Ön söz: Bəşəriyyətin gələcəyinə böyük bir töhfə

Çəyirdəkdən çinara

“Biz bizdən əvvəlkilərin əkib biçdikləriyik, bizdən sonrakı nəsillər də bizim əməyimizin səmərəsi olacaq.” M. Fəthullah Gülən

Dərin əsərləri ilə, bu əsərlərin hərəkətə gətirdiyi həmiyyətlərlə[1] və açılan saysız-hesabsız maarif müəssisələri ilə vətənimizin ürfan və fikir həyatında müstəsna yer tutan möhtərəm Fəthullah Gülən Xocaəfəndinin “Çəyirdəkdən çinara” adlı bu son əsəri[2] ön söz yazmaq üçün mənə veriləndə əvvəlcə kitabı başdan axıracan bir daha oxudum.

Oxudum və gördüm ki, bu iş o qədər asan deyil. Çünki burada tərbiyə kimi çox dərin bir sahədə bir sıra məsələlər ayə və hədislərin işığında xülasə edilmiş və bir çox dəyərli fikirlər irəli sürülmüşdür. Burada oxucunun diqqətini əsərdə əksini tapan bütün məsələlərə cəlb etmək mümkün deyil, bəzilərini seçib ayırmaq da çətin işdir, çünki hamısı önəmlidir. Buna baxmayaraq, əsərdə ilk səhifələrdən başlamış son səhifələrə qədər şüurlu və sistemli şəkildə təkrar edilən bir neçə məsələni və bəzi məqamları müəllifin üslubuna uyğun şəkildə göz önünə sərməyi münasib hesab etdim.

Öncə qeyd edim ki, “Çəyirdəkdən çinara” adı incə naxışlarla işlənmiş zəngin və nadir bir əsərin məzmunu ilə müqayisədə çox sönük qalır. Bu səbəbdən də sözümün əvvəlində hələ kitabı oxumağa başlayanda qeyri-ixtiyari ağlıma gələn – əsərin cildinə düşməsə də, – “Bəşəriyyətin gələcəyinə bir töhfə və ya uşaq tərbiyəsi” adını kitab üçün daha uyğun bildiyimi oxucularla bölüşmək istə­yirəm. Kitaba bir az da ölkəmizdə gələcək soraqlı səmərəli layihələrin həyata keçməsində böyük xidmətləri olan, ortaya əməli iş qoyan bir mütəfəkkirin əsəri kimi baxsaq, təklif edilən adın necə yerinə düşdüyünü daha yaxşı görərik.

Bu baxımdan əsəri ən az Türkiyə miqyasında yeni bir hərəkatın, yeni bir mərhələnin başlanğıcı kimi görsək, mübaliğə etmiş olmarıq. Kitabı oxuduqca müəllifin fikirləri arasında bu cümlələrə də rast gələcəyik: “Ailə cəmiyyətin ən əsas dayağıdır. Onun möhkəm olması öz növbəsində xalqın və dövlətin də sağlam olması deməkdir. Ona görə də xalqın və dövlətin bu əsas dayağı əsla layihəsiz və plansız qalmamalıdır.”

Dönə-dönə qeyd etmək istəyirəm: Bu əsər dükanlarda tez-tez rast gəldiyiniz, çox vaxt da “tərbiyə” məfhumunu düz-əməlli anlamamış yazarların Qərb müəlliflərindən kortəbii sitatlar gətirərək yazdığı və bizim mənəvi dünyamızla daban-dabana zidd olan kitablarla qarışdırılmamalıdır.

Sözə başlar-başlamaz kitabın adı haqqında danışmağımızın əsas səbəbi əsərin məzmunudur. Burada görüb-götürüləsi qiymətli fikir­lər vardır. Və oxucu bu əsəri mütaliə edərkən inanacaq ki, bütün bunları tətbiq etmək onun şəxsi gücü və imkanı daxilindədir.

