Quran hər şeydən bəhs edirmi?
"Quran, olmuş və olacaq hər şeydən bəhs edir,"- deyirlər. Bu doğrudurmu? Doğru isə, dövrümüzdəki bir qisim elm və texnologiyaya aid məsələləri də bu çərçivədə izah etmək olarmı?
Uca Yaradıcının bəşər övladının öyrənməsinə icazə verdiyi və onun maddi-mənəvi tərəqqisinə vəsilə etdiyi hər şeydən icmal şəkildə bəhs etməsi doğrudur. Ancaq Allahın (c. c.) icazə vermədiyi və bəşər övladının da dünya və axirət həyatına bir faydası toxunmayan şeylərdən danışmasından, üstəlik də ətraflı şəkildə açıqlamasından əsla bəhs oluna bilməz. Çünki belə bir şeyi qəbul etmək, hikmət dolu bir kitaba əbəs isnad etmək olar ki, o müqəddəs bəyan bu cür faydasızlıq və əbəslikdən çox-çox uzaqdır!...
Quranın bəhs edib təhlilə tabe tutduğu şeylərdə izlədiyi bir yol vardır ki, çox vaxt o yolu bilmədən hərəkət edən təhlilçinin xəyalları puç olar; yəni, axtardığını onda tapmaya bilər.
Quranın ən birinci hədəfi, bu kainat məşhərindəki (sərgi yeri) söz, kəlam və kitablarla məşhər sahibini tanıtdırmaq, iman və ibadət yolunu açmaq, fərdi və ictimai həyatı nizama salmaq, dünya səadətinin axirətdə də varlıq və davamını təmin edərək insanı mütləq səadətə çatdırmaqdır.
Beləliklə, o bu uca hədəfi həyaata keçirmə yolunda hər şeydən bəhs edər. Nəzərdən keçirdiyi şeyləri vəsilə edərək o istiqamətdə istifadə edər və əhəmiyyətinə görə onlardan bəhs edər. İnsandan onun əhəmiyyəti qədər, ulduzlardan dərəcələrinə görə və elektrikdən də qaməti nisbətində...
Bu şəkildə deyil, yalnız iyirminci əsrin "tabu"su (toxunulması, və ya qarşı çıxılması qadağan və uğursuz sayılan) sayılan bəzi mədəniyyət xarüqələrindən bəhs etsə idi, bir çox şeylərin izah edilib tanıdılma haqqı pozular və bir qisim sabit həqiqətlər, gələcək kəşflər və xüsusilə, yer üzünün əşrəfi insan laqeydliyə məruz qalardı. Bu isə Quranın ruhuna və əsl məqsədinə tamamilə zidd bir keyfiyyətdir.
Bəşəriyyət üçün enən və bəşərin Yaradıcısı ilə münasibətini, onun əbədi səadətini hədəf olan Quran, hədəflədiyi mövzunun əzəməti, genişliyi və həyatiliyi nisbətində çoxyönlü və rəngarəngdir. Onun bütün bu yönlərinə ayna ola bilmək üçün saysız-hesabsız kitablar yazılmış, təfsirlər verilmişdir.
Ədəbiyyat dahiləri onun ovsunlayıcı ifadəsinə və bəlağət üstünlüyünə heyranlıq dastanları qoşarkən, nəzərlərini afaqi (xarici) və ənfüsi (daxili) aləmdə gəzdirən elm adamları onun aydınladıcı bəyanlarının müşayiətində, əşya və hadisələrin həqiqi simasını görmə və anlama bəxtiyarlığına qovuşmuşlar. Psixoloqlar, sosioloqlar Onun vasitəsilə ictimaiyyətə və insan ruhuna aid ən müəmmalı problemləri həllinə qovuşdurduqları kimi, pedaqoq və tərbiyəçilər də onu, bitib-tükənmək bilməyən, olduqca zəngin və dərin bir mənbə kimi qəbul etmiş, nəsillərin tərbiyəsində həmişə Ondan bəhrələnmişlər. (Bax: Tirmizi, Fezailül-Quran 14; Darimi, Fezailül-Quran 1)
Bu geniş və zəngin məzmunun özünə uyğun təqdimi məsələsini mütəxəssislərin rövnəqli və saf bəyanlarına həvalə edib, oxucunu bu istiqamətdə yazılmış kitablarla baş-başa buraxacağam. Yoxsa bir ildən çox bir zaman ərzində ancaq bəzi həqiqətləri izah edilən Quranı, bütün yönləri ilə sual-cavab sütununda ifadə etmənin mümkün olmayacağı ilə, hər halda, dəyərli oxucularımız razılaşarlar.
