Önsöz

İnsanlığın iftixarı Həzrət Məhəmməd-1

Həzrət Məhəmməd Mustafanın (s.a.s.) uca və böyük şəxsiyyətini tanıtmaq, tanıtmaqdan da çox Onu bəşəriyyətin qurtuluşuna bir çarə, insanlığın sağalmaz dərdlərinə ən gözəl dərman kimi təqdim etmək və Onun həyat yolunu insanlara layiqincə çatdırmaq çoxları kimi mənim də düşüncə və duyğu dünyama hakim kəsilən və qarşısı alınmaz bir arzuya çevrilən mühüm mövzulardan biridir...

O, insanlığın iftixarıdır. On dörd əsrdir, ən böyük dahilər, nəhəng filosoflar və düşüncə dünyamızın nəhəngləri olan neçə-neçə mütəfəkkir və elm adamları həmişə Onun arxasında kamali-ədəblə dayanmış və Ona xitabən: "Sən Sənin yolunda olmaqla öyündüyümüz insansan", – demişlər.

Bu gün o qədər hücumlara məruz qalmasına baxmayaraq, biz hələ də minarələrdən "Əşhədu ənnə Muhammədun Rasulullah" sədasını eşidir, Ruhu-Rəvani-Məhəmmədinin[1] hər yana pərvazlandığını müşahidə edir və ruhanilərlə birlikdə gündə beş dəfə coşuruq ki, bu da Onun böyüklüyünü göstərməyə kifayət edir. Daxildə və xaricdə saysız-hesabsız din düşməninin nəsilləri haqq yoldan azdırmaq üçün çalışıb-çabalamasına baxmayaraq, bu gün bığ yeri yenicə tərləmiş neçəneçə gəncin işığa uçuşan pərvanələr kimi, Həzrət Məhəmmədə (s.a.s.) can atması dünyada bənzərsiz bir hadisədir və Onun böyüklüyünü bir daha göstərir. Zaman bizim qəlbimizdə, köksümüzdə Ona aid heç bir həqiqəti köhnəldə, silib ata bilmədi. Bəli, O, hələ də təptəzədir, təravətlidir. Tez-tez dostlarıma da söylədiyim kimi, nə vaxt Mədineyi-Münəvvərəyə gedirəm, Onun qoxusu məni elə çulğalayır ki, elə bil bir addım irəlidə şəxsən özünü görəcək və o həyat verən səsi ilə "Mərhaba, əhlən və səhlən!" dediyini eşidəcəyəm. Bəli O, bizim qəlbimizdə bu qədər təzədir, gündən-günə də təravətlənməkdədir.

Bəli, zaman yaşlanır, qocalır, bəzi düşüncələr köhnəlir və dəyərdən düşür, lakin Həzrət Məhəmməd (s.a.s.) inananların sinələrində gündən-günə açılan bir tumurcuq kimi daima təravətini saxlayır.

Zənnimcə, başqalarının başqa şeyləri təbliğ etdiyi qədər Onu tanıda bilsəydik – təəssüf ki bunu edə bilməmişik – başqalarının tanıdılmasına imkan verildiyi qədər Onun tanıdılmasına imkan verilsəydi və sənətə, həyata aid müəssisələr Onu tanıtmaq üçün tam səfərbər ola bilsəydi, bugünkü nəsillərin qəlbində yalnız O, taxt quracaq və könüllərin sultanı yalnız O olacaqdı. Hər şeyə baxmayaraq, dünyanın şərqindən qərbinəcən gündən-günə hər kəs əlində kuzəsi o "Mənhəlül-Azbil-Məvruda"[2] – o dupduru bulağa tələsir, o günəşlərə tac qoyan Sultanın məclisində yer almağa çalışır.