Və bunu da bildirim ki, əsərdə tərbiyə mövzusu ictimai mühitimizin tələblərinə uyğun şəkildə, ətraflı və anlaşıqlı izah edilmişdir. Oxuyanda da görəcəksiniz ki, tərbiyənin məqsədi fərd və ailə planında kamil insan yetişdirməklə məhdudlaşmır. Xocaəfəndinin öz ifadəsi ilə desək, əsl məqsəd “Bəşəriyyətin gələcəyinə bir töhfə verməkdir (bu həm də hər bir vətəndaşın məfkurəsi olmalıdır) ki, o da ideal fərd və ailələrin mövcudluğundan asılıdır.” Bu cür yanaşmanın bir nəticəsi olaraq kitabda əvvəlcə “evlənmə” və “ailə” bəhslərinə yer verilmiş, ardınca da tərbiyə ilə əlaqədar mövzular izah edilmişdir.

Mövzuların sistematikası

Əsərdə mövzuların sistemli verilməsi də diqqəti cəlb edir. Tərbiyə hadisəsi müəyyən yaşa çatmış uşaqlara dərs keçirilməsi kimi ictimai həyatdan qopuq fərdi bir iş deyildir. Tam əksinə, ayə və hədislərdə də əksini tapdığı kimi, tərbiyə qadının bir ana olaraq seçilməsində əsas götürülən məziyyətlərdən başlayaraq ölənəcən mərhələ-mər­hələ davam edən uzun bir prosesdir. Müəllif də məhz bu tərbiyə anlayışından çıxış edərək;

“Giriş”də tərbiyə məsələsinin əhəmiyyəti və əhatəliliyi haqqında məlumat verərək ümumi məsələlərə keçir. Məsələn, “Əxlaq anlayışımız” adlı bu bəhsdə ilk baxışda bir-birindən uzaq görünən “Xalqları məhvə sürükləyən amillər”, “Yüksək əxlaq”, “Dünya həyatının zi­nətləri”, “İnsanlığın ən uca mərtəbəsi” və s. başlıqlar altında ayə və hədislərdən dəlillər gətirərək və tamamlayıcı məlumatlar verərək tərbiyənin əhəmiyyətini vurğulayır.

Sonra, tərbiyə prosesinin mərhələ və problemləri kimi “Evlilik”,­ “Ailə”, “Tərbiyədə həssaslıq”, “Uşağa dini savadın verilməsi”, “Təlim-tərbiyə üsulları”, “Tərbiyənin çərçivəsi”, “Qurana əsaslanan tərbiyə ilə Qurana əsaslanmayan tərbiyənin müqayisəsi” adlı bir-birindən vacib və bir o qədər də maraq doğuran yeddi mövzu işlənmişdir.

Əsərin məzmununa dair bu qısa izahatdan sonra əsərdə toxu­nulan bir-iki vacib məqama diqqətinizi cəlb etmək istəyirəm.

Ailənin əhəmiyyəti

Möhtərəm Gülənə görə, tərbiyə deyəndə ağıla ilk gələn şey ai­lədir. Çünki ailə “təlim və tərbiyənin ilk ocağı, ilk məktəbi, ilk məd­rəsəsidir”. “Tərbiyə ailə yuvasından başlamalıdır ki, uzun­müd­dətli və davamlı olsun. Ailə yuvasının bünövrəsində tərbiyə dayanmırsa, cəmiyyətin əxlaqlı olması da mümkün deyil”. “İdeal nəsillər yetişdirmək üçün hər şeydən əvvəl ideal ailələrə ehtiyac vardır”. “Ailə cəmiyyətin ən əsas dayağıdır. Bu dayağın sağlamlığı xalqın və dövlətin də sağlamlığı deməkdir”.