Ancaq Quranın bir yönü var ki, "Quranın mahiyyəti" dedikdə, daha çox gənclərimizin ağlına gələn də odur. O da Quranın elm və texnologiya, daha doğrusu, müsbət elmlərlə əlaqəli cəhətidir. Sualda nəzərdə tutulan xüsusun bu olması etibarilə, biz də daha çox o xüsus üzərində dayanacağıq.
Bu mövzuda indiyə qədər çoxsaylı əsərlər yazılmış və bunlarla yüzlərlə Quran həqiqətləri işıqlandırılmış, ancaq əksəriyyət etibarilə, dövrün elm və mədəniyyətinin təsiri altında yazılan bu əsərlər, ehtiva etdikləri təqlidçı şərhlər səbəbilə oxucu tərəfindən həmişə şübhə ilə qarşılanmışdır. Hələ isbat olunmamış nəzəriyyələri bir elmi həqiqət zənn edərək, Quranın həqiqətlərini onlara uydurmağa (uyğunlaşdırmağa) çalışanlar Quranın mahiyyətinə təhrif, dəyərinə zərərdən başqa heç nə verməmişlər. Halbuki, Quranın o məsələlərə dair bəyanı çox açıq və bir az səylə hər kəsin anlaya biləcəyi tərzdədir. Belə ki, onu gətirən Mələklə, dağdakı çoban lətaifin (lətif duyğularının) zövqü istisna olmaqla ondakı ilahi məqsədi anlamada çox da fərqlilik göstərməzlər.
Beləliklə, onu izah etməkdə obyektiv olmaq, ilahi bəyanın sağlamlığı və saflığına sadiq qalmaq və onunla hadisələrin arxasından qaçmaqdansa, onu bir ayna kimi hadisələrin qarşısına qoymaq əsas olmalıdır. Dil, əsbabi-nüzul (ayələrin enmə səbəbləri) və söz nüanslarını bilməklə təhlilə tabe tutulması, elmi istilahlara, elmi terminologiyaya yad olduğuna görə qəribsənsə belə, səhv olmayacaq. Buna görə də, səhabə, tabiun (əshabı görənlər) və İbn Cərir (r.a.) kimi ilk təfsirçilərin anlayışlarının, isbat olunmuş elmi həqiqətlərə çox uyğun olmasına baxmayaraq, daha fəlsəfi və daha dərin kimi görünən sonrakılarda, elmin ruhuna uyğun olmayan təqlidi şərhlərə rast gəlinir. Bu da bizə, yaşadığı dövrün təsirində qalmadan Quranı şərh edən təfsirçilərin onun ruhuna daha yaxın olduğunu göstərir.
İndi də ifadə etməyə çalışdığım şeylərə bir misal və soruşulan suala da cavab vermək məqsədilə, bir- iki nümunə təqdim etmək istəyirəm:
1. Əzəldən əbədə qədər hər şeyi görən və bilən Uca Yaradan, əvvəla ümumi mənada gələcəyin bir elm, mədəniyyət və bunun zəruri nəticəsi olaraq da bir iman dövrü olacağına diqqəti çəkir. "Biz onlara, afaqda (bu başdan o biri başa təbiətin qoynunda) və öz nəfslərində ayələrimizi göstərəcəyik ki, o Quranın gerçək olduğu onlara yaxşıca aydın olsun" (Fussilət surəsi, 41/53). İlk dövrlərdən günümüzə qədər, bütün təsəvvüf əhlinin "məvrid" (müraciət edilən qaynaq) qəbul edərək davamlı zikr etdikləri bu ayəni, xüsusilə, elm gözü ilə baxdığımız vaxt, öz-özlüyündə bir möcüzə olduğunu qəbul edərik.
