Uşaqlara aid vəzifələrimiz
a. Tərbiyə üçün şərait hazırlamaq
Uşaqların mükəmməl təlim-tərbiyəyə yiyələnməsi üçün şəraitin də mükəmməl olması başlıca şərtlərdən biridir. Bəli, hər bir uşaq mühitinə uyğun formalaşır və bir mənada həmin mühitin övladı sayılır. Mühit amillərinin birincisi ailədir. İkincisi məktəb, üçüncüsü dost-tanış dairəsidir, dördüncüsü isə birgə dərs çalışdığı uşaqları ehtiva edir. Cəmiyyət həyatında dərzi dükanı, dülgər sexi, camaşırxana və digər iş yerlərini də qeyd etmək olar.
Siz uşağın oturub-durması, gəzib-dolaşması üçün düzgün mühit seçməmiş, onu bu istiqamətə sövq etməmisinizsə, bir gün həmin mühitin bir “virusuna” yoluxması qaçılmaz olacaq. Bəli, əgər bir uşağın düşdüyü mühit çirkab içindədirsə, gec-tez bir gün pozulacaq. Buna görə də evinizdən başlayaraq yolun hər mənzilində, həyatın hər sahəsində uşağınızın mükəmməl yetişməsinə əlverişli mühit meydana gətirməlisiniz, çünki iş-işdən keçəndən sonra zamanın əqrəblərini geri çəkib korlanmış bir şeyi təzədən düzəltmək mümkün deyildir.
b. Haram tikə yedirməmək
Uşağın ana bətninə düşdüyü gündən başlayaraq halal və məşru ruzi ilə bəslənməsi də olduqca mühümdür. Valideynlər yaxşı bilməlidir ki, işlədikləri ən kiçik günah belə bətndəki uşağa müvəqqəti də olsa, təsir edir. Damarlarınızda axan bir parça haram və ya hər hansı yolla əldə etdiyiniz şübhəli bir şey – bu, xanımınıza da aiddir – o uşağın müvəqqəti və ya ömürlük yolunu azması səbəblərindən biri ola bilər.
c. Bəd nəzərlərdən qorumaq
Uşaq dünyaya gəldikdən sonra yeməyinə, qulluğuna ciddi yanaşdığınız kimi, onu bəd və xain nəzərlərdən qorumağa da çox əhəmiyyət verməlisiniz.
Məsələn, hisləri kirli, düşüncələri kirli, hal və davranışları kirli, sözləri kirli mücrim və günahkar gözlərdən qopan şərarələr uşağın bəzi incə duyğularını korşalda bilər.
Allaha (c.c.) və dinə inancımıza sadiq qalaraq bütün bu vəzifələri yerinə yertirməliyik ki, yer üzündə mələk kimi insanlardan ibarət bir toplum meydana gəlsin.
ç. Ailə mühitini nizama salmaq
Hədisi-şərifdə: “Uşağın ilk sözü “Lə iləhə illəllah” olmalıdır,”[1] – buyurulur.
İki-üç yaşına çatan uşağın ağzından çıxan ilk sözün təbiisi “ana-ata”, iradisi isə “Allah” (c.c.)[2] olmalıdır. Çünki Allah (c.c.) Əvvəldir, Allah (c.c.) Əzəlidir, Allah (c.c.) Əbədidir. Ondan sonra digər anlayışlar, yaşına və qavrama səviyyəsinə görə vətən, torpaq, bayraq, hürriyyət, istiqlal və b. məfhumlar bu özülün üstünə oturdulur. Uşaq ibtidai siniflərdə oxuyursa, o yaşa uyğun məlumat verilməli, yuxarı sinifdədirsə, fəlsəfə və ictimai fənlər keçirsə, o səviyyədə vəsait və materiallarla təchiz edilməlidir. Bir ailədə Allaha (c.c.) qarşı sayğı hissi varsa və Allahın (c.c.) adı dildən düşmürsə, valideynlər uşağa Allah inancı aşılamaqda məqsədə yönəlmiş sayılır. Bəli, bir evdə Allah (c.c.) deyib rüku və səcdə edilir, Allah (c.c.) deyiləndə dizlər titrəyir, ürəklər əsirsə, uşağın Allah (c.c.) deyib dil açması, yəni ilk sözünün Allah olması da xeyli asanlaşır. Çünki belə bir ailədə hər şey öz mehvəri ilə, öz nizamı ilə gedir.
