İnsan: Mahiyyəti, dəyəri, xoşbəxtliyi və varlıqlar arasında yeri

Fəthullah Gülənin vurğuladığı ən önəmli mövzulardan biri də insan, onun mahiyyəti, məxluqat içində ən yüksək dəyər və mövqeyi ilə (əlayi-illiyyin) ən aşağı dərəcə (əsfəli-safilin) arasında saat əqrəbi kimi gedib gəlməsi, varlıqlar arasındakı yeri, vəzifəsi və funksiyasıdır.

İnsanın ontoloji xarakteri

Gülən insanın şərhinə Mehmet Akifin: Sənin mahiyyətin hətta mələklərdən də ülvidir; / Aləmlər səndə pünhandır, cahanlar səndə gizlidir, – beyti ilə başlayır. Yəni ona görə, insan görünüşcə və cismi ilə kiçik bir varlıq olsa da, mahiyyət etibarilə mələklərdən də üstündür. Çünki Allahın kainata varlıq verən bütün adları insanda təcəlli etmişdir, dolayısilə, aləmlər, bütün yaradılış insanda bir nüvə şəklində mövcuddur. Necə ki meyvə ağacın həyatını, bütün ünsürlərini özündə cəmləşdirən nüvəsi, xülasəsi və nəticəsidir, eyni şəkildə, insan da xilqət ağacının meyvəsi olaraq yaradılışın əsas qayəsidir və varlığın bütün şöbələrini özündə cəmləşdirən bir xülasədir.

İnsana ümumən bu ontoloji (varlıq elmi) prizmadan baxan Fəthullah Gülənin fikrincə, insanı nəzərə almadan nə fəlsəfə ilə məşğul olmaq, nə də elmlərə daxil olmaq mümkündür. Gülən insanı varlıqlar arsındakı bu xüsusi mövqeyinə görə, bütün yönləri ilə çox çətin dərk edilən bir varlıq kimi də dəyərləndirir. Çünki onda bütün aləmlər, başda bütün yaradılış nüvələri ilə və ya, mahiyyətləri ilə mövcud olduğu üçün varlığı dərk etmək bir növ insanı tanımaqdan və ya insanı tanımaq varlığı anlamaqdan asılıdır. Məsələ bununla da qurtarmır; insanı anlamaq elə insanın birinci vəzifəsidir, çünki insan eyni zamanda, Yaradanı tanımağa açılan pəncərədir. Bu məqamda F.Gülən belə nəticəyə gəlir:

“Hər insanın birinci və ən əsas vəzifəsi özünü kəşf edib tanımaq və bunun sayəsində aydınlanan mahiyyət şüuru ilə Rəbbinə yönəlməkdir. Öz mahiyyətini tanıyıb bilməyən və Ulu Yaradanla münasibət qurmayan bəxtsizlər, talesizlər çiyinlərində necə bir xəzinə daşıdıqlarını bilməyən hamballar kimi bu dünyadan köçüb gedərlər.” (Ölçü veya Yoldakı Işıklar, 103)

Mahiyyəti, xarakteri və özünəməxsus yaradılışı ilə insan

Fəthullah Gülən məsələni bu şəkildə tərif etdikdən sonra insanı insan edən və özünəxas cəhətləri ilə şərh etməyə başlayır; İnsanda ilk nəzərə çarpan fərqli cəhət elə onun dünyaya gəlişi ilə özünü göstərir. İnsandan fərqli olaraq digər bütün canlılar dünyaya sanki başqa bir aləmdə yetişdirilmiş kimi həyat qanunlarına vaqif halda gələrlər. İnsan isə ən möhtəşəm və möhtərəm bir varlıq olmasına baxmayaraq, həyat üçün lazım olan funksiyalardan məhrumiyyətlə doğulur. Onun bioloji varlığının mexanik nizamını aşan hər şey; ağıl, zehin, iradə, azadlıq, hiss və daxili müşahidə sayəsində burada, bu dünyada təşəkkül tapır. O, daxili və xarici vəhdətini bu şəkildə əldə edir və mənliyini, şəxsiyyətini də ancaq bu yolla formalaşdırır. (Sızıntı, iyul 1979)

İnsanın digər önəmli xüsusu ağıldır. Fəthullah Gülən ağılı fəlsəfənin verdiyi tərif çərçivəsində sərf-nəzər edir və: “Ağıl qanun və prinsiplərə əsaslanaraq ümumi olandan xüsusi halları çıxaran bir qabiliyyətdir,” – deyir.O, heyvanla insan arasındakı mahiyyət fərqinin kökündə, xüsusilə, bu “fəal ağl”ın dayandığını göstərir ki, bu da ona görə, insanlığa xas bir nemətdir.