Makroaləmdən mikroaləmə qədər, insanın araşdırma və düşünmə sahəsinə aid olan nə varsa, gələcəkdə işıqlanan mahiyyətləri ilə Quranı təsdiqləyəcək və Yaradanın varlığını və birliyini göstərəcək. İndi hər yerdə yayılmış bu mövzu ilə əlaqəli yüzlərlə kitaba baxınca, ilahi bəyanın sürətlə təsdiqlənməyə doğru getdiyini görür və elə indidən, gələcəkdə aydın ola biləcək, təbiətə aid minlərlə dilin onu təsbeh etdiyini eşidir kimi oluruq.
Bu gün belə, bir çox hadisələrin dili ilə "Yeddi göy, yer və bunların içində olanlar Onu təsbeh edirlər. Ona həmd edib təsbeh etməyən heç bir şey yoxdur. Amma siz onların təsbehlərini anlamazsınız." (İsra surəsi, 17/44). həqiqətindən anladığımız hikmətlər heç də kiçik miqyası əhatə etmir. Bəli, atomların aydınlaşdırılan dili, bizə bir çox şey ifadə etdiyi kimi, göy cisimlərinin gurultularından da bir xeyli şey öyrənmişik. Amma, hələ bu ümumi təsbeh sədalarını eşidəcək və anlayacaq kimsələrin sayı çox az olduğu kimi, onu dünyaya eşitdirəcək insanların sayı da azdır.
2. Quranın ana bətnində dölün təşəkkül və inkişaf mərhələlərini izah etməsi də olduqca maraqlıdır: "Ey insanlar, əgər öldükdən sonra dirilməkdən şübhə edirsinizsə, (bilin ki) Biz sizi, torpaqdan, sonra nütfədən (sperma), sonra laxtalanmış qandan sonra yaradılışı bəlli olan bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə bəyan edək..." (Həcc,22/5); başqa bir yerdə isə, dölün ana bətnində keçirdiyi inkişaf mərhələləri bir-bir diqqətə çatdırılır və onlara aydınlıq gətirilir: "And olsun ki, Biz insanı, tərtəmiz (süzülmüş) palçıqdan yaratdıq. Sonra onu bir nütfə (sperma) olaraq möhkəm bir yerdə yerləşdirdik. Sonra nütfəni laxtalanmış qana çevirdik. Ardından laxtalanmış qanı bir parça ət etdik. Sonra da bir parça ətdən sümük yaratdıq və sümüklərə ət (əzələ) geyindirdik. Sonra da onu başqa bir varlıq olaraq inşa etdik" ( Əl-Muminun,23/12-14).
Bir başqa ayədə isə yenə ana bətnindəki fərqli bir nöqtənin işıqlandırıldığını görürük: "Sizi analarınızın bətnində üç zülmət içində şəkildən-şəklə (sperma, laxtalanmış qan, ət parçası) salaraq yaradır.." (Zümər, 39/6). Məlum olduğu kimi rəhm, xaricindən içə doğru üç toxumadan meydana gəlir: parametrium, miometrium, endometrium. Bu toxumaları su, istilik və işıq keçirməyən pərdələr əhatə edir. Quran bu toxumalara zülmət deyir və insanın bu üç zülmət içində yaradıldığını ifadə edir.
İndi müasir anatomiyaya rəhbərlik edən bu ayələrdəki köklü ifadələrlə həkimlərimizi baş-başa buraxıb ayrı bir xüsusa keçək.
3. Quran, südün meydana gəlmə keyfiyyətini də süd kimi dupduru və aydın bir şəkildə izah edir: "Heyvanlarda da sizin üçün ibrətlər vardır. Biz sizə onların qarınlarından fərs (yarı həzm edilmiş qidalar) ilə qan arasından çıxan, içənlərin boğazından rahat keşən süd içiririk" (Ən-Nəhl, 16/66). Alınan qida maddələrinin, əvvəla yarı həzm olunması və sonra sovrulan maddələrin süd vəzlərində ikinci bir proses keçməsi və təmizlənməsini Quran kəlmə-kəlmə bəyan edir.
