Allahın mahiyəti və keyfiyyəti nədir?
Allah yaratdığı varlıqlardan; onların həqiqilərindən və izafi olanlarından tamamilə fərqlidir. Qaldı ki, bu məhdud aləmdə insanın düşüncəsi də, görməsi də, duyması da məhduddur.
Bəli, insanın bu aləmdə gördüyü milyonda beş nisbətindədir. Eşitdikləri də elə bu qədərdir. Məsələn o, saniyədə 40 dəfə titrədən (0,025 Hs tezlikli) dalğanın meydana gətirdiyi səsi eşidə bilmir. Saniyədə mindən çox titrəşimi olanı da eşitmir. Elə isə insanın eşitmə qabiliyyəti məhduddur. İnsan ancaq milyonda çox az nisbətdə səsləri eşidə bilir. Onun görmə və hiss etmə sahəsi də çox dardır. Bu qədər məhdud çərçivədə görən, eşidən, bilən bir insanın "Allah niyə görünmür? Onun mahiyyəti nədir?" deməsi, -haşa!- Ona kəmiyyət və keyfiyyət verib bu mövzuda baş sındırması, bir sözlə həddini bilməzlikdir. Ey insan! Sən nəsən və nəyi bilirsən ki, Allahı da biləsən!.. Allah kəmiyyət və keyfiyyətdən münəzzəhdir və sənin nöqsan meyarlarınla ölçülməyəcək qədər alidir, ucadır. İnsan işıq sürəti ilə trilyon il fəzada yol getsə və trilyon illik məsafəni aşıb oraları görsə, sonra gördüyü bu kainatları üst-üstə yığsa; Onun varlığına nisbətən mikro varlıq belə ola bilməz. Biz hələ Antarktika qitəsini tam kəşf edə bilməmişik, bütün kövnü məkanları nizama salan Allahın -haşa və kəlla- "kəmiyyət" və "keyfiyyət"ini haradan bilə bilərik! Allah, Allah olduğu üçün "kəmiyyət" və "keyfiyyət"dən də müqəddəs və münəzzəhdir. O, bizim hər cür təsəvvür və xəyallarımızdan uzaqdır, uzağın da uzağındadır…
Kəlamçı (Hikmət və məntiq əsasları ilə Allahın (c. c.) varlığı, birliyi, İslamiyyətin doğruluğu və haqqaniyyətindən bəhs edən elm xadimi): "Ağlına hər nə gəlsə, Allah ondan qeyridir", deyir. Təsəvvüfçü isə: "Ağlına nə gəlirsə, Allah onun vərasının (uzağındadır) vərasının vərasındadır. Və sən daim səni bürüyən pərdələrlə sanki bir fanus içindəsən..."
Dekart deyir ki: "İnsan hər şeyi ilə məhduddur. Məhdud olan, məhdud olmayanı təsəvvür edə bilməz". Allah isə, varlığı sonsuzdur, namütənahidir (nəhayətsizdir). Buna görə də, düşüncəsi məhdud olan insan oğlu əqli cəhətdən Onu əhatə edə bilməz.
Alman ədibi Höte: "Səni min bir isminlə anırlar, ey Mövcudu-Məchul! Min deyil, Səni minlərlə isimlə ansaq, yenə də Səni mədh etmiş sayılmarıq. Çünki Sən hər cür vəsfin vərasındasan" xitabı ilə Mövcudu-Məchul olan Allahı anladır bizə...
Mütəfəkkirlər Allahı mövcud, lakin dərkedilməz bir mövcud olaraq mütaliə edirlər. Allah, insanın qavraya biləcəyi, dərk edə biləcəyi varlıqlardan deyil. Göz Onu görə bilməz, qulaq Onu eşidə bilməz. Elə isə insan Ona yalnız nəbilərin təliminə uyub elə inanmalıdır!..
O vücudun (varlığın) da, elmin də ilk mənşəyi, ilk illətidir. Varlığımız Onun varlığının nurunun kölgəsi; elmimiz Onun mühit (hər şeyi əhatə edən) olan İlahi elminin zərrəsidir. Bəli, müəyyən bir səviyyədə Allahı bu mənada bilmənin və mərifət sahibi olmanın yolu vardır: Lakin bu yol əşyanı tədqiq edib tanıma yolundan tamamilə fərqlidir... Yanlış yollarla Onu tanımağa çalışanlar nəfsin təkkəbbürünü qıra bilməmiş, daxili müşahidənin nə olduğunu duymamış, həzzini ala bilməmiş talesizlərdir ki: "Allahı axtardım, amma tapa bilmədim" həzəyanı ilə elm və fəlsəfə naminə azğınlıqlarını göstərirlər.
Allah elə Allahdır ki, istər ənfüsi (daxili aləmlə əlaqəli) və afaqi (xarici aləmlə əlaqəli) aləmdə, qəlb və ruhun meracında, seyri-ruhi və seyri-qəlbidə varlığını və varlığının zəruriliyini göstərər və ruhumuzun dərinliklərində özünü bizə hiss etdirər. Bütün elmi nailiyyətlərimizin kökü olan bu vicdani duyğu; bizdəki məhdud elmin, şüurun, ağılın, fikrin cəmindən daha güclüdir. Əfsuslar olsun ki, biz çox vaxt vücudumuzdan və bu daxildən qopan haraya məhəl qoymur və səhv yollara düşür, azğınlaşırıq.
Kainat bu həqiqəti daim bizə xatırladan min dil və min teldir. Quran bəlağətli dili ilə ən böyük xatırladıcı, Peyğəmbərimiz isə ən mükəmməl bir təbliğçisidir.
"Sığmam dedi Haqq, ərzu-səmaya
Kənzən (sirli bir xəsinə şəklində) bilindi, dil (qəlb) mədənindən."
Həzrəti İbrahim Haqqı
- tarixində yaradılmışdır.