Ailənin mərkəzində qadın durur. Buna görə də:

Ailə qurmağa hazırlaşan şəxsin birinci vəzifəsi “muslimət”, “muminət”, “qanitət”, “sadiqat”, “sabirat”, “xaşiət”, “mütəsaddiqat”, “saimət”, “həfizat”, “zəkirat” və “salihət”[3] bir həyat yoldaşı seçmək­dir. İdeal ailədə ana və ata tərbiyə ustası olmalıdır. Hər iki valideyn uşağın tərbiyəsində vacib olan məsuliyyət hissini daşımalı və zəruri biliklərə yiyələnməlidir: “Ana və ata olmaq istəyən hər kəs müəyyən səviyyədə psixoloji, pedaqoji bilikləri əldə etməli, ya da ən azı Quranın bu mövzuya aid başlıca prinsiplərini bilməlidir. İnsan gözəl nəsil yetişdirmə yollarını mütləq öyrənməlidir”.

Bu, səlahiyyətli şəxslərə də bir mənada yol göstərir. Bəzi Avropa ölkələrində olduğu kimi, bizdə də ailə qurmağa hazırlaşan şəxsləri xüsusi kurslara cəlb edib onları valideynlərin vəzifələri ilə əlaqədar (tərbiyə, sağlamlıq, ev iqtisadiyyatı və s.) məlumatlandırmaq və qanunda dəyişikliklər edib bu kurslardan keçməyən şəxslərin ailə qurmasına icazə verməmək mümkündür. Ancaq bu, həyata keçirilənə qədər fərdlər öz-özlərini yetişdirməlidir. İnanırıq ki, kitabda əksini tapan sözügedən tövsiyələr müsbət əks-səda doğuracaq və gözəl nəticələr ve­rəcəkdir.

Uşaq sayı

Ailənin əsas qayələrindən biri nəslin davamı olsa da, müəllif “Mühüm olan dərinlikdir, keyfiyyətdir” sözləri ilə keyfiyyətli nəs­lin əhəmiyyətini vurğulayır. “Müsəlmanlar say artımından çox, hər şeydə Allahla münasibəti, keyfiyyəti, daxili dərinliyi əsas gö­tür­məlidirlər”, – deyir. Yəni kitabın müəllifi hər kəsə kəmiyyət labirintinə girməməyi, neçə uşağa ideal tərbiyə verə biləcəksə, o sayda övlad sahibi olmağı tövsiyə edir.

Tərbiyədən əvvəl təfəkkür

Əsərin önəmli cəhətlərindən biri də oxucunu həmişə təfəkkür et­məyə, düşünməyə, mühakimə yürütməyə, “niyə”, “nə üçün” su­al­ları ilə səbəblərin mahiyyətinə varmağa çağırmasıdır. “Tər­bi­yədən əvvəl düşünmək! Nəyi yaxşı, nəyi pis görürük?!.. Uşaq­larımızın necə yetişməsini düşünürük? Gecə yarısınacan orada-burada vaxt keçirməsinə necə baxırıq? Evə nə vaxt gəlir gəlsin, qapını açıb bağrımıza basacağıqmı?”

Bunu düşünmək bir mənada nəfsi sorğu-suala çəkmək deməkdir. “Tərbiyə” sözü dilindən düşməyən, uşağın təhsili üçün hər cür çə­tinliyi gözə alan bizlər, görəsən, bu sualları özümüzə vermişikmi?­ Uşaqlara hansı müqəddəs dəyərləri aşılamaq istəyirik? Belə də­yər­lərimiz varmı, varsa, hansılardır?

Əgər bu sualları indiyədək heç soruşmamışıqsa və ya cavabımız hazır deyilsə, demək, bizdə bir kəm-kəsir, bir çatışmazlıq var. Müəllif bu laqeydliyin mənfi nəticələri ilə bağlı xəbərdarlıq edir:

“Təbiət boşluğu sevmir. Sizin boş buraxdığınız qəlbi başqaları doldurar və bir də baxarsınız ki, mürtəd[4] valideyni olmusunuz”.

Dinin təlim edilməsi

Kitabda uşaq tərbiyəsində ağır çəkisi olan din təlimi mövzusuna geniş yer verilir, din təliminin metod və mahiyyəti ciddi vurğulanır.