Fəthullah Gülən: “İnsan özü ilə heyvan arasındakı bu mahiyyət fərqini inkişaf etdirmək məcburiyyətindədir,” – deyir və ardınca maraqlı bir şərh verir: “Ağıl daxili və xarici dünya arasında keçid rolunu oynayır, vicdanla birləşəndə başqa bir mahiyyətə bürünür. Əgər buna “var olmaqla” “fərqində olmağın (həqiqəti tapmaq)” – vicdan ərəbcə “tapmaq” feli ilə əlaqəlidir ki, Fəthullah Gülənin buna istinadən verdiyi təsbit düşündürücüdür – birləşməsi deyiləcəksə, onda vicdan da əməli cəhətdən hökm verən, hərəkət və istiqamətimizi göstərən “ağıl” yerinə keçir. Ağılın düzgün istiqamətlənib öz vəzifəsini yerinə yetirməsində ən son məqsəd, ən ülvi ideal isə Allah mərifətinə çatmaqdır. Bu mərifətə nail olan ağıl və ya zehin kamillik nöqtəsinə çatmış və vicdani mükəlləfiyyətləri də öhdəsinə almış olur. (Sızıntı, iyul 1979)

Gülənə görə, insanı insan edən xüsusiyyətlərdən biri də onun iradə azadlığı, yəni özünün öz hərəkətlərini təyin etməsi, fəal ağıl yolu ilə ixtiyar sahibi olmasıdır. Bunun sayəsində insan canlı-cansız bütün təbiətin fövqünə yüksələr, hərəkətlərinə nəzarət etmə və hesabını vermə qabiliyyəti qazanar. İnsan iradəsindən qaynaqlanan azadlıq, yəni məcburi determinizmin hakim olduğu “təbiətin” içində onu aşan və determinizm halqasından azad olan insanın bu ixtiyar sahibi olma cəhəti – təbiətdəki qanunların xaricində qalan bu xüsusiyyət, insanı bir sıra əxlaq prinsipləri ilə üz-üzə qoyur. Bundan əlavə, insanı “uca bir aləmə” namizəd səviyyəsinə yüksəldir və onu belə bir namizədliyin tələb etdiyi məsuliyyətləri yerinə yetirmək və kənar təlqin və daxili müşahidə ilə yaxşını pisdən ayırmaq məsələsində öz iradəsi ilə baş-başa buraxır. Daha sonra da xarici aləmlə bağlı qavrayışlar və mənaların işıq zərrələri kimi insan vicdanında əks olunması və reallaşması da imkan aləminin fövqünə qapılar açar ki, bu vaxt insan yaşadığı məkanın hüdudlarından yuxarılara doğru yüksəldiyini hiss edər.

Fəthullah Gülən insan üçün ən vacib bir xüsusiyyətin də düşüncə olduğunu qeyd edir. Onun fikrincə, insan öz düşüncə dünyasının əsasında formalaşan varlıqdır. “O, necə düşünürsə, istedadı, qabiliyyəti ölçüsündə elə olmağa namizəddir. İnsan müəyyən bir düşüncə çərçivəsində əşya və hadisələrə baxışını davam etdirdiyi müddətdə xarakter və ruhi-mənəvi xisləti etibarilə yavaş-yavaş o düşüncə yolunda bir şəxsiyyət (mahiyyət) formalaşdırır”.

Gülənin fikrincə, torpağa basdırılmış bir toxum üçün torpaq, hava, yağış və günəş nə deməkdirsə, düşüncə ilə birlikdə niyyət və səmimi arzu, hədsiz istək, yəni iştiyaq da insanda toxumlar halında mövcud olan istedadlar, yəni potensial qabiliyyətlər üçün eyni şey deməkdir. Ona görə, düşüncə və niyyət, insanın gözəl əxlaq və xarakterinin inkişafında eyni dərəcəli rol oynayır; yüksək ruh və qüsursuz xarakterlər gözəl düşüncə və təmiz niyyətlərin üzərində bina edilir. Düşüncə bir toxum, davranışlar onun tumurcuqları, sevinc və kədərlərimiz də meyvələridir. “Gözəl görən gözəl düşünər,” gözəl düşünən ruhunda gözəl şeylərin toxumlarını cücərdər və qəlbində qurduğu cənnətlərdə yaşayar. (Sızıntı, dekabr 1984)

İnsanı insan edən əsas amilləri bu şəkildə qeyd edən Fəthullah Gülən onunla heyvanlar arasındakı digər və çox əhəmiyyətli fərqi də nəzərə çatdırır:

