşüncəsinə sadiq qalaraq daha fərqli strategiyalarla, daha insani hərəkət və davranışlarla, daha şəfqətli bir rəftarla!.. Başqalarını hədəf göstərərək bəzi qara qələmlərlə onları xalqın gözündə qaralamaq, bununla təsəlli tapmaq dünyada işə yarasa da, o bir tərəfdə keçməz. Çünki günahı Allah bilir, həramiliyi Allah bilir, oğurluğu Allah bilir, rüşvəti Allah bilir... O bir tərəfdə bircə arpanın hesabını soruşan Allah onlara görə də sorğu-suala çəkər.
Ağlımdan belə demək keçir. İndiyədək heç vaxt dilimə gətirməmişəm. Əgər bu məsələdə bəzi dostlar onlara verilən imkanlarla... onlar isnad edirlər, filankəs-bəhmankəs deyirlər, “f” deyə bilərlər, “g” deyə bilərlər, “ç” deyə bilərlər, “d” deyə bilərlər... deyirlər də... bulaşdı-bulaşmadı deyə bəlkə də cinayət sayılan bəzi işlərə əl atırlar. İçimdən belə demək keçir... Yoxsa Məhəmməd İqbal kimi, Həzrəti Piri-Muğan kimi... lənətə, bədduaya “amin” deməmək bizim ümumi şüarımızdır. Ancaq həqiqətən bu pis əməlləri üzə çıxaran qardaşlar... kimlərdirsə, tanımıram, mində birini belə tanımıram... “Hüquq və sistem, din və demokratiya bunu tələb edir” deyib “yuyub-təmizləmək” üçün, çirkli əməllərin hesabı o biri tərəfə qalmasın deyə bir iş görərkən dinin ruhuna zidd bir iş görüblərsə... bizdən görürlər, ona görə mən bizi də onların içində sayaraq deyirəm... dinin ruhuna zidd bir iş görüblərsə, elədikləri Quranın əsas prinsipləri ilə bir araya sığmırsa, müasir demokratik anlayışla təzad təşkil edirsə... Allah bizi də, onları da yerin dibinə batırsın, evlərinə od salsın, yuvaslarını başına yıxsın. Yox elə deyilsə, oğrunu görməzliyə vurub oğrunu yaxalayanın üstünə gedənlər, cinayəti görməyib günahı məsum insanların üstünə yıxaraq onları qaralayanlar... Allah onların evlərinə od salsın, yuvalarını dağıtsın, birliyini pozsun, arzularını ürəyində qoysun, yollarını kəssin, bir iş görmələrinə imkan verməsin!
(İndiyədək) deməmişdim, dözə bilmədim. O qədər diş “qiş qıcadılar”, o qədər haqsız yerə ittiham etdilər, o qədər təhrik etdilər, o qədər o “tvit”lərdə məlun düşüncələri yaydılar ki, dözə bilmədim. İndiyədək demədiyimi dedim.
Allah hər şeydən agahdır. Qitmir kimi insanların dünyada bir qara çöpü də yoxdur. Altmış ildə onun da ayağına imkan az gəlmədi. Həmişə Allaha dua eləmişəm: “Allahım, qardaşlarım kiminsə iş yerində, fabrikində çalışmadan nicat tapmasın. Allahım, məni onlarla utandırma.” İşçi kimi çalışdılar, işçi kimi təqaüdə çıxdılar və heç bir şeyin sahibi olmadılar. Əksəriyyəti kirayədə qalır. Özüm barədə də, onlar haqda da belə düşünmüşəm. Üç il məscid pəncərəsində yatmışam, sırf dünyaya bulaşmamaq üçün... altı il taxta daxmada döşəksiz yataqda qalmışam, dünya mal-mülkünə meyil etməyim deyə. Allah özü buna şahiddir. Ancaq həramilik edib xalqın malına əl uzadanlar hələ də müsəlman kimi özlərini qələmə verirlərsə... O tərəfdə kimin nə olduğunu hər kəs görəcək.
Könül Çələbin taxtı \ Çələb könülə baxdı \ Kim konül yıxdı isə \ O, iki cahan bədbaxtı. Nə qədər möminin könlünü qırdılar. Özümü də istisna etmədim. Haqsız olan kimdirsə, cəzasını mütləq çəkəcək.