Təvəssülü izah edə bilərsinizmi? Şəriət baxımından caiz olan və caiz olmayan cəhətlərinə aydınlıq gətirə bilərsinizmi?
Təvəssül ərəb sözüdür. Kimi isə, nəyi isə vəsilə və vasitəçi etmək deməkdir. Məsələn, dama çıxmaq üçün nərdivan, bir yerə çatmaq üçün müxtəlif vasitələr bir vəsilədir; bizim də bir məqsədə nail ola bilmək üçün vasitələrdən istifadə etməyimiz təvəssüldür. Təbii ki, burada söhbət mənəvi təvəssüldən gedir.
Nəbilərin, övliyaların, dərəcəsinə görə alimlər və saleh qulların təvəssül edilib-edilməməsi daim alimlər arasında mübahisə mövzusu olmuşdur. Bu mübahisə İbn Teymiyə məktəbi ilə fərqli yönlərə şaxələnmiş və bu günə qədər gəlib çıxmışdır. Təvəssülü şəfaət mənasında mütaliə edənlər də olmuşdur. Yəni alimlər arasında şəfaət və təvəssülü eyni mövzu daxilində təhlil edənlər də var.
Təvəssül həm var, həm də yoxdur. Əvvəla biz olmayan yönünü izah edək, daha sonra da var olan cəhətini nəzərdən keçirək.
İslamda qul ilə Allah arasında heç bir vasitə yoxdur. Qul istədiyi zaman və istədiyi məkanda Allaha yönələ bilər və Onunla bilavasitə və qulluq dilini istifadə edərək danışs bilər.
"İstədiyi zaman" dedim, çünki nafilə ibadətlər üçün mütləq bir vaxt yoxdur. İnsan Rəbbinə hər an dua və minacatla və bunu ən gözəl şəkildə simvolizə edən namaz kimi ibadətlərlə yerinə yetirə bilər. Vaxtın kərahət vaxtı olub-olmaması da mövzumuz xaricindədir. Burada söhbət mütləq qulluqdan gedir...
"İstədiyi məkan" dedim. Çünki Allah Rəsulu: "Yer üzü mənə məscid və tahur (təmiz) qılındı" (Buhârî, Teyemmüm 1; salât 56; Müslim, Mesâcid 3, 4, 5; Ebû Dâvûd, Salât 24; Tirmizî, Mevâkît 119; Siyer 5; Nesâî, Qusl 26; İbn Mâce, Tahâret 60) buyurur.
Qul nafilə ibadətlərlə Rəbbinə addım-addım yaxınlaşır. Bu yaxınlaşma onu elə bir dərəcəyə yüksəldir ki, o məqamda Rəbbi onun görən gözü, eşidən qulağı, tutan əli… və s. Olur. (Buharî, Rikâk 38). Hər qulun Cənabi-Haqqla bu mənada münasibət qurması mümkündür və arada heç bir vasitəyə də ehtiyac yoxdur. Çünki Allah (c.c.) hər insana şah damarından daha yaxındır (“Qaf” surəsi, 50/16). Və hər qulun duasını eşidib onun duasına cavab verər (“Bəqərə” surəsi, 2/186).
Necə ki, Cənabi-Haqq Zatında, Fəaliyyətində və Rububiyyətində təkdir; eləcə də insan Onun birliyi müqabilində, bir qibləgaha yönəlməlidir .
Onsuz da, hər namazımızda “Fatihə” surəsini oxuyarkən bunu deyirik? "Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!" (“Fatihə” surəsi, 5). Bunun mənası aradakı bütün vasitələri götürüb Rəbbə müxatəb olmaq deyilmi?..
“Kafirun” surəsində bəyan edilən həqiqətlər də arada heç bir vəsilə və vasitə olmadan birbaşa Cənabi-Haqqa qulluğu göstərir və tövhidin bu mərtəbəsinə işarə edir.
Əfəndimiz (s.ə.s.) də tövhid üçün etdiyi bir duada belə buyurur: "Allahım, Sənin vermək istəmədiyini heç kəs verə bilməz. Bəli, Sən “Verilməsin!” dedikdən sonra heç kəs verə bilməz “Verilsin!” buyursan da heç kəs verməyə mane ola bilməz. Sənin hökmünü heç kəs rədd edə bilməz. Əgər bir hökm vermisənsə, mütləq o hökm yerinə yetər və rədd edilə bilməz. Heç bir soylu, böyük və ya şərəfli insan Sənin verdiyin hökmə müxalif ola bilməz" (Taberani, əl-Mucemul-kebir, 22/133).
Məal şəklində, heç bir təfsir və təhlilə girmədən verdiyimiz Allah Rəsulunun bu dua və yalvarışı da göstərir ki, Allah diləmədikdən sonra, heç kəsin heç kəsə faydası, hətta insanın özünə belə faydası ola bilməz. Bundan da anlayırıq ki, Allah Rəsulu bizə vəsilə və vasitələrdən uzaqlaşaraq səmimi və saf qulluğa varmanın yollarını göstərir.
