Allahın bizim ibadətimizə ehtiyacı olmadığına görə, niyə biz ibadətlərimizi öz ağlımıza və öz istəyimizə görə etmirik?
İnsanda ibadət duyğusu Cənabi-Haqqı vəsilə olan bir keyfiyyətdir. Yəni insan bir tərəfdə bu möhtəşəm kainatı yaradan Zata dəlalət edən mənzərələr, səhifələr.. məsələn, nizam və intizam səhifələrini görür. Sonra bu ehtişamlı nizamı tərtib edən, nizam sahibi “Nazim”i axtarmağa başlayır, Ona keçir. Məhz belə diqqətlə və ibrətlə kainata baxan insan heç nəyi məqsədsiz, nizamsız görə bilməz və dolayısilə özünün də bu nizama uyğun hərəkət etməli olduğunu anlayar.
Həmçinin, varlığa gözəllik və estetik yönündən baxsa, onu o qədər gözəl, o qədər möcüzəvi görər ki, bundan daha gözəlini təsəvvür etmək qeyri-mümkündür. İnsanın çöhrəsindən dünyanın üzünə, səmanın ulduzlarla süslənmiş simasına qədər elə füsunkar bir gözəllik, ağılı başdan alan elə bir əda və insanı heyran edən elə şirin bir işvə var ki, bu cizgi, bu rəng və bu ahəngi görüb bu möhtəşəm və sehrli məşhəri sərgiləyən, onu bizə nümayiş etdirən Zatı görüb tanımamaq mümkün deyil...
İstər afaqi, istər ənfusi (obyektiv və subyektiv) tədqiq və təfəkkür insanın qəlbini oxşayan elə şirin ilhamlar bəxş edir, elə coşdurur və elə mənzərələr nümayiş etdirir ki, insanın sevinc və həyəcandan uşaqtək haray salmağı gəlir... Əm gözəl hadisə və icraatların üzərinə ən gözəl ilahi isimlərin nurdan kəpənəklər kimi qonub uçduqlarını gördükcə bizi bütün insani duyğularımızla çəkib öz içində əridən bu gözəlliklərin mənbəyi gözəl sifətləri təqdirlərlə alqışlayır, heyranlıq və ədəblə onların Sahibi-Zişanı önündə baş əyirik.
Bir başqa aspektdən, kainatda hər şey, sanki, başqa bir aləmdə hazırlanmış, sonra da insanın önünə sərilmişdir. Bəzisi tərəvəz, bəzisi meyvə şəklində təqdim edilən bu nemətlərlə yer üzü, sanki, geniş bir nemət süfrəsi, bağ-bağçalar da süfrə açana bənzəyirlər. İnsan önünə sərilən bu süfrədəki nemətlərə əlini uzatdıqca əsl nemət Sahibini duyur, hiss edir və özünü bir başqa zövq, həzz və heyranlıq aləminə atır. Bəli, məntiqlə düşünəndə bir körpə rəhmət çeşməsi olan ana məməsindən süd əmən zaman onun üçün hazırlanmış şəfalı qidanın başqa bir aləmdən dadına çatdığını duyur və nemət verən, ikram edən Birinin olduğunu hiss edir, Onu düşünür, Onun nemətləri qarşısında baş əyir.
Bəli, hər nemət, hər ehsan həm nemət və ehsan sahibinə dəlalət edir, həm də bizi Ona hörmət etməyə dəvət edir. Harada bir nemət, gözəllik, bir nizam və intizam varsa, orada o nemət, o gözəllik, o ehsana müqabil təqdir, heyranlıq və qulluq hisləri də olmalıdır. Yəni Allahın (cəllə cəlaluhu) Özünü bizə bildirməsinə əvəz Ona übudiyyətlə qarşılıq verilməlidir. Bu baxımdan, Mutəzilə və bir baxımdan Maturidilər – ki, etiqadda bizim də bağlı olduğumuz məzhəbdir – deyirlər ki: “Heç bir peyğəmbər gəlməsə idi və heç bir mürşid insanları irşad etməsə idi, kainata sərpilən həqiqətlərə baxaraq insan Allahı tanımalı və buna görə həyatını tənzimləməli idi. Maturidilərin nöqteyi-nəzərinə görə xeyli misal tapmaq mümkündür.
