Qohum evliliklərinin zərərli olduğunu iddia edirlər. Bu məsələni izah edə bilərsinizmi?
Əvvəla, qohum evlilikləri ilə ortaya çıxması ehtimal olunan xəstəliklərə nəzər yetirək:
İrsi xəstəliklər: Ana atadan uşağa "irsi" olaraq keçən xəstəliklərə verilən addır. İrsi xəstəliklərə yaxın qohum olan ana-atanın uşaqlarında digər uşaqlara nisbətlə daha çox şahid olunur. Qohum evliliklərindən dünyaya gələn uşaqlarda ortaq babadan ötürülən və irsi xəstəliyin daşıyıcısı olan genlərdən iki dənə olma ehtimalı böyükdür.
Az-az rast gəlinən irsi xəstəliklərdən biri albinizmdir. Albinosların gözlərində və saçlarında boya maddəsi (piqment) olmur. Bu xəstəlik nəinki zahiri görünüşə təsir edir, eyni zamanda yarı korluğa da səbəb olur.
Varisliyi DNT-nin gen adlı cisimciklərində toplanan bir maddə həyata keçirir. Genlər orqanizmin inkişafını tənzimləyən məlumatları daşıyırlar.
Bəzi xəstəliklər irsidir və bu xəstəliklərə bir fermentin əskikliyi səbəb ola bilər. Bədənimizdə baş verən bütün "biokimyəvi" hadisələr fermentlərin nəzarəti altında həyata keçir. Bütün birləşmə və parçalanmalar müəyyən ardıcıllıqla baş verir. Yəni bir maddə birbaşa son məhsula çevrilmir. Əvvəlcə müxtəlif mürəkkəb proseslərdən keçir. Son məhsulun əldə olunması üçün bu proseslərin gedişatında hər bir öncəki məhsula yeni maddələr əlavə olunur ya da çıxarılır.
Əqli inkişafın zəifliyinə səbəb kimi göstərilən mongolizm, fenikletonuri kimi 28-ə yaxın irsi xəstəlik var. Bu xəstəliklərdə ferment çatışmazlığı müəyyən edilmişdir.
Oraq şəkilli anemiya, talessemiya kimi bəzi qan xəstəlikləri, həmçinin sistinuri və galaktosemi də irsi xəstəliklərdir.
İkincisi – İslam qohum evliliklərini təşviq etmir, müəyyən bir çərçivə xaricində evliliklərə cəvaz (icazə vermişdir) verir.
Üçüncüsü – İslamın qadağa çərçivəsinə daxil etdiyi qohumlar heç də az deyildir. Bununla yanaşı, əslində zərərli olan qohum evliliyi deyil, ana-atada gizli olub, evliliklə uşaqda biruzə verən xəstəliklərdir. Bir ailə, bir sülalə, bir oymaq və bir qəbilədə bu xəstəliklərdən biri varsa, eyni oymaq içində eyni xəstəliyi daşıyan iki nəfər izdivacla ailə qurunca xəstəlik ortaya çıxır. Yəni uşağa anasında və atasında gizli olan bu xəstəlik irsən keçmiş olur.
Əgər belə bir xəstəliyin daşıyıcısı olan ailə fərdləri (qadın kişi) qəbilə içində deyil xaricdən olsa, hətta evlənənlərin biri Çindən, biri də Maçindən gəlsə, xəstəlik özünü biruzə verməyəcəkmi? Əksinə, kimdən və haradan olur-olsun uşağın taleyi olaraq ortaya çıxan xəstəlik ana-ata qohumluğuna, yaxın-uzaqlığa baxmır. Buna görə də, əsas qəbahət iki xəstənin bir araya gəlməsi, uşaqda tam şəkildə biruzə verən bu cür xəstəlik daşıyıcılarının evlənməsidir.
Bu cür xəstələrin evlənməsi ilə dünyaya gələn uşaqlarda müəyyən qüsurlar meydana gəlirsə, həkimlər ailə qurmağa hazırlaşan fərdlərdə bunu araşdırmalı; əgər belə bir xəstəlik varsa, bu tip insanların evlənməsinə mane olmalıdır. Eyni qəbilə, eyni oymaq içində evliliklə ortaya çıxan xəstəliklərə qarşı həssas davranış dünyanın ta o bir ucundan evləndirəcəyimiz şəxslərə qarşı da göstərilməlidir. Çünki eyni xəstəlik onlarda da ola bilər, dolayısilə eyni xoşagəlməz nəticə onlar üçün də keçərlidir. Buna görə də, bu məsələdə müəyyən çərçivə xaricində qohum evliliklərinə qarşı çıxmaq haqsızlıqdır və elm adı ilə fərziyyə uyduranların işinə də çox yaramayacaqdır...
Təəssüf ki, bəzi dindar alimlər də bu məsələyə fərziyyəçilər kimi kortəbii yanaşaraq, tibbi hökmü olan mövzunu tamamilə qulaq ardına vurub: "Onsuz, Quran da bütün qohum evliliklərini qadağan edir" deyərək özləri də bilmədən Quranla ziddiyyət təşkil edirlər. Əvvəla, Qurani-Kərim: "Ya Peyğəmbər! Mehrlərini verdiyin zövcələrini, Allahın sənə qənimət olaraq verdiklərindən sahib olduğun cariyələri, səninlə birlikdə (Mədinəyə) hicrət etmiş əmin qızlarını, bibilərinin qızlarını, dayın qızlarını, xalalarının qızlarını və bir də Peyğəmbər onunla evlənmək istədiyi təqdirdə özünü (mehrsiz) Peyğəmbərə bağışlayan hər hansı bir mömin qadını – digər möminlərə deyil, yalnız Sənə məxsus olmaq üzrə - Sənin üçün halal etdik. Onların zövcələri və sahib olduqları cariyələr barəsində (“Nisa” surəsində) nə hökm etdiyimizi (onlara hansı qadınları halal buyurduğumuzu və bu məsələdə onları Peyğəmbərlə bir tutmamağımızın hikmətini), əlbəttə, bilirik. (Ya Rəsulum!) Sənə (evlənməkdə) bir çətinlik olmasın deyə (bu buyurduqlarımızı sənə halal etdik). Allah bağışlayandır, rəhm edəndir!" (“Əhzab” surəsi, 33/50) buyurur.
