Quranın ilk ayəsinin "Oxu" bəyanı ilə başlamasında nə hikmət görürsünüz?
İqra (Oxu) ("Ələq" surəsi, 96/1) ilahi əmri O Ən Şərəfli Varlığın (s.ə.s.) zatında, şəxsində təcəlli edən və bəşəriyyətə əmanət edilən, həmçinin sonsuz kamilliyə müxatəb və mükəlləf olmaq üçün insana verilən bir vəzifə və bir dəvətdir.
Müşahidə edilən, müşahidə edildikcə məna və məzmunu anlaşılan, anlaşıldıqca ilahi nizam və qüdrətin böyüklüyüni, ehtişam və gözəlliyini ortaya qoyan kainat "Lövhü-Məhfuz"un (Olmuş və olacaq hər şeyi ehtiva edən qədər kitabı) təcəllisi və əksidir.
Allah insandan başqa canlı-cansız hər varlığı "qələm" kimi xəlq etmiş, onlara "qələm"lik vəzifəsini vermişdir. Beləcə hər varlıq ona əmanət edilən, onda təcəlli edən hadisələri yazır, qeyd edir.
Dolayısilə, canlı-cansız hər varlıq bir kitab olduğuna görə, ilahi əmr "Bax, müşahidə et!" şəklində deyil, "Oxu!" şəklində nazil olmuşdur. Çünki kitab ancaq oxunur. Hər biri bir kitab olan varlıqlarla süslənmiş, göz oxşayan bu kainat, əlbəttə və şübhəsiz ki, ilahi bir kitabxanadır. İnsandan başqa bütün varlıq yalnız "yazmaq" mükəlləfiyyəti daşıdığı halda, insan həm yazmaq, həm də "oxumaq"la şərəfləndirilmişdir.
Elm kainatda təcəlli edən nizam və digər şeylərin bir-birilə münasibətlərinin dərkindən və bu idrakın təsnifat və toplanmasından ibarətdir. Kainatdakı nizam-intizam, bu nizamdakı həssaslıq və müvazinət qətiyyən təsadüfi deyildir. Əlbəttə, belə bir nizamı qoyan var, üstəlik varlığı hər şeydən açıq-aydın bir "Nazim".
Hər nizam əvvəla təsəvvürdə formalaşır. Necə ki memar evin planını kağıza çəkmədən əvvəl onu təsəvvüründə ölçüb biçir, formalaşdırır... Bəşərin kəsafətli quruluş və düşüncəsi bu təsəvvürə və belə bir yaradılışa forma verə bilərmi? Bu bir tərəfə, kainat miqyaslı bu nizam Lövhü-Məhfuzdursa, bu nizamın yazılmış şəkli də Qurani-Kərimdir və Lövhü-Məhfuzun aynasıdır.
Buna görə də insan oxumalıdır. İnsan oxuduqca anlamağa çalışacaq, zaman-zaman yanlış anlayacaq, xətalar edəcək, təcrübə qazanacaq, günah-savab süzgəcindən keçirdiyi biliyə etimad, etibar edəcək, nəhayət, həyatını möhkəm bir zəminə oturdacaqdır. Baxmaq başqa, görmək başqadır, anlamaq başqa, anladığını qəbul edib əqlən və qəlbən mənimsəmək başqadır; öyrəndiklərini həyata keçirmək başqa, tətbiq etdiyini də Ona (c.c.) təslim və əmanət etmək bambaşqadır.
Bəli, idrakla bağlı bu "başqa"lar hər zaman olmuşdur və olacaq da. Çünki kainatda bir çox qanun var və bu qanunlar Qanun Qoyucu tərəfindən fövqəladə ahəng içində cərəyan etdirilir. Bunların bir neçəsi:
1. "Az"dan "çox"a gediş,
2. "Çox"lar içində "bənzər"lər, "fərqli"lər və "zid"lərin varlığı,
3. "Zid"lər arasında fəal müvazinət və ahəng,
4. Münavibə (növbə ilə iş görmək, növbələşmə),
5. Öyrənmə, unutma və yenidən öyrənmə,
6. Cəhd və səy,
7. Təhlil və tərkib (tərkib hissələrinə ayırma, sintez),
8. İlham və inkişaf (qəlbə doğan məna və bu mənanın ortaya qoyulması).
İnsan bu qanunların hamısına tabedir. Buna görə də, əlbəttə, çox sayda insan olacaq, insanlar içində bir-birinə bənzər, fərqli və zidd olanlar da. Həmçinin insanlar arasında fərqli, bir-birinə bənzər fikir, görüş, inanc, davranış və hərəkətlər də olacaq. Ancaq bütün bu fitri ziddiyyət sönük, boşuna deyil, canlı və fəal bir müvazinət içində olacaq.
Yenə də yalnız imana əsaslanan yol elmdən məhrum qalacaq, yalnız elmə əsaslanan yol isə imana laqeyd yanaşıb onsuz olacaqdır.
Elm və cahillik, təsdiq və inkar, fəzilət və rəzalət, ədalət və zülm, sevgi və nifrət, sülh və müharibə, ətalət əsaslı təvəkkülə söykənən həyat ritmi və "insan hər şeyə qadirdir" kimi səbirsiz bir sürət, dağıdıcı xarakterli "söküb-qurma, yıxıb-tikmə" kimi ehtiras və dəlilik xarakterli "əsas"ların bir-birini izləməsi, növbələşməsi də baş verəcək.