“İnsandan başqa hər bir varlığa öz faydası, öz mənfəəti və kainatın nizamı istiqamətində xidmət etdirilir, yalnız insan həm özünün, həm də bütün varlığın və cahanların fövqündə duran bir məna və ruhu təqib edir. Heyvanların din duyğusu, əxlaq qayğısı, ləyaqət mübarizəsi, sənət fəaliyyəti yoxdur. Qapıları sadəcə insan qəlbinə, insan duyğularına açılan bu zümrüd sarayların yeganə şərəfli qonağı o özüdür, yəni insandır. Bəli, o, dinlə əkiz doğulmuş, əxlaqla yoğrulmuş, ömrünü ləyaqətə həsr etmiş və özünü sənətlə dilləndirən, ifadə edən yeganə canlıdır. Bundan başqa, o, yüksək duyğularla təchiz edilmiş, fəzilətə açıq, əbədiyyətə vurğun bir varlıqdır. Ən səfil görünən insan ruhunda belə əbədiyyət düşüncəsi, gözəllik eşqi və fəzilət hissindən meydana gələn gözəl bir iqlim mövcuddur. Ən ibtidai vasitələrlə düzəltdiyi bəsit əsərlərdən tutmuş, ifadə etdiyi məna və dəyərlərlə ecazkar sənət nümunələrinə qədər ucalan hər səs və nəfəs, hər rəng və çalar, hər şəkil və motiv onun daxili fitrət pətəyindən tökülən, onun dərinliklərindən qopub gələn ona məxsus dalğalardır. (Sızıntı, iyun 1993)

İnsanın həqiqi insanlığı və təhsil

Fəthullah Gülən Qurani-Kərimə istinadən qeyd edir ki, insan Yaradanın xəlifəsi olaraq bütün varlığa hökm etmə və “hər şeyin ağası” olma mövqeyində var edilmişdir. Yəni o, dünyanı tanıyacaq, kainatı oxuyacaq və beləliklə, öyrəndiyi elmlərlə şəxsi arzu və mənfəətlərini təmin etməyi və başqalarından üstün olmağı deyil, Allahın izni daxilində və qurmaq, abad etmək niyyəti ilə təbiətə müdaxilə edəcək, dünyanı gözəlləşdirəcək, ədaləti gerçəkləşdirəcəkdir. Gülənin ifadəsi ilə o: “Bütün ömrü boyu imanı ilə duyğu və düşüncələrini planlayacaq, fərdi və ictimai həyatını nizama salacaq, ümumi davranışları ilə ailə və cəmiyyət münasibətlərini tənzim edəcək və yerin dərinliklərindən səmanın ənginliklərinə qədər hər yerdə insanlıq bayrağını dalğalandırıb iradəsinin haqqını verməyə çalışacaq və dünyanı inşa edib, varlıqla öz arasındakı ahəngi qoruyacaq, yer və göyün zənginliklərindən də vasitə kimi istifadə edərək Yaradanın əmri və izni dairəsində həyatın rəngini, şəklini, şivəsini daima yüksək insani səviyyəyə ucaltmağa cəhd göstərəcəkdir.” (Sızıntı, aprel 1999)

Allah belə bir əhəmiyyətli vəzifə ilə dünyaya göndərdiyi insanın yaradılış mayasına və ya torpağına bu yüksək məqama xas xüsusiyyətləri nüvə (xülasə) şəklində yerləşdirmişdir. Allah insanı Özünün yaxını, ən parlaq aynası, bütün varlığın əsası olaraq bu aləmə göndərmiş, ona aləmlərin ruhundakı sirləri kəşf etmə, dünyanın kökündəki gizli qüvvət, qüdrət və potensial imkanları üzə çıxarma; hər şeyi yerli-yerində istifadə edərək özünün elm, iradə, qüdrət və s. cəhətlərini şüurlu təmsil etmə hüquq, səlahiyyət və qabiliyyətini vermişdir. Ki, o, varlığa müdaxilə edərkən və xilafət vəzifəsini yerinə yetirərkən dəf edə bilməyəcəyi heç bir maneə ilə qarşılaşmasın, əşya ilə münasibətlərdə problemlərlə rastlaşmasın, hadisələrin axarında rahat gəzib-dolaşa bilsin, mahiyyətinə yerləşdirilmiş qabiliyyəti inkişaf etdirməkdə çətinlik çəkməsin, əbədiyyətə qədər uzanan arzuları, amalları gerçəkləşdirməkdə gözlənilməz maneələrlə yolundan qalmasın.

Bu nüvələrin yetişib boy atması, meyvəli, tərtəmiz bir ağaca çevrilməsi və beləcə, insanın yüksək xarakter qazanaraq ikinci bir varlığı əldə etməsi onun sistemli düşünməsindən, davamlı çalışmasından, fasilə vermədən qəlbi və ruhi-mənəvi həyatında dərinləşməsindən asılıdır. İnsandakı bir niyyət və böyüklük rəmzi olan bu istedad ancaq təlim və tərbiyə ilə inkişaf etdirilir. Daxili müşahidə və mühasibə ilə müəyyən səviyyəyə yüksəlir. Onu zövqləri, istəkləri ilə baş-başa qoymaq isə ən mükəmməl yaradılış nüvəsi və ya nüvələr toplusunu ən səfil, ən rəzil və ən acınacaqlı halda buraxmaq deməkdir.