4. Bir başqa möcüzəvi bəyan da, hər canlının bir erkək, bir də dişi olmaq üzrə cüt-cüt yaradılması haqqında ayələrdə əksini tapır. "Nə ucadır O ki, torpağın bitirdiklərini, insanların özlərini və hələ bilmədikləri nə qədər şeylərin hamısını cüt yaratdı" (Yasin,36/36). Canlılardakı erkəklik və dişilik əvvəllər də məlum idi, amma otların, ağacların "Və hələ bilmədikləri nə qədər şeylər" ifadəsi ilə atomlara, buludlara qədər müsbət və mənfi olmaqla bu cüt yaradılışın hər şeyə şamil edilərək ümumiləşdirilməsi olduqca düşündürücü və heyrətamizdir. Quran daha başqa ayələrlə də hər şeyin cüt olması əsası üzərində təkidlə dayanır. İfadə edilən nümunənin kafi gələcəyi qənaəti ilə digər bir ayətə keçmək istəyirəm.
5. Quran, kainatın yaradılması mövzusunu da, yenə özünəxas üslubla ifadə edir: "İnkar edənlər görmədilərmi ki, göylərlə yer bitişik idi; Biz onları ayırdıq və hər canlını sudan yaratdıq" ( Əl-Ənbiya, 21/30).
Bu ifadə, bu izah tərzi o qədər aydındır ki, nə dünənki Kant və Laplasın, nə də müasir dövrün Asimovlarının fərziyyələri ilə əsla dəyərdən salınmamalıdır.
İstər xilqətin ilk maddəsi "əsir" olsun, istər bütün kainatları dolduracaq qədər böyük bir (səhabiyə) toz-duman "xaos" olsun və sonra istər həyata dayəlik edən su, dünyadan yüksələn qaz və buxarların, təkrar yağış şəklində geriyə gəlib dənizlər əmələ gətirərək, canlılara əlverişli bir yer və mənşə olsun, istər başqa şəkildə meydana gəlsin... kainatın bir bütünün parçaları və bir-birinə nümunə və misal, vahid həqiqətin yarpaqları olduğu bildirilir və Kaliforniya çinarlarından insanlara qədər, bədənin dörddə üçünü təşkil edən suyun, həyatiliyi və əhəmiyyəti nəzərə verir.
6. Bütün kainat içində ulduzumuz Günəşin ayrı bir əhəmiyyəti vardır. Quran onun ən mühüm bir tərəfini dörd sözlük bir cümlə içində belə ifadə edir: "Günəş də öz müstəqərri (yəni özünə təyin edilən xətdə və müəyyən bir zaman içindəki müəyyən istiqamət və hərəkətdə) içində axıb gedər" (Yasin,36/38).
Bu bəyan, Günəşin özünə ayrılmış orbitində hərəkət etdiyini izah etdiyi kimi, başqa bir ağırlıq mərkəzinə doğru irəliləməkdə olduğunu da ifadə edir. Eyni zamanda, vəzifəsini bitirdikdən sonra qərar tutub bir yerdə dayanacağına da diqqət çəkir.
7. Quran sözlərinin zənginliyindəndir ki, belə dörd söz ilə bir çox həqiqət ifadə edilir və bir çox qaranlıq məsələ vüzuha(aydınlığa) qovuşdurulur. Belə ovsunlayıcı və bəliğanə ifadələrindən biri də məkan genişlənməsi ilə bağlı olan bu ayədir:
"Göyü öz əllərimizlə (qüdrət və iradə) yaratdıq. Və Biz onu, davamlı genişləndiririk" (Əz-Zəriyət, 51/47). Yenə dörd söz, cahanşümul bir məsələyə diqqətimizi çəkir. Siz bu xüsusu, istər Habl əmsalı ilə izah edin, istər başqa bir yolla, göy cisimləri arasındakı məsafənin getdikcə artdığını bildirən ayə, sözləri ilə, tərkibi ilə dumdurudur və nə dediyi də açıq-aşkardır.
