Keyfiyyəti əsas götürmək

Fəthullah Gülən: Keyfiyyəti əsas götürmək

Sayca çoxluğun, yəni kəmiyyətin o qədər də əhəmiyyətli olmadığını Qurani-Kərim bu ayə ilə nəzərə çatdırır: “Allah sizə bir çox yerlərdə, həmçinin Hüneyn (döyüşü) günündə kömək etdi. O gün çoxluğunuz xoşunuza gəlsə də, bir faydası olmadı, gen dünya sizə dar oldu (yer üzü genişliyinə baxmayaraq sizə dar gəldi), axırda pərən-pərən düşüb geri çəkildiniz” (“Tövbə” surəsi, 9/25).

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) Məkkə fəthinin ardınca Hüneynə yollanmışdı. Həvazin qəbiləsi ilə qarşılaşmağa gedən o qüdsilər ordusu ilahi inayətlərə baxaraq: “Bu İslam ordusunun qabağında heç kəs dayana bilməz,” – deyə düşünmüşdülər. Ancaq Həvazin oxçuları ilə üz-üzə gələndə müvəqqəti də olsa, sarsılmışdılar. Deməli, qüdsilər ordusu da olsa, onların arasından bu cür düşünənlər çıxmış və nəticə hadisələrin gedişatı say çoxluğunun da o qədər mühüm olmadığını göstərmişdi.

Bəli, əsas məsələ imanın qüvvətli və əngin olmasıdır. Ancaq onlar müqərrəbin [1] olduqları üçün belə bir vəziyyətə düşdükdə müvəqqəti sarsılıb geriyə çəkilmələri onların səviyyəsi, tutduqları mövqe baxımından günahdır, bizim səviyyəmiz baxımından isə günah deyildir. Burada dünyanın harasında və hansı dövründə olursa olsun, sayca çoxluğun o qədər mühüm olmadığını vurğulamaq istəyirik ki, Qurani-Kərim də bizə bundan bəhs edir. Bu ayənin nəsx (ləğv) edilməsi və hökmünün qüvvədən düşməsi mümkün deyildir. O halda müsəlmanlar hansı ölkədə olur olsun, hər şeyi kəmiyyətdən çox, Allahla münasibətdə, keyfiyyətdə, imanın dərinliyində axtarmalıdırlar.

Siz Ümməti-Məhəmməd sayca çox az və zəif də olsanız, əgər Allaha üz tuta bilir və haqqı-həqiqəti insanlara çatdırmaq həyəcanı ilə yaşayırsınızsa, Allahın (c.c.) tövfiq və inayəti ilə mütləq müvəffəq olacaqsınız. Əksinə, Allah (c.c.) qorusun, evinizə çəkilmiş, Onunla irtibatı unutmusunuzsa, sayca nə qədər çox olursunuz olun, heç bir dəyəri yoxdur.

[1] Müqərrəbin – 1. Cənnətdə dərəcələri ən yüksək olanlar. Allahu-Təalaya yaxın bəndələr. 2. Təsəvvüfdə nəfsə sevgidən qurtulmuş, qəlbi yalnız Allaha sevgi ilə döyünən, yalnız Allahu-Təalanı istəyən Haqq dostları.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.