d. Sevgidə tarazlığı qorumaq
Quranın bir ayəsində də bəyan edildiyi kimi, valideynlər Allahın lütf etdiyi övlad payına ifrat dərəcədə bağlanıb onu Allah (c.c.) qədər sevməməlidir.
Bu, Allahın (c.c.) nəzərində bir növ şəkk sayıla bilər. Bəli, övlad sevgisinə qapılıb Allahı (c.c.) unutmaq böyük bir yanlışlıqdır. Bundan başqa, uşaqla rəftarda mənfi davranışlara yol açan ifrat sevgi də zərərlidir. Dərgahi-ilahidə qadağan olan sevgi də görünür məhz bu cür ifrat bağlanmadır. İnsanın Allaha (c.c.) layiq sevgini Ona deyil, fani bir varlığa həsr eləməsi qeyrətullaha toxuna bilər.
Sevgidə tarazlıq, orta yolu tutmaq çox mühümdür, çünki;
1. Könüllərin sultanı Allahdır (c.c.). Heç bir sevgi Allaha məhəbbətin yerini tutmamalıdır.
2. Uşaq Allahın (c.c.) bizə bir əmanətidir. Valideyndə körpəyə qarşı meydana gələn sevgi və mərhəmət hissi o əmanətə baxmaq və qayğı göstərmək üçün verilmiş bir “avans” və bir təşviq haqqıdır. Bəli, sizin o körpəyə bəslədiyiniz sevgi əslində Rəhman və Rəhim Allahın (c.c.) bir hədiyyəsi olub o əmanətə qüsursuz baxasınız deyə verilmişdir.
e. Gözəl nümunə olmaq
Duyğularımızda, düşüncələrimizdə, sözlərimizdə, qəlb həyatımızda və davranışlarımızda övladlarımıza daima nümunə olmağa çalışmalıyıq. Bəli, onların mükəmməl yetişməsini istəyiriksə, bu məsələdə əlahiddə diqqətli olmağa məcburuq. Məsələn, onların namaz qılmasını arzu ediriksə, gözlərinin qarşısında namazı kamali-diqqətlə qılmalı, Allah qarşısında ədəbin hüdudlarına həssaslığımızı göstərməliyik. Həmişə düz danışmalı, yalandan uzaq olmalıyıq. Onların dilindən xoşagəlməz sözlər eşitmək istəmiriksə, o evdə bircə kəlmə də namünasib söz danışılmamalı və onların yaddaş lüğətinə əsla naxoş kəlmələr yazılmamalıdır. Onların izzətli, namuslu, iffətli yaşamasını, öz heysiyyətimiz qədər başqalarının heysiyyətinə, namusuna hörmət eləməsini istəyiriksə, bütün bunların ailəmizin içində yaşanmasını təmin etməli və bu işin ilk qəhrəmanları bizlər olmalıyıq.
Qurani-Kərim oxumalarını, Quranın həqiqətlərinə bələd olmalarını istəyiriksə, o evdə səhər-axşam, həm də onlar eşidə-eşidə Quranı müzakirə etməli, Quranın ululuğuna ehtiram göstərməliyik ki, onlar təzadlarla üz-üzə qalmasınlar.
Buna görə də söz, duyğu, qəlbi həyəcanlar və davranışlar evdə ən təsirli təlim əsaslarıdır və onlardan mütləq yararlanmaq lazımdır. Yoxsa işi başqasına həvalə edərək “Buna bir şey öyrədin,” deməklə uşağa tərbiyə verə bilməzsiniz.