Məsələn, Əfəndimizin (sallallahu əleyhi və səlləm) ətrafındakı bəzi insanlar bütlərlə dolu olan Kəbənin kölgəsində dünyaya gəlmiş, Allaha aparan yolu göstərən heç kəsi görməmişdilər. Başda Əfəndimiz olmaqla, tövhidlə bağlı onlara heç bir şey təlqin edilməmişdi. Lakin bir bədəvinin dediyi kimi: "Heyvan təzəyi heyvanı, izlər isə insanı göstərir. Bir baxın bürc dolu səmaya və onun ahənginə, vadi dolu yer üzünə! Bütün bunlar hər şeyi bilən və hər şeydən xəbərdar olan Allaha dəlalət etməzmi?" (el-Âlûsî, Rûhu’l-meânî, 26/62; İbn Kayyim el-Cevzî, Zâdu’l-mesîr, 1/362.). Bunu bir bədəvi deyir; səhradan, qumdan başqa bir şey bilməyən bədəvi...
Əfəndimiz insanlığı qurtarıb yüksəldəcək geniş bir şüur və idrakla göndərildi. O, belə demək mümkünsə, fövqəlbəşər bir insan idi. O, Allahın lütf etdiyi anlayış və idrakla kainatın həqiqi mənasını dərk etmiş və peyğəmbərlik gəlmədən əvvəl kainat kitabında Haqqı sezmiş, axtarışa başlamış və Hira dağına çəkilərək özünü ibadətə əsr etmişdi... Aişə Anamız Buxarinin (Səhihi-Buxarinin) başındakı bir hədisi-şərifdə –Xədicə Anamızdan rəvayət edərək– özünü ibadətə həsr etdiyini və ancaq azuqəsini tədarük etmək məqsədi ilə hərdənbir evinə döndüyünü deyir ki, (Buhârî, bed’ü’l-vahy 1; Müslim, iman 252; Tirmizi, menakıp 13.) bunlar idrakla insanın bəzi şeyləri kəşf edə biləcəyini və kəşf etdikdən sonra da Cənabi-Haqqa müəyyən səviyyədə qulluq edilə biləcəyini ifadə edir. Bu mövzuda Zeyd ibn Amrın vəfat əsnasında dediyi sözlər də əhəmiyyət kəsb edir. Zeyd Həzrəti Ömərin əmisidir. Vəfatından öncə bütün ailə üzvlərini ətrafına toplayır və gələcək Peyğəmbərlə bağlı bildiyi hər şeyi onlara izah edir. Bu şəxs Əfəndimizin (sallallahu əleyhi və səlləm) peyğəmbərliyini görə bilmir. Yəni atını çapıb sahilə yanaşsa da, İslamiyyət gəmisinə minmək nəsib olmur... Ancaq bütün ruhu ilə Əfəndimizin (sallallahu əleyhi və səlləm) ab-havasını, Onun həqiqi məna və mahiyyətini, həqiqəti-Əhmədiyəni sezmiş, iliklərinə qədər onunla doymuş, lakin duyub hiss etdiklərinə bir ad verə bilməmişdi. O, belə deyir: "Allahın üfüqdə bir nur var. Zühur edəcəyinə inanıram. Onun əlamətini başımızın üstündə görürəm". Sonra Cənabi-Haqqa təvəccöh edir: "Ey Uca Yaradan, mən Səni tam tanıya bilmədim, bilsə idim alnımı yerə qoyar, bir daha qaldırmazdım" deyə hislərini ifadə edir. Gördüyümüz kimi, tərtəmiz, dumduru bir vicdan əgər bütpərəstliklə kirlənməmişsə, kainata, nizama, ahəngə baxarkən o da bu ümumi harmoniyada özünə bir yer axtarıb übudiyyətini tapacaq və Allaha qulluq edəcək.
