Kasetlərdəki sözlər montajla təhrif edildi

Kimin gizli planı varsa, onu mütləq büruzə verir

Müşahidələrim

Söhbətlər və ölüm

Fəthullah Gülən ikindi vaxtından sonra onu görməyə gələn qonaqları ilə söhbət edir. Bu söhbətlərin birində söylədiyi bu cümlə mənə çox mənalı gəldi: “Kafirə “kafir” demək möminin vəzifəsi deyil. “Kafir” demək insanın insanlığına hörmətsizlikdir”.

Fəthullah Gülən həmin ikindi söhbətlərində ölümdən, axirət günündən, Allaha şüurlu qul olmaqdan, qul haqqından, həyatın mənasından, insanın dərinliyindən, İslamı layiqincə təmsil etməkdən və əlbəttə, Türkiyədən çox bəhs edir.

Ölüm onun dilində böyük bir həsrət kimi əks olunur. Ölümü bu qədər arzulayan başqa insan görməmişəm həyatımda.

Fəthullah Gülən ölümü qorxub qaçmaq kimi deyil, qaçıb qovuşmaq kimi görür. Ölümdən danışanda əlini gicgahına dayayıb “Akif ölümündən bir az əvvəl belə bir şəkil çəkdirib”, – demişdi ki, Arda Yavuz bu fürsəti fövtə verməyib fotoaparatını işə saldı.

Kasetlərdəki sözlər montajla təhrif edildi

Məsələn, o kasetlərin bir yerində “Allah CXP-nin bəlasını versin” deyə bilməzsiniz” demişəm. Cümlənin sonundakı “deyə bilməzsiniz” kəlməsini kəsib çıxarmış və o cür də efirə vermişlər. Guya mən “Allah CXP-nin bəlasını versin,” – deyirəm.

Bundan əlavə, işlətdiyim bəzi kəlmə və ifadələr də yanlış təqdim olunmuş və ya bilərəkdən təhrif edilmişdi. Məsələn, “mamələkimi satma” sözümü mediada “məmləkəti satma” şəklində təqdim edilmişdi. Hamısı yalandır.

Onlar oradan-buradan yığıb montaj etdikləri o kasetlərin əslini ortaya çıxara bilməzlər, göstərsələr, özləri pis vəziyyətə düşərlər.

Kasetlərdə əksini tapan sözlər barəsində nə deyirsiniz?

Kasetlərdə dediyim sözləri kəsdilər, biçdilər, montajla bambaşqa qəliblərə saldılar, bəzi sözlərimi çıxardılar, bəzilərini əlavə etdilər və elə şəkildə təqdim etdilər ki, heç ağlıma da gəlməzdi.

Məsələn, o kasetlərin bir yerində “Allah CXP-nin bəlasını versin” deyə bilməzsiniz” demişəm. Cümlənin sonundakı “deyə bilməzsiniz” kəlməsini kəsib çıxarmış və o cür də efirə vermişlər. Guya mən “Allah CXP-nin bəlasını versin,” – deyirəm.

Süleyman bəylə əlaqədar bir şey demişdim, altından üstündən kəsib “O, bir bildiyini on dəfə şişirdib, bəzəyib danışır” şəklinə salmışdılar. Hamısına belə əl gəzdirmişdilər. Bundan əlavə, işlət­diyim bəzi kəlmə və ifadələr də yanlış təqdim olunmuş və ya bilərəkdən təhrif edilmişdi. Məsələn, “mamələkimi satma” sözümü mediada “məmləkəti satma” şəklində təqdim edilmişdi. Halbuki, “mamələk” sözü “şəxsi mülk” deməkdir. Demək olar ki, bütün ittiham və iddialarını bu cür saxtalaşdıraraq əsaslandırmışlar.

Bundan başqa, təəssüf ki, hər kəsin qəbul etdiyi və son illərdə açıq şəkildə ortaya çıxdığı kimi, Türkiyədə qismən də olsa, kirlənmiş bir sistem vardı. Bu sistemdən öz mənfəətlərini güdənlər və ondan faydalanıb karyera quran insanlar vardı.

Məsələn, rüşvət kimi çirkin bir işə bulaşanlar rüşvətə “haram” deyənləri görmək istəmirdilər. Bunlar müəyyən vəzifələrdə təmiz, dürüst, ədalətli, dindar idarəçi və məmurların çalışmasına dözə bilmir, narahat olurdular.

Mən də millətimin hər bir fərdi kimi dövlətdə təmiz və dürüst məmurların işləməsini istəmişdimsə, bunun haqqımdan çox, vəzifəm olduğunu düşünməli və sözlərimə qərəzlə deyil, bu prizmadan baxmalı idilər.