ə. Uşaqlara qədirşünaslıq hissini, Allah sevgisini aşılamaq
Bildiyiniz kimi, uşaq ibtidai məktəb yaşlarında ibadət etməklə mükəlləf olmur. Buna görə də onu bu yaş mərhələsində namaz, oruc və sair dini vəzifələrində yol verdiyi qüsurlardan ötrü danlamaq olmaz, tənbeh etmək əsla!
Ancaq bir şeyi bilməliyik ki, mükəlləf olmadığı bu dövrdə ona nəyi anlatsaq, nəyi aşılasaq, ömür boyu yadından, ağlından, qəlbindən çıxmayacaq. Onlara qədirşünaslıq hissini də müəyyən qədər aşılamaq vacibdir. Onlar Cənabi-Haqqın lütflərini bilməli, verilən nemətin əvəzində Allaha (c.c.) şükür, insanlara təşəkkür etməyi öyrənməlidirlər. Qədirşünaslıq hissi get-gedə inkişaf edərək onu daima Allahın (c.c.) nemətlərinə həmdü-səna, insanlardan gördüyü yaxşılıqlara təşəkkür edən bir insana çevirəcəkdir.
Bəli, yaxşılıq etmə və yaxşılığın qədrini bilmə hislərini uşaqlarımıza mənimsədərək onları zər qədrini bilən zərgər kimi yetişdirməyə, onlara Allah həqiqətini, Rəbbin bütün camali və cəlali təcəllilərini aşılamağa məcburuq. Onlara bu şəkildə tərbiyə versək, daima “Allah (c.c.) böyükdür” deyər, insanların yaxşılıqlarına da qədirşünaslıqla cavab verərlər. Hətta zaman keçdikcə qədirşünaslıq məziyyəti onların xarakterinə işləyər və hər nemətə ürəkdən təşəkkür edərlər.
Digər mühüm bir məsələ isə bizi nemətləri ilə bəsləyən Allahın (c.c.) şəfqətinin, rəhmaniyyətini və rəhimiyyətini uşaqlara aşılamaqdır. Allahın (c.c.) bizə necə baxdığını, bizi necə bəslədiyini, qoruduğunu, böyütdüyünü, bizə necə sevgi verdiyini izah etməli və: “O (c.c.), çox şəfqətlidir, bizi qoruyur, bütün bəlalardan hifz və himayə edib arxa olur”, – deyərək uşaqlarda Ona etimad və sevgi hissini formalaşdırmalıyıq. Hətta ən kiçik körpələrin, onlar bir yana, həşəratın belə Allahın şəfqəti, rəfəti,[3] rəhməti ilə bəsləndiyini münasib üslubla izah edərək onların Rəbbi ilə irtibatını möhkəmləndirməliyik.
Nəhayət, bu cür tərbiyə görmüş uşaqlar bütün kainatı Rəhman və Rəhim isimlərini tilavət edən bir varlıq kimi təsəvvür etməyə başlayar, evlərindəki bütün nemətlərin bir sahibi olduğunu hiss edər, inkişaf dövrünü keçirən vicdan və qəlbləri nemətlərə şükür hissi ilə dolub daşar və o ailə bir mənada şükür dəzgahı kimi işləyər.
Ancaq bu məsələləri çatdırarkən uşaqların yaşını nəzərə almaq lazımdır. Məsələn:
O verməsə, nar ağacı nar verməz.
O diləməsə, heyvanların yelnindən süd axmaz.
Onun rəhməti olmasa, göydən bir damla yağmur düşməz.
O rəhm etməsə, yerdə bircə dənə ot bitməz,
O istəməsə, biz danışa bilmərik,
O gördürməsə, biz görə bilmərik,
O eşitdirməsə, biz eşidə bilmərik,
O işlətməsə, ağzımız islanmaz,
Mədəmiz işləməz, böyrəklər iş görməz...
Bəli, bütün bunların sahibi Odur, övladım..
Biz etməmişik bunları, hər şey Ondandır
və hər şey Onun əlindədir.
Elədirsə, övladım, bu nemətləri bizə verən,
Bunları belə hazırlayan
Allaha (c.c.) qarşı qəlbimiz sevgi ilə dolub-daşarsa,
O da nemətlərini artırar.