Gülənə görə, insan ruhunun ənginliyi, qəlbinin genişliyi və vicdanının duruluğu ilə insandır. Ona sadəcə ağlı, şüuru, şüuraltı, heyvani ehtirasları və ya ictimai təmayülləri ilə qiymət verənlər əslində onun həqiqi mahiyyəti ilə bağlı heç nə söyləməmiş, ortaya ciddi bir şey qoya bilməmişlər. Nəinki bir fikir söyləyib meydana nəsə çıxarmışlar, əksinə, onu daha da məchullaşdırmış, mücərrədləşdirmiş, qəribə bir vəziyyətə salmışlar. İnsanın mahiyyətində onun ağlı, şüuru, şüuraltı və ictimai təmayüllərinin də fövqündə duran, bütün bunları istiqamətləndirən elə bir rüşeym var ki... insan sahib olduğu bu daxili dinamika ilə könlü istər, tale üzünə gülərsə, həm özünü, həm də bütün kainatı fəth edər. Əgər insan öz mahiyyətində olan o sirli, sehrli güc və imkanları o güclərin, qüvvətlərin və imkanların həqiqi, əsl mənbəyinə istiqamətləndirə bilsə, bu təqdirdə özünü geridə qoyar, faniliyi də keçər və varlığın çürüyən, dağılan bütün dəyərsiz hissələrinə dəyərlərüstü məna və mahiyyət qazandıraraq, onları əbədiyyətə layiq hala çevirər.

Belə ki, insan üçün zəruri olan təhsil və ya tərbiyə heyvani duyğuların təsiri altına düşərək əsl məqsəddən−insanlıqdan uzaqlaşmanın qarşısına sədd çəkməlidir. Bu təlim-tərbiyə onun hərəkət və fəaliyyətlərinin hüdudunu təyin edər, özbaşına buraxılmamasını və hədi aşmasını təmin edər. Eyni zamanda, bu təhsil insanın özü ilə bərabər dünyaya gətirdiyi qabiliyyətləri də inkişaf etdirərək insan ruhunda gizli olan potensialın ortaya çıxmasına kömək edər. İnsanda həmişə yaxşılıq və gözəlliyin nüvələri vardır. Xoşagəlməz və çirkin şeylərin nüvələri yoxdur. Şəhvət, kin və intiqam kimi hislər belə bir baxımdan nəticələri etibarilə gözəlliklərin fidanları hökmündədir. Ancaq bu da unudulmamalıdır ki, müsbət-mənfi hər şeydə görünən gözəllik bir tərbiyə məhsulu olduğu kimi, insanın insan olması da yenə təhsillə bağlıdır: bütün funksiyalarını iradə və daxili müşahidəyə icra etdirən bir təhsillə... (Sızıntı, iyul 1979)

İnsanın xoşbəxtliyi

Fəthullah Gülənə görə insanın xoşbəxtliyi fəzilətli olmaqdan asılıdır. Çünki fəzilət hər şeydən əvvəl gözəl əxlaqa malik olub bütün varlığa sevgi ilə baxmaqdır. Fəzilətli insan bütün varlıq və əşya ilə münasibətdədir. Belə bir insanın nəzərində hadisələr− zahirən nə qədər pis və qaranlıq da olsa, insan vəzifə və funksiyasına uyğun olaraq bunlardan bəzilərinə kədərlənsə, üzülsə də, ‒ bir bahar havası içində ruha nəşə qatan rüzgar kimi əsər. O, daim axıb gedən əşya və zaman selində yeni-yeni mənzərələri müşahidə edər və bu müşahidə ilə ruhunda sevinc duyğuları hasil olar.

Gülənə görə fəzilətli olmaq insani istəklərdən tamamilə uzaqlaşmaq demək deyildir. Əksinə, ona görə, insanı yaşadığı dünyadan qoparan, təcrid edən belə bir fəzilət anlayışı pessimizmə aparan bədbinlik mənbəyidir və İbsenin ifadəsi ilə “səadətin məhvi” deməkdir. Eyni zamanda, bu cür həddən artıq və yersiz narahatçılıq fərdin yalnız nəfsini (özünü) düşünüb ona bərk-bərk sarılmağına və mərdlik, fədakarlıq hislərindən məhrum olmağa dəlalət edir. Bu qəbil düşüncə də əxlaqi həyatın yanlış anlaşıldığını və insanlar üçün yaşama məziyyətinin tam olmadığını göstərir.