“İyun” təxribatını qabaqcadan bildiyim halda televiziyada göstəriləndə bəzi hissələrinə baxdım, heyrət etdim.

Qabaqcadan necə xəbər tutdunuz?

İş dünyasından yaxın bir adam qonaq gəlmişdi. Telefonuna zəng gəldi. Kasetlər montaja aparılanda biri zəng edib: “Qabağımızda bir çuval kaset var, montaj edirik”, buradakılar “xəbər vermə, işdən çıxarılarsan” dedilər, amma mən yenə də əlaqə saxlayım” dedim. “Hər halda sən bizi görərsən, pis vəziyyətdə qoymazsan” kimi sözlər demişdi. Bir növ şantaj da edilmişdi.

Hamısı yalan idi... Onlar oradan-buradan yığıb montaj et­dik­ləri o kasetlərin əslini ortaya çıxara bilməzlər, göstərsələr, özləri pis vəziyyətə düşərlər. Çünki bir az əvvəl verdiyim misal kimi, hamısı başdan-ayağa təhrif olunmuşdu.

Hətta Konstitusiya Məhkəməsinin sabiq sədri haqqında deyilənlər də təhrif idi. Mən də elə bunlara təəssüflənirəm. Təəssüflənirəm ona görə ki, bu adamlarla aramızda dostluq var idi, bu saxtakarlıqlarla həmin dostluq körpülərini də dağıtdılar. (“Gel gönüllerimizle konuşalım demişdik”, Sızıntı, Oktyabr 1999)

İfadəmə görə üzr istəyirəm, hamısı yalan idi... “Yalan” sözündən iyrənirəm. Yalan idi, iftiraydı, böhtandı, günaha girmişdilər.

İndi bütün bunları sadəcə televizorda seyr etdim və çox məyus oldum. Bir də, Allah salamatlıq versin, Rəha Muxtar bəy telefonla əlaqə saxladı, təbii ki, mən edilənləri, deyilənləri bilmirdim. Orada hazırlaşmadan danışmışdım, bəlkə də, buna görə tutarsız cümlələr də olmuşdu, lakin qarşılaşdığım şeylər, doğrusu, məni heyrət və dəhşətə gətirdi.

Sonra dostlarım mətbuatda nə çıxmışdısa, hamısını gətirdilər. Dinimə, imanıma görə mənə hörməti olan, məni qəbul edən, bəlkə də, bəzi şeylərə görə tənqid də edən yoldaşlar da, düzü, çox insaflı yazılar yazmışdılar. Bununla yanaşı, o hücumları haqlı sayan insanlar da var idi. Qalaq-qalaq qəzet gətirirdilər buraya. Mən də onları üç kateqoriyaya ayırdım, dəstələyib bir yerə yığdım. Dedim münasib bir vaxtda, təzyiqim düşəndə baxaram, sonra bir gün baxdım ki, qəzetlərdən yalnız lehimə yazılanlar qalıb, qalanları da yox olub. Kim götürdü, nə oldu, indi də bilmirəm...

Yəni qəzetlərdə əleyhinizə yazılanları oxuya bilmədiniz?

Cənabi-Haqqın mənə mərhəmətindəndir ki, məni onları oxumağa qoymadı. İndi mən o adamlara əl uzadanda da vicdanım rahat olacaq, çünki nə dediklərini, nə elədiklərini təfərrüatlı şəkildə bilmirəm.

Bir şey də əlavə edim. Son günlərdə də bəziləri hay-küy salmağa başlayıb. Dost-tanış ucundan-bucağından bəzi şeyləri deyir. Maraq göstərib onları da oxumuram, əhəmiyyətli bir şey görmürəm. Heç vaxt iftiraçıların sözünə etimad göstərməmişəm.

Ən çox da burada qəlbimin, ruhumun “cizgilərini”, “rəngini”, “naxışlarını” qorumağa çalışıram. İnsanlara qarşı həmişə mürüvvətli olmaq üçün mürüvvətimi itirməməyə çalışıram. Qorxuram ki, məni mənən çökdürərlər, bir gün onlarla rastlaşanda üz-gözümü turşuda bilərəm. Üzüm ağ, alnım açıqdır mənim, hamıya rahatlıqla əl uzada bilərəm.

“Dinin də son məqsədi dövlətdir (hakimiyyətə gəlmək – red.)” fikri çox səsləndirilib, indi də dilə gətirilir. Siz 90-cı illərin əvvəllərində “İslamın əmrlərinin 95%-i fərdə aiddir, qalanı dövlətlə əlaqədardır” demişdiniz. Dinin tam yaşanmasında qalan bu 5%-lik hissə nə qədər əhəmiyyətlidir? Möminin son məqsədi eyni zamanda dövlət də olmalıdır?

