Ana-atanın daşıdığı məsuliyyət

Fəthullah Gülən: Ana-atanın daşıdığı məsuliyyət

Hər kəs öz cavabdehlik çərçivəsinə və dolanışığından, tərbiyəsindən mükəlləf olduğu şəxslərə görə məsuliyyət daşıyır. Onların ehtiyaclarını təmin etmək, onları boya-başa çatdırmaq, qorumaq kimi məsələlərdə əldə etdiyi bütün nailiyyətlər, gördüyü yaxşı işlər əməl dəftərinin “savablar” səhifəsinə, bütün xətalar isə “günahlar” səhifəsinə yazılır.

Nəbilər Sərvəri (sallallahu aleyhi və səlləm) Buxari və Müslimin kitablarına düşən bir hədisi-şərifində belə buyurur:

“Hər biriniz çobansınız və əlinizin altında olanlara cavabdehsiniz; dövlət başçısı xalqının (və ya məmurlarının), kişi əhli-əyalının, qadın evinin və ona tapşırılanların, xidmətçi sahibinin malının çobanıdır və onlara görə məsuliyyət daşıyır. Hər biriniz çobansınız və əlinizin altında olanlardan məsulsunuz”.[1]

Mövzu uşaqların bir əmanət qəbul edilməsi ilə əlaqədar olduğuna görə bir hədisi də xatırlatmaq istərdik: “Hər kəs İslam fitrəti ilə dünyaya gəlir. Sonra valideyni onu ya xristianlaşdırır, ya yəhudiləşdirir, ya da məcusiləşdirir”.[2]

Bəli, hər bir uşaq təmiz bir fitrətlə doğulur və qabiliyyətlərini inkişaf etdirmək üçün sizə əmanət edilir, yəni onların tərbiyəsi sizə tapşırılır. Sonra da ana-atanın aşıladığı inancla ya yəhudi, ya nəsrani[3] ya da məcusi[4] olur. Bəziləri isə ana-ata və ya mühitin təsiri ilə inancsız olur və ya dindən çıxır. Demək, hər bir nəslin yetişməsi məsələsində ana-atanın din və dəyanəti[5] mühüm olduğu kimi, tərbiyə məsələsində də din və dəyanətin əsas götürülməsi də bir o qədər əhəmiyyətlidir.

Bu, bir həqiqətdir ki, ağ kağız kimi təmiz beyinlə nə yazsaq, o olacaq – dünyaya gələn övladlarımızı ruh və məna köklərimizlə tərbiyə edə bilməsək, bambaşqa bir qəlibdə formalaşacaqlar. Dolayısilə, bir də baxarsınız ki, övladınız mürtəd olub. Elə isə vaxtlı-vaxtında onların qəlbinə öz dünyamızın ruhunu, mayasını aşılayaraq yadların təsirinə düşməsinə imkan verməməliyik. Bağ və bağçalarda ağaclara calaq vurur, elm və texnikanın tələbləri çərçivəsində varlığa müdaxilə haqqımızdan istifadə edərək daha keyfiyyətli məhsul almağa çalışırıq. Odundan, daşdan, ağacdan, torpaqdan əskik olmayan uşaqlarımıza öz prinsiplərimiz çərçivəsində heç olmasa bu qədər qayğı ilə yanaşmalı deyilikmi? Laqeydlik uşaqların cılızlaşmasına, əxlaqa zidd təbliğatlar isə azğınlaşmasına səbəb olur. Bu iki halın zərərli təsirinə qarşı mübarizədə uşaqların bircə “silahları” var ki, o da valideynin verdiyi gözəl tərbiyədir. Bəli, faydalı müdaxilə olmazsa, çürüyüb qoxuyar, bədxahların əlində məhv olub gedərlər. Hər iki halda da başqa yolların yolçusu olarlar. Xüsusən də, müasir dövrdə valideynlər dünya işlərindən bərk-bərk yapışaraq övladlarının tərbiyəsinə tamam biganə yanaşırlar. Uşaqlara heç bir əsrdə bu qədər biganəlik, laqeydlik göstərilməmişdir.

Yenə İmamiyyə mənbəli bir hədisdə Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurur:

– Axırzamanda ataları üzündən övladların vay halına!

Bu sözləri eşidən səhabə çaşqınlıq içində soruşur:

– Onlara müşrik atalarına görə qıydılar?

– Xeyr, onları fəlakətə sürükləyən mömin ataları oldu.

– Necə oldu bu, ya Rəsulallah?

– Ataları onlara fəraizi-dini, yəni dinin əsaslarını öyrətmədilər.