Yox əgər nankorluq edəriksə,
O da nemətlərini ya kəsər,
Ya da onlardan faydalanma imkanını
Əlimizdən alar.
deyib onları müntəzəm şəkildə mənəvi reabilitasiyadan[4] keçirməliyik.
Bəli, bütün bunları davranış, söz və baxışlarımızla bir xətib kimi onlara çatdırmağa çalışmalıyıq.
f. Lisani-hal (hal dili) ilə anlatmaq
Hərəkət və davranışlar təlim-tərbiyədə ən təsirli amillərdir. Uşaqlarda müəyyən bir fikri aşılamaq baxımından ailədə münasibətlərin, hal-hərəkətlərin düzgün tənzimlənməsi böyük əhəmiyyət daşıyır.
Təhəccüd namazını, mümkünsə, onun oyaq olduğu saata rast gətirməklə sizi yalnız Mövlanın gördüyü o qaranlıq anlarda Rəsuli-Əkrəm (sallallahu aleyhi və səlləm) kimi varlığınızı təqallübat[5] bürüyüb qıvrım-qıvrım qıvranarkən uşağınızın sizi izləyən maraqlı baxışlarının şüuraltına necə gözəl məlumatlar həkk elədiyini təsəvvür edə bilməzsiniz. O, ürəyində: “Nəyə lazımdır bu qədər dərd çəkmək, nə üçündür o ağlamaq, nəyə görədir bu qəlb sızıltısı?” – deyəcək. Əgər bunları səsli düşünsə, siz də ona Allahın hüzuruna çıxıb nemətlərindən məhrum olmaqdan, əzabına tuş gəlməkdən qorxduğunuzu başa salacaqsınız. Həm sevgi və ümid dolu baxışlarınızla, həm də əndişəli və narahat halınızla Allaha ehtiramınızı onun ruhuna hiss etdirəcək və Allahın daima sizi gördüyünü deyəcəksiniz. Bu cür həyat tərzini məhz yaşayaraq, nümunə olaraq göstərəcək və mənəvi kamalatınızı – əgər varsa, – ona hiss etdirməyə çalışacaqsınız. Əksinə, hələ ruhunuzda oturuşmayan, və ya eləmədiyiniz, yaşamadığınız şeylərdən danışmaqla nə ona etimad təlqin edə, nə də təsir göstərə bilərsiniz.
Həzrət Aişə (r.a.): “Rəsuli-Əkrəmin (sallallahu aleyhi və səlləm) əxlaqı necə idi?” – sualına bu cavabı vermişdi: “Məgər siz Quran oxumursunuz? Onun əxlaqı Quran idi”.[6]
Yəni; Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) bir həyat tərzi, bir yaşayış şəkli olmuşdur və məhz Quran da bu kamil insanın həyat tərzini bizə xəbər verir.
Bəli, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) Quranı yaşayaraq, həyat şəklinə salaraq bizə təqdim edirdi. Quran həyatda əməl edilib yaşanan bir Kitab, oxunan bir həyat olmuşdu. Buna görə də nə buyurur, nə göstərirdisə, tərtəmiz qəlblərdə özünə yer tapırdı. Onun sözünü, əmrini, qadağasını, hal-hərəkətlərini hər kəs qəbul edir, rəğbətlə qarşılayır və öz həyatında yaşamağa çalışırdı.
Bu baxımdan bizim davranışlarımız bir cür, sözlərimiz başqa cür olmamalıdır. Əslində buna əməli münafiqlik deyilir. Sözlə əməlin, zahirlə batinin bir-birinə zidd olması uşağı riyakarlığa, ikiüzlülüyə və ikili bir anlayışa sövq edər, Quranın ifadəsi ilə, onu fikrini, mövqeyini tez-tez dəyişən müzəbzəbə[7] çevirər.