8. Bir başqa ayədə isə bu yaxınlaşma, uzaqlaşma və bir-biri içində dönmə qanununa diqqət çəkilir: "Allah Odur ki, göyləri (görə biləcəyiniz bir) dirək olmadan yüksəltdi..." (Rad,13/2). Bir nizam içində hərəkət edən sistemlər, ulduzlar və peyklər, bir qayda və dirək üzərində hərəkət edirlər, amma o dirək bizim görə biləcəyimiz bir dirək deyil. Bu dirək, cisimlər arasındakı itələmə qanunudur (mərkəzdənqaçma). "Həcc" surəsinin 65-ci ayəsi isə: "Görmədinmi ki, Allah yerdə olan hər şeyi və öz əmri ilə dənizlərdə üzən gəmiləri sizin xidmətinizə verdi? Yerin üstünə düşməsin deyə, göyü O tutur. Göy ancaq Onun icazəsi ilə düşə bilər", göy cisimlərinin Yer üzərinə düşmə vəziyyətində olduğunu, lakin Allahın icazə vermədiyini izah edir ki, bu da cisimlər arasındakı cazibə qanunudur.
Bu mövzu da istər Nyutonun "ümumdünya cazibə qanunu" baxımından, istərsə də müasir astronomiya elminin "hayyizi" ilə (cismin boşluqda tutduğu yer) nəzərdən keçirilsin, izah edilən məsələ fövqəladə açıq və aşkardır.
9. Qənaətimcə, dövrümüzün aktual məsələləri arasında mühüm yer tutan Aya səyahət mövzusu da bir işarə ilə öz əksini Quranda tapır. " Bədirlənmiş (on dörd gecəlik aya) Aya and olsun ki, siz mütləq təbəqədən-təbəqəyə minəcək (yüksələcəksiniz)" (Əl-İnşiqaq, 84/18-19). Daha əvvəllər təfsirçilər bu ayəni "Haldan hala, şəkildən şəklə düşərək dəyişikliklərə uğrayacaqsınız " tərzində mənalandırsalar da, biz, Aya and içildikdən sonra, sibaq (Bir şeyin əvvəli, üst tərəfi, başlanğıcı; əvvəlki mənaya uyğun ardıcıllığın saxlanılması) etibarilə yuxarıda göstərilən mənanın daha müvafiq olması qənaətindəyik.
10. Yer kürəsinin şəkil dəyişdirməsi ilə əlaqəli bəyan da fövqəladə əhəmiyyətə malikdir: "Bizim, yerin onu uclarından əskiltdiyimizi görmürlərmi? Qalib gələn onlardır, yoxsa Biz?" (Ənbiya surəsi, 21/44) Yerin uclarının əskilməsi, yağış, sel və küləklərlə dağların aşınmasından daha çox, qütb bölgələrinin basıq şəkil alması mənasına uyğun gəlir.
11. Bir misal da Ay və Günəşin bənzərliklərindən verək: "Biz gecə və gündüzü iki ayə (əlamət) etdik. Gecənin ayəsini (Ayı) sildik, gündüz ayəsini işıqlandırıcı etdik" (İsra, 17/12).
İbn Abbas: "Gecənin əlaməti Ay, gündüzün əlaməti isə Günəşdir", (Kurtubi, el-Camiu-li Ahkamil-Quran 10/228) -deyir. Beləliklə, "Gecənin ayəsini sildik" ifadəsi ilə bir zamanlar Ayın da Günəş kimi işıq verən bir peyk olmasına, istilik qabiliyətinə malik olduğuna, daha sonra Uca Yaradıcının onun işıq və istiliyini söndürməsinə işarə edir ki, bununla bir tərəfdən Ayın keçmişini dilə gətirir, bir yöndən də digər ulduzların qədər və aqibətlərinə işarə edir.
İşarə edilən bu bir neçə nümunə kimi, Quranda daha bir çox ayə var ki, həm insanı maraqlandıran, ona aid olan hər mövzunun, heç olmazsa icmal şəklində Quranda olduğunu, həm də bu məsələlərə dair, ilahi bəyanın hər kəsin anlayacağı şəkildə, lakin bəşər üçün ifadəsi qeyri-mümkün möcüzəvi olduğunu göstərir.
- tarixində yaradılmışdır.