Bəşəriyyətin taleyi ilə oynayan hegemon dövlətlər

Sual: Dövrümüzdə bəşəriyyətin taleyi ilə oynayan hegemon dövlətlər olduqca güclü və qərarlı görünürlər. Bu isə bizim kimi üçüncü dünya dövlətlərinin daima əzilməsi deməkdir. Bunu sizin nikbin və ümidverici dünyagörüşünüz ilə necə başa düşək?

İndiyə qədər bu sual bir neçə yerdə verildiyinə görə, ona toplumun sualı nəzəri ilə baxa və bu prizmadan yanaşa bilərik. Ancaq cavaba keçmədən əvvəl sualdakı bir neçə məqama aydınlıq gətirmək lazımdır:

Əvvəla, hegemon dövlətlərin nə qərarlı, nə də tam güclü olduqlarını qəbul etmək doğru deyildir. Həmçinin qərarlı (iddialı) görünən bu hegemon güclər qarşısında bizi daima yenilmiş, daima məğlub görmək də düzgün deyil, oki qaldı müvəqqəti onları güclü və qərarlı qəbul etsək belə inamın, əzmin, ümidin əridib yerlə-yeksan edə bilməyəcəyi heç nə yoxdur. Beləliklə də, inanan insanların bədbinliyə, pessimizmə qapılmalarına heç bir səbəb yoxdur. Pessimizm inancda tənəzzül yaşayanların ruhi-mənəvi halı və ayrılmaz vəsfidir.

Bununla yanaşı, biz yenə də ümidli (nikbin) olmağımızı əsas verən xüsusların bir neçəsinə təmas etmənin faydalı olacağı qənaətindəyik:

1. Hər şeydən əvvəl, hegemon dövlətlərin güclü və istiqrarlı görünməsi haqqı layiqincə təmsil edə biləcək bir alternativ dövlətin olmamasından qaynaqlanır. Haqq özünəxas mahiyyətdə təmsil edildiyi gün, “Güc haqdadır” düsturuna görə, onu təmsil edən dövlətin sıçrayıb öz yerini tutmasına heç bir qüvvə mane ola bilməyəcək.

2. Güclü və hakim olmaq üçün kainatdakı uca hikmətlərin sezilməsi; elmdəki tıxacların həll edilməsi; cəmiyyət üzvlərinin daxili və xarici yöndən təminatı və yüksək hədəflərə yalnız yüksək vəsilələrlə çatmağa inam kimi, həqiqətlərin bilinməsinə, dərkinə və yaşanılmasına ehtiyac vardır ki, “Bizim dünyamız niyə geridə, digər dünyalar niyə irəlidədir?” sualı cavablandırılarkən buna da qismən təmas edilmiş və cavab verilmişdi.. Buna görə qısa kəsirik.

3. İndiyə qədər Dünyada bizim hal-hazırkı vəziyyətimizə düşmüş, sonra da yenidən dirçəlmiş o qədər millət var ki, dağ silsilələrinə bənzəyən bu eniş və çıxışlara baxanda insan nə dərələrin, nə də yüksək zirvələrin əbədi olmayacağı qənaətinə gəlir.

Beləliklə, ən alçaq yerlərlə, ən yüksək zirvələr arasındakı bu yer dəyişmələr bu gün də öz axarını qoruyur və yer üzündə buna mane ola biləcək heç bir güc mövcud deyildir. Bəli, nə Sezar və Napoleonun əbədi diktatorluq düşüncələri, nə də Yavuz Səlim və Qanuni kimi tayı-bərabəri olmayan cahangirlərin “dövləti əbəd-müddət” fikirləri zamanın dəyişdiriciliyi və əridiciliyi qarşısında tab gətirə bilməmişdir. Zaman bu möhtəşəm tacdarları da, onların düşüncələrini də o hər şeyi aşındıran dəyirmanında əzmiş, üyütmüş və yox etmişdir.