Siz Rəbbin nemətlərindən danışdıqca uşaq da sizinlə birlikdə Allaha (c.c.) şükran hissi ilə, həmd hissi ilə dolub-daşar və: “Sizin haqqında danışıb bizə sevdirdiyiniz, bizi yaradan, insan edən və saysız-hesabsız nemətlərlə sərəfraz qılan, sağlamlıq lütf edən, ana-atasız qoymayan, hər gün çeşid-çeşid nemətlərlə dolu süfrələr göndərən, havanı, suyu, torpağı, ağacları xəlq edən, yaradıb ixtiyarımıza verən Allaha (c.c.) minlərlə həmd olsun!” – deyər.
Üstəlik, daima bunları təlqin etsəniz, evdə olan danışıqları, söhbətləri bu mövzu ətrafında aparsanız, o zaman hər şey bambaşqa gözəlliyə bürünər. Uşağa şəfqət tərbiyədə müstəsna yeri tutur. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) qulluğunu tutan insanlara o qədər şəfqətli davranırdı ki, bu şəfqətin yanında ana və ata qayğısı sönük qalırdı.
Ənəs ibn Malik (r.a.) nəql edir: “Allah Rəsuluna (sallallahu aleyhi və səlləm) on il xidmət etdim, görmədiyim bir işdən ötrü “Niyə etməmisən?”, gördüyüm bir işə görə də “Niyə belə etmisən?” dediyi yadıma gəlmir. Məni heç vaxt danlamayıb.”[8] Bəli, O, başqaları ilə belə, bu cür mərhəmətli davranır və doğma ananın-atanın göstərmədiyi şəfqəti göstərirdi. Öz nəvələrinə, övladlarına isə o qədər rəfiq, o qədər şəfiq, o qədər nəzakətli idi ki, sözlə ifadə etmək çətindir.
g. Şəfqət
Uşaq bir şeydən qorxmalıdırsa, dəyənəkdən, hədə-qorxudan deyil, valideynin şəfqətini itirməkdən qorxmalıdır. Atanın üz-gözündən narazı qaldığını hiss etdirməsi, ananın o şəfqət yağan simasının birdən-birə tutulması uşağı səhvini başa düşməyə və düzgün addım atmağa vadar edirsə və bu, tərbiyədə vacib amil hesab olunursa, başqa metod axtarmağa ehtiyac yoxdur. Ancaq uşağın sizə güvənib etibar eləməsi, kədərini, dərdini bölüşdüyünüzə inanması çox əhəmiyyətlidir. Elə isə, o ağlayanda əlinizdən gəlirsə, siz də oturub ürəkdən ağlayın, heç olmazsa, onun kədərinə şərik olun. Bəzi adamlar vəfat edəndə səma necə ağlayır, ərş necə titrəyirsə,[9] uşaqlar kədərlənəndə siz də mütəəssir olduğunuzu göstərib onların dərdinə şərik olun. Beləliklə, onların gözündə daha da ülviləşərsiniz, dediyiniz hər söz onlara təsir edər və onların qəlblərinə elə yol taparsınız ki, artıq heç nə sizi oradan çıxara bilməz. Bundan sonra hər bir kəlməniz onların könlünə nəqş olunar.
Bəli, əgər onların mələk kimi yetişməsini və ülvi qayələrinizi gələcəkdə ən mükəmməl şəkildə yaşatmalarını istəyirsinizsə, başqa metod axtarmağa ehtiyac yoxdur, bunlar ən səmərəli yollardır.
ğ. Ailənin idarə edilməsi
Bu məsələdə də ailədə boşluğun olmaması həyati əhəmiyyət kəsb edir. Evdə nizam-intizamı qoruyub saxlayan bir ailə başçısı olmazsa, ailə idarəçilik qarışıqlığından, uşaqlar da dilemmadan qurtula bilməzlər.
Allah (c.c.) Qurani-Kərimdə: “Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərindən fərqli yaratması və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. Əməlisaleh qadınlar (ərlərinə) itaət edirlər. Allahın himayəsinə müqabil gizli şeyləri (kimsə görməsə də, namuslarını) qoruyurlar. (Ey kişilər!) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzlərsə,) yatağınızı ayırın və (xəfifcə) döyün! Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür!” (“Nisa” surəsi, 4/34) buyurur.