Bəli, bu gün Amerika, İngiltərə, Fransa, Almaniya başda olmaqla, demək olar, bütün dünyada Onun yolunun dirilişi müşahidə edilir; müsəlmanlar hər yerdə Onun düşüncələrini nəqş edir, İslam motivli incə naxışlar hörür və sanki müsəlmanlıq yeni Səadət dövrünün ruhunu yaşayır. İslam dünyasında da vəziyyət fərqli deyil. Bir iki əsr əvvəl mühakiməsiz və sadəlövhcəsinə müsəlmanlığa və müsəlmanlara rəğbət bəsləyən insanları bu gün İslami məsələləri araşdıran, öyrənən və elmin işığında Həzrət Məhəmməd Mustafanın (s.a.s.) yolunu tutan oxumuş insanlar əvəz edir... Bu zamana qədər ziyalı təbəqəni istismar edənlər, universitetləri, fakültələri və digər məktəbləri bir qisim "izm"lərin alətinə çevirənlər və milli müəssisələri küfr istiqamətində işlətməyə çalışanlar aysberqlər kimi artıq bir-bir əriyir və sürətlə Ona doğru axırlar.

İllərdən bəri min dəfə mövqe dəyişdirənlər, mövqe dəyişdirib yapışmağa bir budaq axtaranlar, o sistemdən bu sistemə, bir axından o axına keçənlər bu "gediş-gəliş"lərin uğursuzluqla nəticələndiyini görür və bugunədək uğursuzluq nədir bilməyən Həzrət Məhəmməd (s.a.s.) məktəbinə üz tuturlar. M. Bukeyl (Bucaille), R. Qaroudi (Garaudy) və adını bilmədiyimiz neçə-neçə insanlar buna misaldır...

Ancaq görəsən, biz o sultanlara sultanlıq öyrədən Könüllər Sultanını istənilən səviyyədə bilə bildikmi? Sizi niyə qınayıram axı? Beş yaşından başını səcdəyə qoyan və özünü Onun qapısının "Qitmir"i[3] sayan mən Onu kifayət qədər tanıda bildimmi? Və ya bildiklərimi yetərincə çatdıra bildimmi? Mübəlliğ mövqeyində olan hər kəsdən soruşur və özümü də onların arasına qataraq deyirəm ki: ruhlara qüvvət verən Rəsulullahı, görəsən, layiqincə tanıdıb könülləri coşdura bildikmi? Xeyr! Əgər bəşəriyyət Onu tanısaydı, Məcnun olub yollara düşərdi, qəlblər Onun yadi-cəmili (xoş xatirəsi) ilə həsrətdən sızlayar, gözlər yaşla dolardı. Və bəşər Onun pak səmtinə, peyğəmbərlik dünyasına, tərtəmiz iqliminə girə bilmək üçün ürpərər, Onun eşqinin atəşi ilə yanan qəlbinin külləri cana gəlsin deyə ruzigarın önünə atılar və elə hey Ona doğru sovrulardı.

İnsan sevdiyini tanıdığı qədər sevmiş, bilmədiyinin də həmişə düşməni olmuşdur. Ona görə də düşmənlərimiz Onun uca adının unutdurmağı və yeni nəsilləri İki Cahan Sərvərinə düşmən kimi yetişdirməyi qarşılarına məqsəd qoymuşlar. Ancaq Allahın lütfünə bax ki, düşmənlərimiz Onun adını qəlblərdən silmək üçün əllərindən gələni etsələr də, bu gün Ona aparan yollara çəkilmiş sədlər dağılmış və xüsusilə, gənclik günlərlə səhranın qovurucu istisində ac və susuz ölümlə əlbəyaxa olan və birdən yanında abi-kövsər fışqırdığını görən bir insanın sevinci ilə Onun qucağına atılmışdır. Əlbəttə, o şəfqət dolu Peyğəmbər də Ona ürəkdən can atanları bağrına basacaq və onları əliboş qaytarmayacaqdı.