İmandan qaynaqlanan fəzilət sevgi, eşq, şəfqət, qardaşlıq və dostluq, bundan başqa, haqsızlığa qarşı çıxmaq, xain olmamaq və intiqam, kin, nifrət, qısqanclıq kimi düşüncələrdən uzaq olmaq deməkdir. Bu baxımdan fəzilətli insan daim ətrafında hörmət və sevgi dolu bir ab-havanın əsdiyini görər. O, ailəsinə, vətəninə, millətinə, hətta bütün varlığa duyduğu sevgi, ünsiyyət və bu sevgi və ünsiyyətin gətirdiyi mərdlik və fədakarlıqla ucsuz-bucaqsız məhəbbət dənizində, sonsuz həzlər içində yaşayar; Cənnətə girmədən Cənnətin təravətini içinə çəkər. Bu həzlər başqalarının sevincini paylaşma həzzi, onların ləzzətini ruhunda yaşama həzzi, onların dərd və iztirbalarını bölüşüb onları səadətə aparan yolları açma həzzidir. Bu şəkildə, bütün insanlıq və kainatla münasibətdə olan qəlb hələ bu dünyada ikən əbədi xoşbəxtliyə qovuşar və elə bir səadət zirvəsinə yüksələr ki, ətrafda baş verənlər onun xoşbəxtliyinə zərər yetirə bilməz. (Sızıntı, iyun 1982)

İnsan haqları və humanizm

Məlum olduğu kimi, insan haqları termini beynəlxalq ədəbiyyata İkinci Dünya müharibəsindən sonra daxil olmuşdur. Bu termini hüquq və əxlaq planında lüğətimizə salan və ona öndərlik edən ölkələr də daxil olmaqla, bu gün dünyada hansı dövlətin həqiqətən insan haqlarına dəyər verməsi olduqca mübahisəli məsələdir. Bununla yanaşı, nəzəriyyədə və bir anlayış kimi olsa da, dünyada insan haqlarından bəhs edilməsini insanlıq üçün müəyyən irəliləyiş hesab etmək olar. Bunun müqabilində İslam bu gün əsas insan haqlarına aid edilən xüsusları Quran və Allah Rəsulunun tətbiqatı ilə təminat altına almışdır. Belə ki, İmam Qəzali kimi mücəddid (ictihadçı alim) İslam fiqhinin din, can, ağıl, mal və nəsil kimi beş əsas haqqı qorumağa yönəldiyini qeyd etmişdir.

Fəthullah Gülən də insan haqları məsələsinə bu prizmadan yanaşır:

“İslam ümumbəşəri bir dindir. O, bütün haqları qorumağa təminat verir. Onun haqq və hüquq mövzusundakı geniş perspektivindən heyvanlar da lazımi şəkildə faydalanır.

Qurani-Kərim bir insanın öldürülməsini bütün insanlığa qarşı işlənmiş cinayət kimi qəbul edir. Haqq mövzusunda bu həssaslığı başqa heç bir dində, heç bir hüquq sistemində görmək mümkün deyildir. Peyğəmbər Əfəndimizin (sallallahu əleyhi və səlləm) bəyan etdiyi kimi, bir insan öz canı, ağlı, malı, nəsli və dini uğrunda ölərsə, şəhid olar. Bu haqlar uğrunda mübarizə aparmaq cihad sayılmışdır.

İslam dini insan haqlarına bu əsas prinsiplər aspektindən yanaşır və İslama görə, hər bir şəxs onları mühafizə və müdafiə etmək məsuliyyətini daşıyır. Bundan əlavə, insan yalnız İslam dinində Allahın xəlifəsi ünvanı ilə təltif edilmiş və bu yüksək ünvan sayəsində ona əşyaya müdaxilə etmə icazə və imkanı verilmişdir. Və yenə İslamda insan özünü və nəslini qoruma, çalışma və təşəbbüs göstərmə sərbəstliyi kimi azadlıqlarla təmin edilmişdir. O səviyyədə təmin edilmişdir ki, bu mövzuda başqa sistemlərin gətirdiyi prinsiplərlə İsamın qarşısına çıxmaq, nə də məsələnin hər hansı bir mənfi tərəfini göstərmək mümkün deyildir. (Camcı, Ünal, 1999, səh 223–226)

İnsan haqları mövzusuna bu şəkildə – İslami perspektivdən yanaşan Fəthullah Gülən yenə son bir əsrdə ən çox müzakirə mövzularından olan humanizmi daha çox insan sevgisi istiqamətində nəzərdən keçirir. Gülən bəzi güclərin bu anlayışı öz ideologiyaları, inancları və milli mənfəətləri istiqamətində istismar etdiyini vurğulayır. F.Gülən humanizmlə əlaqədar insan sevgisindən də bəhs edir: “Sevgi bizim inanc və könül üzərində qurulan dünyamızın solmaz gülüdür. Hər şeydən əvvəl, Allah kainatı məhəbbət telləri üzərində bir naxış kimi toxumuşdur. Və varlığın köksündə ən valehedici əda ilə daima səsləndirilən musiqi sevgidir. Ailə, cəmiyyət və milləti təşkil edən fərdlər arasında ən güclü münasibət sevgi münasibətidir. Sevgi ata-anadan övlada şəfqət, qayğı şəklində, övladdan ata-anaya hörmət şəklində əks olunur. Cahanşümul sevgi isə özünü bütün varlıqdan varlığın hər zərrəsinə qarşı yardımlaşma və dəstək vermə şəklində büruzə verir,” – deyir.

