Salavatın hikməti nədir?

Bizim salavat gətirməyimizlə Cənabi-Allah Peyğəmbərimizə rəhmətini və salamını endirirmi? Onsuz da Cənabi-Allah Ona rəhmətini lütf edir. Bizim salavat gətirməyimizin hikməti nədir?

Rəsuli-Əkrəm (s.ə.s.) böyük xeyirlərin, yümnlərin, bərəkətlərin təməlindəki bir nüvə kimidir. O, sizə doğru yolu göstərən, dümdüz cığırı açan, siratilmüstəqimin dəlili, yanılmaz, yanıltmaz bir rəhbər, bir Müqtədayi-Külldür.

Bu nurlu yolda insanları zülmətdən nura çıxarmağa vəsilə olan o Zata bu nurlu yolda gedən hər kəsin savabından bir hissə veriləcək. "Əs-Səbəbi kəl-fail" ("Bir işi səbəb olan onu edən kimidir" Baxın: Müslim, İmare 133; Tirmizî, İlim 14; Ebû Dâvûd, Edep 115.) kəlamına əsasən ümmətinin xeyir işlərinin bir misli Onun dəftərinə də yazılacaqdır.

Məqamı-Mahmudun sahibi olan Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) vəfat etməsi ilə əməl dəftəri bağlanmayacaq, yığın-yığın həsənat, saleh əməllər daim Onun dəftərinə qeyd olunacaq; məqamı böyüdükcə böyüyəcək, səlahiyyətin sərhədləri genişlədikcə genişlənəcək və inşaallah, gün keçdikcə ümmətindən daha geniş kütlələrə şəfaət etmə haqqını qazanacaqdır. Buna görə də, bu məsələyə iki müxtəlif yöndən yanaşmalıyıq:

Birincisi: Biz Rəsuli-Əkrəmə (sallallahu əleyhi və səlləm) salavat oxumaqla əhdü-peymanımızı təkrarlayır və Ona ümmət olma arzusu ilə müraciət edirik. Yəni "Səni andıq, Səni düşündük; Haqqın Sənin şanını ucaltması üçün dua edir və istəyirik," deyir və Ona sığınırıq. Dualarımızı "Məqami-Mahmud"un Sahibinin (sallallahu əleyhi və səlləm) dərəcəsinin yüksəlməsi üçün etdiyimizə görə, Onun (sallallahu əleyhi və səlləm) şəfaət dairəsi genişlənir (Buhârî, ezan 8; Ebû Dâvûd, salât 38.). Beləliklə, daha çox insan o şəfaət dairəsindən istifadə etmə fürsəti əldə edir.

İkincisi: Bir insanın Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) qədir-qiymətinin artması üçün edəcəyi dua həmin şəxsin Onun himayəsinə girməsinə vəsiləsidir. Beləliklə, o şəxsin şəfaət dairəsi, şəfaət fürsəti genişləmiş olur. Buna görə də, salavata Əfəndimizdən (sallallahu əleyhi və səlləm) çox biz möhtacıq. Ona müraciət etməyimizlə varlığını, böyüklüyünü qəbul etmiş və kiçikliyimizi, heçliyimizi elan etmiş oluruq. Dövlətini böyük bilib kömək üçün əl açan insan kimi, biz də acizliyimizlə dəhşətli və çox ağır bir günün əndişəsi ilə indidən sarsıntı keçirərək Rəsuli-Əkrəmə (sallallahu əleyhi və səlləm) sığınır, halımızı və ehtiyacımızı Ona ərz edirik.

Cənabi-Haqq Şəfaəti-Uzma (böyük şəfaət) sahibi Hz. Muhammədin (sallallahu əleyhi və səlləm) şəfaətini bizə nəsib etsin.

Bu işin gözəl, müjdəli xəbərini də deyim. Deyilir ki, hər peyğəmbərin öz ümmətinə verdiyi bir şey var. Əfəndimiz (sallallahu əleyhi və səlləm) buyurur ki: "Mən ümmətimə verəcəyimi axirətə saxladım. O da şəfaətimdir." (Buhârî, tefsir (17) 5; teyemmüm 1; Müslim, iman 326-327; mesacid 3.)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.