Cümə günləri məscidləri ağzına qədər dolduran insanlara, bilmirəm, heç diqqətlə baxmısınızmı? Əgər diqqətlə baxmısınızsa, böyük əksəriyyətinin gənclər olduğunu görməmiş deyilsiniz. Azğınlıq və günah bütün nəsilləri o qorxunc vakuumu ilə özünə çəkməsinə baxmayaraq, görəsən, bu gəncləri qardaqışda soyuqdan titrəyə-titrəyə dəstəmaz aldırıb ən çətin şəraitdə məscidlərə gətirən nədir? İstərsəniz, mən söyləyim: Həzrət Məhəmmədin (s.a.s.) müqəddəs cazibəsidir.

Ağıl və dərrakəmiz alsa da, almasa da, qəlblər O Nurun, O Günəşin pərvanəsidir... Çox yaxın gələcəkdə indiyəcən yollarda qalan və heç cür Ona çata bilməyən dərbədər və pərişan ağıllar yolda qalmalarına peşman olacaq və əllərini dizlərinə vuraraq: "Biz niyə pərvanə olub Ona sarı uçmadıq?" – deyəcəklər. O zaman, bəlkə də, bir çoxları üçün hər şey gec olacaq.

Dünya Ona sarı can atacaq, elm məclisləri Onu araşdıracaq, düşüncə iqliminə açıq olan qəlblər Onun arxasına düşəcək, düşmənlərin bir çoxu atəşin dost olub Ona sığınacaq və elə sığınırlar da. Artıq bu gün əks tərəfin meyarları içində belə Həzrət Məhəmməd Mustafanın ağırlığı hiss edilməkdə və rəqib dünyada Onun böyüklüyü etiraf olunmaqdadır. Allah Rəsulu bir hədisi-şərifində: "Məni ümmətimdən on adamla çəkdilər, ağır gəldim. Sonra yüz, sonra min nəfərlə çəkdilər, yenə ağır gəldim. Bu vaxt iki mələk dedi: "Əgər bütün­ ümməti ilə çəkilsə, yenə ağır gələcək"".[4] Bu da olmuşdu. Peyğəmbərimiz (s.a.s.) gördüyü yuxunu nəql edir: "Tərəzinin bir gözünə məni, digərinə bütün ümmətimi qoydular və mən ağır gəldim".[5]

Bəli, səhabə, tabiun, təbeyi-tabiun və onlardan sonra gə­lən, qi­yamətə qədər də gələcək olan ən böyük insanlar, bütünsufi və təsəvvüf əhli, övliya, əsfiya, əbrar və müqərrəbin[6] – hamısı bir kəfəyə qoyulsa, yenə O Könüllərin Sultanı, Gözlərin nuru ağır gələcək. Çünki varlıq Onun hörmətinə yaradılmışdır.

O, kainatın illeyi-qayəsidir (ən böyük səmərəsidir). Və hədis kimi məşhur olan bir sözdə O bu cür mədh edilir:

لَوْلاَكَ لَوْلاَكَ مَا خَلَقْتُ اْلأَفْلاَكَ

"Sən olmasaydın, varlığı yaratmayacaqdım".[7] Bəli, anlaşılmaz bir kitab yazmaq əbəs iş, boş-boşuna zəhmət çəkmək sayılır. Allah (c.c.) isə əbəs iş görməkdən xalidir. Başqa sözlə, Rəsulullah kimi gur səsli bir dəvətçi gərəkdir ki, kainatın mənasını izah etsin. Yenə Onun kimi bir şareh (şərhçi), bir mübəlliğ olmalıdır ki, bu ucsuz-bucaqsız səma, içindəki ay, günəş, ulduzun və nəhayət, bütün varlığa hakimlik səlahiyyəti ilə şərəflənən insanın haradan gəlib hara getdiyini, nəyə namizəd olduğunu bildirsin, elan etsin və varlığın pərdə arxasını, mahiyyətini ruhlara hiss etdirsin. Demək, O olmasaydı, kainatın da, insanın da bir mənası qalmazdı. Həzrət Məhəmməd (s.a.s.) varlığın, kainatın içini məna cövhəri ilə dolduran böyük insandır. O, bizim üçün məhbubların fövqündə dayanan bir Sev­gilidir.

