Ailə və ilk təhsil həyatı

Fəthullah Gülən Osmanlı modernizminin dağıntıları üzərində qurulan, lakin ən azından hələ bu dağıntıların tam aradan qaldırılmadığı, qaldırılmaması ilə yanaşı, modernizmdən əvvəl, İsmayıl Cemin ifadəsi ilə “Yüksək Osmanlı Mədəniyyəti” nin əsas dinamiklərindən böyük miqyasda imtina edildiyi bir dünyada gözlərini açdı. Onun, demək olar ki, “kökü keçmişə işləmiş bir gələcək” kimi yetişməsində Ərzurum şəhəri Həsənqala (Pasinlər) rayonunun 50-60 evli Qorucuq kəndindən başlayıb Ərzurumun içərilərinə uzanan mənəvi ab-havanın mərkəzində yerləşən və İslam ruhunun sözün əsl mənasında yaşandığı bu bölgə-ata yurdu mühüm rol oynamışdır. Bu yurdda (öz dəyərləndirmə və ifadələri ilə) bir ciddiyyət, təmkin və dinin timsalı olan baba Şamil Ağa, nəvəsi ilə heç kimin hiss etmədiyi bir şəkildə könül mübadiləsi içərisində idi. Ata Ramiz Əfəndi Türkiyənin maddi-mənəvi tənəzzül, qıtlıq, quraqlıq vaxtında və kiçik bir kənddə yetişməsinə baxmayaraq, sanki “Əndərun (Osmanlıda xüsusi seçilmiş tələbələrin yetişdirildiyi məktəb) tərbiyəsi almış kimi” əsalətli, elm aşiqi, qətiyyən boş yerə vaxt keçirməyən, iti zəkalı və dininə qəlbən bağlı əliaçıq bir adam idi. Nənə Munisə Xanım səssiz, durğun dəryalar kimi dərin və geniş inancı və Allahla münasibəti hər hal və hərəkətindən oxunan nümunəvi bir qadın, bir paşa ailəsindən gələn ana nənəsi Xədicə Xanım isə hər cəhəti ilə bir iffət abidəsi, qızı və Fəthullah Gülənin anası Rafia xanım da kəndin bütün qadınlarına Quran öyrədən bir şəfqət və dərunilik timsalı idi. Belə bir evdə dünyaya gələn Fəthullah Gülən hələ dörd yaşında ikən anasından Quran oxumağı öyrənir və bir ay içində Quranı xətm edir. Həmin illərdə Türkiyədə açıq şəkildə Quran oxumaq çox çətin idi. Buna görə anası Rafia xanım gecələri oğlunu yuxudan oyadar, ona Quran öyrədərdi.

Bu yuva ətrafdakı tanınmış elm və məna insanlarının baş çəkdiyi, gəlib-getdiyi bir müsafirxana kimi idi. Alimləri çox sevən atası Ramiz Əfəndi hər gün evə ən azı bir qonaq gətirməyə çalışırdı. Bu səbəblə, yaşıdlarından çox böyüklərlə oturub-durmağı sevən kiçik Fəthullah Gülən, demək olar ki, doğumundan etibarən özünü elm və mənəviyyat halqası içində görmüşdü. Bu halqa şüuraltını formalaşdıracaq ilk təsirləri aldığı, dolayısilə, ruhunun varlığında ilk mayalanmanı yaşadığı bir məkan idi. Mərkəzində Xoca Əfəndinin evi olan bu mühit ona dünya-axirət bütünlüyünü qazandırırdı.

Fəthullah Gülən ibtidai təhsilini doğma kəndində alır. Bir tərəfdən oxuyur, digər tərəfdən də evin ilk uşağı olduğu üçün ev işlərində anasına kömək edirdi. Əvvəlcə atasından, sonra da Məhəmməd Lütfi Əfəndinin nəvəsi Sədi Əfəndidən ərəb dili dərsi alır. Təcvidi Həsənqalada Hacı Sidqi Əfəndidən öyrənir. Uşaqlıq və gəncliyə ilk addımlarını atdığı illərdə ona ən böyük təsiri Alvarlı Məhəmməd Lütfi Əfəndi göstərir.

Fəthullah Gülən təhsilini davam etdirmək üçün kiçik bir sandıq dolusu əşya ilə Ərzuruma gəlir. Çox ağır şəraitə qatlanıb təhsilini davam etdirir.

Ailənin üzvləri bir-birinə son dərəcə bağlı idi. Buna görə hələ uşaq ikən bacısının, Ərzurumda oxuyarkən babasının və nənəsinin, ardınca da Məhəmməd Lütfi Əfəndinin ölümü Fətullah Güləni dərindən sarsıdır.

