Qırov qorxusu
Bir bahar kimi başlar hər şey. Gözəl təsəvvürlər, şirin düşüncələr, zümrüddən xəyallarla... Hər gözəl başlanğıc nəticəyə varmanın ilk şərti və ilk səbəbi olması etibarilə də, zövqlü və ümidvericidir. Ancaq bir çox gözəl başlanğıc var ki, "baharı görmədən xəzana" dönər və geridə qırov basmış nə qədər yıxıq-sökük röya qoyub gedər.
Başladılan hər xeyirli iş, hər xeyirli təşəbbüs qədirbilən varislər və biri minə çatdırmağa sevdalı nəsillər sayəsində varlığa qovuşar və davamlılıq qazanar. Və əgər o fəaliyyət və təşəbbüs, bağrında boy atıb böyüyəcəyi bu ideal nəsli və bu qarasevdalıları tapa bilməsə, ayaz vurmuş kimi quruyar və yerlə-yeksan olar.
Misirdən Romaya, oradan da bütün Şərq mədəniyyətlərinə və hətta Osmanlı İmperatorluğuna qədər, bir sözlə, bütün mədəniyyətlər eyni tale yolunda doğulmuş, eyni müstəvidə inkişaf etmiş və eyni həzin aqibətlə canlı meyidə dönüb tarixə çevrilmişdir. Bir baxımdan belə olması da zəruri və təbii idi, çünki onlar özlərini var edən “öz”lərini çoxdan itirmişdilər. Bəli, bir şeyin var olması, formalaşması və kamillik qazanması üçün, nə qədər səy və cəhd lazımdırsa, canlılığını mühafizə etmək və varlığını davam etdirmək üçün də, ən az o qədər, bəlkə, daha çox səfvət (saflıq, xalisliq), özə (kökə, əslə) bağlılıq, eşq və vəcdə ehtiyac vardır.
Bir tumurcuq, bir yumurta, bir bala min bir çətinliklə ərsəyə gəlir və varlığa qovuşar. Sonra kiçik bir laqeydlik, bir az qəflət və əhəmiyyətsiz bir qəza ilə məhv olub gedər. Gedər və nə bahar gözləyən tumurcuqdan, nə o qədər müşkülləri aşaraq ortaya çıxan yumurtadan, nə də baladan əsər-əlamət qalmaz. Cəmiyyət həyatı da belədir. Məşəqqətlə əldə edilən zəfərlər; dəbdəbə və ehtişamlı mədəniyyətlər; gözqamaşdırıcı ümranlar (mədəniyyət) qəfil bir qırovla yerlə-yeksan olar, arxasınca da qəmgin bir röya, həsrətli bir xəyal qoyar.
Səbəbi nədir bu dağıntı və tənəzzüllərin? Nədəndir qarşısı alınmaz kimi işləyən bu hadisələr? Görəsən, cəmiyyəti və mədəniyyəti bu fəlakətə qarşı qoruya biləcək müəyyən təşəbbüslər göstərilə bilməzmi? Madam olmursa, bəs insanın cansızlardan fərqi nədir...?
Üst-üstə gələn bu suallar xəzandan ürkmüş bir insanın ağlına gələn sorğu-sualları əks etdirir. Bunlara bir çox sual da əlavə etmək olar.. lakin qəlblərə tərəddüd və şübhə salmamaq üçün belə bir mənzərəni təsvir etməyi uyğun görmürük.
Bəli, hər fərd kimi, hər cəmiyyətin də müəyyən bir ömrü və təqdir edilmiş bir əcəli var. Vaxtını tamamlayan hər fərd və cəmiyyət - böyük və ya kiçik bir səbəblə - əlvida deyib ayrılar. Ayrılar və heç kim onu saxlaya bilməz. Hər varlıq bu möhnət evinə bir-bir gələr, bir-bir gedər; bu gəliş və gedişdə fərdləri millətlər və dövlətlər izlər. Gələnlər bir çox çarə və tədbirlərlə gələr, lakin gedənlər sezilməz səbəblərlə və səssizcə silinib gedər.
İndiyə qədər bu qəhr edən dünya çarxının dişləri arasında minlərlə millət və yüz minlərlə mədəniyyət çeynənib getdi. Kim bilir, hələ nə qədər mədəniyyət, o diş və damaqlar arasında əzilib yox olacaq.!
"Bu bir dəvvaru-qəddardır.