Hədisi-şərifi qısaca belə izah edə bilərik:

Bu fani həyatdan ötrü, müvəqqəti dünya ucbatından dinin əsaslarına əməl etmədilər. Məsul olan valideynlər, böyüklər, müəllimlər, mürəbbilər dini təlim və tərbiyəni bir kənara ataraq bütün güclərini maddiyyata sərf elədilər. Azacıq dünya mənfəəti xatirinə qəlb və ruhun əhyasına biganə qaldılar.

Vaxt alır deyə uşaqlara Quran oxutmadılar, ilahi bəyanın ruhunu öyrətmədilər, din və dəyanətin təliminə fikir vermədilər.

Yuxarıdakı hədisin mənası bu ayə ilə üst-üstə düşür:

– Xeyr, xeyr! Siz qazancı və ləzzəti birbaşa olanı (fani dünyanı) sevirsiniz. Axirətə (və ya nəticəyə) isə əhəmiyyət vermirsiniz (“Qiyamə” surəsi, 75/20).

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) sözlərinə belə davam edir: "Mən onlardan uzağam, onlar da məndən uzaq olsunlar".

Yəni "Övladına biganə yanaşan, uşağının puç olub getməsinə göz yuman, daha da betəri, bir nəslin məhv olmasını laqeyd-laqeyd seyr edən ana-atalardan uzağam, onlar da məndən uzaq olsunlar." Zənnimcə, bu sərt xəbərdarlıq və tənbeh ruhən ölməmiş (vicdanını itirməmiş) bütün ataları tir-tir titrədər, titrətməlidir də! Bu cür mühüm və həyati bir məsuliyyətdən danışılanda xəlifə Ömər ibn Əbdüləziz özündən getmiş və düz iyirmi dörd saat özünə gəlməmişdi. Hətta vəfat edəcək deyə başı üstə oturub Quran da oxumuşdular. Ayılanda hıçqıra-hıçqıra ağlayaraq Allahdan qorxduğunu demişdi. Bəli, o, əlinin altında olanların məsuliyyətini çiyinlərində hiss edir və onların haqqını tapdalamaq qorxusundan ürəyi ağzına gəlirdi.

Bəs biz? Sırf şəxsi zövqləri üçün ailə qurub dünyaya gəlməsinə səbəb olduğu körpələrin ruh və qəlbinə biganə qalan ana-ata cildinə girmiş mərhəmətsizlər... Görəsən, biz nə qədər ayılıb-bayılmalı və nə qədər titrəməliyik!?

Hərçənd bu mövzuda olan bütün hədislər təşviq və xəbərdarlıq məzmununda olub sevindirmə və qorxutma prinsipləri çərçivəsində buyurulmuşdur. Biz də məsələyə bu prizmadan baxırıq. Amma təbii ki, bu mövzuda bir sıra görüləsi işimiz də vardır: uşaqların yetişdirilməsində, şəxsiyyətin formalaşdırılmasında və təlim-tər­biyəsində İslam və Quran biz valideynlərin çiyninə bir sıra məsuliyyət və vəzifələr yükləyir. Yuxarıda prinsiplər şəklində sadaladığımız və növbəti səhifələrdə izah etməyi düşündüyümüz bu məsələlər – valideynlərin uşaqlarını həssas təbiətli, dərin düşüncəli, əxlaqlı və dindar yetişdirməsi, evdə əziz bir ata, əziz bir ana kimi hörmət və ehtiram görməsi, bir böyük kimi qəbul edilməsi və s. mühüm əhəmiyyət kəsb edir.

a. Uşaqlar arasında ədalətli olmaq

Uşaqlar arasında fərq qoyulmaması, birinin digərindən üstün tutulmaması əsas prinsiplərdən biridir. Bəli, bu məsələdə valideynin kiçik bir qüsuru uşaqların yanında hörmətdən düşməsinə kifayət edir. Rəsuli-Əkrəm (sallallahu aleyhi və səlləm) bir hədisində bizə yol göstərir:

Numan ibn Bəşirin (r.a.) atası, yəni Həzrət Bəşir (ata da, oğul da müsəlman idi, Bədir əshabındandı[6]) Rəsulullahın hüzuruna gəlib belə dedi:

– Ya Rəsulullah, başqa uşaqlarım da var, amma Numanın yeri ayrıdır. İzindirsə, mal-mülkümün filan qədərini Numana verim.

Allah Rəsulu (s.a.s.):

– Digər övladlarına da o qədər verirsən? – deyə soruşdu.

Bəşir:

– Xeyr, – dedi.