O söz Bədiüzzamana aiddir. Mən də düşünürəm ki, demokratik çərçivəyə əməl edilsə və “ictimai yerlər” kimi məhdudiyyətlər qoyulmasa, insanlar dininin 95 % – ni, hətta 97%-ni rahat yaşayar və heç kəs də narahat olmaz. Digər qismə, yəni 3, yaxud 5%-lik qisminə gəlincə, bəziləri “Din vicdan məsələsidir”, – deyirlər, ancaq mən bununla razı deyiləm. “İman bir vicdan məsələsidir” demək “Allahı, Peyğəmbəri, Quranı təkcə dillə deyil, vicdanla da təsdiq etmək” deməkdir. Bu anlayışla edilən ibadət isə həmin sağlam təsdiqin zəruri təzahürüdür.

Yəni din heç də tamamilə vicdan məsələsindən ibarət deyildir, çünki dinin ictimai həyatda da, müxtəlif dövrlərdə idarəçilikdə də öz yeri olur. Ancaq bu məsələlərin müəyyən qədər izafi tə­rəfləri, tarixi yönləri vardır. Məsələn, nə seçim, nə də idarəetmə məsələsində yalnız bir üsuldan istifadə edilməmişdir. Tarixə nəzər salsaq, Həzrəti Əbu Bəkir xəlifəliyə xalq tərəfindən seçilmişdir, Həzrəti Ömər isə Həzrəti Əbu Bəkirin təklifi ilə xəlifə seçilmişdir. Həzrəti Osman Həzrəti Ömərin təklifi ilə “aşəreyi-mübəşşərə”nin arasından seçilmiş, Həzrəti Əlinin seçilməsi bir qədər müxalifətli olmuş, dolayısilə Şamın hakimiyyətinə yol açmış və Müaviyənin əlinə fürsət keçmişdir.

Hakimiyyət Əməvilər dövründə atadan oğula keçməyə başlamış, Osmanlılarda da eyni qaydada davam etmişdir. Deməli, dinin bir sıra hökmləri var ki, onlara heç vaxt müdaxilə edilməmişdir. Amma izafi həqiqətə malik məsələlər ictihad və istinbat sahələri kimi saxlanılmışdır ki, şərait və ehtiyaca uyğun dəyərləndirmək mümkün olsun.

“Hakimiyyət xalqa məxsusdur” sözü nəyə görə mübahisələrə səbəb olur?

Ola bilər ki, bəziləri onu İlahi hakimiyyətə qarşı bir alternativ kimi görürlər. Amma “Hakimiyyət qeydsiz, şərtsiz xalqındır” sözü Milli Məclisdə dilə gətiriləndə orada Tahirül-Mövləvi, Mehmet Akif, Həsən Bəsri Çantay kimi şəxsiyyətlər var idi və buna heç bir etirazları olmamışdı.

Demək ki, o dövrdə onu alternativ kimi qəbul etmədilər, ya da onların bildiyi başqa bir şey vardı. Bəlkə də, onlar bu cümləni monarxiya üsuli-idarəsinin alternativi kimi görürdülər. Həzrəti Əbu Bəkir dövründə olduğu kimi xalqın öz rəhbərini seçməsi və respublikasayaq bir sistemin bərqərar olması kimi başa düşürdülər.

Əgər bu məsələ Allahın hakimiyyətinə alternativ kimi göründüyü halda, səslərini çıxarmamışlarsa, demək, haqsızlıq qarşısında susan dilsiz şeytan olmuşlar. Halbuki, onlar arasında polad kimi möhkəm imanlı insanlar vardı, onların susması mümkün deyildi. Məsələni düzgün təsbit etmək lazımdır, zənnimcə, bu çərçivədə baxsaq, heç bir problem qalmaz.

Ancaq bəziləri dünyəviləşmə məsələsində çox ifrata varırlar. Dünyəviliyi başqa cür başa düşürlər. Din və dövlətin ayrı olmasına daha çox Dekart kimi yanaşırlar, yəni elm və dini qırmızı xətlə ayırır və onların bir-birinin sahələrinə müdaxilə etməsini yolverilməz sayırlar. Yəni problem təktərəfli deyil, fərqli məsələlərdən qaynaqlanır.

Ədalət yerini tapsın, kifayətdir...

Xəbərlərdə İlhami Ərdil paşanı məhkəmədə müttəhim kürsüsündə, hakim qarşısında görəndə hansı hisləri keçirdiniz?

Məhkəmənin davam etdiyi bir vaxtda fikir bildirmək doğru olmadığı üçün sualınıza başqa prizmadan cavab vermək istəyirəm. Məncə, iki məsələ vardır ki, onları bir-birinə qarışdırmamaqda həddən artıq həssas olmaq lazımdır: birincisi, haqqın və ədalətin öz yerini tapması, ikincisi də, məhkəmə qarşısına çıxarılanların bir insan olduğunu nəzərə almaq.

