Mən həmişə xalqımın yanında olmuşam

Mən həmişə xalqımın yanında olmuşam

Müşahidələrim

İki mərtəbə arasında qoyulan kreslo

Gülənin qaldığı evin orta mərtəbəsində bir kreslo gözə dəyir. İlk baxışda kiçik otaqda istifadəsiz bir şey kimi görünür. Halbuki, bura otaq deyildir. İki mərtəbə arasında nərdivanların önündə boş yerdir. Aşağıya enən 14 pillə sizi mətbəx və yemək salonuna aparır. Yuxarı qalxan digər 14 pillə isə qonaq salonuna və Gülənin otağına çıxarır.

Gülən nahar yeməyinə düşmək üçün yoldaşları ilə birlikdə fasilə ver­mədən iki mərtəbə aşağı enir. Ancaq yeməkdən sonra yuxarı çıxanda həmin kreslo dadına çatır. Gülən bir mərtəbə çıxıb kresloda on dəqiqəyə qədər dincəlir, sonra da o biri mərtəbəni çıxır.

Buradakı on dəqiqəlik zaman da nərdivan söhbətinə çevrilir...

Mən həmişə xalqımın yanında olmuşam

Mən həmişə millətimin yanında olmuşam. Düşüncələrim, qəlbimdən keçənlər bəlli olduğu kimi, mövqeyim də aydındır. İnsan özünə bələd olsa da, o cür xoşagəlməz sözlər, təbii ki, heysiyyətə toxunur. Qranit və ya yer kürəsi kimi olsan belə, bu cür sözlər səni silkələyir. Səbir etsəm də, “Ya Sabur!” desəm də, mən də insanam, bu cür sözlərdən sarsılmadığımı deyə bilmərəm.

Keçmişdə sizin haqqınızda “turançı”, “neo-Osmanlıçı”, “millətçi”, “dövlətçi” kimi ifadələr işlətdilər. İndi də “ABŞ tərəfdarı”, “MKİ-nin xəfiyyəsi”, “Kardinal” deyənlər var. Bu cür ifadələr sizə necə təsir edir?

Mən həmişə millətimin yanında olmuşam. Düşüncələrim, qəl­bimdən keçənlər bəlli olduğu kimi, mövqeyim də aydındır. İnsan özünə bələd olsa da, o cür xoşagəlməz sözlər, təbii ki, heysiyyətə toxunur. Qranit və ya yer kürəsi kimi olsan belə, bu cür sözlər səni silkələyir. Səbir etsəm də, “Ya Sabur!” desəm də, mən də insanam, bu cür sözlərdən sarsılmadığımı deyə bilmərəm.

Ancaq haqqımda dilə gətirilən o zalım fikir və düşüncələri vasitə edərək duşun altına giribmiş kimi arına biləcəyimə inanıb təsəlli tapıram. Sonra “Quran”a baxıram, Aləmlərin Rəbbi haqqında cahilcəsinə deyilən yersiz sözləri xatırlatdıqdan sonra “Onların dediyi bu şeylərdən ötrü az qala yer və səma parçalanacaq”, buyurur.

Düşünməyə başlayıram, Aləmlərin İftixarına (s.ə.s.) “O bir şairdir”, – demişlər. Bunu az görüb “Yox, kahindir” demişlər, bununla da kifayətlənməyib “İncilin, Tövratın nüsxəsini çıxaran bir adamdır”, demişlər.

Öz-özümə deyirəm, kim bilir, bu cür əsassız, çirkin sözlər o əziz, o şərəfli Rəsulullahın ruhunda nə qədər yaralar açmışdı.

Sonra dönüb özümə baxanda, “Sən kimsən ki, haqqında deyilən əsassız sözləri çox görürsən?” deməkdən başqa bir şey qalmır.

Amma düzü, o düşüncələrdən sıyrılmaq və yenidən özümə gəlmək üçün bir xeyli səy göstərməyə ehtiyac duyuram.

Bu məsələlərə görə ətrafınızdakı insanlara təskinlik verməkdə heç çətinlik çəkdinizmi?

Mənim yaxınlarım bir vaxtlar tələbə olmuş, indi də o tələbəlik borcunu yerinə yetirən yoldaşlardan, uzaqdan və yaxından tanıdığım dostlardan, “Hizmət” anlayışında mənlə həmfikir olan insanlardan ibarətdir. Bəzilərinin adını bilirəm, bəzilərinin də üzünü bir dəfə görmüşəm, amma görəndə də xatırlayıram.

Bu dostlar əgər “Hizmət” anlayışını çox ağlabatan, çox məntiqli görməsəydilər, bəlkə də, onları dağıtmaq mümkün olardı. Halbuki, onlar ən fırtınalı günlərdə belə mənim təsəllimə ehtiyac duymadan, sarsılmadan möhkəm dayandılar. Hətta mənə təsəlli verənləri də oldu.