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bu dəfə üzünü ətrafındakılara tutub belə buyurdu:

– Allahdan qorxun və övladlarınıza qarşı adil olun.

Sonra da Bəşirə tərəf çevrilib:

– Sən övladlarının hamısının sənə eyni cür hörmət etməsini istəyirsən?

Bəşir də:

– Bəli, istəyirəm, – dedi.

Rəsulullah da buyurdu:

– O halda belə bir iş görmə, – dedi.[7]

Yəni sən təkcə bir övladına deyil, hamısına qayğı göstər. Sən ayrı-seçkilik edib onlardan birinə daha çox diqqət göstərsən, onu hədiyyələrlə mükafatlandırsan, nəticədə o biri övladlarının sənə hörməti azalar və etimadı sarsılar.

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) əsaslı bir həll yolu təklif edir və ehtimal olunan problemi kökündən həll edir. Bəli, ailədə uşaqlardan birinin digərlərindən üstün tutulması əvvəla, o biri uşaqlarda fərq qoyulan qardaş və ya bacıya qarşı paxıllıq hissini oyadar və doğma bacı-qardaşları bir-birinə düşmən edər. Elə hesab etməyin ki, bu məsələləri psixologiyanın dar prinsipləri əsasında izah etməyə çalışırıq. Əksinə, biz bu yerdə Qurani-Kərim həqiqətlərinin cahanşümulluğu, insan təbiətinə uyğunluğu, ağlabatanlığı, məntiqliliyi və insani mahiyyətindən çıxış edirik.

Məlum olduğu kimi Yusif (ə.) yuxuda ulduzların, Ayın və Günəşin ona səcdə etdiyini görmüşdü. Bu xəbəri atasına danışanda: "(Atası Yaqub) dedi: “Can oğul! Yuxunu qardaşlarına danışma..." (“Yusuf” surəsi, 12/5). Halbuki belə bir yuxuya görə ancaq sevinmək və fəxr eləmək olardı. Bir peyğəmbər kimi insan xarakterinə yaxşı bələd olan Həzrət Yaqub (ə.) belə bir yuxuya görə oğlanlarının onu qısqanacağını sezmişdi. Təəssüf ki, nəticədə qorxduğu başına gəlmiş, qardaşları Yusif əleyhissalamı öldürmək məqsədilə bir quyuya atmış və bu əməlləri ilə peyğəmbər ailəsində belə qısqanclığın insanı nələrə sövq elədiyini göstərmişdilər.

Bəli, valideynlərin övladlar arasında fərq qoyması ayrı-seçkilik görən uşaqları qısqanclığa sövq etməklə birlikdə, onların şüuraltında ata-analarına qarşı nifrət hissinin meydana gəlməsinə səbəb olur.

Sevgilərimizin və nifrətlərimizin, dostluqlarımızın və düşmənçiliklərimizin səbəblərinə və şüuraltı köklərinə baxanda bu fikirləri daha yaxşı anlayırıq; Yaxın və səmimi bir dostunuz var. Amma bir dəfə necə olursa, sizə qarşı xudbinlik edir. Və siz də bu hərəkəti ondan heç gözləmirsiniz. İstəyərək və ya istəməyərək bunu hafizənizin bir küncünə həkk edirsiniz. Demək olar, bütün hadisələr insanın daxili aləmində bir iz qoyur, sonra da başqa bir hadisənin təsiri ilə üzə çıxır. Bir gün bir hadisə ilə qarşılaşırsınız və şüuraltınızın bir küncündə səssiz-səmirsiz yatan o xoşagəlməz hislər oyanır, siz də birdən-birə özünüzdən çıxıb: “Onsuz da, mən sizin belə bir adam olduğunuzu əvvəlcədən hiss eləmişdim”, – deyirsiniz.

İndi bu cür mənfi hadisələrin üst-üstə yığıldığını, bir neçəsinin birdən baş qaldırdığını təsəvvür edin. O zaman köhnədən qalma xoşagəlməz hadisələrin hamısını birdən o adamın üzünə vurar, sonra da nəfsinizə haqq qazandırmağa başlayarsınız.

Beləliklə, uşağın zehninə, hafizəsinə, və ya şüuraltına yerləşmiş bu cür düşüncələr yanlış bir rəftarınızla “tərpənərək” onun sizə qarşı aqressivləşməsi, sonra da sözlərinizi qulaqardına vurması ilə nəticələnər.