Hətta o Müstəsna Varlıq Allah Rəsulunun (s.ə.s.) öyrətdikləri belə unudulacaq, ancaq mütləq təkrar xatırlanacaq, yenidən öyrəniləcək. Həmçinin parçalara ayrılma, təhlil, növlərə bölünmədən sonra, əlbəttə, təkrar tərkib və sintez baş verəcək və əlbəttə, bir ilham və bir inkişaf da olacaq.
Bütün bunlar oldu, olur və mütəmadi də olacaq. Həzrəti Musaya ictimai elmlər və cəmiyyətin sağlam əsaslarını təmin edən "On əmr"; Həzrəti İsaya bəşəri münasibətlərdə yumşaqlıq, şəfqət, sevgi və müsamihə, səbir və tolerantlıq; Peyğəmbərimizə (s.ə.s.) bütün bunlardan əlavə olaraq elm, iradə, hikmət, müvazinət, təlif, tərkib, əhatəli izah (icmal) və nöqsansız dil qabiliyyəti (təkmil) bəxş edilmişdir.
Buna görə də, bir baxımdan İslamiyyət digər dinlərdən daha ağır, daha məsuliyyətli, lakin bir o qədər də gözəl və ali dindir. Çünki ictimai əsaslara sevgi və müsamihə, hilm və şəfqət, səbir və dözümlə yanaşı, elm, iradə, hikmət, tarazlıq, təlif və tərkib xüsusiyyəti də lazımdır.
Fizika, kimya, astronomiya, biologiya sahəsindəki kəşflər, elmi tərəqqi Lövhü-Məhfuzda təsəvvür edilib Qurani-Kərimdə qeyd olunan və kainatda ard-arda təzahür edən hadisələrdən bəzilərinin izahına və anlaşılmlasına xidmət etdiyinə görə, bütün ixtiraçı alimləri təbrik və təqdir etmək lazımdır. Ancaq bəşəriyyəti belə kəşflərin səbəb olduğu Xaliqi və Nazim Allahı inkar, ilahi ilham və irşadı rədd, insanı ilahlaşdırma, insan iradəsini mütləq hakim qəbul etmə kimi zəlalətdən qorumaq lazımdır.
Fizika və kimya laboratoriyalarında aparılan təcrübələrə, kəşf olunan qanunlara uyğun fizika, kimya və biologiyaya yeni istiqamətlər verilməsə, bu müvəffəqiyyətlər getdikcə səbirsizləşən, getdikcə sürətlənən, getdikcə həyasızlaşıb məsuliyyətsizləşən insanı və insan toplumunu tamamilə zəlalətə sürükləyə bilər. Bəli, müasir insana onun "laboratoriya heyvanı", toplumun da "laboratoriya" olmadığını əsaslı şəkildə xatırlatmaq lazımdır.
Elmi ətalət və sönüklükdən xilas etmək, quruluq və faydasızlıqdan qurtarmaq ilk növbədə elmin əsaslarının düzgün anlaşılmasına kömək edəcək, ikincisi, insan iradəsinin və ağlının payına düşəni əda, hissi və mənəvi sezilmələrin müşahidə etdirmiş olacaq.
O zaman bir faseh bir dillə qarşısında sərilmiş kainatı kitab kimi kəlmə-kəlmə, sətir-sətir oxuyacaq. Onsuz da, kainatı bir kitabdan fərqli görmək qeyri-mümkündür. Belə ki, təqvini (yaradılış) qanunlarında ilk yaradılan şey "qələm" (el-Hakim, el-Müstedrek 2/492) olaraq təsvir edilir, nazil olan ilk əmr də "oxu" ("Ələq" surəsi, 96/1) fərmanıdır...
Ancaq bu məsələ elə də asan deyil. Bu zahiri və batini xassələr fəallığı və hadisələrlə münasibətdə həssaslığı nisbətində bir hiss, bir baxış olsa da, bu xassələrin birində olan nöqsan digərlərini də təsirsiz hala gətirər.
Ona görə də Qurani-Kərimdə korluq, karlıq və dilsizlik birlikdə sadalanır (Bax: "Bəqərə" surəsi, 2/18, 171). Çünki təqvini (yaradılış) qanunlar (əmrlər) gözlə görüldüyü kimi, tənzili (nazil olmuş) əmrlərin təmas etdiyi ilk sirli pərdə də qulaqdır. Gözün gördüyünə, qulağın da eşitdiyinə tərcüman olan isə dildir.
Afaq və ənfüsü (daxili və xarici aləm) görməyən qulağa gələni də eşitməyəcək, eşitsə də, anlamayacaq. Həmçinin qulağına girən ilahi əmrlərlə ruhu işıqlanmamış bir insan yaradılış qanunları (təbiət qanunları) ilə məşğul olub vaxt itirəcək.
Deməli, "oxu" bütünləşmənin və bütünləşdirmənin, müşahidə və dəyərləndirmənin, görmə, onunla yanaşı sezmənin, sonra da bu daxili ürfana dillə tərcüman olmanın ifadəsidir ki, insan üçün ilk əmr olması necə də ibrətamizdir, mənalıdır.
Əhəmiyyətinə görə uzun izah edildi və bəzən mövzudan kənara çıxıldı. Təkrar mütaliəsi bizi əvf etdirər, inşaallah.
- tarixində yaradılmışdır.