Yaradılışın qayəsi və İslamın mahiyyəti
Qurani-Kərim İslamın, dolayısilə, peyğəmbərliyin (risalətin), peyğəmbərlərin vəzifə və funksiyalarının əsas məzmununu izah edən bir ayəsində belə buyurur:
“Şübhəsiz, sizə aranızdan seçilmiş bir peyğəmbər göndərdik: sizə (ona vəhy etdiyim ayələrimi və kainatda Məni göstərən açıq-aydın dəlilləri) oxuyub açıqlayır (beyinlərinizi səhv düşüncə və inanclardan, qəlbinizi batil inanc və günahlardan, həyatlarınızı hər cür kirdən təmizləyərək) sizi təmizləyir; sizə (ona endirdiyim) Kitabı və Hikməti (o Kitabı başa düşməyi, həyata tətbiq etmə yolu olan Sünnəti və əşya və hadisələrin mənasını, onların Mənə necə dəlil olduğunu) öyrədir və sizə bilmədiyiniz nə varsa, hamısını öyrədir.” (Bəqərə, 2/151).
Bu ayə İslamı anlamaq baxımından, həqiqətən, çox əhəmiyyətlidir. İslamın qapısı ayələri tanıma və oxumaqla açılır. Qurani-Kərim iki nöqtə arasındakı hər cümləsi kimi, kainatdakı bütün hadisə və əşyalara da “ayə” adını verir, çünki bunların hər biri Allaha, başda varlığı və mütləq birliyi, sonra sifət və adları ilə dəlildir. Bunların heç biri Allahla əlaqələndirmədən tam doğru başa düşülə və izah edilə bilməz. Beləliklə, hər peyğəmbər, xüsusilə, hər rəsul, yəni müəyyən dövrlərdə dini diriltmə və şəraitə görə yeni hökmlər gətirmə funksiyasını daşıyan hər nəbi topluma ayələri oxuyur. Lakin bu ayələrin düzgün başa düşülməsi, onlara məna verilməsi hər cür şərtlənmələrdən (qərəzli yanaşmalardan) arındırılmış beyinlə mümkündür. Bu beyinin kirlənməməsi, təmiz qalması isə insanların yaşadıqları kimi inananlar deyil, inandıqları kimi yaşayan olmasına bağlıdır. İnsanların yaşadıqları kimi inananlar olmaması üçün də qəlb günahlardan, yanlış meyil, arzu, niyyət və hədəflərdən pak olmalıdır. Elə peyğəmbər özü də şəxsiyyəti, tərbiyəsi və həyatı ilə qəlblərə nüfuz edir və Alahın izni çərçivəsində qəlbləri qəlbə xas kirlərdən təmizləyir. Bu şəkildə təmizlənmiş, doğru düşünən, əşya və hadisələrə doğru perspektivdən baxıb onları düzgün mənalandıran beyin və qəlblər ilahi kitablardan lazımi ölçüdə faydalana bilir. Demək, peyğəmbərlərin iki əsas vəzifəsi vardır: Bunlardan biri, insanlara düzgün fikirləşməyi öyrətmə, onları doğru biliklərlə təchiz etmə, ikincisi isə qəlblərini təmizləyib insani zirvələrə qaldırmaqdır. Bunlardan birincisi özünün məna və məzmununu elmdə, digəri isə iman, mərifət (Allahı bilmə) və Allah eşqində tapır. Bu şəkildə beyinlə qəlbin birləşməsidir ki, hər zaman üçün hikmət təməlində gərəkli aksionun qaynağını təşkil edir.
Dinin təməli və ya İslamın əsası, yaradılışın qayəsi mövzusunda Fəthullah Gülən yazır:
“Quran insanın yaradılış qayəsini mərifət (Allahı bilmə) üfüqü, məhəbbət ruhu, eşq və şövq səviyyəsi və ruhani həzz rəngləri ilə “imanı-billah” olaraq təyin edir. İnsan yerinə görə daxilindən varlığın dərinlikərinə qədər yollar qət edərək, varlıqlardan fərqli parçalar alıb daxilində dəyərləndirərək iman və düşüncə dünyasını inşa etməklə vəzifələndirilmişdir. Bu, eyni zamanda, onun ruhunda yerləşən insanlıq həqiqətinin aydınlığa çıxmasıdır. Bəli insan, ancaq imanın aydınlığında içini, içindəki dərinlikləri, varlığın hədəf və məqsədlərini dərk edib kainat və hadisələrin həqiqi hikmətlərini, əşyanın görünməyən, bilinməyən tərəflərini aydınlaşdıra bilər, aydınlaşdırıb varlığı həqiqi mənası ilə dərk edə bilər.” (Yeni Ümit, yanvar-fevral-mart 1994)
- tarixində yaradılmışdır.