Fəthullah Gülən İslami tərbiyənin hökm sürdüyü və verildiyi bir mühitdə yetişir. Ərzurumda təhsil alarkən qaldığı dar otaqda yatmaq istəyir, amma ayağını otaq yoldaşına tərəf uzada bilmir. Bir tərəf qiblə, o biri tərəfdə də kitabları var, oralara da ayaqlarını uzada bilmir. Qalan sonuncu tərəf kəndi Qorucuqdur, orada da atası var, ona hörmət əlaməti olaraq ayağını o istiqamətə də uzada bilmir. Beləliklə, bir neçə gecəni oturaraq keçirir.

Fəthullah Gülən olduqca aktivdir, enerjilidir. Davamlı və nizamlı idman edir. Təmiz, hətta, o dövrə görə əla geyinir. Ütüsüz şalvar, boyasız ayaqqabı geyinmir. (Küçük Dünyam, s.42)

İnsanların yetişməsində doğulduqları mühit önəmli olduğu kimi, əsasən də keçid dövrlərində gəlmiş və tarixdə iz qoymuş insanları tanımaqda bu mühit tarixi təməlləri və mövcud vəziyyəti ilə daha böyük əhəmiyyət kəsb edir. Demək olar ki, mütənasib şəkildə şəxsiyyətinin üçdə birini keçmişin, üçdə birini yaşadığı dövrün, üçdə birini də gələcəyin formalaşdırdığı Fəthullah Güləni tanımaqda məhz bu tarixi şərait olduqca əhəmiyyətlidir.

Beləliklə, bütün paradoksal fikir və hisslərin qaynağı olacaq şəkildə, bir tərəfdə “Yüksək Osmanlı Cəmiyyətinin” təsirlərinin əxlaq, mənəviyyat, ailə quruluşu və davranış normaları üzərində ciddi şəkildə hiss edildiyi, digər tərəfdən bir vaxtlar üç qitəyə hökm edən bir dövlətin modernləşmə prosesi ilə birlikdə süqutunun və arxasından Osmanlı modernləşməsinə paralel olaraq inkişaf edən Cümhuriyyət modernizminin tam təmizləyə bilmədiyi bu qalığın ağrılarının, acılarının yaşandığı bir cəmiyyətdə nəşət edən Fəthullah Gülənin məqalələrinə baxanda onların əksəriyyətində tarixdən qaynaqlanan bir hicran, yaşadığı dövrdən qaynaqlanan aktiv sevgi, iztirab və həyəcan, bir də gələcək qaynaqlı şövq və ümid ən önəmli ünsürlər olaraq gözə çarpır. O yuxarıda, bir hissəsini öz dili ilə təsvir etməyə çalışdığımız mühitin pəncərəsindən keçmişə və gələcəyə belə baxır:

“Bir vaxtlar bizim dünyamız başdan-başa zəngin mədəniyyət ölkəsi idi... Bu dünyada şəhərlər, kəndlər maddi və mənəvi əlaqələrlə bir-birinə möhkəm şəkildə bağlı və bütün ölkə kəndi, qəsəbəsi və şəhərləri ilə böyük bir şəhər kimi idi. Bu ideal mühitdəki bütün insanlar dərin bir əxlaq saflığına, sağlam bir din şüuruna və sarsılmaz bir milli vəhdətə sahib idilər... Bununla da əlçatmaz bir səadət və xoşbəxtlik dünyasında yaşayırdılar. Hər yerdə həyat o qədər problemsiz, o qədər münaqişəsiz, o qədər təcavüzlərə, cinayətlərə qapalı şəkildə davam edirdi ki, insaflı səyyahlar burada hər şeyin möcüzəvi şəkildə cərəyan etdiyi qənaətinə gəlirdi”.

“Burada hamı yaxşılıq və gözəlliklərlə dolu idi; hamı bir-birinin xeyirxah olduğu şüuru ilə hərəkət edir, hamı digərlərinin şərəf, heysiyyət və namusunun qoruyucusu kimi davranır və cəmiyyətin məsud olması yolunda içdən gələn bir səmimiyyətlə, həddindən artıq mürüvvətli və həssas olmağa cəhd göstərirdi... İmkanı olanlar imkanları ilə dövlətin və millətin “əmrinə müntəzir” yaşayır, imkansızlar da sağa-sola üz tutmağa məcbur edilmirdi.

“Biz o möhtəşəm mədəniyyətimizi ard-arda baş verən zəlzələlərlə dağıntılar altında qalandan sonra dərk etdik. Bu möhtəşəm dünyanı onun sehrli nizamları və inanılmaz intizamları davam edərkən, yəni bağları viran qalmadan, çiçəkləri solmadan, meşələri yanıb kül olmadan, torpağı aşınmadan, atlarının bağırları çatlamadan, gözlər həqiqətə yumulmadan, günəşlər batıb hər tərəf qaranlığa qərq olmadan, axan çaylar qurumadan, bulaqlara çirkab axıdılmadan, ilahilər susmadan, ilahilik söndürülmədən, hər yer qəbiristanlıq halına gətirilmədən, qəbirlər zibilliyə çevrilmədən - xülasə, hər şey öz ölçüsündə ikən görüb seyr edə bilmədik. (Sızıntı, dekabr 1989)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.