Heç yadımdan çıxmaz, Türkiyədə həmin o fırtınalı günlərdə dəyərli bir yoldaşımız buraya gəlmişdi, “Xocam, Bağdad küçəsi ilə gedirdim, önümdə də iki gənc qol-qola. Yanlarından keçərkən qızın oğlana dərdli-dərdli bu sözləri dediyini eşitdim: “Xəbərin var, o xoşgörüdən danışan xoca haqqında elə nalayiq, elə xoşagəlməz sözlər danışdılar ki, səhərə qədər gözümüzə yuxu getmədi”, deyirdi. Dostum, “Xocam, bilin ki, Türk xalqı sənin haqqında belə düşünür”, – dedi. Sözün qısası, mənim dostlarım dağ kimi möhkəm dayanıblar. Məni əsassız yerə ittiham edənlərin hiddətinə gəlincə, onların bu halına “İctihad edir və yanlış hökm verirlər”, deməklə kifayətlənirəm.

“İctihad xətası ediblər” deyirəm

Yəni..?

Haqqımda – marjinal kəsimlər də olsa, – bu və ya başqa şəkildə xoşagəlməz şeylər danışanların, ictimai fikri azdıranların, cəmiyyət arasında əleyhimizə yanlış fikir formalaşdıranların hamısı qeyri-səmimi ola bilməz.

Zənnimcə, əməllərimizi, görülən işləri ümumi amilləri nəzərə alaraq təhlil etsəydilər, bizi belə bir kəfəyə qoymazdılar. Çünki, o fırtınanın ən şiddətlə əsdiyi dövrdə belə, bizimlə heç bir əlaqəsi olmayan insanlar tərəfindən aparılan rəy sorğusunun nəticələri göstərdi ki, xalqın 85 faizi bu hərəkatı bəyənir və müdafiə edir. O günlərdə bu məsələlərə “hə” demək olduqca təhlükəli idi.

Onlar belə bir nəticə göz qabağında ola-ola hərəkata qarşı mənfi münasibət formalaşdırmağa çalışmaqla ictimai fikri saymadıqlarını, deyəsən, anlamırlar. Görünən kəndə nə bələdçi!

Əgər bu mənzərəyə baxaraq bir şey demək lazım gəlsəydi, “Artıq haqq aydın olandan sonra zəlalətdən başqa nə qalır?!” (“Yunus”­ surəsi, 32) demək yerinə düşərdi. Lakin belə demək mənə ağır gəlir, ona görə də, buna “Bəlkə, elə şey var ki, onlar bilir, ancaq mənim xəbərim yoxdur, ya da yanlış başa düşülən bir hərəkətə yol vermişik?!” anlayışı ilə baxır, sonra da dönüb öz-özümə belə deyirəm: “Nəticə etibarilə, ictihadda xəta edirlər, ictihadda xəta edənlər də fiqh metodologiyası baxımından bir savab qazanırlar”.

Çox istədim, amma…

80-ci illərin sonundan etibarən Orta Asiya, türk cümhuriyyətləri üçün səfərbər olmağa çağırdınız. Hətta o günlərdə məscid minbərində huşunuzu itirdiniz. Minlərlə insan getdi, məktəb açdı, iş qurdu, orada qaldı. Məktəblər məzunlarını verməyə başlayıb. Amma siz o diyarlara heç getməmisiniz. Səbəbi nədir?

Məntiqimə uyğun gəlməsə də, hislərim etibarilə dostlarımın­ səyləri müqabilində Allahın lütf etdiyi şeyləri görmək, o gözəllikləri onlarla bölüşmək mənim üçün çox əhəmiyyətli idi.

Çünki Asiya uşaqlığımdan bəri dualarımdadır, orada yaşayan soydaşlarımızla, dindaşlarımızla qucaqlaşmaq mənim üçün çox mühümdü, bir bayramdı.

Gün gəldi, məscid kürsüsündən iş adamlarını, sənayeçiləri, xülasə, bütün dostları o ölkələrə getməyə təşviq etdim. Bu çağırışı məqbul hesab edib gedən dostlarla getdikləri ölkələrdə görüşmək, onların hislərinə şərik olmaq ürəyimdən keçirdi. Sufilər kimi düşünsək, insan dünyada dünya zövqlərinin arxasınca düşməməlidir. Mənim fəlsəfəmə görə isə ibadət və mərifətdən (Allahı tanımaq – red.) doğan ruhani zövqlərin özünü belə arzulamamaq lazımdır. Allahı dəlicəsinə sevməliyik, hər dəfə yada salanda içimiz titrəməlidir. Ondan nəfsimiz üçün zövq almağa gəlincə, “Xeyr! Allah bizə yetər. Başqa şeylər gözləmək düzgün olmaz”, deyirəm.

