İslam dininin fərqli təqdimi və müsəlmanlar tərəfindən fərqli təmsil olunma şəkilləri

Fəthullah Güləni və onun İslami anlayışını dərk etməyi və qiymətləndirməyi çətinləşdirən ikinci əsas amil XIX və XX əsrlərdə dünya arenasında hərbi, iqtisadi və mədəni hakimiyyət qurmuş Qərbin qismən oriyentalizm və missionerlik vasitəsilə, qismən də tarixi reflekslərlə İslamı fərqli təqdim etməsi və İslam dünyasındakı bir çox ziyalının da bunlardan təsirlənərək İslamla bağlı fərqli izahlar, şərhlər ortaya qoymasıdır.

İslam dünyası XX əsrə müstəmləkə torpaqları kimi qədəm qoydu və bu dünyanın qoruyucusu və ən böyük təmsilçisi olan Osmanlı Dövləti Birinci Dünya Müharibəsindən sonra tarixə çevrildi. Ardınca XX əsrin ortalarına qədər bu dünyanın, demək olar ki, hər tərəfində azadlıq müharibələri başladı. Fuller və Lessler (səh. 41-42) yalnız XX əsrdə Qərblilərin səbəb olduğu müsəlman ölümlərinin sayının bütün tarix boyu müsəlmanlar tərəfindən öldürülən Qərblilərin sayından çox olduğunu qeyd edir. Bir çox müsəlman bütün dünyada müsəlmanlar əleyhinə genişlənən bu növ hadisələrdən və müsəlmanlara qarşı həyata keçirilən hücumlardan ciddi nəticə çıxarır və Qərb siyasətinin şüurlu şəkildə hər yerdə müsəlmanların qüvvəsini zəiflətmək hədəfinə yönəldiyinə inanır. Bundan başqa, nəhayət, Dəmir Pərdənin (Sovet Rusiyasının) çökməsindən - 1991-ci ildən etibarən İslamın düşmən qütb olaraq elan edilməsi ilə yanaşı, bir terror dini kimi təqdim edilməsi, Türkiyə və Əlcəzair kimi ölkələrdə meydana gələn cinayət və terror hadisələri ilə müsəlmanlar, hətta İslam arasında əlaqələr qurulması cəhdi, bu arada Hantinqtonun İslam dünyasının bütün sərhədlərini Qərb mədəniyyəti ilə müharibə hüdudları kimi göstərib mədəniyyətlər müharibəsini gündəmə gətirməsi və ən son İslam torpaqlarına edilən hücumlar İslamla Qərb və İslam dünyasındakı yerli idarəetmələr arasında daha böyük uçurumlara gətirib çıxarır.

Bütün bunlarla birlikdə İslam dünyasında müstəmləkəçilərə qarşı aparılan mübarizələr, İslam ölkələrindəki hakim dairələrin İslama bu və ya digər şəkildə yanaşmaları, sözdə Qərbpərəst olan bəzi mütəfəkkirlərin İslam və müsəlmanlara qarşı davranışları, Türkiyədə 1950-ci illərdə DP-CHP təməlində başlayıb siyasi arenada əks olunan çəkişmə və qarşıdurmalar, qısaca, İslam dünyasının XX əsrdə düşdüyü vəziyyət bu dünyanın hər tərəfində “İslami” və ya “İslam qaynaqlı qurtuluş” hərəkatları ilə birlikdə, müsəlmanlar arasında fərqli anlayış, şərh və yanaşmaların ortaya çıxmasına səbəb oldu. Bu anlayış, şərh və yanaşma fərqi, şübhəsiz, imanın şərtləri, İslamın şərtləri, ibadət əsasları, əxlaq düsturları, əsas fərz və haramlar, hətta əsas hüquqi prinsiplər kimi İslamın özü və təməlləri məzmununda deyil, mövcud şəraitdə İslama uyğun hərəkət etmək və İslamı həyata əks etdirmək perspektivində idi. Bunlara əsaslanaraq, İslamın ruhundan tamamilə uzaqlaşan “modernist” cərəyanları və bəzi oxşar versiyaları bir kənara qoysaq, mövzu ilə əlaqəli fərqli anlayış, şərh və yanaşmaları iki əsas qrupda nəzərdən keçirə bilərik:

- İdeoloji-siyasi İslami yanaşma və hərəkatlar;
- Dini (İslami) yanaşma və hərəkatlar;

İdeoloji-siyasi İslami hərəkatlar İslamı, şübhəsiz, vəhyə əsaslanan bir din olaraq səmimi qəbul etmək, hətta onu bütün davranış və hərəkətlərdə əsas istiqamət kimi qəbul etməklə birlikdə, onu mövcud şərtlərdə və gündəmdə daha çox ideoloji və siyasi xarakterdə bir din olaraq görüb eləcə tətbiq etməyə çalışan və buna əsaslanaraq İslami mücadilə aparan hərəkatlardır. Bunlar İslam uğrunda, əsasən, İslamın siyasi hakimiyyəti və müsəlman cəmiyyətlərin sosial, iqtisadi və siyasi məsələləri üzərində dayanmışlar, bununla yanaşı, imani məsələlər, ibadət, əxlaq, müsəlmanın gündəlik həyatı kimi “din” deyiləndə ağıla ilk gələn sahələrə ikinci dərəcədə yanaşmış və ya bunları bir müsəlmanda təbii olaraq var, və ya vacib olmalıdır deyə qəbul etmişlər. Başqa bir ifadə ilə daha çox, İslamın sosial, iqtisadi və siyasi tərəflərini önə çıxarmış və onu ilk növbədə həyatın bu tərəflərini tənzimləyən bir din olaraq qəbul edib eləcə təqdim etmişlər.

Dini (İslami) hərəkatlar isə İslamı ayrı-ayrı hissələr şəklində dəyərləndirməməklə birlikdə, müxtəlif şərtlər daxilində onun məsələlərə fərqli şəkildə yanaşa biləcəyini, yanaşmalı olduğunu, dolayısilə, mövcud şərtlərdə ona elm əsaslı iman, ibadət, əxlaq və insanın gündəlik həyatına istiqamət verən yönləri müstəvisində baxmağın və ona bu mənada nəzər salıb, belə təqdim etməyin daha doğru olduğunu düşünən hərəkatlardır. Fəthullah Gülənin dövrün şərtlərinə görə İslama yanaşması daha çox ikinci varianta yaxındır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.