Müəyyən xüsusiyyətlərinə görə kişi ailədə qayda-qanuna və nizam-intizama nəzarət etməklə məsuldur. Hətta bir çox məsələdə birinci dərəcəli cavabdehdir. Əslində, uşaqların da ailədə hər şeyə görə məsuliyyət daşıyan bir böyüyə ehtiyacları vardır. Evdə valideynində məsuliyyət şüuru görən bir uşaq ömrü boyu nizam-intizamlı və məsuliyyətli olar. Əksinə, bir evdə iki məsuliyyətsiz adamın olması və iki yerdən ayrı-ayrı əmrlərin gəlməsi uşağın düşüncələrinin altını üstünə çevirər.
Bundan başqa, uşaq valideynlərindən birindən qorxanda o birinə sığınmalıdır ki, bu da məhz ana qucağıdır. Belə bir “vəzifə bölgüsü” nəticəsində uşaq atada məxafət və məhabət[10] və ya şəfqət və mərhəmət, anada isə əksini görər, yeri gələndə qorxar, yeri gələndə ümidlənər, amma qətiyyən özünü tənha hiss etməz. Əksinə, evdə belə bir birlik, ailədə bir başçı yoxdursa, ziddiyyətlər baş alıb gedər və qadının özünə görə bir baş, kişinin də bir baş olduğu belə “ikibaşlı” ailədə uşaqlar hissiz, duyğusuz, daşqəlbli və qayəsiz böyüyərlər.
Qənaətimiz odur ki, ideal nəsillərin yetişməsi üçün hər şeydən əvvəl ideal bir ailəyə ehtiyac vardır. Bəli, hər şeydən əvvəl ailə Allaha bağlanmalıdır. Valideynlərin və ya onlardan birinin Allahın xəlifəsi olaraq bu işi öz əlinə alması o ailənin bütün üzvlərini – Ona bağlılıq sayəsində – izzətli, ləyaqətli və anlayışlı edər ki, bundan o tərəfi daha yoxdur və belə bir ailədə hər hansı bir problemdən söz gedə bilməz.
[1] Əbdürrəzzaq, “Müsənnəf”, 4/334.
[2] Bax: Heysəmi, “Məcməüz-zəvaid”, 8/159.
[3] Rəfət – Acımaq, mərhəmət etmək, əsirgəmək. Allahın sifətlərindən biridir. Allah (c.c.) bəndələrinə acıyandır, sonsuz mərhəmət sahibidir.
[4] Reabilitasiya – İnsanları ruhi və mənəvi təmrinlərlə ülvi qayələrə yönəltmək.
[5] Təqallübat – İnsanın Allaha yönəlişlə özündə hiss etdiyi zehni işartılar və bunların verdiyi həzz, ləzzət və Allaha sayğı – xaşyət .
[6] Müslim, “Müsafirin”, 139; İbn Macə, “Əhkam”, 14; “Müsnəd”, 6/91.
[7] Bax: “Nisa” surəsi, 4/143. Müzəbzəb – Yerində sabit durmayıb, mövqeyini tez-tez dəyişdirən. Hərdəmxəyal.
[8] Buxari, “Ədəb”, 39; Müslim, “Fəzail”, 13; Tirmizi, “Birr”, 69.
[9] Böyük aləm kiçik aləmlə bağlıdır və onların arasında paralellik vardır. Hətta bəlkə də, bir mömin mütəəssir olanda rəhmət aləmi də o dərəcədə mütəəssir olur. Bu məsələnin mahiyyəti və keyfiyyəti bizim üçün açıq-aşkar və qabili-idrak olmasa da, belə bir fikir söyləmək mümkündür; Allahın (c.c.) Rəhman və Rəhim isimləri hər cür şəfqətin, rəfətin, incəliyin, mərhəmətin mənbəyidir. Möminlər mütəəssir olduqları zaman rəhmət də hərəkətə gəlir, təbir caizsə, onların kədərini bölüşür.
[10] Məhabət – Heybət. Hörmət qarışıq qorxu. Əzəmət. Böyüklük.
- tarixində yaradılmışdır.