Bizim maarifimiz

Hər dərs ilinə başlarkən məktəb və müəllim yenidən canlanır yaddaşımızda! Düşünürük onları... Necə düşünməyək ki?! Məktəb həyati bir laboratoriya, dərslərimiz həyat düsturu; müəllim isə bu sirli şəfa beşiyinin qəhrəman ustadıdır.

Məktəb öyrənmə ocağıdır. Orada həyata və sonrasına aid hər şey öyrənilir. Əslində həyatın elə özü də bir məktəbdir. Belə ki, biz həyatı da ancaq məktəb sayəsində öyrənirik.

Məktəb, həyati hadisələri ürfan ziyası ilə işıqlandırar; tələbələrinə ətraflarını dərk etmə imkanı hazırlayar. Eyni zamanda, çox qısa müddət ərzində əşya və hadisələri kəşf etmə yolunu açar və insanı düşüncə bütünlüyünə, təfəkkürdə istiqamətə və “çox”dan ”Tək”ə aparar. Bu mənada, məktəb eynilə məbəddir və o məbədin əzizləri də müəllimlərdir.

Yaxşı məktəb fərddə fəzilət duyğularını inkişaf etdirən, müdavimlərinə ruhun ucalığını qazandıran mələklər sarayıdır. Tələbələrinə canilik aşılayıb onları canavarlaşdıran binaya bənzər bəzi xarabalar isə, bir ilan-çayan yuvasıdır və insanımızın əsrlərdən bəri tərs işləyən bu qəbil ürfan yuvaları qarşısında həmişə xəcalətdən başı aşağıdır.

Həqiqi müəllim saf və təmiz toxumu əkən və qoruyandır. Toxumun yaxşısı ilə, sağlamı ilə məşğul olmaq onun vəzifəsi olduğu kimi, həyat və hadisələr qarşısında ona istiqamət vermək və hədəf göstərmək də ona aiddir.

Min qoldan axıb gedən həyatın özünə xas mahiyyət qazandığı yer məktəb olduğu kimi, insanın həqiqi mənada formalaşdığı və mənliyin sirlərinə agah olduğu yer də məktəbdir. Dağınıq axan bir çayın dar bir keçiddə birləşib özünə xas ehtişamı ilə görünməsi, və ya ağacdakı saf həyati mayenin billurlaşıb günəş şüaları ilə münasibət qurması kimi, həyatın çoxluq içində axını, məktəb sayəsində vəhdətə qovuşar; eynilə bir meyvənin ağacın vahid cəhətlərini göstərməsi kimi...

Məktəb, insan həyatının sadəcə bir hissəsi ilə əlaqəli deyil; əslində o, kainat məktəbinin bütün dağınıq şeylərini bir yerdə görmə və göstərmə vəzifəsi ilə şagirdinə daim oxuma imkanı hazırlayan, susarkən belə danışan bir yuvadır. Bu etibarla, o, həyatın yalnız bir hissəsini əhatə etmiş görünsə də, hər dövrə hökm edən və hadisələrə sözünü keçirən, hakimiyyətin rəmzi olan bir yuvadır. Bir kargər kimi məktəbə mənsub olan hər tələbə, ömür boyu oradan aldığı dərsi təkrar edər. Orada mənliyə hopdurulan şeylər bir təsəvvür, bir xəyaldan ibarət ola biləcəyi kimi, bir həqiqət, bir hünər də ola bilər. Əsl məsələ isə əldə edilən şeylərin fəzilətə gedən yollarda bir rəhbər və bağlı qapıları açan sirli bir açar olmasıdır.

Məktəbdə elm mənliyə hopdurular; insan bunun sayəsində yaşadığı qatı və maddi dünya hüdudlarını aşar və bir baxıma sonsuzluq sərhədinə çatar. Mənliyə hopdurula bilməmiş elm isə insanın çiyninə vurulmuş bir yük, həm də utancverici bir yükdür. Belə bilik, sahibinin çiynində bir vəbal və şüuru təşvişə salan bir şeytandır. Bəli, fikrə aydınlıq, ruha qanadlanma vədi verməyən hər cür kor-koranə əzbərçilik, mənliyi aşındıran bir törpü və qəlbə endirilmiş bir zərbədir.