Bir gün Allah Rəsulu (s.ə.s.) Abdullah b. Abbasa ölümsüz bir nəsihət verdi (məalı): "Ey oğul! Harada olursan ol, Allahdan qorx. Allaha qulluq et, etdiyin hər şey qarşına çıxar. Bir şey istəyəndə yalnız Allahdan istə. Və kömək diləyəndə də yalnız Ondan dilə" (Tirmizi, kıyame 59; Əhməd b. Hənbəl, əl-Müsned, 1/293, 303, 307).
Məalən nəql etməyə çalışdığımız bu və buna bənzər ayə və hədislərdən də belə bir nəticə çıxır ki, qul heç kəsin vasitəçiliyinə ehtiyac olmadan əllərini qaldırıb dua üçün yalvaranda və ilahi ab-havaya girəndə birbaşa Rəbbin rəhməti ilə bütünləşmə, arzularını Onun hüzurunda ərz etmə və Onunla abid və Məbud münasibəti içində əlaqə qurma imkanına malikdir. Bəli, bu mənada İslamda təvəssül və vəsilə yoxdur.
Ancaq bütün bunlar bu mövzu ilə əlaqəli “zahiri, görünən” məsələlərdir və həqiqətin sadəcə zahiri yönünü əks etdirir. Bir də bu məsələnin pərdə arxası var ki, mərhum İbn Teymiyə və tələbələri, həmçinin dövrümüzdəki bəzi şəxslər məsələnin bu yönünü heç cür qəbul etmək istəmir. Bəli, nədənsə İbn Teymiyə tərəfdarları buraya qədər söylədiklərimizdən möhkəm yapışır, irəlidə söyləyəcəklərimizi qəbul etməzlər:
Xahiş edərək soruşuram: Quranın vəsilə olmasını inkar etmək mümkündürmü? Quran olmasa idi, biz əbədi həyat ümidini hansı mənbədən alacaqdıq?
Dünya həyatımızı necə tənzimləyəcək və Cənnət xəritəsini necə görəcəkdik? Fəzilətə arzulu könlümüzü nə ilə təmin edəcək və bu fəziləti necə tapacaqdıq?
Rica edirəm, meraca çıxanda da: "Ümməti, ümməti!" deyə geri dönən Əleyhissalatu vəssalamın vəsiləliyini danmaq olarmı? Quranda haqqında: "Biz səni aləmlərə rəhmət olaraq göndərdik" (“Ənbiya” surəsi, 21/107) deyilən və kafirlərin küfrünü belə şəkk-şübhəyə salmada bir rəhmət yönünə malik olan bu uca və böyük Şəxsin vəsiləliyi necə inkar edilə bilər?
O öyrətməsə idi, biz dinimizi kimdən öyrənəcəkdik? Ən gözəl əxlaqı biz Ondan öyrəndik. Bəşəriyyətin gözündəki pərdəni O qaldırdı və bizi aydın üfüqlərə O apardı. Bunu vicdanən, dərindən duyan səhabə: "Minnət Allaha və Rəsulunadır" deyirdi... (Beyhaki, es-Sünenü'l-kübra, 5/91; İbn Kesr, el-Bidaye ven-nihaye, 4/357). Deyirdi və Ona aid olan hər şeyi müqəddəs və qurtuluşun vəsiləsi sayırdı. Saçından, saqqalından düşən hər mübarək teli Cənnətdən gəlmiş kimi qəbul edir, ipəklər, kristallar içində evin ən əziz yerində mühafizə etməyə çalışırdılar. O, dəstəmaz alarkən, axan hər su damlasını qapıb üz-gözünə sürtür və dəydiyi yerə odun-alovun toxunmayacağına inanırdılar.. və Allah Rəsulu onların bu davranışına qarşı çıxmırdı (İbn Hibban, es-Sehih, 11/221; İbn Ebi Şeybe, el-Musannef, 7/388). Bəzilərinin dediyi kimi, əgər onların bu davranışı şirk olsa idi, əvvəla şirki yer üzündən silmək üçün gələn Allah Rəsulu bunu qadağan edərdi.
Burada bir xüsusu təkrar qeyd etmək istəyirəm. Böyük səhabə Xalid (r.a.) sarığında Allah Rəsulunun mübarək saqqalından bir tel gəzdirirdi. Bir gün sarıq başından düşüb düşmən cəbhəsində gözdən itincə, Xalid təşviş içində bir ora, bir bura qaçır və əsgərlərin xəbərdarlığına qulaq asmadan sarığını axtarıb tapır.. və ona özünü təhlükəyə atmasının səbəbini soruşanlara belə cavab verir: "Onun içində Allah Rəsuluna məxsus mübarək bir tel vardı". Bu sözlərinin müəllifi dünyanın ən nəhəng sərkərdələrinin əmrinə müntəzir dayandığı insan idi.
