İran inqilabı zərərli oldu

Niyə qaçım ki?

Müşahidələrim

“Din adamlarından pul almaram”

Fəthullah Gülənlə göz həkiminə getmək üçün evdən çıxdıq. Hava soyuq idi, narın qar yağırdı. Gülən qabaqda, sürücünün yanında oturdu. Filadelfiyaya təqribən saat yarıma çatdıq.

Maşının içindəki söhbətin ab-havası bambaşqaydı. Türkiyə həsrətindən, Türkiyəyə qayıtsa, birinci hansı işləri görəcəyindən danışdıq.

Səfər əsnasında Arda Yavuz da fotoaparatını “danışdırırdı”. Gülənin maşında, xəstəxanada, əməliyyat həkimini gözləyərkən, göz xəstəxanasının onuncu mərtəbəsindən bayıra baxarkən, müayinə olunarkən… şəkillərini çəkdi.

Həkimi gözləyərkən Gülən ikindi namazını xəstəxananın səkkizinci mərtəbəsindəki meditasiya otağında qıldı.

Gülən göz xəstəxanasına üçüncü dəfə gəlirdi. Müayinə başa çatanda: “Həkim yenə pul almadı. Üçüncü dəfədir belə edir”, – dedi. Sən demə, həkim “Mən din adamlarından pul almıram” deyibmiş. Gülən də hər dəfə ona bir hədiyyə aparır.

İran inqilabı zərərli oldu

Mən Sünni dünyası ilə barışmasını, yaxınlaşmasını istərdim. Öz ölkələrində inqilab etmiş ola bilərlər, buna sözüm yoxdur, ancaq İslam adı altında hərəkət etmələri çox pis nəticə verdi. Hadisələr xoşagəlməz məcrada cərəyan etdi və dünyanın hər tərəfində müsəlmanlığa qarşı nifrət oyandı. Bununla da gözəl niyyətlə din yolunda xidmət edən insanların hərəkət və fəaliyyət sahələrinin daralmasına səbəb oldular.

Bu gün dünyanın harasında din və dəyanətlə bağlı bir səs yüksəlir, harasında bir insan “bizə fərd və ya ailə olaraq dinimizi yaşamaq imkanı verin” deyirsə, bu, böyük problemə çevrilir.

Yaxın Şərqdə gedən proseslərlə əlaqədar İslam Konfransı Təşkilatı hansı addımları atmalıdır?

İslam Konfransına Əkmələddin bəy kimi dürüst bir insan sədrlik edir. Hal-hazırkı vəziyyəti nəzərə alaraq ciddi bir konfrans çağıra bilər. Bölgənin parçalanmasına yol verməmək üçün təşkilatın səsini BMT-yə çatdıra, Amerikanı da səhv yoldan geri dönməyə çağıran sülhməramlı bir nota göndərə bilər.

Türkiyə hərbi gücü ilə təsir göstərə bilməzmi?

Hərbi gücümüz hər zaman təqdirəlayiqdir, lakin Türkiyənin boynuna çox iş düşür. Bu məsələni güc tətbiq etməklə yoluna qoymaq olmaz. Türkiyə ora hərbi qüvvə ilə girərsə, bəzi ünsürləri narahat edər, Yaxın Şərq xalqlarını da öz əleyhinə qaldırmış olar. Bu isə Türkiyənin keçmişdə qazandığı etibarı – mən bunu böyük sərmayə hesab edirəm – məhv edə bilər. Halbuki Türkiyə bu etibarının zədələnməsinə imkan verməməli və gələcəkdə bundan istifadə edərək Yaxın Şərqin özünə gəlməsinə, toparlanmasına dəstək olmalıdır.

İşin içində deyilsənsə, qaydaları başqaları qoyacaq

Amerikanın həyata keçirmək istədiyi Böyük Yaxın Şərq Layihəsinin (BYŞL) perspektivini necə qiymətləndirirsiniz?

BYŞL ilə bir qisim müsbət şeylər düşünmüş ola bilərlər. Lakin Yaxın Şərqdə bir çox dövlətlər kimi, Türkiyənin də mənafeyi və gələcəyi vardır. BYŞL həyata keçiriləcəksə, strateji ortaq kimi Türkiyənin də fikri soruşulmalıdır. Bəs Türkiyə hansı layihəni təqdim edir? Belə bir plan varsa və Türkiyə bu işin içində yoxdursa, deməli, o layihənin qaydalarını başqası qoyub, o oyunu başqaları planlaşdırıb. Nəticə etibarilə, plan daxilində istifadə etdikləri fiqurlar da başqalarına aid olacaq.