Məktəbin verəcəyi ən yaxşı elm, xaricdəki hadisələrlə daxili ürfanın uc-uca gətirilməsidir. O, məktəbdə müəllim isə, xaricimizdə yaşananlara içimizdə canlılıq qazandıran mürşiddir. O da mütləqdir ki, heç bir zaman dəyişməyən və dayanmadan dərslərini təkrar edən və etdirən ən böyük mürşid və ən doğru ustad həyatdır. Belə ki, birbaşa ondan dərs almağı bilməyənlər üçün vasitəçilərə ehtiyac var və bu güzidə vasitəçilər də həyatla mənlik arasında taxt quran və hadisələrin dolaşıq ifadələrinə tərcüman olan müəllimlərdir.

Qəzetlər, kitablar hətta radio və televiziya, bəlkə, insanlara nəsə öyrədə bilər. Lakin qətiyyən həqiqi həyatı və onun insan içində axıb getməsini öyrədə bilməz. Hər gün başqa bir sancı və iztirabla tələbənin könlündə taxt quran, dərs və davranışlarla onun yaddaşında silinməz, rəngarəng izlər buraxan müəllim, əvəzedilməz bir təlimçidir. Buna görə də, indiki dövrdə hər şeyi asanlaşdırma üsulu sayılan Qərb metodu ilə tələbəyə nəsə verilə bilsə də, bu metod heç bir zaman yaxşı nümunələr verə və elmlərin məqsədini öyrədə bilməyəcəkdir. Bu gözəlliklər ancaq siması həqiqət saçan, baxışları son dərəcədə dərin və kargərlərinə verəcəyi hər şeyi könül süzgəcindən keçirən müəllim tərəfindən verilə biləcək.

Həvari, Həzrəti Məsihin çarmıxa çəkilmə təhdidinə baxmayaraq, meydan oxuduğunu görməsə idi, aslanların ağzına atılarkən gülməyi haradan öyrənəcəkdi? İlk və son yolun ən böyük Mürşidinə inananlar Onun qan içində belə könüllərə gözəllik diləməsini görməsə idilər, alovda "bərdü-salam" olduğunu haradan biləcəkdilər...?

Yaxşı dərs məktəbdə və müəllim qarşısında öyrənilən dərsdir. Belə bir dərs insana nəsə verməklə yanaşı, onu sonsuz hikmət sahiblərinin dərgahına yüksəldər və ona hüdusuzluq bəxş edər. Bu dərsin tələbəsi nəzərində hər hadisə görünməyən aləmlər üzərində bir naxış, o da hərəkət edən lövhələr arxasındakı həqiqətlərin müşahidəçisi olar.

Belə bir məktəbdə nə öyrənməkdən, nə də ki öyrətməkdən doymaq olmaz. Axı necə doyulsun ki, qanadlanan müəllimin himməti kargərini gah ulduzlara yüksəldər, gah vicdanda nəfəs aldırar və bu iki şey arasında duyulan heyrət, hasil olan düşüncə onları yaşadıqları hüdudların xaricinə çıxarar.

Budur bizə görə həqiqi müəllim; əşya və hadisələrdəki ahəngi bir-bir tutan, həyat və vicdan arasında münasibət quran, hər şeydə həqiqəti duymağa və hər dillə ona tərcüman olmağa çalışan, Yunusun dili ilə;

“Tur dağında Musa ilə,
Əlindəki əsa ilə,
Dəryalarda mahi ilə,
Səhralarda ahu ilə...”
söyləyən insandır.

Russonun ustadı vicdan, Kantın vicdan və ağlın bütünləşməsi... Mövlana və Yunus məktəbində isə ustad Həzrəti Məhəmməd (s.ə.s.)... Quran, bu ilahi dərsdən nəğmələr və ifadələr, amma bütün sözləri kəsən, “çox”da Biri göstərən sirli sözlər...

Məktəb bu işığın əks edəcəyi müqəddəs yuva! Müəllim bu əsrarəngiz laboratoriyanın əfsunlanmış ustadı.. bükülmüş belimizi sirli əlləri ilə düzəldəcək, üfüqümüzü örtən qaranlıqları təmiz nəfəsləri ilə aradan qaldıracaq müqəddəs ustadıdır...

Öyrənmə və öyrətmə göylərə söykənən iki uca vəzifədir. Bu vəzifə ilə, insanın ruhundakı bacarıq və qabiliyyət ortaya çıxarılır və cəmiyyətə ərməğan ediləcək hala gətirilir. Öyrənmə və öyrətmə süzgəcindən keçməmiş şəxsdə, insani fəzilətlər və yüksək məziyyətlər inkişaf etmədiyi üçün onda ictimai mahiyyət axtarmaq da bihudədir.