Deməli, Allahı bilmək və tanımağın ardınca dərhal Allaha qulluq başlayır... Bəli, madam, bizi bu min bir nemətlə var edən Allah var, elə isə qulluq da var. Məhz Allah (cəllə cəlaluhu) insan vicdanında gizli qalan bu qulluq düşüncəsini, qulluq hissini bir qəlibə salır. Yəni "Alnımı yerə qoyacağam, qiyamətə qədər başımı qaldırmayacağam.. əzəmətin qarşısında boyun bükəcəyəm.." və Rəcaizadə Əkrəmin: "Hanı Allahım dizlərin, başımı qoyum…"; bir başqasının: "Hanı o mübarək əlin ki, mən onu başımın üstündə hiss edirəm."... Bu kimi ilahi eşq, ilahi həyəcanla insanın nə edəcəyini bilmədiyi bir məqamda səmavi vəhy həqiqi qulluq düşüncəsi, qulluq şəkli və qulluq anlayışı ilə nazil olub fikir dolaşıqlığına meydan vermədən eşq və həyəcanımızı Yaradanın əmrinə görə istiqamətləndirir. Yəni Allah Ona: "Mən Allaham, sən də Mənim qulumsan. Nemətlərimlə Məni tanıdın. Mən də sənə qulluğun ədəbini öyrədəcəyəm. Mənim hüzuruma belə girilir. Əvvəla dəstəmaz alınır, içəriyə girərkən də nəfsi öldürmə mənasında: "Böyük Sənsən Allahım, Səndən qeyri hər şey kiçikdir" deyilir.. qulluq şüuru ilə əllər bağlanır sonra da Mənim hüzurumda dərinləşə bildiyi qədər dərinləşilir. Miracının kölgəsində, dərəcəyə görə, ruhən Nəbilər Sultanının yüksəldiyi yerlərə yüksəlmə arzusu oyanır, yüksəldikcə şükran hissi ilə rükuya gedilir, rükuda əyildikcə yeni bir aləmə girilir və nəhayət, səcdəyə gedilir; oradakı təvazö nisbətində tamam başqa bir dərinliyə dalınır. Qalxılır, bir nəfəs alınır, sonra yeni bir arayışla təkrar ikinci səcdəyə gedilir, daha sonra "Qulun Rəbbisinə ən yaxın olduğu an səcdə anıdır. Səcdə etdiyiniz zaman Allaha çox dua edin" (Müslim, salât 215; Ebû Dâvûd, salât 152.) buyruğu vicdanlarda duyulur. "Səcdə edənlər arasında gəzib-dolaşmanı da görürəm" (“Şüəra” surəsi, 26/219) sirri ilə səcdə edənlər arasında qıvrım-qıvrım əyilib bükülmələrlə və həqiqi namaz içində, qabiliyyətlərə görə namazın əsası sayılan miraca müvəffəq olunur”.
Məhz, ibadət: "Allaha iman və Zati-Üluhiyyət mərifəti, bu mərifətdən doğan məhəbbət və heyranlıqla görüləsi işlərin Cənabi-Haqqın işarə və irşadı ilə yenə də Onun əmrlərinə görə istiqamətləndirilməsi və qəlibləşdirilməsi" deməkdir.
Bu məsələnin bir yönünü izah etməyə çalışırıq. Yəni, Rəbbimizi tanıdıqdan sonra uyğunsuz və xoşagəlməz işlər etməmək üçün Onun ayə və bəyanlarının rəhbərliyində və Əfəndimizin saçdığı işıqda qulluq edir və Yaradanın razılığını araşdırırıq.