Əslində bu, sözügedən mövzunun sadəcə bir tərəfini təşkil edir. Bu cür halların uşağın bütün həyatına təsir edəcəyini düşünsək, məsələ daha da qarışıq şəkil alır. Üstəlik, “böyüyəndə düzələcək” deyib hər şeyi onun uşaqlığından sanarsanız, hiss və duyğularının gələcəkdə necə şəkil alacağını nəzərə almazsanız, bir gün heç fərqinə varmadan öz yanlışlarınızla qarşılaşar, heç öhdəsindən də gələ bilməzsiniz. Uşağın evdə şahid olduğu bir-birinə zidd davranış və sözlərin hamısı – siz uşağın hələ belə şeyləri başa düşmədiyini zənn eləsəniz də, – onun yaddaşına həkk olunur. Vaxtı gəlib çatanda da hamısı birdən ortaya çıxır. Və bəzən elə ortaya çıxır ki, ailəni də, ana və atanı da önünə salıb sürükləyir.

Buna görə də valideyn olmaq istəyən hər bir insan psixoloji, pedaqoji düsturları müəyyən səviyyədə bilməli, yaxud da ən azı Quranın bu məsələyə dair başlıca prinsiplərini öyrənməli, ondan sonra yeni bir həyata “Bismillah” deməlidir.

Övlad böyüdüb tərbiyə etmək bəsit bir iş deyildir. Bir vaxtlar arıçılığa maraq göstərirdim, arıçılıq kursuna getdim. Arıçılığın belə nə qədər çətin bir peşə olduğunu gördüm. Bunun kimi, yaxşı nəsillər yetişdirmə yollarını mütləq öyrənməli, cəmiyyətə faydalı fərdlər ərməğan etməliyik. Alayi-iliyyinlə[8] əsfəli-safilin arasında var-gəl edən potensial etibarilə böyük bir varlığın tərbiyə edilib əsl insanlıq məqamına çatdırılmasının nə qədər əhəmiyyətli olduğunu heç kəs unutmamalıdır.

b. Uşaqları ciddi qəbul etmək

Rəsuli-Əkrəm (sallallahu aleyhi və səlləm) uşaqlarla əlaqədar məsələlərə çox ciddi yanaşardı. Onu qarşılamağa gələn uşaqlara böyük adamlar kimi iltifat göstərər, kimini boynuna, kimini qucağına alar, hamısı ilə eyni cür rəftar edərək könüllərini xoş tutardı.

Bəzən bir küçədən keçən uşaqların oyun oynadığını görən Allah Rəsulu (sallallahu aleyhi və səlləm) onları ruhlandırar və: “Əs-salamu əleyküm,” – deyə salam verərdi. Onlar da: “Və əleyküm salam, ya Rəsulallah!”[9] – deyib salamını alardılar. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) uşaqlara böyük dəyər verərdi. Əgər bir uşağa: “Sənə filan vaxtda filan şeyi verəcəyəm,” – deyə bir şey boyun olmuşdusa, böyük bir adamla sözləşibmiş kimi, həmin vaxt gələndə sözünü mütləq yerinə yetirərdi.

c. Etimad və etibar hissi aşılamaq

İnsanlığa yaraşmayan utancverici fikirlərdən biri də “Heç atana da etibar eləmə!” fəlsəfəsidir. Allah Rəsulu (s.a.s.) daima insanlara etimad hissini aşılayardı. Uşaqlar Onda etimaddan, inamdan başqa bir şey görməmişdilər. O, hər kəs kimi, uşaqların gözündə də etibarlı bir insan idi... Elə bu cür fərdlərdən təşəkkül tapan bir millət də etibar və etimad timsalı olacaqdı.

Eyni zamanda, Allah Rəsulu (sallallahu aleyhi və səlləm): “Allah, uşağına mərhəmət etməyənə rəhm etməz,”[10] – buyuraraq ümmətini könül insanı olmağa çağırırdı. “Onları sevin, onlara söz verəndə mütləq yerinə yetirin. Onlar sizin sözlərinizlə davranışlarınız arasında ziddiyyət görməsinlər, belə bir təzada şahid olmasınlar” məallı tövsiyələri ilə tərbiyədə ən ideal nöqtələrə işarə edirdi.

Yenə İmamiyyə mənbəli bir hədisi-şərifdə Allah Rəsulu (sallallahu aleyhi və səlləm): “Kim uşağına bir şey vəd etsə, mütləq yerinə yetirsin”, – buyurur ki, bu da “uşaqdır, yalan desəm, aldatsam da, bir şey olmaz” düşüncəsinin nə qədər yanlış olduğunu açıq-aydın göstərir.