Ancaq nəyin öyrənilib, nəyin öyrənilməməsi lazım olduğunu və nələrin nə vaxt veriləcəyini bilmək öyrənmə və öyrətmə qədər də mühümdür. Bilik adı ilə vaxtsız verilmiş nə qədər məlumat var ki, ağılı tamamilə sarmış sis-duman kimidir. Belə bilik, sahibinə işıq tuta bilməyəcəyi kimi başqalarına da faydalı ola bilməyəcək.

Bilmək bilavasitə bir dəyər ifadə etsə də, çox vaxt talibinin çiynində bir yük və bir məsuliyyətdir. Belə ki, hər şeyi bilmək istəyənlərin və sırf bilmək üçün elm əldə edənlərin biliyi, onları bir məlumat hambalına çevirməkdən başqa bir işə yaramaz.

Öyrənilib öyrədiləcək hər şey, insan şəxsiyyətini bütünləşdirici və daxili aləmlə əşya və hadisələr arasındakı incə münasibəti kəşfə mütalib olmalıdır. Hətta bununla yanaşı, öyrənilən şeyə aid hər hissə praktikaya möhkəm bir meyar və yeni tərkiblərə aparan əsaslı bir rəhbər mahiyyətində olmalıdır.

Şəxsiyyətimizlə əşya arasındakı sirri çözməyə istiqamətlənməyən bir elmin, xarici dünya və onunla bütünləşmə üçün bizə verəcəyi heç bir şey yoxdur. Bu hal eyni zamanda vicdanın belə müəmmalar qarşısında məhkum olması deməkdir. Vicdana qol-qanad olub onu yüksəldəcək xüsus, onun xarici hissləri ilə içdəki mövcudluğudur. Buna görə də, o bu qol və qanaddan məhrum edildikdə, əsla özündən gözləniləni verə bilməyəcək. Buna görə də, sadəcə öyrənmək və rastlaşdığı hər şeyi öyrənmək, yönəldiyi istiqamət etibarilə heç bilməməkdən daha təhlükəlidir.

Buna əsasən də, insanı bilik axmağı edə biləcək məlumatı öyrənmək yerinə, kainatla bütünləşdirən biliyə könül verilməlidir. Bu xüsus, düşüncənin ilk mərhələsi, öyrənmə ruhunun və ciddiliyinin də ən əsaslı əlamətidir. Bu təminatı əldə edərək elm yoluna girmə, insanı əzbərçilik və yaddaş müsabiqəsindən qurtaracağı kimi, materializmin qərq olduğu səthilik və həzəyanlardan da qoruyacaq.

Hər şeyə maraq göstərən, hər gördüyünü və eşitdiyini öyrənmək istəyən insan ciddi heç bir şey öyrənə bilməz. Həqiqi elm və təfəkkür "bu lazımdır" deyilən şeylə məşğuliyyət nisbətində əldə olunur. Boş-boşuna və sırf maraq üçün öyrənilən şeylər isə çox vaxt öyrənən üçün öldürücü zəhər təsiri verir. Üstəlik bunlar tərtəmiz gənc beyinlərə və onun qəlb və ruhi quruluşuna zidd olarsa...

Gəncləri öyrəniləcək şeylərə hambal etməkdənsə, yaş və mədəniyyət səviyyələri nəzərə alınaraq, onlara gördüyü obyektlərin qayələri hiss etdirilməli və öyrənəcəyi şeylər mənimsəyə biləcəyi nisbətdə verilməlidir. Birinci sinifdəki uşağa dünya coğrafiyası, bəşər tarixi, və ya fəlsəfə ilə öhdəsindən gələ bilməyəcəyi bir yük yükləmək dərs üçün də, şagird üçün də bədbəxtlikdir.

Hər gün elm naminə şagirdini min cür şübhə və tərəddüdlə baş-başa buraxan təlimçi, müəllim olmadığı kimi, tələbəsini bir laboratoriya həssaslığı ilə doğru nəticələrə apara bilməyən məktəb də məktəb deyil.