Afrikanı fəth edən böyük insan Amr b. As (r.a.) mahir siyasətçi və yüksək idarəetmə qabiliyyətinə malik şəxs idi. Vəfat edərkən dilinin altına Allah Rəsulundan xatirə qalmış mübarək bir tel qoyur və bununla sorğu-suala asan cavab verəcəyinə inanırdı. Təkrar rica edirəm; əgər səhabə də tövhidi anlaya bilmədisə, yer üzündə tövhidi anlayan kim qaldı? Əgər buna bənzər təvəssüllər şirkdirsə, bundan ən birinci qaçınan Allah Rəsulunun göydəki ulduzlara bənzətdiyi və "Hansına tabe olsanız, hidayəti taparsınız" (Aclını, Keşfü'l-hafa, 1/132) deyə zirvələrə qaldırdığı bumümtaz və müstəsna insanlar olmazdımı? Halbuki, görürsünüz ki, onlar bu mənadakı təvəssülə qətiyyən qarşı çıxmırlar...
Hz. Ömər dövründə bir quraqlıq baş vermişdi. Hz. Ömər bu müsibətin öz ucbatından ümmətin başına gəldiyinə inanırdı. Qəddi bükülmüşdü və heç üzü gülmürdü. Bir gün yenə düşüncəli evinə sarı gedirdi, lakin birdən dayandı. Geriyə döndü və cəld addımlarla bir başqa istiqamətə doğru getdi. Gəldiyi ev Hz. Abbasın evi idi. Qapını Hz. Abbas açdı və ona söz deməyə belə fürsət vermədən əlindən tutdu və bir təpəyə doğru apardı. Orada Hz. Abbasın əlini havaya qaldıraraq belə dua etdi:
"Allahım, biz həyatda ikən Rəsulunun əziz varlığını şəfaətçi edər və istədiyimizi Onun adı ilə istəyirdik. Lakin artıq O, aramızda deyil. Ancaq bu gün Sənin hüzuruna Həbibinin əmisi ilə gəldim. Bu əlin hörmətinə bizə yağış ver!"
Səhabələr deyir ki, onların əlləri hələ enməmişdi ki, göydən leysan kimi yağış yağmağa başladı (Buxari, İstiska 3; fedailü'l-ashab 11).
Və yenə Hz. Ömər dövründə quraqlıq və qıtlıq baş vermişdi, müsəlmanlar quraqlıqdan əziyyət çəkirdi. Bir səhabə Allah Rəsulunun nurlu qəbrinə üz tutdu və: "Ya Rəsulallah, Allah xatirinə ümmətin üçün Allaha müraciət et, yağış versin" - deyərək dua etdi. Sonra da evinə qayıdıb yuxuya getdi. Yuxusunda ona: "Get Ömərə de, Allah yağış verəcək" - deyildi və arxasınca da yağış yağdı...
Başqa bir hadisə: Gözləri kor olan bir şəxs Allah Rəsulunun yanına gələrək, gözlərinin açılması üçün dua istədi. Allah Rəsulu da ona buyurdu ki, iki rükət namaz qılsın və arxasınca da Allah Rəsulunu vəsilə edərək gözlərinin açılması üçün dua etsin. Bu şəxs deyilənlərə əməl etdi və gözləri açıldı (İbn Macə, ikame 189; Tirmizi, daavat 118). Bu günə qədər ümmət bir xəstəlikdən şəfa tapmaq istəyəndə iki rükət namaz qılıb bu duanı oxumuş və Cənabi-Haqqın köməyi ilə də həmişə şəfa tapmışdır...
Mövzunu belə xülasə edə bilərik: Təvəssül edilən şəxslər əsas məqsəd yerinə qoyulmasa və onların yalnız vəsilə və vasitədən başqa heç bir salahiyət daşımadığı unudulmasa və bunda İlahi iradənin əsas olması nəzərdən qaçmazsa, təvəssül vardır və olmuşdur da. Bunun nümunələrini yuxarıda verdik. Bunun şirklə uzaqdan-yaxından heç bir əlaqəsi yoxdur. Lakin hər məsum düşüncənin sui-istifadəsi mümkün olduğu kimi, bundan da sui-istifadə edənlər ola bilər. Ancaq onların bu pis niyyəti həqiqi mənadakı təvəssülə əsla zərər verə bilməz. Bizim təvəssül anlayışımız budur. Beləcə təvəssül etdiyimiz şəxsləri duamıza qatır və bir çox ağızdan edilən duanın daha məqbul olduğuna inanırıq. Belə bir təvəssüldən də bərəkət umuruq.
- tarixində yaradılmışdır.