Burada özümü möminlərin ən günahkarı saydığımı etiraf etməklə birlikdə, bir hissimi dilə gətirmədən keçə bilməyəcəyəm. Mən belə Allah Rəsulunu bu dərəcə sevə bilirəmsə, gör Haqqa yaxın qəlblər Onu necə sevir. İndi danışacağım hislərim də bu baxımdan qiymətləndirilməlidir. Yoxsa şəxsimə aid bir məsələni hüzurunuzda danışmaqdan həya edirəm.

Allah o müqəddəs torpaqlara günahkar üzümü sürtməyi nəsib edərkən mənə Rəsulullahın diyarı elə işıqlı, elə cazibədar gəldi ki, orada olmaqdan elə ruhani həzz aldım ki, əgər o anda məni Cənnətin bütün qapılarından içəri dəvət etsəydilər, inanın, heç birinə getməz, orada qalmağı seçərdim. Əslində, Cənnət hamımızın arzusudur, elə bir Müsəlman yoxdur ki, ora getmək istəməsin. Hər səhər-axşam: "Bizi Cəhənnəmdən qoru və Cənnətinə qəbul et!" – deyə Rəbbimizə dua etmirikmi!? Bütün bunları qəbul edirəm, ancaq o anda o ali mükafatı vermək üçün məni çağırsaydılar, ehtimal, Rəbbimdən izin istəyib Allah Rəsulunun Rövzeyi-Tahirəsində[8] qalmaq arzusunda olduğumu söylərdim. Əsla zənn edilməsin ki, bununla həmin məqamlara layiq olduğumu deyirəm, xeyr, yalnız Allah Rəsuluna olan məhəbbət və sevgimi dilə gətirmək istədim. Yoxsa ömrüm boyunca Allah Rəsulunun ən kiçik səhabəsinə boynu boyunduruqlu bir kölə olmaq şərəfi üçün yalvarıb dua edənlərdənəm. Və "Allah bizi üzümüzü onların ayağının tozuna sürtmə düşüncəsindən bir anlıq da olsa, ayırmasın!" (Amin) duası çox vaxt dilimizin əzbəri olmuşdur.

Eyni hisləri Beytullahda da keçirmişdim. Bəlkə də, bu hislər hamımıza tanışdır. Qaldı ki, bu duyğularla dolubdaşan təkcə mən və mənim kimi bir neçə adam deyil. Allah Rəsulunun nə qədər divanələri var ki, bu ifadə etdiyim hislər onlara çox bəsit və adi gələr.

Söz bu yerə gəlmişkən bir xatirəmi də ərz edim: o günlərdə millət vəkili olan Arif Hikmət bəylə həcdə birlikdə idik. O, daha əvvəllər öz-özünə: "Mədinəyə getsəm, o, müqəddəs torpaqlarda uzunqulaq kimi ağnayacağam", – deyə söz veribmiş. Mədinə torpaqlarına ayağını basar-basmaz sözünü yerinə yetirdi; o böyük insan özünü yerə atdı, Mədinə torpaqlarında o tərəf-bu tərəfə çevrilməyə başladı. Orada və burada nə vaxt bu mənzərəni xatırlayıram, gözlərim yaşla dolur.

Allah Rəsulu bir peyğəmbərdir, bütün keçmiş nəbilərin peyğəmbərlik minarəsindən hayqıraraq gəlişini müjdələdiyi bir peyğəmbər! Allah bütün nəbilərdən məhz müjdəsini verdikləri Peyğəmbərə inanıb kömək edəcəklərinə dair aldığı əhdi Quranda belə bəyan edir:

وَإِذْ أَخَذَ اللّٰهُ مِيثَاقَ النَّبِيِّينَ لَمَا آتَيْتُكُمْ مِنْ كِتَابٍ وَحِكْمَةٍ ثُمَّ جَاءَكُمْ رَسُولٌ مُصَدِّقٌ لِمَا مَعَكُمْ لَتُؤْمِنُنَّ بِهِ وَلَتَنْصُرُنَّهُ قَالَ أَأَقْرَرْتُمْ وَأَخَذْتُمْ عَلَى ذَلِكُمْ إِصْرِي قَالُوا أَقْرَرْنَا قَالَ فَاشْهَدُوا وَأَنَا مَعَكُمْ مِنَ الشَّاهِدِينَ