Quran uşaqlara öyrədilməlidir, amma bu təlim-tədris prosesində ibarə və kəlmələrlə vaxt keçirmək əvəzinə, o ilahi kəlamın fəaliyyət və əməli tətbiq yönlərini ön plana çəkmək lazımdır. Uşaq hədə-qorxu ilə əzbərçiliyə deyil, öz istəyi ilə, sevə-sevə öyrənməyə yö­nəl­dilməlidir. Quranın təlimi həmişəki kimi quru əzbərçilikdən ibarət olmamalı, uşağa ilahi məqsədlər mütləq öyrədilməli və onda “Qura­nın mütaliəsinə maraq oyadılmalıdır”. “Qənaətimcə, Quranı ruhsuz, quru-quru oxumaq xalqımızı hissizləşdirməkdən başqa bir işə yaramır”.

Müəllif bu məsələ ilə bağlı öyrədən şəxsin (müəllim, valideyn və b. – red.) hazırlığı və metoduna da toxunur. Məsələn, “On beş yaşlı­ bir uşa­ğa aid dini bilikləri iyirmi beş yaşlı bir gəncə verməyin” mən­fi nə­ticələrini xatırladır və “hər məsciddə uşaqların kabusuna çev­rilən bə­zi sərt yaşlılar” probleminə də təmas edərək bu prosesdə səviyyə­nin nəzərə alınması qədər müəllimin əhəmiyyətini də xüsusi qeyd edir.

Müəllif bu bəhsdə məktəblərdə keçirilən bütün fənlərin, xüsusilə, təbiət elmlərinin dili ilə Allahı tanıtmaq məsələsini israrla vur­ğu­layır və bu mövzuda inandırıcı fikirlər irəli sürür. Bununla yanaşı, müqəddəsat[5] əleyhdarlarının uşaq ədəbiyyatında belə Allah sözünün işlədilməsindən narahat olduğu, hətta bunu televiziya ekranlarında səs­ləndirdiyi bir dövrdə uşaq tərbiyəsindən yazanlara və gələcək yazarlara olduqca strateji və həyati əhəmiyyətli bir hədəf göstərir. Həmiyyətli insanların bu fikirləri əldə rəhbər tutub əllərindən gələni edəcəyinə əmin ola bilərik.

Böyüklərin hazırlığı

Əsərin önəmli xüsusiyyətlərindən biri də uşaqların deyil, bö­yük­lərin, yəni tərbiyəçilərin, ana və atanın pedaqoji hazırlığının əhəmiyyətinə ətraflı təmas etməsidir. Kitaba “Ana-ataların tərbiyəsi” adı verilsəydi, məzmununa daha uyğun olardı. Ancaq cəmiyyətimiz­ belə bir adla çıxan kitabı necə qəbul edəcəkdi? Ən azı, özünü ba­carıqlı sanıb öyrənməyə ehtiyac görməyənlər (çox adam belədir) və ya bu məsələ barədə heç düşünməyənlər kitabı etirazla qarşılaya bilərdilər ki, bu da əsərin təsir dairəsini azaltmış olardı. Müəllif valideynləri uşağa aşılanası ideallara ustalıqla inandırmağa çalışır, o idealları uşaqlara öyrətməkdə ilkin şərtin “nümunə olmaq” olduğunu göstərir, əvvəldən axıradək, demək olar, hər bir fəsildə “tərbiyədə məsuliyyət” və “tərbiyədə uğur qazanmaq tərbiyəçinin necə örnək olmasından asılıdır” mövzularını işləyir. Başqa sözlə, “İslami ailə necə qurulur?”, “Bu ailədə ana və atanın bir-biri və uşaqları ilə münasibətləri necə olmalıdır?”, “Ailədə dini həyat necə yaşanmalıdır?” kimi məsələləri Quran və hədislərdən çıxarılan hökmlər işığında təhlil edir.

Bəli, biz də razılaşırıq: Böyüklərə nəyisə nəzəri öyrətmək mümkün olsa da, kiçiklərin təlim-tərbiyəsində əməli şəkildə, yaşayaraq göstərmək, canlı nümunə olmaq başlıca amildir. Əksəriyyətin bildiyi kimi, uşaqların həyatında təqlid əsas rol oynayır və təqlidçilik onlarda böyüklərə nisbətən qat-qat çox olur; uşaqlar ətrafda baş verən yaxşı-pis, hər şeyi, hər cür davranışı görərək, təqlid edərək mə­nimsəyirlər.