Ancaq bir insan olaraq çox vaxt azacıq məvaciblə kifayətlənərək müəllimlik edən, lazım gələndə məktəbin təmirində fəhlə kimi işləyən, lazım gələndə də diplomat kimi dövlət adamları ilə görüşərək Türkiyə üçün lobbi fəaliyyəti ilə məşğul olan insanları öz gözlərimlə görmək istərdim. Allahın bir hikmətidir, mənə o zövqü qismət etmədi.

Getməyinizə nə mane oldu?

Məntiqi aspektdən baxanda iki məqam mühüm görünürdü. Birincisi, əsasən Türk millətinin zəhməti ilə ərsəyə gəlmiş bu hərəkatda mənim payım çox azdır. Ancaq düşünürdüm ki, getsəm, bütün yoldaşlarımın gördüyü işlərə sahiblənmək kimi, arxa planında mənim düşüncələrim varmış kimi bir fikir formalaşa bilər.

Bundan başqa, bəzi adamlar hər hansı bir müvəffəqiyyəti qabaqda görünənlərə aid etməyə meyilli olur. Hətta bu meyillər fər­qinə varmadan nəticəni başdakı şəxslərin adı ilə əlaqələndirmək­lə bəzən adamı şəkkə sürükləyir. Onsuz da, orada həyata keçirilən fəaliyyətlərin arxasında özümü görməyim də böyük zülm olardı.

Zülm isə imana maneədir və bir mənada şirkə bərabərdir. “Rəbbimin lütf edəcəyi bir şey vardırsa, onu dünyada almamaq daha yaxşıdır”, – deyib getməməyi daha məqsədəuyğun gördüm.

İkincisi, bəzilərinin münasibətindən çəkinir, oradakı insanları aldatmalarından qorxurdum. “İşin arxasında filankəslər var, açıq deməsələr də, məqsədləri başqadır”, deyib başqa cür yozacaqlarını təxmin edirdim. Bu vəziyyətdə yoldaşlarımın gördüyü işlərə kölgə salmamaq üçün arzularımı, istəklərimi bir az da özümü məcbur edərək sinəmə gömüb, onları uzaqdan alqışlamağı seçdim.

Təbiətən utancağam

İnsanlara görünməkdən qaçırsınız?

Təvazökar insan deyiləm. Ancaq keçmişdən bəri məni tanıyan, görən insanların arasından keçməyə belə utanmışam. Mə­sələn, tələbəlik dövründə camaat məni görməsin, “xocanın oxuyan oğlu gəldi” deməsinlər deyə evə gecə gedirdim. Ədirnədə məscidin pəncərəsinə çəkilməyimin bir səbəbi də bu hisdir. Bunlar mənim təbiətimə xas şeylərdir, insanlar istər təqdir etsinlər, istərsə mənfi cəhət saysınlar, fərqi yoxdur, hamısından sıxılıram. Durub görülən işlərin memarı kimi türk cümhuriyyətlərinə getsəydim, insanlar mənə baxacaq, məni qucaqlayacaqdılar. Bu cür şeylər mənə təbii gəlmir.

Bəziləri düşünə bilər ki, bunlar bir kompleksdən irəli gəlir. Məndə bu cür komplekslərin olmadığını iddia etmirəm, amma adı nə olur-olsun, mənim təbiətimdə belə bir utancaqlıq hissi vardır.

Bundan sonra getmək haqqında fikirləşirsinizmi?

Düşünmürəm. Çünki getməyi zəruri edən bir səbəb də yoxdur. Dostlarım daha obyektiv baxırlar. Məndən daha yaxşı görür və qiymətləndirirlər. Oralarda baş verənləri onların dilindən eşitmək bəs edir.

Xalqa bir üzr borcları var

Leyla Zana və yoldaşları Fransada bəzi qəzetlərə verdikləri mü­sahibədə “Türkiyə mədəni zənginliyə və siyasi plüralizmə hörmətlə yanaşan həqiqi demokratik ölkə olmağa məcburdur” və “Kipr türkləri üçün tələb etdiyi hüquqları kürd vətəndaşları üçün təmin edəcəyinə zəmanət verməlidir” tələblərini dilə gətirirlər. Baş Nazir isə bunu intihar kimi dəyərləndirdi…

Siyasətçilərin bu və ya başqa məsələyə yanaşması həmişə hü­quqi ifadələr kimi qəti olmaya bilər. Ancaq Tayyib bəyin bu barədə dedikləri ilə razılaşmamaq mümkün deyildir. Türkiyə Cümhuriyyətinin ikinci Prezidenti İnönü və səkkizinci Prezidenti Turqut Özal malatyalı, yəni kürd idi. Hikmət Çətin bəy də diyarbəkirlidir.

