Allah nə üçün qullarını bərabər yaratmadı?

Allah nə üçün qullarını bir yaratmadı? Kimini kor, kimini topal yaratdı?

1. Allah mülk sahibidir. Mülkünü istədiyi kimi sərf-nəzər edər. Heç kim Onun idarəsinə qarışa bilməz və Onun icadına, var etdiyinə müdaxilə edə bilməz. Sənin zərrələrini yaradan, tərkibini nizamlayıb insani mahiyyət bəxş edən Allahdır (c.c.). Sən bütün bunları lütf edən Allaha daha əvvəl bir şey verməmisən ki, Onun qarşısında bir haqq iddia edə biləsən..

Əgər sən, sənə verilənlər müqabilində Allaha bir şey vermiş olsa idin , "Bir göz deyil, iki göz ver; bir əl deyil, iki əl ver!" kimi iddialar  irəli sürməyə; "Niyə iki  deyil də, bir ayaq verdin?"-şəklində etiraz etməyə, bəlkə də,  haqqın olardı. Halbuki, sən Allaha (c.c.) bir şey verməmisən ki, -haşa və kəlla- Ona ədalətsizlik istinad edirsən. Haqsızlıq verilməyən bir haqdan ortaya çıxa bilər. Sənin Ona qarşı nə haqqın var idi ki, yerinə yetirilmədi və sənə qarşı haqsızlıq edildi! Allah-Təala səni yoxluqdan çıxarıb var etmiş, üstəlik də insan olaraq... Diqqət yetirsən, görərsən ki, səndən aşağı mövqelərdə bir çox məxluq var və sən onlara baxıb nələrə məzhər oldu­ğunu düşünə bilərsən.

2. Cənabi-Allah bəzən insanın ayağını alar; onun əvəzində axirətdə daha xeyirli şeylər verər. Ayağını almaqla o insana acizliyini, zəifliyini, fəqirliyini hiss etdirər. Qəlbini Özünə yönəldib, o insanın duyğularını dirçəltsə, cüzi bir şey al­maqla, xeyli nemət bəxş edər. Demək ki, zahirən olmasa da, həqiqətdə bu, o insana  Allahın lütfünün ifadəsidir. Eynilə şəhidliklə cənnəti verməsi kimi... Bir insan, müharibədə şəhid olar. Bu şəhidliklə “Böyük məhkəmədə” və Allahın hüzurunda  sid­diqlərin, salehlərin qibtə edəcəyi bir mövqeyə yüksələr. Onu görən başqaları: "Kaş  Allah bizə də hərb meydanında şəha­dət nəsib edə idi”, -deyərlər. Buna görə də, belə bir insan tikə-tikə doğransa, çox şey itirmiş sayılmaz. Əksinə, aldığı nemət verdiyinə nisbətdə daha böyükdür.

Çox nadir hallarda bəzi insanlar bu mövzuda küskünlük, inciklik, bədbinlik və aşağılıq duyğusu ilə yol azsalar da, əksər insanlarda bu qəbil əskikliklər, daha çox, Allaha yönəlməyə vəsilə olmuşdur. Beləliklə, cılız xislətli bəzi şəxslərin, bu məsələdəki əskikliklərinə görə üsyanları əsas alına bilməz və bəhanə edilməməlidir. Bu mövzuda əsas olan əbədiyyətə namizəd insanların ruhlarında o mənəvi aləmə meyil və şövq oyandırmaqdır. Bu, əlil bir insanda əlilliyin sövqü ilə Haqqa yönəlməsi, başqala­rında da ondan ibrət alıb qanadlanmaları şəklində özünü biruzə verirsə, məqsədəuyğun və hikmətlidir.

"Hər işdə hikməti vardır, əbəs fel işləməz Allah.”

(Hz. İbrahim Haqqı, “Əhli-Sünnət İnancı”,11-ci beyt)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.