İnsanlıq aləmi istisna olmaqla, yaradılışdan gələn və qaynağını Yaradanın yaradılana olan məhəbbətindən götürən qeyri-iradi sevginin bütün varlıq aləmində hakim olması müqabilində, insan varlıqdakı bu sevgi simfoniyasında iradəsi ilə iştirak edir. Yəni insan öz varlıq torpağında sevgi toxumlarını cücərtməli və həyatını onun kölgəsində keçirməli, bu şəkildə, kin, nifrət, qısqanclıq kimi duyğuların əsiri olmamalıdır. Gülən bu mövzuda İslamın həqiqətən dərk edilib yaşandığı dövrlərdən, müsəlmanların başqa insanların rahatlığı, xoşbəxtliyi, xüsusilə, axirətdə qurtulması uğrunda göstərdikləri fədakarlıq nümunələrindən misallar verir. (Həmin əsər, 218-222)

Gülən İslamın cahanşümul prinsipləri çərçivəsində sevgi anlayışı və düşüncəsinin çox dərin, amma çox tarazlı olduğunu da vurğulayır. Yəni İslam tamamilə məzlumun yanında olmaqla yanaşı, zalıma qarşı sevgini əmr etmir. Bir hədisdə bildirildiyi kimi, zalıma mərhəməti onu zülmündən uzaqlaşdırmaqda görür.

Qadın və onun cəmiyyətdəki yeri

Bu gün qadın mövzusunun bir problem kimi müzakirə obyektinə çevrilməsi, əsasən, Avropada orta əsr sxolastikasının qadına baxışına cavab olaraq meydana gələn və XX əsr dünya müharibələrinin Avropada cəmiyyət və ailə sistemini sarsıtması ilə inkişaf edən feminizm cərəyanlarının geniş yayılması ilə bağlıdır. Bu məsələ də modern cəmiyyətin bir problemi kimi meydana çıxmış və dolayısilə, bizə də keçmişdir.

Fəthullah Gülən olduqca həssas, iztirablı və özünü başqalarına həsr etmiş fitrəti ilə, demək olar ki, ruhunu ən gözəl bir ana qəlbində tapır. Beləliklə, bəlkə də, İslami tərbiyənin tələbi olaraq və ən azından ata-ana ocağında gördüyü ana qayğısına bərabər sızıltısını, göz yaşını, şəfqəti, mərhəməti, başqaları üçün yaşamağı ana ruhu ilə eyniləşdirir. Və qadına ilk növbədə həssas, əzabları ilə qan rənginə bürünmüş, şəfqətli, mərhəmətli və özü solarkən qoxusunu başqalarından əsirgəməyən gül nöqtəsindən baxır. (Yağmur, aprel-iyun, 2000)

Qadın olsun, kişi olsun, insanın həqiqi dəyəri zaman-zaman aşınıb torpağa qarışan cismaniyyətində deyil, onun həqiqi şəxsiyyətini təşkil edən və cisminin torpağa qarışması ilə yox olmayan ruhunda, xarakterində və malik olduğu fəzilətlərindədir. Dolayısilə, qadına əsl dəyəri fiziki fərqi, cismaniyyəti, cinsiyyəti deyil, ümumən insan və xüsusən də, qadın olaraq daşıdığı dəyərlər qazandırır. Gülən bunu belə ifadə edir:

“Qadını mələklərdən daha ülvi edən və misilsiz almaza çevirən onun daxili gözəlliyi, iffət və ciddiyətidir.

Əsl qadın dilində hikmət, ruhunda incəlik və lətafət olan, davranışlarında hamıya hörmət və ehtiram göstərən qadındır.