Elə bu səbəbdən də möhtərəm müəllif fəsillərin hamısında ana və ataların ibadətlərdən tutmuş bəşəri münasibətlərə, əxlaqi fə­zi­lətlərə və Allaha yalvarışa qədər (uşağa verilməli olan və dində də əmr edilən) bütün gözəllikləri, ilahi əmrləri şəxsən yaşayaraq uşaqlara nümunə olmasının, onlara sözdən əvvəl halla – hərəkət və davranışlarla tərbiyə verməsinin vacibliyini göstərir, təkrar edir, tarixdən çəkdiyi misallarla açıqlayır.

Dediklərini öz həyatına tətbiq etməyənləri gözündən bir damla yaş gəlməyən bir insanın Allaha: “Səni andıqca göz yaşlarım Ceyhuna dönür”, – deməsinə bənzədir və bunun “Allahın hüzurunda yalan və ikiüzlülük” olduğunu bildirir.

“Bəli, sözlər insanın daxili aləminə, ləduniyyatına,[6] davranış­la­rına tərcüman olarsa, duyduğumuz, düşündüyümüz, çatdırmaq­ istə­diyimiz gözəlliklər həmsöhbətimizə rahatlıqla sirayət edər. Əksinə...” Möhtərəm Gülən Xocaəfəndinin dilindən çıxan bu sözlər bütün dünyada təqdirlə qarşılanan nailiyyətlərinin sirrinə agah olmağa da kömək edir.

Bu yerdə mühüm bir məsələni də xatırladır: “Gözəl işlərdə örnək olduğumuz kimi, mənfi işlərdən, qadağan edilmiş əməllərdən uzaq olmaqda da həssaslıq göstərməliyik”.

Uşaqlara nəzarət

Möhtərəm müəllif tərbiyə prosesində ana və atanın çiyninə dü­şən vacib vəzifələrdən biri kimi uşaqlara nəzarət məsələsinə də toxunur. Ailələrə uşaqları özbaşına buraxmayıb ona ciddi göz qoymağı, onları ülvi ideallara yönəltməyi və o ideallara yiyələnməsini təmin etməyi məsləhət görür. Təkcə “uşağın oxuduğu kitablara,­ dostlarına bələd olmaq, hətta bunları əvvəlcədən təyin etmək kifa­yət deyildir. Dəftər-qələm aldığı yer, getdiyi dərzi dükanı, saçını kəsdirdiyi bərbərxana da ona dini və Allahı təlqin etməli, televizordan istifadəsi belə nəzarət altında olmalıdır.”

Üstəlik ana-atalar uşağın yanında elədikləri söhbətə belə diqqət yetirməli, uşağa təlqin etmək istədikləri məsələlər çərçivəsində danışmalı, bir sözlə, hər söz, hər söhbətlərinin mərkəzində Allah dayanmalıdır.

Bəşər övladının rəhbərə ən çox möhtac olduğu və başlı-başına­ buraxılmış insanlara hər künc-bucaqda tələ qurulduğu bir zəma­nə­də, Allahın hər günü “uşaqlara, gənclərə müdaxilə edilməməlidir”, “onların işinə qarışmaq olmaz”, “onlara sərbəstlik vermək lazımdır”kimi qara təbliğatın sistemli aparıldığı və nəticədə də ata-anaların nə edəcəyini bilmədiyi bir dövrdə Xocaəfəndi kimi elmli, ixlaslı, inanılan bir adamın bu xəbərdarlığı çöldə yolunu azan bir adam üçün yol göstərən qiblənüma və dada yetən abi-həyat kimidir.