"O vaxtı yadınıza gətirin ki, Allah peyğəmbərlərdən: "Sizə verdiyim kitab və hikmətdən sonra, sizdə olanı təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz", – deyə əhd almış və onlara: "Bunu təsdiq edib, ağır olan əhdimi qəbul etdinizmi?" – demişdi. Onlar da: "Təsdiq etdik!" – deyə cavab vermişdilər. (Bu zaman) Allah: "Elə isə şahid olun! Mən də sizinlə bərabər şahidlərdənəm", – deyə buyurmuşdu".[9]

Məhz o peyğəmbərlər də Allaha verdikləri sözə sadiq qaldılar və bütün işlərində, əməllərində o istiqamətdə olmağa çalışdılar. Peyğəmbərimiz meraca yüksələndə də ruhən Onun arxasında namaz qıldılar.[10] Bəli, başda Həzrət İbrahim, Həzrət Nuh, Həzrət Musa, Həzrət İsa olmaqla bütün peyğəmbərlər bir mənada Onun müəzzini olmaq istəyirdi. Həzrət Məsih İncildə: "Mən gedirəm ki, zamanın rəhbəri gəlsin",[11] – deyərək insanlığa o uca Nəbini göstərirdi. Bəli, O, meracda səmaya təşrif aparanda göylərin ətəkləri ləl-cəvahiratla dolmuş, ulduzlar səki daşları kimi ayaqlarının altına sərilmiş və günəş Həzrət Məhəmməd (s.a.s.) üfüqünə çatdığı vaxt Onun tacına bəzək olma sevdasına düşmüşdü. Yer-göy pərvanə olub Onun peyğəmbərlik haləsinin başına dolanırdı. Bunlar nədir ki?!

ŞəmiNuriƏhmədə Cəbraillər pərvanədir,
Nur camallı Məhəmmədə mələklər pərvanədir.

O, bəşəri xüsusiyyətləri ilə də bizə nümunə və rəhbərdir. Məsələn, mükəmməl bir ailə başçısı idi. Həyatının müəyyən dövründə nikahı və idarəsi altında düz doqquz xanım olmuş,[12] amma onların arasında heç bir münaqişə və çəkişmə meydana gəlməmişdi. O evdə peyğəmbərlik iksirini damla-damla içib yetişən övladların hər biri bir əsrdə yaşasaydı, müctəhid və mücəddid olub həmin əsrləri nura qərq edərdi. Bilmirəm, Onun bu fəzilətlərini neçə nəfər tanımağa müvəffəq olmuşdur?

O, mükəmməl hərb mütəxəssisi idi. Ətrafına toplaşan bir ovuc insanla dünyaya hərb elan etmiş, neçə-neçə nəhəng sul­tanın taxtını yerlə-yeksan etmiş və neçə hökmdarı qapısında könüllü köləyə çevirmişdi, üstəlik hərb elmini və metodlarını heç bir bəşərdən öyrənməməsinə baxmayaraq.

Elmlər Onda birləşir. O, qiyamətədək olacaq hadisələri bir ekranda seyr edirmiş kimi qeybi bir lövhədən oxuyub bir-bir söyləyirdi. Onun axirət aləminə köçməsindən əsrlər keçsə də, bu gün yüksək elmi və texnoloji araşdırmaların çatdığı səviyyədə hər kəs Həzrət Məhəmmədin (s.a.s.) on dörd əsr əvvəl sancdığı bayrağı görür və Allahın (c.c.) hidayət nəsib etdiyi insanlar kəlmeyi-şəhadəti söyləyib Müsəlmanlıq zəncirinin nurlu halqasına çevrilirlər. Buna minlərlə nümunə var:

Bir videoda kanadalı uşaq həkimi, Toronto Universiteti Tib­b Fakültəsində Anatomiya üzrə professor Keyt Murun (Keith Moore) müasir texnoloji imkanlarla ancaq kəşf edilən uşağın ana bətnində keçirdiyi mərhələləri Quran ayələrindən dinləyincə أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللّٰهُ وَأَشْهَدُ أَنَّ مُحَمَّداً رَسُولُ اللّٰهِِ deyib Ona təslim olduğunu seyr etmişdim. Yenə bir yapon fizioloq alimi fiziologiyaya dair məsələlərdən bəhs edən Quran ayələrini görər-görməz çətin tələffüz etsə də, أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللّٰهُ deyib tərəddüdsüz İslamı qəbul edir.

Bəli, göründüyü kimi, Quran elmlərin çarəsiz qaldığı yerdə çarələr göstərir və elmlərin çatdığı son nöqtə Allah Rəsulunun (s.a.s.) başlama nöqtəsinə qovuşur. Yaxşı, bəs bunları Ona kim öyrətmişdi? Bəli, O, dərsini "Alim" və "Xabir" olan Allahdan (c.c.) almışdı. Onun dərs masasının başında Əzəli Müəllimi dayanmışdı. Məhz buna görə də Onun ürfan və mərifəti zamanın keçməsi ilə köhnəlmədi, əksinə, gündən-günə daha da­ təravətləndi və dünya durduqca da təravətlənməkdə davam edəcək.

Yenə dostları tərəfindən Onun qədər sevilmək heç bir insana nəsib olmamışdır. Məsələn, gözü dönmüş, kin və intiqam hissi ilə coşan azğın kafirlər "Mai-Raci" qəzvəsində Hubeyb b. Adiyi (r.a.) əsir götürmüş, edam kürsüsünə çıxaranda da: "İndi sənin yerinə Məhəmmədin edam olunmasını arzu edərdinmi?" – deyə soruşmuşdular. Cavab qəti və dəqiq idi:

– Xeyr, vallah, mənim qurtuluşum bahasına belə olsa, Onun ayağına bir tikanın batmasına razı ola bilmərəm.

Və Hubeyb edam kürsüsündə göstərdiyi bu cəsarət nümunəsindən sonra əllərini açaraq: "Ya Rəbbi, bura gələrkən Sənin Həbibinlə (Rəsulullahla) vidalaşmadım, mənim salamımı Ona çatdır", – deyə dua edir. Elə o əsnada səhabələri ilə oturub söhbət edən Allah Rəsulu birdən-birə yerindən qalxır və: "Salam sənə, ey Hubeyb!" – deyir. Səhabələr nə olduğunu soruşanda da göz yaşları içində: "Müşriklər Hubeybi şəhid etdilər. Son anında mənə salam göndərdi və mən də salamını aldım", – buyurur.[13]

Bir nümunə də verək:

Aradan əsrlər keçsə də, hələ də inanan insanların qəlbini riqqətə gətirən bir mənzərə: Həzrət Sümeyrə Uhudda Allah Rəsulunun şəhid edildiyini eşidincə özünü bir nəfəsə Uhud dağının ətəklərinə çatdırır. Orada ona "şəhid olmuş atan", "şəhid olmuş ərin", "şəhid olmuş uşaqların" deyib onların cəsədlərini göstərirlər, ancaq o, bunlarla heç maraqlanmır və hər yerdə Allah Rəsulunu soruşur: "Rəsulullaha nə oldu?" Birdən haradansa: "Rəsulullah buradadır", – deyirlər. Bu sözləri eşidən ana özünü Onun qarşısında yerə ataraq كُلُّ مُصِيبَةٍ بَعْدَكَ جَلَلٌ "Sən (həyatda) olandan sonra bütün müsibətlər yüngül gəlir, ya Rəsulullah", – deyir.[14] Allah Rəsulu sinələrdə bu cür taxt qurmuşdu.