Türkiyə, BYŞL-də necə iştirak etməlidir?

BYŞL lazımdırmı, lazım deyildirmi? Biz buna inanırıqmı? Əgər inanırıqsa, Türkiyə dünya balansında yerinin əhəmiyyətli olduğunu Rusiyaya, Avropa Birliyinə və Çinə layiqincə göstərməlidir. Böyük Yaxın Şərq layihəsi gerçəkləşəcəksə, bunun ancaq Türkiyənin ağırlığı ilə mümkün olacağını yaxşıca çatdırmalıdır. BYŞL ciddi bir layihə olsa belə, həqiqətən də demokratiyanı bərqərar etmək kimi xoş niyyət daşısa belə, Türkiyə təmkinli davranaraq layihədə iştirakı götür-qoy etməli, öz maraqlarını qorumalı, məsələnin mahiyyətini, məqsədləri, oyunun qaydalarını və incəliklərini öy­rənməlidir. Bu məsələ Yaxın Şərqin başqa ölkələrinə də qəbul etdirilməlidir. Əks halda, layihə birdən tamam dayansa, oyun Türkiyənin əleyhinə nəticələnər, onda da maraqlarımızı qoruya bilmərik.

Türkiyə kimi onlar da demokratik sistemə keçə bilərlər

Uzun müddət diktatura rejimi altında yaşamış Yaxın Şərq xalqları öz tələbləri ilə demokratik sistemə keçə bilərmi, belə bir dəyişiklik sezilirmi?

Deyəsən, sezilir. Fikir, vicdan, özünü ifadəetmə, əmək hüquqları kimi məsələlərdə azadlıq tələbləri vardır. Seçmə-seçilmə məsələlərində özlərini yarımçıq da olsa, demokratiyaya keçmiş sayırlar. Vaxt gələr, daha yaxşı səviyyəyə çatarlar. Əgər bəzi Avropa dövlətləri kimi güclü bir demokratiyaya nail olmağı qarşılarına məqsəd qoymuşlarsa, bu, birdən-birə həyata keçməz.

Bir zamanlar Türkiyə demokratiyaya hansı yollarla keçdisə, onlar da o yolla keçə bilərlər. Bizdə necə oldu, millətin psixolo­giyası necə idi, ictimai vicdan necə qərar verdi, bunları tam bilmirəm, amma bu işi zor gücünə, təhriklərlə görməyə çalışsalar, xəta etmiş olarlar.

Hər hansı bir düşüncə, bir mülahizə nə qədər yaxşı olsa da, millətin öz içindən çıxmalıdır. Əks təqdirdə başqa yolları bağlayıb o yolu açmaq bu dəfə fərqli bir diktaturanın qurulması kimi qəbul edilər və etirazlara səbəb olar. Bu etirazlar plansız, kor-koranə ortaya qoyular. Həmrəy ola bilməz və xətaya yol verərlər. (“İslam dünyası”, Sızıntı, Mart 2004)

Əslində, demokratik haqlardan istifadə etmək istəyir, ancaq o nemətin necə əldə ediləcəyini bilmirlər. Bəziləri məsələnin radikal yollarla, bəziləri də iqtidara gəlmək tələbi ilə həll etməyə çalışır. Məsələnin insan probleminin çözümü ilə həllini tapacağına inanan isə çox azdır.

Türkiyə təcrübəsi onlar üçün model ola bilərmi?

Bizim demokratiyaya keçidimiz yarım əsr əvvəl başlasa da, bu günədək bu sahədə çatlamış, sınmış yerləri təmir etməklə məş­ğuluq. Bunlar nəzərdən qaçırılmayacaq bəşəri reallıqlardır.

Yaxın Şərqdə də insanları motivasiya etmək asan olmayacaqdır. Amma mən buna inanıram, demokratiyanın gətirdiyi nemətlər sistemdən daha əhəmiyyətlidir. Bəlkə də, bütün diktatorlar özlərini qorumaq, böyük güclərlə üz-üzə gəlməmək, öz xalqları ilə müharibə etməmək üçün güzəştə gedə-gedə, müəyyən hüquq və azadlıqları tanıya-tanıya demokratiyaya zəmin hazırlayacaq.

Düşüncə azadlığı, vicdan azadlığı, insanın özünü ifadə etmə azadlığı, çalışma azadlığı, bəlkə də, müəyyən mənada insa­na sayğı göstərən liberalizm... zaman keçdikcə inkişaf edərək təkmilləşəcəkdir. Bir gün gələcək, xalq öz istədiyini də seçəcəkdir. İndi demokratiyaya keçməkdə qətiyyətli olduğunu görmürəm, amma artıq belə bir prosesə qədəm basmışdır.