Praktikada da nə Peyğəmbərimiz (s.ə.s.), nə də səhabə əfəndilərimiz “muharrəmat” (haramlar) ayəsi ilə müəyyən olunmuşların xaricindəkilərlə evliliyə pis baxmamış və bu mübaha əməl etmişlər. Əfəndimiz (sallallahu əleyhi və səlləm) bibisinin qızı Zeynəb binti Cahşla, Həzrəti Əli (r.a.) əmi nəvəsi Həzrəti Fatimə ilə və s. insan qohumla evlənmişdi... Həm sağlam bir el-oba içində niyə qız alıb-qız verilməsin ki? Hətta o oymaq və o sülalənin sağlamlıq, ruh, xarakter və fiziki quruluşunun mühafizəsi naminə bu faydalı da ola bilər. Məsələn, Dağıstan xalqlarının, ümumiyyətlə, bu mövzuda həssaslığı sayəsində sağlam nəsil olaraq bu günə qədər varlığını qoruması söylənilir. Demək olar ki, onlar daha sağlam, daha gümrah, Allahın bir lütfü, ehsanı, təqdiri olaraq daha uzunömürlü ola bilmişlər.
Şanlı Osmanlı Dövlətində də bu mübah həyata keçirilirdi, ancaq əndişə olunan xəstəliklərin bir çoxu yox idi. Hətta şəxsən Ali-Osman Xanədanı bu mübaha riayət edirdi və bizim üçün kabusa çevrilən xəstəliklərdən heç biri də məlum deyildi. Əgər bir insan öz soyunun sağlamlığını, güclü, qüvvətli və gümrah olmasını arzulayırsa, əbəttə ki, ən sağlam ailədən qız axtarıb tapacaqdır. Öz nəsli ən sağlam nəsildirsə, niyə ondan almasın ki...?
Xülasə, fərdlərin izdivacı üçün bir maneə, əngəl təşkil edən xüsus uzaq və yaxın olmaqdan ziyadə qadın və kişinin evlənməsi ilə uşaqda meydana çıxması ehtimal olunan xəstəliklərdir. Və zənnimcə, üzərində durulmalı məsələ məhz budur. Yoxsa, insanlara faydalı olan şeylərin ən kiçiyinə belə biganə qalmayıb göstərən və bir damla içki kimi, zərərli şeylərin ən xırdası üzərində həssaslıqla dayanıb onları çəkindirən Qurani-Kərim çox, mühüm şeylərə əhəmiyyət verməmiş, çox əhəmiyyətsiz şeylərdən də çox danışmış olardı ki, bu da onun hər kəs tərəfindən qəbul edilən "müvazinət kitabı" olma mahiyyətinə zidd olardı.
Qurani-Kərim "Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qızları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan qızları (ögey qızlarınız) ilə evlənmək haram edildi. Cinsi əlaqədə olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!" (Nisa surəsi, 4/23) ayəsi ilə haram olanların çərçivəsini təyin etdikdən sonra yuxarıda təmas etdiyimiz “Əhzab” surəsinin 50-ci ayəsi ilə də belə buyuraraq: "Ya Peyğəmbər! Mehrlərini verdiyin zövcələrini, Allahın sənə qənimət olaraq verdiklərindən sahib olduğun cariyələri, səninlə birlikdə (Mədinəyə) hicrət etmiş əmin qızlarını, bibilərinin qızlarını, dayın qızlarını, xalalarının qızlarını və bir də Peyğəmbər onunla evlənmək istədiyi təqdirdə özünü (mehrsiz) Peyğəmbərə bağışlayan hər hansı bir mömin qadını – digər möminlərə deyil, yalnız sənə məxsus olmaq üzrə - sənin üçün halal etdik. Onların zövcələri və sahib olduqları cariyələr barəsində (“Nisa” surəsində) nə hökm etdiyimizi (onlara hansı qadınları halal buyurduğumuzu və bu məsələdə onları Peyğəmbərlə bir tutmamağımızın hikmətini), əlbəttə, bilirik. (Ya Rəsulum!) Sənə (evlənməkdə) bir çətinlik olmasın deyə (bu buyurduqlarımızı sənə halal etdik). Allah bağışlayandır, rəhm edəndir.” (Əhzab surəsi, 33/50) nəyin qadağan olub, nəyin olmadığını açıq-aydın göstərir.
Bununla bərabər, evliliyi sağlamlıq prinsiplərinə riayət etməklə mübah saymaq başqa, evliliyə məcbur etmək başqadır. Müəyyən bir çərçivənin xaricində qalanların evlənmələri üçün yollar açıqdır və heç bir mane’ yoxdur. Amma evlənəsi şəxslərin sağlamlıq baxımından uyğun olub-olmadığına baxılmalıdır; əgər bir nöqsan varsa, belə bir evliliyə mane olmaqda heç bir qəbahət yoxdur. Hətta, mane olmaq, faydalı və insani bir davranışdır.
Hər şeyin ən gözəlini Allah bilir.
- tarixində yaradılmışdır.