Ülvi ideallar çərçivəsində yeni nəsillər yetişdirmək eşqi ilə alışıb yanan neçə-neçə aşiqin bu qayə uğrunda öz həyat tərzini də­yiş­dirməyə qeyrət göstərəcəyinə və bunun gözəl nəticələrinin qısa zamanda milli həyatımızda hiss ediləcəyinə şəxsən inanıram.

Mənbələr

Əsərdə hər fəslə aid əsas mülahizələrin ayə və hədislərlə əsas­landırılması burada əksini tapan fikir və tövsiyələrin nə qədər mö­təbər olduğunu xəbər verir. Baxmayaraq ki, alimlərin ümumi fikrinə görə, bu cür əsərlərdə, xüsusilə də “Kütubi-Sittə”dən[7] iqtibas edilən hədislərin səhihlik dərəcəsini (növünü) qeyd etməyə ciddi ehtiyac yoxdur, ancaq möhtərəm müəllif yenə də zəif hədisləri bildirmiş, oxucuların üzrlü saymasını arzu etmişdir.

Qaynaqlar arasında bəzi şiə alimlərinə, xüsusən də İmam Cəfərə yer verilməsi və onlara tez-tez müraciət olunması əsərin başqa bir fərqli yönünü təşkil edir. Bununla müəllif təkcə həmin İslam böyüklərinin əsərlərindən də faydalanmağı təmin etmir, eyni zamanda dini təəssübkeşlik nəticəsində bir-birindən ayrı düşmüş Şiə və Sünni dünyaları arasına bir körpü salır, məhəbbət və qardaşlıq qapıları açır. Bir İslam mütəfəkkirinin ötən əsrin ortalarında təməllərini atdığı bu üsluba müsəlmanların sistemli şəkildə bir-birindən ayrı salındığı bugünkü dövrdə, doğrudan da, böyük ehtiyac vardır.

Qiymətli tövsiyələr

Əsərin digər tərbiyə kitablarından fərqli bir xüsusiyyəti də burada­ irəli sürülən fikirlərdə, tövsiyə edilən düsturlarda və göstərilən qa­yələrdə və ya nəzərdə tutulan əməli işlərdə qəti ifadələrin işlən­mə­sidir.

İfadələr qətidir, çünki ayə və ya hədislərə söykənir. Möhtərəm Gülən bir yerdə bu xüsusiyyəti izah etməyə ehtiyac duyaraq belə deyir: “Dəyər hökmlərində qətiyyətli və tərəddüdsüz cümlələr işlə­diriksə, bu, məsələyə Quran və Sünnət perspektivindən baxmağımız­dan (buna inamdan) və ən azı o istiqamətdəki qəti fikrimizdən irəli gə­lir.”

Bu, bizə görə, mühüm məqamdır. Çünki, möminin etibar edə­cə­yi, etimad göstərəcəyi düstur və istiqamətlərin mənbəyi qüdsi olmalıdır, yəni Quran və ya hədisdən gəlməlidir. Ölkəmizdə Xocaəfəndini sevənlərin, ona etimad bəsləyənlərin çoxluğunu və əksəriyyətinin də yoluna sadiq və qətiyyətli gənclər olduğunu, hətta şüur və intellektual səviyyələrini nəzərə alanda bəşəriyyətin səadəti idealına uyğun nəsillərin yetişdirilməsində daha güclü, daha sistemli bir dövrün başlayacağına inanır, əsərin nəşrinin üçüncü minilliyin başlanğıcına düşməsini mənalı bir təvafüq və xeyirli bir əməl kimi görürük. 80-ci illər ərəfəsində məhdud bir dinləyici kütləsinə vəz şəklində təqdim edilən fikirlərin yeni bir minilliyin başında kitablaşdırılması bizlərə bir səslənişdir:

– Ey Millət Leylasının Məcnunları! İdealınızı ən azı Məcnun qədər sevin. Ancaq bu Leylaya qovuşmağın yolu başqadır, məcnunluğu buraxın, özünüzə gəlib toparlanın! Gəlin, ən azı yaxın keçmişin təcrübələrindən ibrət götürək, əqli-səlimə, elmin irşadına dönək. Keçmişdə bəzi müəssisələrə və siyasətə həddindən artıq güvənib ətalətə düşdük, zahirdə görünənə aldanaraq mahiyyəti, batini fövtə verdik. İndi daşıdığımız məsuliyyəti dərk edərək, övladla­rımızın dini tərbiyəsi ilə daha yaxından məşğul olaq, hər evi bir məktəbə döndərək.

