Doğruluq baxımından qeyb məsələsi
Qurani-Kərimdə "Qeyb" sözü müxtəlif ayələrdə fərqli şəkillərdə əksini tapır:
وَعِنْدَهُ مَفَاتِحُ الْغَيْبِ لاَ يَعْلَمُهَا إِلاَّ هُوَ وَيَعْلَمُ مَا فِي الْبَرِّ وَالْبَحْرِ وَمَا تَسْقُطُ مِنْ وَرَقَةٍ إِلاَّ يَعْلَمُهَا وَلاَ حَبَّةٍ فِي ظُلُمَاتِ اْلأَرْضِ وَلاَ رَطْبٍ وَلاَ يَابِسٍ إِلاَّ فِي كِتَابٍ مُبِينٍ
"Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O (Allah) bilir. (Allah) suda və quruda nə varsa, bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın!" (Ənam surəsi, 6/5)
Bu ayə qeybin ancaq Allahın (c.c.) dərgahında olduğunu dilə gətirir və Ondan qeyrisinin – Həzrət Məhəmməd (s.a.s.) də daxil olmaqla – qeybi bilməsinin qeyri-mümkünlüyünü bəyan edir.
Və Allah-Təala (c.c.) başqa bir ayədə Rəsulunun dilindən buyurur:
قُلْ لاَ أَقُولُ لَكُمْ عِنْدِي خَزَآئِنُ اللّٰهِ وَلاَ أَعْلَمُ الْغَيْبَ وَلاَ أَقُولُ لَكُمْ إِنِّي مَلَكٌ إِنْ أَتَّبِعُ إِلاَّ مَا يُوحَى إِلَيَّ قُلْ هَلْ يَسْتَوِي الْأَعْمَى وَالْبَصِيرُ أَفَلاَ تَتَفَكَّرُونَ
"De ki: "Mən sizə Allahın xəzinələri yanımdadır", – demirəm. Qeybi də bilmirəm. Sizə: "Mən bir mələyəm", – də demirəm. Mən yalnız mənə vəhy olunan Qurana tabe oluram. De ki, heç korla görən bir olarmı? Məgər düşünmürsünüz?" (Ənam surəsi, 6/50)
قُلْ لاَ أَمْلِكُ لِنَفْسِي نَفْعاً وَلاَ ضَرّاً إِلاَّ مَا شَاءَ اللّٰهُ وَلَوْ كُنْتُ أَعْلَمُ الْغَيْبَ لاَسْتَكْثَرْتُ مِنَ الْخَيْرِ وَمَا مَسَّنِيَ السُّوءُ إِنْ أَنَا إِلاَّ نَذِيرٌ وَبَشِيرٌ لِقَوْمٍ يُؤْمِنُونَ
"De: "Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim (savab qazanmaq üçün dünyada daha çox yaxşı işlər görərdim) və mənə pislik də toxunmazdı. Mən iman gətirən bir tayfanı (pis əməlləri müqabilində Allahın əzabı ilə) ancaq qorxudan və (yaxşı əməlləri müqabilində isə Cənnətlə) müjdələyənəm!" (Əraf surəsi, 7/188)
Cin surəsində isə belə buyurulur:
عَالِمُ الْغَيْبِ فَلَا يُظْهِرُ عَلَى غَيْبِهِ أَحَداً * إِلَّا مَنِ ارْتَضَى مِنْ رَسُولٍ فَإِنَّهُ يَسْلُكُ مِنْ بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِ رَصَداً * لِيَعْلَمَ أَنْ قَدْ أَبْلَغُوا رِسَالَاتِ رَبِّهِمْ وَأَحَاطَ بِمَا لَدَيْهِمْ وَأَحْصَى كُلَّ شَيْءٍ عَدَداً
"Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz. Bəyənib seçdiyi peyğəmbərdən başqa! Allah onların önündə və arxasında (mələklərdən ibarət) gözətçilər qoyar ki, (Peyğəmbərlərinin) öz Rəbbinin göndərdiklərini (nə cür) təbliğ etdiyini bilsin. (Allah) onlarda olanların hamısını (peyğəmbərlərin əhvalatını və bütün əməllərini Öz elmi ilə) ehtiva etmişdir. O, hər şeyi bir-bir sayıb yazmışdır!" (Cin surəsi, 72/26-28)
İndi bu ayələrin işığı altında belə bir təhlil apara bilərik: "Allah Rəsulu mütləq olaraq qeybi bilirdi" demək bir ifratdır, "Bilmirdi" demək də təfritdir. O, özü istəyi ilə qeybi bilmirdi. Ancaq Allahın bildirməsi ilə bilirdi və bilmişdi ki, elə bil dünyanın qədər səhifələrinin qarşısında dayanıb qiyamətə qədər baş verən bütün hadisələrin əsas cizgilərini insanlığın gözü önünə sərmişdi.