İkinci məsələyə gəlincə, insan ticarət, elm, ziraət və sənaye işlərində daim bir rəhbərə və bu rəhbərdən bəzi şeylər öyrənməyə möhtacdır. Məsələn, deyək ki, hər birinizin bir işi var. Kiminin bir fabriki var və parça emal edir; kimi tikinti ilə məşğul olur, kimi də ticarət edir... Bir nəfər bizim mənfəət və faydamızı, gördüyümüz işdə aldanmamağımızı, ticari prinsiplərini yaxşı öyrənib yaxşı iş görməyimizi təmin etmək üçün bizə deyir ki: "Siz bu işi mütləq görməlisiniz. Çünki bu həm zərurət, həm də ehtiyacdır. Ancaq bu işi ən gözəl və ən səmərəli şəkildə görməyiniz üçün insan, güc amilindən yaxşı istifadə etməyiniz, tədbirli olmağınız və s. lazımdır..."
Əgər bizdə zərrə qədər insaf varsa, bizdən əvəzində heç nə istəməyən bu səmimi, bu xeyirxah insanın xəbərdarlıq və təbliğini dinləyər, onun hesabatına əhəmiyyət verər və təkliflərinə görə özümüzə bir yol seçərik. Eynilə bunun kimi, Rəbbinizə ibadət və taəti öz arzu və müəyyənləşdirdiyimiz bəşəri keyfiyyətdə deyil, hər biri bizi ayrı bir səma gəzintisinə çıxaran, hər birində başqa bir mirac ruhu olan ibadət qəliblərinə görə yerinə yetirdiyimiz zaman etdiyimiz ibadətlər bərəkətlənəcək. Bilmirik, bəlkə də "Allahu Əkbər" deyən zaman rəhmət aləmnin düyməsinə toxunur və ruhumuzu bununla ilhamlara açırıq. Bəlkə “Fatihə” surəsini oxuyan zaman sirli bir açarla, şifrəli bir qıfılı açırıq. Və namazın digər rüknləri ilə, hətta digər ibadətlərlə, kim bilir, neçə-neçə sirli qapıları açmağa müvəffəq oluruq. Bəli, səcdəyə alnımızı qoyanda bütün yolların düzəldiyini, bütün qapıların açıldığını deyə bilərik. Duamızın Ona yüksəlib, nəfəsimizin nəzdi-üluhiyyətdə duyulduğunu və mələklərin ətrafımızı sardığını deyə bilərik. Bütün bunların olmadığını kim iddia edə bilər!.. Qaldı ki, Müxbiri-Sadiq olan Əfəndimizin bunları dəstəkləyən nurlu bəyanları da var...
Elə isə ən məqbul ibadət keyfiyyəti Rəbbimizin bizə buyurduğu keyfiyyətdir. Çünki insan adlı məxluqu yaradan Allah (cəllə cəlaluhu), bu məxluqun ən səmərəli şəkildə işləməsini, dünya və üqba üçün məhsuldarlığını da bilən yenə Allahdır. Maşın və fabriki düzəldən əgər üstündə bir kataloq da verirsə, onu bu kataloqa görə işlətmək ən doğru yoldur. Buna görə də, o-bu şəkildə deyil, Əfəndimizin (sallallahu əleyhi və səlləm) təliminə və Allahın əmrlərinə uyğun şəkildə qulluq etmək ən müvafiq qulluq şəklidir. Bunu Allah ümməti-Muhammədə lütf edib.. Ümməti-Muhamməd içində də layiqli qulluq şüuruna malik olanlara və xüsusilə, müxtəlif dövrlərdə dini əhya yolunda xidmət edənlərə lütf edib gözünü həqiqətə açmışdır. Buna yalnız: "Həzzə min fadli Rəbbi" və ya "Min fadli Rəbbinə" deyə bilərik. Bəli, bu, Rəbbimizin bizə bir ehsanıdır. Rəbbim lütfü ilə bunu bizə verdiyi, bağışladığı kimi, lütfü ilə də davamını gətirsin. Bizi –Əfəndimizin (sallallahu əleyhi və səlləm) duası ilə deyim– göz açıb-yumana qədər, hətta daha az bir müddətə nəfsimizlə baş-başa buraxmasın! (Bax. Ebû Dâvûd, edep 110; Ahmed b. Hanbel, el-Müsned, 5/42; el-Hâkim, el-Müstedrek, 1/730.)
- tarixində yaradılmışdır.