Maarifimizdə Müəllim

Müəllim doğumundan ölümünə qədər, bir ömür boyu həyatı şəkilləndirən müqəddəs ustaddır. Millətinə, tale yollarında rəhbərlik edib onun əxlaq və xarakterini yüksəldən və ona əbədilik şüurunu aşılayan, ətrafında mələklərin cəmləşdiyi bu ali varlığa bərabər yer üzündə ikinci bir varlıq göstərilə bilməz.

Müəllimin insan üzərində təsiri, ana, ata və cəmiyyətin təsirindən qat-qat üstündür. Əslində, ananı da, atanı da, hətta cəmiyyəti də yoğuran odur. Onun əli dəyməyən hər xəmir dadsız və duzsuzdur.

O, Allahın insanları yüksəldib alçaltmasında istifadə etdiyi bir əl və bir dildir. Bəli, müəllimini tapmış bədəvi bir toplum mələklər qədər ülviləşər və bütün camaatı ilə birgə müəllimlik payəsinə yüksələr. Və yenə də, yaxşı bir müəllim sayəsində Makedoniya dünyanın böyük fatehlərindən birinə sahib olur. Anadolu yaxşı müəllimlər sayəsində dünya mədəniyyətinə qədəm basdı. Əsrlərə meydan oxuyan Fateh, böyük nizam-intizam insanı Yavuz və onlar kimi yüzlərlə insan mahir bir ustad əlindən çıxmış nadir tələbələrdi...

Müəllimin əlində mədənlər saflaşar, xalis qızıla və tərtəmiz gümüşə çevrilər. O sirli əldə ən xam və ən dəyərsiz əşyalar nadir almazlara dönər. Heç bir fabrik onun kimi ardıcıl və onun qədər sistematik iş görə bilməz. Qarşısına aldığı yüzlərlə insana bir anda bütün duyğu selini inikas etdirmək və onların varlığında ikinci bir varlığa dönmək müəllimdən başqa heç kəsə müyəssər olmamışdır.

O, sirlər aləminin aşılmaz zirvələrindən sıza-sıza bizə gələn mənaların tərcümanı və varlıq aləmində sezilməz həyəcanların səsi və sözüdür. Onun sayəsində insan buludlar kimi yüksələr və rəhmət olaraq yerə enər.

Ülvi aləmlərin ən əmini bir ustad və bu ustadın gətirdiyi xəbərlərə bağrını açan uca ruh isə ən böyük bir müəllim idi.. müəllimlik vəzifəsində fərdin də cəmiyyətin də mədyun (borclu) olduğu bir müəllim... Bu gün doğru nə bilirik və nə bilinirsə hamısı ondan; gerisi əbəs sözlərdən ibarətdir...

Müəllim gah filosof, gah zahid, gah dərviş cildində zühur etmiş və yaşadığı dövrə möhrünü vurmuşdur. Lakin hər kəsin "həqiqət"dən istifadəsi nisbətində hər müəllimin görünüşü də fərqli olmuşdur: İlk dövrlərin hikmət aşiqləri nəbilərə məxsus nəğmələri təkrar edirdilər. Orta əsrlərin "sxolastik" mürşid və müəllimləri ilahilərinə "pozitivizm" nəğməsini də əlavə etdilər. Eyni dövrdə Şərqin müəllimləri isə əllərindəki sirli fərmanla insanı kəşf və onu özünə qovuşdurma cəhdində idilər..

İntibah dövründən sonra hər şeylə birgə müəllim də dəyişdi. Artıq o, kor-koranə əşya və hadisələrə gömülən, əlindəki kiçik kargahından bazardakı atelyesinə qədər, hər şeyi ilə mənfəət dalınca qaçan kəşf və icada tutqun naşı bir aşiq idi. Bu dövrdə kütlələrə hökm edənlər heç vaxt müəllim ola bilmədilər. Bəli, bu dövrdə kütlələr aşırı təlqin və təşhirlərlə aldadılaraq, müəyyən istiqamətlərə sövq edildilər, lakin heç vaxt müəllim görmədilər. Əslində, bu "yenidən doğumun" zifaf gecəsində qəlb çoxdan Mefistoya əsir edilmişdi.

Daha sonra isə, bütün texniki vasitələri -teleskopdan mikroskopa qədər- nebulalara söykənən nərdivanlar və zərrəciklər yönəldilən x şüalarına çevirib hər şeyi maddə ilə izaha cəhd edən materializmin bayağı görüşlü müəllimləri gəlir. Bu dövrdə, insanı ucaltmaq naminə bir iş görülmədiyi üçün müəllimdən söz açmaq da olduqca çətindir. Ancaq bu son dərəcədə qatı və qaranlıq dövr də uzun sürməmiş, arxadan yeni bir təcəssüs və təfəhhüs (araşdırma, tədqiqat) dövrü başlamışdır.