Bəli, hər bir yalan hərəkət və söz bir toxum olub onun yaddaşına düşür. Bu gün olmasa da, sabah bir zəqqum ağacı kimi baş qaldıracaq və səyləriniz bir nəticə verməyəcək. Ana-ata hər zaman müstəqim (düzgün, doğru istiqamətdə) olmalıdır. Çünki sirati-müstəqim (doğru yol) yolçusu olan sizlərin hər davranışından düzlük, dürüstlük yağmalıdır.

Bəli, uşaqlarınızın sizin barənizdə “yalan danışdı”, “sözünə əməl eləmədi”, “dünya malına tamah saldı” kimi sözlər deməsinə və ya bu cür düşünməsinə qətiyyən yol verməməlisiniz. Onlar sizi daima isar[11] fəziləti ilə, əliaçıq, mömin, müsəlman, səbirli, xaşi,[12] iffətli görməli və bu cür tanımalıdır.

ç. Tərbiyədə tədricilik

Uşaq ona lazım olanları bilməli, lazım olmayanları isə öyrənməməlidir. Mənəviyyata dair yaşına uyğun dini, milli biliklərə yiyələnməli və yaşı-başı səviyyəsində faydalı biliklərlə “doymalıdır”. Bu mövzu haqqında növbəti fəsillərdə daha ətraflı bəhs açmağı düşünürük.

Uşaq dünyaya gələndə həkimlərə müraciət edib: “Bu həftə, bu ay hansı qidalar verməliyik?,” – deyib qidanı rejimə saldığımız kimi, tərbiyə məsələsində də “Beş yaşında uşağım var, nə edim?” “On yaşında uşağım var, nə etməliyəm?” “On beş yaşında uşağım var, nə edim?” kimi suallarla mütəxəssislərlə məsləhətləşməli və hər məsələni onların tövsiyələri ilə həll etməyə çalışmalıyıq.

Bəli, hər bir ana və ata mütəxəssislərə müraciət edərək müvafiq “resept” almalı, uşağını həmin “resept”dəki qaydalara uyğun tərbiyə etməyə çalışmalıdır. Uşaq ibtidai təhsili geridə qoyubsa, ona dəlilsiz, sübutsuz Allah varlığından danışmaq bəzən Allahı (c.c.) inkar etdirməkdən başqa bir işə yaramır. Bəlkə də, bu məsələdə dini biliklər və bir az da elmin fəlsəfəsi müştərək şəkildə çatdırılmalıdır ki, bir nəticə hasil olsun. Amma uşağınıza ibtidai sinifdə oxuyanda fəlsəfə dərsi verməyə başlasanız, onun beynini tamamilə qarışdırmış olarsınız. Ona görə də bir həkim kimi uşağın səviyyəsini, zamanın tələbatını, mədəni mühiti yaxşı bilməyə və buna uyğun biliklər verməyə məcburuq.

[1] Buxari, “Cümə”, 11; “Cənaiz”, 32; “İstiqraz”, 20, “Vəsayə”, 9; “İtq”, 17,19; “Nikah”, 81,90; “Əhkam”, 1; Müslim, “İmarə”, 20.
[2] Buxari, “Cənaiz” 80; “Təfsirü-surə” (30) 1; “Qədər”, 3; Müslim, “Qədər”, 22, 23, 24.
[3] Nəsrani – Xristian.
[4] Məcusi – Atəşpərəst.
[5] Dəyanət (diyanət) – Dinin hökmlərinə əməl etmək. Dinin əməli yönü.
[6] Bədir əshabı – Hicrətdən sonra Məkkə müşrikləri ilə ilk döyüş Mədinə yaxınlığında yerləşən Bədir quyuları ətrafında olmuşdu. Buna görə də həmin müharibəyə Bədir döyüşü deyirlər. Bədir müharibəsində iştirak edən səhabələrə də Əshabi-Bədir adı verilmişdir.
[7] Buxari, “Hibə”, 12-13; Nəsayi, “Nuhl”, 1; Tirmizi, “Əhkam”, 30; İbn Macə, “Hibə”, 1; Tayalisi, 1/280.
[8] Alayi-iliyyin – Cənnətdə ən yüksək məqam. Kamillik məqamı.
[9] Əbu Davud, “Ədəb”, 135, 136; İbn Macə, “Ədəb”, 14; İbn Əbi Şeybə, 5/61.
[10] Heysəmi, “Məcməüz-zəvaid”, 8/155.
[11] İsar – Özünün ehtiyacı ola-ola başqasına kömək eləmək.
[12] Xaşi – Xüşu içində olan, təvazökarlıq edən. Qüsurlarını düşünərək Allah- Təalaya niyaz edib yalvaran.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2021 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.