Mən bu səslənişin böyük kütlələri hərəkətə gətirəcəyinə, ən az həmiyyətli insanların fəaliyyətlərində yeni bir mərhələni başladacağına şəxsən inanıram.

Müvəffəq olacaqlarmı?

Buna şübhə etmirəm.

Bütün dünyaya Anadolunun səsini, nəfəsini, min illik tarixi boyu ileyi-kəlimətullah yolunda dalğalandırdığı ay-ulduzlu bayrağını aparan qəhrəmanlar üçün həcc yolunda ölən qarışqa bənzətməsini belə uyğun bilmirəm. Görülən işlər görüləcək işlərin dəlilidir.

Millətin gələcəyinə öz töhfəsini verən ileyi-kəlimətullah idealının bugünkü Fərhadları Şirinin Fərhadından daha güclüdür. Bəli, bunlar bütün enerjilərin mənbəyini və tənzimləyicisini, yəni iradəni kəşf etmiş bahadırlardır.

Kim bilir, bəlkə də, min cür yalan və iftira dolu təbliğatlarla Xo­caəfəndinin gördüyü işləri puça çıxarmağa çalışan zehniyyət İslamı anlamamaqda inadından əl çəkməyib bu təbliğatlara bir yenisini də əla­və edəcəkdir!.. Kitabın insafla və həssaslıqla oxunacağını umuram. Təbii ki, bu şəkildə mütaliə edilərsə, gələcəyimizi inşa edən əsas faktorlardan biri olacaq.

[1] Həmiyyət – Səy, cəhd, qeyrət göstərmək. Müqəddəs dəyərləri və xalqın hüquqlarını, namus və heysiyyətini qorumaq üçün göstərilən səy. İman və İslamı, Allah Rəsulunun (s.a.s.) sünnəsini, din qardaşlarını qoruma və müdafiə etmə səyləri.
[2] Bu əsər Xocaəfəndinin 1980-ci ildən əvvəlki vaizlik dövründə məscid min­bərlərindən uşaq tərbiyəsi haqqında etdiyi söhbətlərin kasetlərdən yazıya köçürülüb təshih edilmiş şəklidir.
[3]   Müslimat – müsəlman qadınlar. Muminət – Allaha iman edən qadınlar. Qanitət – Allaha itaət edən mömin qadınlar. Sadiqat – dürüst əxlaqlı, doğru danışan mömin qadınlar. Sabirat – səbir edən mömin qadınlar. Xaşiət – təvazökar olan mömin qadınlar. Mütəsaddiqat – Allah yolunda infaq edən qadınlar. Saimət – oruc tutan mömin qadınlar. Həfizat – namuslarını qoruyan mömin qadınlar. Zəkirat – Allahı çox zikr edən qadınlar. (“Əhzab” surəsi, 33/35) Salihət – əməlisaleh və iffətli qadınlar (“Nisa” surəsi, 4/34). “Əhzab” surəsinin 35-ci ayəsində bu vəsflərə malik olan kişi və qadınları (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (Cənnət) gözlədiyi bildirilir!
[4]   Mürtəd – dindən çıxan.
[5]   Müqəddəsat – İslam dini, müqəddəs dəyərlər.
[6]   Ləduniyyat – Allah-Təala tərəfindən insana daxilən lütf edilənlər.
[7]   Kütubi-Sittə “altı kitab” deməkdir. Ən səhih hədis məcmuələri sayılan Buxari və Müslimin “əl-Cəmiüs-səhih”ləri ilə Əbu Davud, Tirmizi, Nəsayi və İbn Ma­cənin eyniadlı “Sünnə” əsərlərini ehtiva edən altı kitabdan ibarət hədis külliyyatı.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.