Bu məsələdə ədalətin öz yerini tapması naminə böyük səy göstərmək lazımdır. Çünki orduya bağlılığına və etimadına görə millətimizin tayı-bərabəri yoxdur. Bu barədə əvvəllər keçirilən sorğular Türk Silahlı Qüvvələrinin ən çox etimad bəslənən qurum olduğunu göstərir. Belə bir qurumun əleyhinə artıq-əskik sözlərin danışıldığı bir vaxtda öz etibarını qorumaq və təmiz olduğunu göstərmək üçün yollar axtarması çox əhəmiyyətlidir. Bu baxımdan Silahlı Qüvvələrin başçısının göstərdiyi həssaslığın və səylərin yerinə düşdüyünü düşünürəm.

Məsələnin insani tərəfinə gələndə, mən heç vaxt yıxılan bir adama qarşı, – istər paşa olsun, istərsə adi bir adam, – alçaldıcı, rəncidəedici hərəkətlərə yol verilməsini doğru görməmişəm.

Məsələyə bir də onların ucbatından əziyyət çəkənlərin gözü ilə baxsaq...

Elə də olsa, yenə bu iki məsələ bir-birinə qarışdırılmamalıdır. Zənnimcə, ədalətin öz yerini tapması kifayətdir. Bir dəfə mühüm bir vəzifədə işləyən böyüklərimizdən biri ilə eyni bölgədə olmuşduq. İnsanlar mənə bir az artıq hörmət göstərdiklərindən o, narahat olmuş, sonra da həmin narahatlığın təsiri ilə bəzi işlər görmüşdü. Onun məndən asılı olmayan bir şeyə görə mənə etdikləri, təbii ki, bizi kədərləndirdi. Sonra o adamın başına bir faciə gəldi və tələm-tələsik, çox rüsvayçı şəkildə tutulması mediada da işıqlandırıldı. Onun bu halını görəndə çox üzüldüm, çünki mənə qarşı etdiyi yanlış hərəkət başqa şeydir, dövlətdə yüksək vəzifə tutmuş adamların rəzil edilməsinə imkan verilmədən mühakimə olunması başqa şeydir.

Vaxtilə bu cür böyük vəzifələrdə işləyən və milləti təmsil edən insanlar mühakimə olunarkən kaş bir yol tapıb onların rəzil-rüsvay edilməsinə, heysiyyətlərinə toxunulmasına imkan verilməyəydi.

Ürəyim yandı…

Ərdil paşanı görəndə keçirdiyiniz hisləri soruşmaqda israr et­səm...

Paşanı həyat yoldaşı və qızı ilə birlikdə müttəhimlər kür­süsündə, kameraların qarşısında görəndə ürəyim yandı. Onun təqaüdə çıxdığı qurumda hər kəs etibarını qoruyub saxlamağa çox ciddi yanaşır.

Bu gün onların rəzil olmasını aləmə car çəkənlər bir vaxtlar vəzifədə olanda ona hər cür hörməti göstərir, bəlkə də, bu məsələləri bilə-bilə söyləməyə cəsarət etmirdilər. Amma yıxılana balta çalmaq, olan-olmayan nə varsa, hamısını açıb tökmək üçün fürsət axtarmaq düz iş deyil.

Hüququn prisniplərini pozmadan daha yumşaq bir yol tapılmasını, bundan başqa, məsələnin mediada daha diqqətli veril­məsini istərdim.

Bu, ayrı-seçkilik olmazdımı?

Türkiyə hüquq dövlətidirsə, hər kəs bərabər olmalıdır, amma bəzi şəxslər tutduqları mövqe və təmsil etdiyi quruma görə fərd olmaqdan çıxırlar. Onlara sadəcə cinayət işləmiş bir insan kimi baxılsa, göstərilən münasibət sərhədi aşaraq başqalarına da şübhə ilə yanaşılması və bir növ cəzalandırılması kimi (ən azı psixoloji cəhətdən) müəyyən nəticələr doğura bilər. İnsanların “bu adam ələ keçdi, amma kim bilir, hazırda ələ keçməyən nə qədər adam bu əməllərlə məşğul olur, bu qurumda quldurlar var!” kimi düşünməsinə, hətta vəzifə səlahiyyətlərindən sui-istifadə etməyən, qanunsuzluğa yol verməyən adamlar haqqında da bu cür mənfi fikirlərin yaranmasına səbəb ola bilər.

Xülasə, haqqın öz yerini tapması zəruri olduğu kimi, bəzi xüsusi halların nəzərə alınması da vacibdir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.