İrana müdaxilə balans məsələsinə görə gecikir

Amerikanın İrana müdaxilə etmə ehtimalı varmı?

İran, Suriya və Səudiyyə Ərəbistanı kimi iyirmiyədək dövlətin parçalanacağını 74-cü ildə bir jurnalda oxumuşdum. Türkiyənin cənub-şərq bölgəsinin də adı çəkilirdi orada. İndi də belə şeylər danışırlar.

Məncə, İrana müdaxilənin gecikməsi balansa görədir. Belə bir müdaxilə Türkiyəni bölgədə birinci gücə çevirər. Balansı ölkələr arasına fitnə salaraq və onları vuruşduraraq qoruduqlarına görə, ola bilsin ki, Türkiyənin irəli çıxmasını istəmirlər. Düzdür, yaxın tarixdə İranla münasibətlərimiz çox yaxşı olmasa da, aramızda müharibə baş verməyib. Amma hər şeyə rəğmən balansı qoruyub saxlamağa çalışırlar.

Burada “şahin” (zorakılıq və müharibə tərəfdarları) adlanan adamlar var. Bunlar insani dəyərlərə əhəmiyyət verməməkdə xəta edirlər. Halbuki bölgənin əmin-amanlığını təmin edən idarəetmə sistemi qurmaq mümkündür.

Nəticələrə baxsaq, İraqda və Səudiyyə Ərəbistanında baş verən hadisələrin onların öz əleyhinə olduğunu görərik. O zaman işin içində əcnəbi xüsusi xidmət orqanlarının olduğunu və bu hadisələri onların adamlarının törətdiyini düşünürsünüz.

İran inqilabını “ixrac etmək” istədilər

İran bir çox islami hərəkat üçün bir dövr, model, yaxud da ilham mənbəyi oldu. Sizcə, İran inqilabının alternativi nədir? Türkiyə İran kimi ola bilərmi?

Bütün inqilablar kimi İran inqilabının da “ixrac edilməsi” arzusu olmuşdur. Dini yönünə görə Türkiyədə bəzi dindar adamlar – Sünni olsalar da – buna rəğbətlə baxmış, İranın xarici siyasət rəsmiləri ilə əlaqə qurmuş və gedib oradakı məktəblərdə təhsil almışlar.

Yəni İran inqilabı bir növ örnək oldu. Orijinal olmasının da təsiri vardı. Daha əvvəl bu orijinallıqdan vəhhabilər istifadə edirdilər. Bu baxımdan təsirsiz saymaq olmaz, Misirə, Kanadaya qədər sıçrayan bu təsir radikal xarakter daşıyırdı. Dövlət imkanlarından istifadə edərək Uzaq Şərqin ən ucqar guşələrində məscidlər, məktəblər, İslam mərkəzləri açdılar.

Halbuki Türk xalqının təşəbbüsü ilə açılan və onlara alternativ olan məktəblər, kültür mərkəzlərini öz içimizdə bəziləri heç də xoş qarşılamadı. Kaş ki Türk dövləti bunu görə biləydi! Nə üçün siz o bölgələrdə alternativ olmursunuz, ola bilmirsiniz? Mən bunu başa düşməkdə çətinlik çəkirəm. Demək ki, bəzi adamlar qətiyyən düşünmürlər, bütün məsələlərə düşmən kimi, kin və nifrətlə baxırlar.

Bəşəriyyətin problemini bilmirlər

İran yeni rejimini ixrac edə bildimi?

İran öz rejimini “ixrac etmək”lə bölgədən dəstək almaq istədi. Bəlkə, Taliban da eyni xülyalara qapıldı, Türk məktəblərini bağlayanda “Bu, düz yol deyildir. Bununla problem həll etmək olmaz. Məsələni həll etməkdə əsl yol bizim yolumuzdur”, deyirdi. Bunlar dar düşüncəli, iqtidara gəlməklə bütün məsələlərin həllini tapacağını sanan, insanlığın problemini bilmədən danışan adamlardır.

İran yenilikçi görünməyə və bunları “ixrac” etməyə çalışırdı. “Cəhdləri nəticəsiz qaldı” demək doğru olmaz. 1992-ci ildə Avstraliyaya getmişdim, o il İranın dövlət hesabına doktorantura oxumaq üçün oraya 100 nəfər göndərdiyini eşitdim.

