Bəzilərinin: "Bizə dost olan bir xristianı müsəlmandan üstün tutaram" dediklərini eşitdik. Bu fikir doğrudurmu?

İslamın "ümmət" anlayışının təbii nəticəsi olaraq həm qarşılıqlı­ sev­gi və hörmət münasibətlərində, həm də sosial, siyasi, mədəni bərabərliklərin qurulmasında "din və dini dəyərlər" ortaq nöqtəsində hərəkət etmək əsasdır. Sosiologiyanın dili ilə desək, din üstqurumdur. İrq, cins, dil, peşə və s. xüsusiyyətlər isə bazisdir.

Buna görə irqin­dən, dilindən, cinsindən asılı olmayaraq, kəlmeyi-şəhadət söyləyib müsəlman olan hər kəs bir - birilə qardaşdır. "Möminlər qardaşdır" (Hücurat surəsi, 49/10) ayəsi bir mənada ümumbəşəri qardaşlığı nəzərdə tutur. "Bir-birilərini sevməkdə, bir-birilərinə mərhəmətdə, bir-birilərinə şəfqətdə möminlər bir vücud kimidirlər. Bədənin bir üzvü əziyyət çəkəndə digər üzvlər yuxusuzluq və hərarət içində bu dərdə şərik olurlar"[1] hədisi də eyni istiqamətdə bir müsəlmanın digər müsəlmanla münasibətini göstərir.

Bu məaldakı hökmlər ictimai həyatın bir reallığı olan hər cür status fərqini bir kənara ataraq ümumbəşəri qardaşlığı əmr edir. Belə ki, məsciddə namaz qılanda, Həccdə ehram içində təvaf edib vəqfə duranda var-dövlətin, vəzifə və şöhrətin unudulması bu həqiqətin həyatda əks olunmasıdır. Bizim üçün əsas məsələ bunu əxlaqa, xarakterə çevir­mək və ibadət sahələrindən cəmiyyətə çıxarmaqdır.

Amma bunu da qəbul etməliyik ki, qısqanclıq, qəzəb, hirs, kin və nifrət kimi bəşəri reallıqlar, İslami məlumatın azlığı, başqalarının təsiri altına düşməmək və bənzər səbəblərə görə dünya miqyasında ümumbəşəri İslam qardaşlığı bir yana, eyni ailə içində belə birliyi təmin etmək çətin olur. Xüsusilə, peşə və sənət təəssübkeşliyi ilə hərəkət edənlərdə belə hal daha tez-tez müşahidə olunur. Bu da dost olan bir xristianın düşmən bir müsəlmandan üstün tutulması ilə nəticələnir. Qısa desək, sualda nəzərdə tutulan nöqtəyə birdən-birə, öz-özünə gəlinmir.

Açıq desək, bu, bir problemdir və həlli iki tərəfin də İslami həqiqətlər dairəsində özünü ­­­­­­təkrar formalaşdırmasından asılıdır. Dialoq fəaliy­yətlərinin tamamilə yanlış olduğunu düşünən və İslami qaynaqları bu cür təhlil edən şəxslər digərlərinin də bu sahədəki ictihadi yanaşmalarını hörmətlə qarşılamalıdır. Eyni zamanda bunlar da digərləri nə edirsə etsin, hətta düşüncə və davranışlarını dəyişdirməsələr belə İslam qardaşlığının hər şeyin başı və fövqü olduğunu hər zaman xatırlamalıdırlar.


[1]. Buhari, Edeb, 27; Müslim, Birr, 66

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.