Tərbiyədə həssaslıq
Allah (c.c.) və Rəsulunun (sallallahu aleyhi və səlləm) razı olduğu çərçivədə qurulan ailənin gözəl və xeyirli gələcəyi var. Başqa sözlə, yetişdirdiyiniz nəsillər Rəsuli-Əkrəmin (sallallahu aleyhi və səlləm) yolundadırsa, onların önü açıq, siz də bəxtəvər sayılırsınız. Əksinə, küçələrə “əmanət” və dinə-dəyanətə, hətta məscidə, camaata, məbədə düşməndirsə, onlar bədbəxt, siz də məsulsunuz. Bu, ilk növbədə uşaqlara, sonra da cəmiyyətə haqsızlıqdır. Heç kəsin belə bir haqsızlığa yol verməyə haqqı yoxdur. İslama düşmən yetişən, haram yeyib haram içən, qeyri-əxlaqi davranışları ilə ümumi qaydaları pozan nəsillərə görə ağır sorğu-sualla üzləşərik. Öz məna köklərinə bağlı, məfkurəli, dərin düşüncəli, əngin qayəli, mərhəmətli və insana sayğılı nəsillər yetişdirmək bizim başlıca vəzifələrimizdən biridir. Bu mühüm vəzifəni ailəni şüurlu şəkildə qurmaqla başlayıb bir ömür boyu ağıl, məntiq və mühakimə ilə davam etdirmək şəklində də xülasə etmək olar.
O səbəbdən də ailəyə dinin ruhuna söykənən, ağıl və şüur məhvərli bir institut kimi baxmalı və onu Allahın razılığını əsas götürərək davam etdirməliyik. Rəsuli-Əkrəm (sallallahu aleyhi və səlləm) ümmətinin çoxluğu ilə iftixar edəcəyini bildirmişdir. Onu tanımayan bir nəsil sayca nə qədər çox olur olsun, Allah (c.c.) yanında, Allah (c.c.) nəzərində heç bir dəyər daşımadığı kimi, Rəsuli-Əkrəmin (sallallahu aleyhi və səlləm) gözündə də heç bir qiymətə sahib deyildir.
Ona görə də biz bir tərəfdən Allaha yönəlməklə, istiğfar[1] və nədamətlə[2] pis əməllərə meylin kökünü kəsəcək, digər tərəfdən də dua, ibadət və xeyirli işlərlə, xeyrə meyli qüvvətləndirən əməllərlə hər an ilahi dərgaha üz tutacaq, əməl, qəlb və sözlərlə vəzifəmizi yerinə yetirərək passiv deyil, aktiv halda gözləməkdə davam edəcəyik.
Qurani-Kərimdə: “(Ya Rəsulum!) De: “Murdar (pis, haram) şeyin çoxluğu səni heyrətə gətirsə belə, murdarla təmiz (haramla halal) bir ola bilməz. Ey ağıl sahibləri, Allahdan qorxun ki, nicat tapasınız.” (“Maidə” surəsi, 5/100), ‒ buyurulur.
Bəli, bəzən pislər və pislərin çoxluğu diqqətinizi cəlb edib sizi heyrətləndirə bilər, amma bilməlisiniz ki, Allahın nəzərində pislə yaxşı, haramla halal bir-birinə tən deyildir. Demək, siz hər zaman ətrafa mənəvi rayihələr saçıb Cənnəti xatırladan bir nəslin yetişməsini vacib bilməli, “tayyib”in[3] ardınca getməli, “tayyib”ə ata, müəllim və mürəbbi[4] olmağa çalışmalısınız.
[1] İstiğfar etmək – Bağışlanma istəmək.
[2] Nədamət – Peşmançılıq. Tövbəyə aparan peşmançılıq.
[3]Tayyib – Tərtəmiz, saf. “Təmiz nəsil” mənasında. “Murdar (pis, haram) şeyin çoxluğu səni heyrətə gətirsə belə, murdarla təmiz (haramla halal) bir ola bilməz” (“Maidə” surəsi, 5/100) ayəsində “təmiz” məalı ilə ifadə edilən söz “tayyib” kəlməsidir.
[4]Mürəbbi – Tərbiyəçi. Kişi tərbiyəçiyə mürəbbi, qadın tərbiyəçiyə isə mürəbbiyə deyilir.
- tarixində yaradılmışdır.