Cismani gözəlliyə sahib olmasına baxmayaraq, qəlb və ruh incəliklərinə yiyələnə bilməyən bir qadın müəyyən müddət başlarda gəzən çiçəklərə bənzəsə də, sonradan solması, yarpaq-yarpaq qopub ayaqlar altına düşməsi qaçılmazdır. Əbədiləşmə yolunu tapa bilməyənlər üçün necə hüznlü aqibət...! (Ölçü ve ya Yoldakı Işıklar, 68-71)

Qadın-kişi bərabərliyi məsələsi

Məqalə, reportaj, söhbət və nitqlərində bəzən qadının cəmiyyətdəki mövqeyinə toxunan Fəthullah Gülən İslamda heç vaxt qadın-kişi ayrı-seçkiliyinin olmadığını bildirir. F.Gülən bəzilərinin tənqid etdiyi Həzrəti Həvvanın Həzrəti Adəmin qabırğa sümüyündən yaradılması hadisəsini izah edərkən bu hadisənin qadınlarla yaxşı rəftar edilməsi, onlara qarşı sərt davranılmaması məqamında bir təşbeh (bənzətmə) olduğunu bildirir. Qurani-Kərim kainatda hər şeyin cüt yaradıldığını bəyan edir, üstünlük məsələsində qadın-kişi ayrı-seçkiliyinə yer vermir. İnsan mahiyyətinin bir tərəfini kişi, digər tərəfini qadın təşkil edir. Bu səbəbdən yaradılışda hər hansı bir kişi-qadın ayrı-seçkilyi və üstünlüyündən söz gedə bilməz. (Asrın Getirdiyi Tereddütler, 2/158-161)

Bu həqiqətlə yanaşı, Fəthullah Gülən digər bir vacib məsələyə də toxunur. Bu da ortaya atılan qadın-kişi bərabərliyi iddiasıdır. Onun fikrincə, hər şeydən əvvəl, heç bir fərq olmadan, təbiətən, xüsusiyyətcə, dəyər və ölçülərə görə hər cəhətdən bir və bir-birinin eyni olmağı ehtiva edən bərabərlik anlayışı qadın-kişiyə və ya başqa iki insana, iki kişiyə və ya iki qadına aid edilə bilməz. Çünki insan cəmiyyətində hər bir fərd başqa varlıqlarla müqayisədə bir növ kimidir, özünə xas xüsusiyyətlərə və öz dünyasına malikdir. Buna görə də insanlar arasında mütləq mənada bərabərlikdən danışmaq qeyri-mümkündür.

Qadın-kişi bərabərliyi məsələsində öncə bu əsas prinsipi qeyd edən Fəthullah Gülən daha sonra ”Hər şeyi cüt (erkək və dişi) yaratdıq. Bəlkə, düşünüb ibrət alasınız” (Zariyat, 51/49) ayəsinə əsaslanaraq birhüceyrəlilərdən bitkilərə, onlardan heyvanlar və insanlara qədər hər şeyin cüt, yəni erkək və dişi yaradıldığını qeyd edir. Bu yaradılış hörgüsündə cütlər bir bütövü tamamlayan iki tərəfdir, bir-birinə köməkçi, bir-birinə dəstəkdir. Bir-birinə müsbət mənfiyə, elektron protona, gecə gündüzə, yay qışa, yer səmaya, kişi qadına, qadın kişiyə möhtacdır. Tək olan Allahdan başqa hər şey qüsurludur, natamamdır və buna görə də heç bir şey varlığını davam etdirmək üçün özü-özünə kifayət etmir. Bu səbəbdən, tam olmayan kişi və qadın bir araya gələrək bir-birini tamamlayacaq və vəhdət təşkil edəcəkdir.

Bu etibarla Gülənə görə, qadın və kişi bir-birinə tay, bərabər olan iki varlıq, rəqib deyil, bir-birini tamamalayan iki yoldaşdır. Allah Rəsulu (s.ə.s.) bir hədisində bu həqiqəti “qadın və kişinin bir-birini tamamlayan iki yarım (hissə) olmaları” şəklində ifadə edir. Bu yarımlardan biri heç vaxt digərinin eynisi ola bilməz. Aralarında fizioloji, psixoloji fərqlər çoxdur. Lakin bu, “kişi qadının bioloji cəhətdən ən inkişaf etmiş şəklidir”, və ya “qadın kişinin az inkişaf etmiş tipidir” mənasına gəlmir. Bəşərin cinsiyyət fərqliliyinə müdaxiləsi mümkün olmadığı üçün hamı bərabərlik xülyalarından əl çəkib kişi və qadını olduğu kimi qəbul etməlidir.