Bəşəriyyətə qarşı böyük cinayətlər işləmiş bir ovuc sərgərdandan sonra, son dövrləri şübhə ilə qarşılayan və yenidən səbəb və nəticələri tədqiq etmə ehtiyacını duyan bu dövrün ürfan nəsli, hörmət duyduğumuz müəllimlik müəssisəsini deyəsən bizə geri qaytaracaq.. cəmiyyətin ürəyini coşduracaq, himmətini artıracaq; zehinlərə işıq və qəlblərə güc verəcək müəllimliyi... Bəli, bu müəllimlik sayəsində şagirdin mənəvi aləmlərlə münasibətə girməsi təmin ediləcək və o uca aləmlərdən gələn bəyanlarla şagird şəxsi idrakının qat-qat fövqündə ilhamlara məzhər olacaqdır. Əslində, "Mütləq olan Allah"la təmasa keçməyə yaramayan elmlə nə uca tərkiblərə varıla bilər, nə də əşyaya işıq tutula bilər. Belə bir elm çox vaxt varlıqdakı sirri inkar etdirən bir ilhad və ya qəlbləri tərəddüdlərlə boğan bir skeptizmə (şübhəyə) aparar. Şagirdini bu hala gətirən ustad isə, ya bir mülhid və ya bir skeptikdir, lakin qətiyyən və əsla müəllim deyildir.

Buna görə də, hər zaman ən duru, ən doğru dərsi, heç aldanmayan və aldatmayan, seçkin nəbilər təmsil etmişlər. Könlü hər kəsə açıq və hər yaşda müdavimləri olan nəbilər məktəbi bütün həyatı ehtiva edər və həyat boyu da davam edər. Hər yer bu məktəbin sinfi və hər şəxs də bu ürfan ocağının ya müəllimi və ya xoşbəxt bir şagirdi olmuşdur.

Dövlət, bu məktəbin "Uca simalar"ının dərs verib, dərs aldığı bir akademiyadır. Hər fərdə açıq bu ali məktəbdə dövlət ruh və şüuruna varmış böyük dövlət xadimləri yetişər. Müəllimləşən bu dövlətin nə Platonun filosoflarla idarə etdirdiyi dövlətə, nə də Budinin tamamilə əks görüşlü dövlət quruluşuna oxşar tərəfi yoxdur. Bu özünəxas bir dövlətdir. Və bu dövlətin ən bariz xüsusiyyəti də dövlət xadimlərinin şagirdlikdən "Babüssəadə" hakimliyinə qədər, yüksəlişin hər mərhələsində həyat və hadisələrdən “əla” qiymətini alaraq, o səviyyəyə gəlmələridir. Yoxsa müəyyən səviyyələri aşmadan və hər mərhələdə kainatla yenidən bütünləşmədən idarəni ələ keçirmək "naşıoğlanlıq" səviyyəsində ikən "padşahlığa" göz dikmək kimi qəribə və gülüncdür ki, bu hal millət üçün ən böyük talesizlikdir.

Brahman uca duyğuları ilə şagirdlərin könlündə əbədiləşən bir müəllim idi. Budda Nirvanaya gedən o çətin yolda təmiz duyğuları ilə nümunəvi ayrı bir müəllim idi. Konfutsi əxlaqa, Hörmüz də sonsuzluq sirrinə işarə edən müəllimdir. Böyük ustadları sayəsində ən uca varlıqda billurlaşan Ömərlərin hər biri bir müəllim olmuşdu...

Hələ də bütün ruhu ilə insanlığın könlündə ən təmiz yol kimi uzanıb gedən bu müəllim və ustadları zaman aşındıra və ictimai sarsıntılar yaddaşlardan silə bilməmişdir. Kim bilir, bəlkə də, bir gün bəşəriyyət yenidən bu ulu yola girəcəkdir!..

Buna görə də, yəhudi, ruh kökünə daha yaxın bir alternativ zühur edəcəyi ana qədər Məscidi-Əqsa ilə birgə, qonşuları üzərində hakim bir qüvvə olaraq qalacaqdır. Bu hakimiyyətin özülü zahirən də olsa, sinaqoqa çevrilməsində axtarılmalıdır; prinsipləri aşınmış olmasına baxmayaraq sinaqoqa çevrilməsində... Kilsə də yaxın keçmişə qədər üstündən ata bilmədiyi "Orta əsr" düşüncə tərzindən silkələnib St. Ogustların arxasında sanki yeni bir baxış tərzinə sahib olacaq kimi görünür!..

Öz müəllim və ustadlarını tapıb yenidən dirçəliş dövrünə qədəm qoyan bizim insanımızın özünə qayıtması isə tamamilə qeyri-adi görünür. Təki, günümüzün təlim və tərbiyə vəzifəsini çiynində daşıyanlar fatehlik və kaşiflik ruhuna sahib olsun. Müqəddəs qənaət və düşüncələrinin haqqını verərək, böyük tədqiqatçılara yaraşan vəzifəni layiqi ilə yerinə yetirsin: Nizamülmülklə Alparslanı yan-yana görsün. Fatehlə Ağşəmsəddini, Zənbilli ilə Yavuzu bir-birindən ayırmasın. Qəzalinin nurlu səmasında Paskalı unutmasın. Mövlananın sehirli ifadələri ilə səmaya qalxarkən, laboratoriyaya baş çəkib Pastoru salamlamağı da yaddan çıxarmasın. Xülasə, ağıl və qəlb bütünlüyünü özünə şüar bilsin...

Nəslini ucaltma amalı ilə çarpışan müəllimə salamlar olsun…

Sızıntı, Dekabr 1979

Mövzu ilə əlaqəli ənbiyəyi-izama, xüsusilə də Əfəndimizə çox şey borcluyam. İmam Qəzali, Bədiüzzaman və Milas Müftisi Sadiq Əfəndini də xeyirlə yad etməliyəm.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.