Sultan Süleymana qalmayan dünya;
Bu dağlar yerindən ayrılar bir gün.

Şirin əsərləri və canlı xatirələri ilə əbədiyyət ətri saçanlar “əbəd-müddət” məsud və bəxtiyar olsunlar!..

4. Dünyadakı ümumi mənzərə ictimai coğrafiyada dəyişikliyin qaçılmaz olduğunu göstərir. Bəli, bu gün dünya min bir böhranın hökm sürdüyü; min bir məsələnin həll gözlədiyi; doymaq bilməyən ehtirasların bəşəriyyətin taleyi ilə oynadığı və üç-beş beyinsiz dəvə çobanının bir gecə basqını ilə sıçrayıb başa keçdiyi qəribəliklərlə daha anlaşılmaz hala düşmüşdür. Məsələn:

İyirminci əsrdə təkrar dünya hökmranlığı fikirinin oyanması və bu məqsədlə aparılan işğallar; idari inhisarlar və xortlayan ehtiraslar, tamahlar get-gedə şiddətlənir və dözülməz olur. Bu isə, “üçüncü dünya” dediyimiz dövlətlərin gözünün açılmasına və özünə gəlməsinə kömək etmişdir. Əslində bu hal istismarçı güclərin hər gün daha da artan təşvişlərindən və aqressivliyindən də sezilir. Bu əzilən dünyanın bu qədər istismar və bu qədər təcavüz gördükdən sonra hərəkətə gəlməməsi qeyri-mümkündür...

Dünyanın bəzi yerlərində əsrlərdən bəri əzilən və alçaldılan bir qisim irqlər ciddi mənada dirçəlməyə və dünya ilə hesablaşmağa qərarlıdırlar. Bunların qabaqcıllar və ya dəstəkçilər olaraq səhnəyə çıxması və bəşəri düşüncəyə yenilik əlavə etməsi, hətta yeni bir həyat fəlsəfəsi, yeni bir baxış tərzi gətirməsi qəti görünür. Buna görə də, ictimai coğrafiyanın bu yöndən də həqiqi mənada sirkələnməsi və dəyişikliyə uğraması qaçılmaz və açıq-aydındır.

Dünyanın müəyyən bölgələrində dəhşətli lüks və israfın hökm sürməsinin müqabilində, başqa bir bölgədə “təqəllüblər, əsarətlər; təhəkkümlər, məzəllətlər” hər gün daha da şiddətlənir, ictimai tərəzidəki bu balanssızlıq hər iki cəmiyyəti sürətlə qarşı-qarşıya gətirir. Belə bir çatışmada rəqiblərdən biri məzara gedərkən, digəri də heç şübhəsiz komaya düşəcək.

Bəşəriyyət miqyasındakı bu ümumi sarsıntıda “üçüncü dünya” dediyimiz bu məzlumlar ölkəsi məsələni yaxşı dəyərləndirə bilsə, bu ümumi arenadakı çarpışmadan zərərsiz, siyansız çıxa bilər!.

Bəli, bu gün hər ölkənin onu dərin-dərin düşündürən daxili sıxıntı və çətinlikləri, üst-üstə yığılmış problemləri və buna əlavə olaraq, bəzən baş verən aclıqlar, səfalətlər və əhali artımı kimi faktorlar bu Dünyanın hal-hazırda olduğu kimi davam edəcəyinə təminat vermir. Oki qaldı Dünya hələ indidən gərildikcə gərilir və zəif nöqtələrdə bir çox çiban başı meydana gəlir. Keçmişdə dövlətlərin həll edə biləcəyi çox az məsələ olardı. Bununla yanaşı, yenə də ümumi sülhü təmin etmək mümkün olmurdu. Halbuki indi əsrlərdən bəri yığılmış, həllini gözləyən bir çox məsələ var və bu məsələlərdən hər biri ayrılıqda insanlığı münaqişəyə sürükləyəcək qədər böyük və dərindir. Hadisələrə nəzər yetirəndə bunu hər kəs açıq-aydın görəcək:

Bir yanda heç dəyişməyən; dəyişmək bir yana, hər gün bir az daha qarmaqarışıq hala gələn İslam dünyası, daxili və xarici düşmənlərinə qarşı ciddi mənada metafizik gərilim içindədir (daxili coşqunluq, eşq, həyəcan və şövq potensialı). Bu dünya gec-tez xəritədə göründüyü kimi, onu yamaqlı bir boxçaya bənzədən düşmənlərin qarşısına çıxıb onlarla hesablaşacaq. Təbii ki, onu min bir paradoksla boğanlarla da..

Bəli, bu dünyada qırmızının üzünə gülənlər; mavini alqışlyanlar; sarıya dastan qoşanlar da var. Ancaq nə olur-olsun, artıq hegemon güclər bu dövlətləri öz mənafeyi üçün toplaya və istismar edə bilməyəcəklər. Üstəlik bu günə qədər ona qan qusduranlar özləri də dəlik-dəlik olublarsa.. Bunlardan Qərb, ağalığına baxmayaraq, öz yetişdirdiyi bu qulyabanilərin dəhşətverici xəyalları ilə iliklərinə qədər qorxu içindədir. Asiyadakı qırmızı imperiya isə daxilən sarsılmış, hər an partlamağa hazır, aldadılaraq qəflət yuxusuna salınmış dövlətciklərin (!) oyanma qorxusu ilə tir-tir titrəyir. Amma qorxunun əcələ faydası yoxdur. Gözlənilən şey baş verəcək və bunun önünü heç kəs ala bilməyəcək. Kim bilir, bəlkə də, bir əsrdən bəri zaman və hadisələr məktəbində dərs görən soydaşlarımız və inanc yoldaşlarımız yola çıxmağa hazırdırlar artıq...

Beləliklə, dünya çox yaxın gələcəkdə, həm də nəslimizin böyük hissəsinin görə biləcəyi lap yaxın gələcəkdə ölüm yarışına girmiş hegemon güclərin birinin yox olub getməsinə, digərinin də təsirsiz hala gəlməsinə mütləq şahid olacaq.

Ancaq belə bir şeyi arzulamaq – üstəlik amalı sevgi və mürüvvət olanların arzulaması- qətiyyən doğru deyil və bunun heç bir izahı da ola bilməz. Lakin insanlar bu yolda olunca Uca Yaradan da səbəblərə vəsilə olan şeyləri yaradacaq. Onların feili istəklərinə görə yaradacağı üçün də heç kəsin etiraza haqqı olmayacaq. Üstəlik Ona qarşı heç vaxt!..

Bu zaman çiynində yığın-yığın cürümlər daşıyanlar cəzasını çəkərkən, tələf olan bir qisim günahsızlar da qazandıqları mənəvi dərəcə və saysız-hesabsız mükafatlarla məmnun olacaqlar.

Kim bilir, bəlkə də əsrlərdən bəri bəşəriyyətə hücum çəkmiş bu fironların yerlə-yeksan olub getməsi üçün də buna ehtiyac var.

Bəli, iki dünya müharibəsi bir çox yeni fikir, yeni heyət və yeni liderlərlə gəldiyi kimi, bəşəriyyət miqyasında baş verən bu son sarsıntıda da bir qisim bakir, təzə düşüncə, daha doğrusu, daima bakir qalan düşüncə yeni və gözoxşayan heyəti ilə gələcək. Könül istər ki, dünyamızın bəsirətli idarəçiləri bu qanlı arenadan məharətlə çıxmağı bacarsınlar və ya bu qarşıdurmaya zərərə düşəcək şəkildə qarışmasınlar.

Onun hikmətini seyr etmək, nə şirin bir tamaşa, Onun qüdrətinə etimad etmək nə böyük bir qüvvət mənbəyidir!

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.