Bu fitri, yəni təməl yaradılış gerçəyini bu şəkildə şərh edən Gülən belə deyir: “Burada bunu bildirmək lazımdır ki, qadınların yaradılış fərqliliyi onların alçaq və xor görülməsinə səbəb olmamalıdır. Əksinə, Cənabi-Haqq qadın və kişini “ən gözəl şəkildə yaradan” və onlara ucalmanın, yüksəlmənin yollarını öyrədən, onları bir-birinin tamamlayıcısı, örtüyü və qoruyucusu edəndir.” (Prizma, 1/143-45; “Ertoğrul Özköklə Reportaj”, Ergün, 35)

Fəthullah Gülən bundan sonra, kişi və qadının cəmiyyətdəki vəzifə və funksiyalarını nəzərdən keçirir. Onun fikrincə, qadın kişi deyildir və kişi ilə qadın arasında müxtəlif fizioloji və psixoloji fərqlər vardır, təbii ki, bu fərqlər qadının cəmiyyətdəki yerinə və vəzifəsinə də təsir edir. Bununla yanaşı, əvvəlcə bir məqamı vurğulamaq lazımdır; dini əmrlər və qadağalar qarşısında kişi də, qadın da bərabər məsuliyyət daşıyır. Burada yaradılışdan gələn və insanın iradəsi xaricində olan bəzi istisnalar vardır. Bu istisnalarda qadın bəzi mükəlləfiyyətlərdən azad edilmişdir. Kişilərin gördüyü bəzi işlərin qadına yüklənməməsi məsələsinə gəldikdə isə bu da hər iki cinsin fizioloji və psixoloji fərqliliyi və İlahi qüdrətin hər iki cinsə bəxş etdiyi bəzi fərqli özəlliklərlə əlaqədardır. Avropa və Amerika daxil olmaqla, modern cəmiyyətlərdə kişinin gördüyü hər iş qadına həvalə olunmur. Məsələn, qadın bütün dünyada nadir hallarda prezident, dövlət başçısı ola bilir, ali hərbi komandan, hərbi komandir isə heç yoxdur, hətta qadından icra hakimi tapmaq belə müşkül məsələdir. Xristianlıq və Yahudilik kimi dinlərdə də heç vaxt qadından kardinal, papa və sinaqoq rəhbəri (baş haham) olmamışdır. Məsələni başqa şəkildə təqdim edənlər nəinki qadına əsl dəyərini verirlər, tam əksinə, onu Yaradanın verdiyi dəyərdən məhrum edirlər. (Ölçü ve ya Yoldakı Işıklar, 71)

Qurani-Kərim dini və ictimai mükəlləfiyyətlərini yerinə yetirən möminləri mədh edərkən ərəbcənin xüsusiyyətlərinə uyğun olaraq hər iki cinsi birdən ifadə edən əvəzliklərdən istifadə etmək mümkün ikən, kişilərlə yanaşı, qadınları ayrıca anaraq qadınlarla kişilər arasında hər hansı bir fərq olmadığını göstərməklə Cahiliyyə adətlərini alt-üst edir. (Nisa, 4/124; Əhzab, 33/35)

Gülən hər biri müqəddəs olan ev və ailəni ruhların rahatlıq tapdığı, insanlar arasında ər-arvad, ana, ata-övladlar, qardaşlar, nənə, baba, nənə-nəvələr arasında ən müstəsna sevgi, şəfqət, vəfa, sədaqət və bağlılığın yaşandığı və ən unudulmaz xatirələrin zehnə və qəlbə həkk olunduğu yer hesab edir. Digər funksiyaları ilə birlikdə, nəsillərin həyata göz açdığı, bütün ömrə sirayət edən ilk təhsilin alındığı və şüuraltının formalaşdığı yer olaraq da ailə və evin fərdlərin, cəmiyyətlərin və millətlərin həyatındakı əhəmiyyətini həmişə vurğulayır. (Ölçü ve ya Yoldakı Işıklar, 139-40)

Şübhəsiz, Fəthullah Gülən qadının evdə oturub bütün gününü mətbəxdə keçirməsi anlayışında deyildir. O, qadının fizioloji və psixoloji vəziyyəti nəzərə alınmaq şərti ilə, hər hansı bir işdə işləyə biləcəyini, İslamda da buna heç bir əngəl olmadığını (Nuriyə Akmanla Reportaj, Sabah, 23 yanvar 1995) bildirir və İslamın ona verdiyi iqtisadi sərbəstliklərdən bəhs edir. (Özcan Ercanla Reportaj, “Milliyyət”, 21 yanvar 1998; “Yağmur”, aprel-iyun 2000) Gülən bununla kifayətlənmir, “Qadın kirli bir qab, dəyərsiz bir filiz parçası olmadığı kimi, onun yeri də kirli qabların və filiz parçalarının yanı deyildir. O, bənzərsiz bir daş-qaşdır,” – deyərək qadının evdəki vəzifəsinin mətbəx işi olmadığını nəzərə çatdırır. Ona görə, qadın nəsillərin birinci dərəcəli və ən önəmli müəllimi, tərbiyəçisi və mürşidi, yəni yol göstərənidir. (Ölçü veya Yoldakı Işıklar, 71)

Fəthullah Gülən İslamda qadının yeri məsələsindən bəhs edərkən İslamın qadın haqları mövzusunda həyata keçirdiyi böyük və köklü inqilabları da qeyd edir. (Yağmur, aprel-iyun 2000)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.