Şərq və cənub-şərq bölgələrdən olan çox sayda vətəndaşımız dövlət qurumlarında mühüm vəzifələr tutmuş, zabit, vali, qaymaqam olmuşdur. Allah bilir, ədliyyə orqanlarında nə qədər kürd vətəndaşımız var. Elədirsə, onlar hansı məhdudiyyətlərə görə bu cür tələblərlə çıxış edirlər...

Aciz qənaətimcə, müsahibədə dilə gətirilən istəklər sayqısızlıqdan irəli gəlmişdir. Mənim çoxdan bildiyim, tanıdığım və görüşdüyüm adamlar var, bildiyim qədər Türkiyənin cənub-şərq bölgələrində əhalinin 90-95% – i bu cür tələblərlə razı deyildir. Ehtimal ki, onlar da təxribatın asanlığından istifadə edərək provokasiya ilə məşğul olanlardan, gəncləri küçələrə töküb səkiləri dağıtdıranlardan, avtomaşınları yandırtanlardan və bu cür sərt çıxış edənlərdən şikayətlənirlər.

Ölkəmizin cənub-şərq bölgələrində fitnə-fəsad çıxaranların sayı, zənnimcə, heç vaxt 500 nəfəri keçməmişdir, amma “vur-qaç” üsullarından istifadə etdikləri üçün nizami birliklərin onların qarşısını alması çətin olur. Bu qarışıqlığı salanların hərəkətləri mərdlik və igidliklə bir araya sığmır. Ancaq oxumuş, müəyyən səviyyəyə çatmış, hətta bir zamanlar deputat seçilmiş adamların belə xam hərəkət və davranışlara əl atmasını, toplumun vicdanını narahat etməsini heç cür başa düşmürəm.

Halbuki dövlət onları həbsdən azad etməklə bir yaxşılıq etdi. Gözləyirdik ki, onlar da bu yaxşılığa yaxşılıqla cavab verəcək, “bir vaxtlar cahillik etdik, gənclik həvəslərinə qapıldıq, dövlətimizə, millətimizə qarşı xəta işlədik” deyəcək, birlik və bərabərlik yolunu tutacaqlar. Ancaq bunu etmədilər. Məncə, topluma bir üzr borcları vardır.

Onların mövqeyini tənqidlə qarşılayırsınız. Bu, Anadolunun cənub-şərq bölgəsində heç bir problemin olmaması mənasına gəlmir, elə deyilmi?

Son zamanlarda dövlət o bölgələrin inkişaf etdirilməsinə diq­qət ayırdı, üstünlük verdi. Dövlət bu məsələlərdə daha ciddi addımlar atmalıdır. O bölgə mütləq inkişaf etdirilməli, hər kəsin qibtə ilə baxdığı bir regiona çevrilməlidir. Cənub-şərqi Anadolunu elə abadlaşdırmalıyıq ki, orada narazı bircə adam da qalmasın. Ölkənin Qərbinə doğru davam edən miqrasiyanın qarşısı alınsın. O bölgəyə başqalarından əvvəl biz sərmayə qoyaq, o yerləri Cənnətə çevirək. Qədim Mesopotamiya kimi mədəniyyət mərkəzi olsun. Hətta Şimali İraq belə qibtə etsin bu bölgəyə. Onlar ölkəmizin cənub-şərq bölgələrində yaşayan vətəndaşlarımızın imkanlarına həsəd aparsınlar, “kaş bizə də qismət olaydı” desinlər...

Bunlar bizim bəsirətli və uzaqgörən dövlət adamlarının həll etməli olduğu məsələlərdir. Bəzi insanlar o bölgəyə gedib öz təşəbbüsləri ilə demək olar, hər yerdə məktəblər açdı. Bu məktəblər dağa çıxmağın (terror təşkilatı PKK-ya qoşulmanın – red.) qarşısını xeyli aldı. Gənclər təhsilə yönəldilər.

Orada təhsil sahəsinə də maraq artırılmalıdır. Çünki o böl­gələrdə ciddi təhsil problemləri vardır. Hazırkı təhsil naziri də bu məsələyə uzaqgörənliklə yanaşır, böyük əhəmiyyət verir. Təhsil probleminin həlli çox məsələni yoluna qoyacaq. İşsiz-gücsüz, oxumamış adamlar özlərini cəmiyyətdən təcrid edilmiş, ikinci dərəcəli insanlar kimi görürlər. Onları bu düşüncədən, komp­leks­dən uzaqlaşdırmaq lazımdır. Bu bölgənin sakinləri keçmişdə mühüm mədəniyyətlər qurmuş istedadlı insanlardır. Gül kimi münasibətlərimiz vardı, aramıza fitnə saldılar.

Bölgəni abadlaşdırsaq, o gül dövrü yenidən gələr, separat­çı hay-küylər kəsilər və o boyda bölgə üç-beş sərgərdanın ma­cə­ra­larına alət olmaz.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.