Bizim həssaslıqla vurğulamaq istədiyimiz məsələ də elə budur. O, özündən bir şey söyləmirdi, nə söyləyirdisə, vəhy və Haqq-Təalanın bildirdiyi məsələlər idi. Allah (c.c.) bildirəndən sonra təkcə peyğəmbərlər və Həzrət Məhəmməd Mustafa deyil, kamil Müsəlmanlar da kəramət şəklində qeybdən agah ola bilirlər. Belə ki, Allah Rəsulu: "Mənim ümmətim arasında mülhəmün vardır",[1] – buyurur ki, bu da Allahdan (c.c.) ilham alan insanlar deməkdir.
Bu şəxslərə nümunə olaraq minbərdə xütbə oxuyarkən neçə günlük məsafədən düşmənlə döyüşən İslam ordusunun dağ tərəfdən mühasirəyə alındığını görən Həzrət Ömərin sərkərdə Sariyəyə xitab olaraq: "Ya Sariyə! Dağ tərəfə!" – deyə üç dəfə qışqırması, Sariyənin də onun səsini eşidərək mühasirəni yarması,[2] Muhyiddin b. Ərəbi kimi zatların əsrlər sonra olacaq hadisələrə işarə etməsi, Mövlana, İmam Rəbbani və Müştaq Əfəndi kimi yüzlərlə zatın gələcəyə dair xəbərlər verməsi, eyni zamanda Allah Rəsuluna qəlbən bağlı olmaları və bütün varidatın[3] Mişkəti-Məhəmmədidən süzülüb gəldiyini etiraf etmələri, O Zatın – Allahın izni ilə – qeybə nə qədər vaqif olduğunu göstərir.
Bəli, Onun məktəbində yetişənlər ilham və ilahi əsintilərlə huşyar olursa, müəyyən səviyyədə qeybdən xəbərdar ola bilirsə, bütün ümmətindən ağır gələn İki Cahan Sərvərinin[4] bir möcüzə kimi qeybə vaqif olması niyə qəribə qarşılansın ki?
Mötəbər hədis kitabları Peyğəmbərimizin bu qəbildən üç yüzə yaxın möcüzəsini qeyd edir ki, bu qeybi xəbərlərin böyük əksəriyyəti çin çıxmış, digərləri də vaxtını gözləyir.
[1] Qurtubi, əl-Məscid li əhkamül-Quran, 13/174; İbn Həcər, Müqəddiməti-fəthil-Bari, s. 103; Fəthül-Bari, 6/516; Qəzali, Əhyayi-ulumid-din, 3/24. Ayrıca baxın: Buxari, Ənbiya, 54; Müslim, Fəzailüs-səhabə, 23.
[2] Təbəri, Tarixül-üməm vəl-müluk, 2/553-554; Beyhaqi, əl-Etiqad, s. 314.
[3] Qabiliyyət, kəramət, bəsirət.
[4] Əhməd b. Hənbəl, əl-Müsnəd, 2/76; Darimi, Müqəddimə 3.
- tarixində yaradılmışdır.