Əgər bir dövlət bütün xərclərini çəkərək dünyanın hər yerinə bu qədər tələbə göndərmişsə, oturub bunu düşünmək lazımdır. Türkiyə də eyni şeyləri edə bilərdi, öz fəlsəfə və mədəniyyəti ilə yetişdirdiyi insanları dünyanın müxtəlif yerlərinə göndərməklə özünü tanıda bilərdi.

Əgər lobbi fəaliyyətləri həyata keçiriləcəksə, ölkəmiz dövlətin mənafeyini düşünən vətəndaşlarını xarici ölkələrə göndərməklə buna nail ola bilər. Yoxsa pul verməklə hər şey düzəlmir. İran elə eləmədi, Səudiyyə Ərəbistanı da. Səfirlər, konsullarla və attaşelərlə kifayətlənmədilər.

Xomeyni etibarını itirdi

İrandakı islami hərəkatın müsəlmanlara faydası oldu, yoxsa zərəri?

Məscid kürsülərində də dedim: bir müctəhid kimi qəbul edilən Ayətullahlar, təvil və təhlilə açıq, təfərrüat sayılan məsələlərdə süni uçurumları aradan qaldıraraq Sünni dünyası ilə yaxınlaşmanı təmin edə bilərdilər. Bunlar eyni zamanda bir sıra yersiz nifrət hissini aradan qaldırar, o ölkə ilə daha yaxşı münasibətlər qura bilərdi. İnqilabdan sonra Xomeyni böyük nüfuz qazanmışdı. Ərəblərin nəşr etdiyi “Əl-Müctəma” adlı jurnalda Xomeyninin doğum günü münasibəti ilə qələmə alınmış bir yazı oxudum. Müəllif Xomeynini başlatdığı hərəkatı müvəffəqiyyətlə başa çatdırmasına görə göylərə qaldırırdı... Bu qədər böyük nüfuza malik bir insan təfərrüata aid bir çox problemi yoluna qoya bilərdi. Mollalar da bir dediyini iki eləməzdilər. Ancaq bu gözəl işi görmədilər.

İran bir mənada, Sünni dünyası ilə barış fürsətini dəyərləndirmədi?

Mən Sünni dünyası ilə barışmasını, yaxınlaşmasını istərdim. Öz ölkələrində inqilab etmiş ola bilərlər, buna sözüm yoxdur, ancaq İslam adı altında hərəkət etmələri çox pis nəticə verdi. Hadisələr xoşagəlməz məcrada cərəyan etdi və dünyanın hər tərəfində müsəlmanlığa qarşı nifrət oyandı. Bununla da gözəl niyyətlə din yolunda xidmət edən insanların hərəkət və fəaliyyət sahələrinin daralmasına səbəb oldular.

Bu gün dünyanın harasında din və dəyanətlə bağlı bir səs yüksəlir, harasında bir insan “bizə fərd və ya ailə olaraq dinimizi yaşamaq imkanı verin” deyirsə, bu, böyük problemə çevrilir. Halbuki İslam dininin ictimai həyatla bağlı yönləri də vardır və bunlar çox gözəl şeylərdir. Bunlar eyni zamanda dövləti, dövlətin qanun-qaydalarını da narahat etmir. Amma bir tərəfdən fürsət axtaranlar, digər tərəfdən də dövlətin sistemi ilə bağlı narahat olanlar (təkcə bizdə deyil) İslamın bir balaca qımıldanmasına İran kimi baxmağa başladılar. Təbii ki, həmin hərəkatda iştirak edənlərə də “molla” deməyə başladılar, hətta bəzilərinə “Xomeyni” adı da qoydular.

İrandakı hərəkatın İran xalqına faydalı olub-olmadığını bil­mirəm, bunu İranın fikir adamları müzakirə etsin. Lakin bu, bir həqiqətdir ki, həmin məsələ hüquq və azadlıqlardan yararlanmaq istəyən, bu istiqamətdə bir sıra səylər göstərən müsəlmanların fəaliyyət sahəsini daraltdı. Onları çətin vəziyyətdə qoydu.

İndi bütün dünyada müsəlmanlara “görəsən, belə bir əməlləri yoxdur ki?” şübhəsi ilə baxır və onları nəzarət altında saxlayırlar. “11 Sentyabr” hadisəsindən sonra vəziyyət daha da gərginləşdi, demək olar, hər kəs paranoyya içindədir.

Üstəlik müxtəlif bölgələrə hakim olanlar Qurani-Kərimin ifadəsi ilə “Eşitdikləri hər sözü öz əleyhlərində zənn edirlər”. Belə bir vahimə, qorxu vardır. Dolayısilə, İrandakı hərəkat bütün dünyada müsəlmanlıq üçün, islami oyanış və fəaliyyətlər üçün zərərli oldu...

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.