Gözü gördüyünü daim yeyər
Nə şahu, nə gəda bunda,
Nə bir fərd payidar olmuş."[1] (M. Lütfü)
Lakin bu daimi dövr edən proseslərə mütləq “qədərçilik” mənasənda yanaşmaq da qeyri-mümkündür. Əksinə, bu mövzuda həm fərd, həm də cəmiyyətin üzərinə düşən bir çox məsuliyyət var. Fərd daxili müşahidə və öz-özünə nəzarət etmək; cəmiyyət də ona təhlükəsizlik içində varlığını davam etdirəcəyi bir zəmin hazırlamaqla mükəlləfdir. Fərd eşq, həssaslıq, daxili nizam və özünü hesaba çəkmədə laqeydlik göstərər; cəmiyyət də özü üçün təhlükəli amilləri başdan sezə bilməzsə, bu, o millət və o cəmiyyət üçün ölüm əlamətlərinin ortaya çıxdığından xəbər verir. Beləliklə, fərdin həm özünə, həm də yaşadığı xalqa; xalqın da fərdə nəzarət etməsi həyati əhəmiyyət kəsb edən ciddi bir məsələdir.
Bəli, sağlam bir cəmiyyət onu təşkil edən fərdlərin daxili dərinliyi və qəlbi, ruhi həyatı ilə mövcud sayılır. Və varlığını, canlılığını da ancaq onlar sayəsində davam etdirə bilər. Deyə bilərik ki, cəmiyyət tamamilə ailə atomlarının və fərd izotoplarının hal və keyfiyyətinə görə şəkillənər və buna görə istiqamətlənər.
Buna görə, fərdlərdə mövcud olan hər gözəllik, hər qiymət və hər dəyər qat-qat cəmiyyətdə əks olunar. Əksinə, onlardakı hər xoşagəlməzlik, hər çatışmazlıq da bir faciə olaraq cəmiyyətin yolunu kəsər və onda dərin yaralar açar.
Bu baxımdan, fərdləri için-için yanmış və karbonlaşmış bir cəmiyyətdə nə canlılıq, nə sağlamlıq və nə də əldə etdikləri nemət və imkanları dəyərləndirib yeni lütflərə ləyaqət qazanma və yeni üfüqlərə açılmadan söz gedə bilər. Əksinə, fərdlərdəki bu daxili parçalanma əvvəla onlarda, sonra da cəmiyyətin hər təbəqəsində zəncirvari hüsranlara gətirib çıxarar ki; bu da, o cəmiyyətin daxilən çürüyüb yox olması deməkdir.
Bunun səbəbi: "Uca Yaradan bir tayfa özünə bəxş edilən neməti (naşükürlük üzündən küfrə) dəyişməyincə, Allah da ona əta etdiyi neməti dəyişən (pisliyə çevirən) deyildir" (“Ənfal” surəsi, 8/53). Yəni o camaat ona bəxş edilən nemətlərə məzhər olduğu andakı saflıq, səmimiyyət, əzm, qərarlılıq və başqalarını düşünmək.. kimi, uca xislətlərini itirməzsə, -İlahi adətə görə- o nemətlərin alınması və o cəmiyyətin dərbədərliyindən əsla söz ola bilməz. Əksinə, bir cəmiyyət onu ucaldan və dəstək olan bu üstün xüsusiyyətləri itirəndə əsas bina çökmüş və cəmiyyət sarayında təmiri mümkün olmayan çatlar meydana gələr.
Buna görə də, bizlər əsrlərlə davam edən sarsıntı və tənəzzüllərimizə xaricdə səbəblər axtarmaqdansa, insanımıza daxili müraqibə, daxilən dərinləşmə və öz-özünü kəşf etməyi tövsiyə edirik. Və yenə də, şan-şöhrət və vəzifəyə könül verməyi öldürücü zəhər sayır və xəyali zəfərlərin qənimətini bölüşmə uğrunda başlanan müharibələrə cinnət nəzəri ilə baxırıq. Və yenə də, bu uca qayəyə könül vermiş insanlar arasında şəxsi mənfəət axtaranları və şəxsi rifah arxasında olanları bu güzidə, seçkin topluluq içinə sızmış zərərli varlıq hesab edir, onlardan və düşüncələrindən uzaq durmağa çalışırıq.
Nə xoşbəxtdir gələcəyin dünyasını quran, başqalarının dərdi ilə yananlar! Nə xoşbəxtdir qüdsilər bazarında insanlıq naminə od-alova atılanlar və çarmıxa çəkilənlər! Müjdələr olsun, şəxsi həzz və zövqlərini yaşadığı cəmiyyətə fəda edənlərə!
Sızıntı, İyul 1981
- tarixində yaradılmışdır.