Ailə və cəmiyyətin gənclərə nə isə verməsi və verə bilməməsi bir həqiqətdir. Ancaq bir başqa tərəfdən, onun uca duyğularına və daxili aləminə laqeyd yanaşılması və ətrafdan axa-axa ruhunu sarsan dərs və təlqinlər olmasa idi, heç olmasa onu, saflığını qorumaq mümkün olacaqdı. Əfsuslar olsun..! Gündəlik televiziya xəbərləri, siyasi polemikalar, idman və idmançılar, sırf maraq oyandırmaq üçün tərtib edilmiş yalanlar, hər cür aldatma və sensasiyalar o zəif beyinləri elə işğal etmişdir ki, bu Qaf dağından da ağır yükü nəinki o cılız varlıqlar, hətta "mənəm-mənəm deyən" hər igid belə rahatlıqla qaldıra bilməyəcək.

Bu qədər yük altında məktəbdəki dərslərin başa düşülməsi, başa düşülüb qavranılması və həyata tətbiq edilməsi, üstəlik onlarla yeni xarakterlər əldə edilməsi əsla mümkün olmayacaq. Bir də buna bilik hambalı yetişdirmə proqramı əlavə olunubsa, vay o məktəbin də, şagirdin də halına...!

Günümüzün tənbəl tələbələri, və ya bu pozulmuş havanın tənbəlləşdirdiyi kargərlər, daha çox əziyyətsiz işlərin arxasındadır. Gündəlik həyatlarında onları daha çox məşğul edən şeylər: Qəzet xəbərləri, idman növləri və idmançılar, film və artist adları gəncliyin həyəcanından istifadə edib onları insanlıqdan çıxaran bəzi müskirat (spirtli içkilər) və mükəyyifatdır. Belələrinə fatehlik və kaşifliyi izah etmək ən çətin şeydir. Bəli, zəhmət və əziyyət tələb edən böyük insan olma yolu, onlara görə ən mənfur şeydir. İşi, hələ metod və sistemli işi əsla sevməzlər. Bir də buna günümüzün rəngarəng hadisələrinin nümayiş etdirilməsi və səhnəyə qoyulmasını əlavə etsək, doğrunu öyrətmə sancısını çəkənlərin vay halına!

Dövrümüzdə cərəyan edən hadisələrin çoxluğu, tədqiqatların artması, qüsurlu elmi fərziyyələrin yenidən sürətlə meydana atılması, təcrübələrlə əldə olunmuş əsaslı biliklərə nisbətən, statistik ab-havanın daha geniş rəvac tapması bəşər övladının hər şeyi qavramasına məhdudiyyət qoyur. Belə bir təşəbbüs həm öyrənən, həm də öyrədən üçün boş bir səy və axmaqlıqdır.

Dövrümüz iş, vəzifə bölgüsü, ixtisaslaşmanı zəruri görür. Hər fərd, əşya və hadisələrin bir hissəsini kəşf etməyə çalışacaq və ondan tələb olunanı edə bilmək üçün o uğurda öz potensialını belə aşacaqdır.

İndi bir düşünün! Zehni gündəlik hadisələrlə işğal edilmiş, ruh dünyası bəhrəsiz çarpışmanın alçaldıcı təzyiqi altında əzilən bir gəncin könlünə bir şey vermək mümkündürmü? Və üstəlik o, xarakterinə çevrilmiş heyvani hissləri və bəşəri xassələri, beynini qurcalayan şeyləri hüsnqəbul görürsə... Allahın hər günü onun uca hissləri üzərinə bir qaya kimi enən qudurdulmuş şəhvani arzu və ehtiraslar onda oxuma və düşünməyə macal buraxarmı..?

Yaxşılıq və gözəllik biliyi korlama və soysuzlaşmağa qarşı müharibə elan edən bir ordu kimidir. Gənc bu gücü məktəb və məktəb vəzifəsini görən mühitindən alalacaq... O, ancaq bu lahuti biliklə təchiz edildiyi zaman pisliklərə müqavimət gücünü qazanar və iradəsinin qanadları ilə yüksələr.

Heç bir şey bilməmək, gəncin əlini qolunu bağlayıb onu müdafiədən məhrum qoyacaq, səhvin və pisin öyrədilməsi isə onu iflic edəcəkdir.

Təssüf ki, əsrlərdən bəri millətimizin ömür törpüsü sayılan bu xüsusa qarşı hələ toplu bir qiyam və səfərbərlik hissi görülməməkdədir.!

Sızıntı, Oktyabr - Noyabr 1979

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.