Bir başqa nümunə:

Rəsulullah səmaların o tayına dəvət edilmişdi və artıq 23 il bərabər olduğu dostlarından ayrılacaqdı. Buna görə də son günlərində səhabələrinin yanına bir az hüznlü və kədərli çıxırdı. Onun hüznlü halı səhabələrə elə toxunmuşdu ki, hər dəfə Allah Rəsulunun səadət dolu otağına girəndə xəzan əsintiləri hiss etməyə başlayırdılar. Allah Rəsulu Muaz b. Cəbəli Yəmənə göndərmişdi. O da Yəmənə gedib-gəlir, Peyğəmbərimizin bəyanlarını, əmrlərini aparır və orada qarşısına çı­xan çözülməz məsələləri də qayıdanda Rəsulullaha ərz edirdi. Bu dəfə də səfərə hazırlaşanda Allah Rəsulunun hüzuruna gəldi. Xeyir-dua alıb ayrılacaqdı. İki Cahan Sərvəri: "Get, ey Muaz, qayıdanda, ehtimal ki, mənim məscidimi və qəbirimi ziyarət edə biləcəksən", – dedi. Muazın qolu-qanadı qırıldı, gözləri yaşla doldu. Yəmənə getmək bir yana, yerindən qalxmağa belə taqəti qalmadı.[15]

Yenə O, ictimai həyata aid bütün problemləri son dərəcə rahatlıqla həll edən bir insan idi. Qarşı cəbhədə bu həqiqəti yüzlərlə insan qəbul etmişdir ki, onlardan biri də Rəsulullahdan 13 əsr sonra yaşayan Bernard Şoudur (Shaw). O deyir: "Problemlərin üst-üstə yığıldığı əsrimizdə bəşər bütün müşkülləri bir qəhvə içmə rahatlığı ilə həll edən Həzrət Mə­həm­mədə (s.a.s.) nə qədər möhtacdır!" Fəzilət odur ki, onu düşmən də etiraf etsin.

Bəli, bəşər Ona yönəldiyi zaman hüzur və itminana[16] qovuşacaq, işıqlı üfüqlərə çatacaq, dərbədərlikdən, əyyamın əlin­də oyuncaq olmaqdan, dünya və axirət səfalətindən xilas olacaq və insanlıq səmasına yüksələcək. Əslində, bütün düşmən güclərin əngəl törətməsinə baxmayaraq, bu ikinci dirilişin işartıları artıq görünməyə başlamışdır. Quran:

يُرِيدُونَ لِيُطْفِؤُوا نُورَ اللّٰهِ بِأَفْوَاهِهِمْ وَاللّٰهُ مُتِمُّ نُورِهِ وَلَوْ كَرِهَ الْكَافِرُونَ *هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ

"Onlar Allahın nurunu (İslam dinini) ağızları ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, öz nurunu (dinini) tamamlayacaqdır. Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət (Quran) və haqq dinlə göndərən Odur!".[17]

Bəli, Allah İslamın üstünə çökmüş sis pərdəsini qaldıracaq, möhtac qəlblər və könüllər ona sarılacaq, onda hüzura, mənəvi rahatlığa, əminliyə qovuşacaq və özlərini cənnətdə hiss edəcəklər. Bir dünyanın kafir və zalımları, Asiyanın insanlığı istismar edən münafiqləri və içimizdəki qafillər istəməsələr də, sikkəni basan, möhürü əlində tutan və peyğəmbərlər tərəfindən Sultanül-Ənbiya (Nəbilər sultanı) kimi qəbul edilən gün­də beş dəfə ismi-cəlilini dünyaya elan etdiyimiz Sultanlar Sultanı bir gün mütləq bütün qəlblərdə taxt quracaq və hər kəsin sevgilisi, məhbubu, mərğubu[18] olacaq!

O, eyni zamanda bir hüzur timsalı idi. Bizlər qəti bilir və inanırıq ki, Onun gətirdiyi yol və bəyan eyni zamanda bir hüzur, səadət mənbəyidir və bunun da ən böyük şahidi tarixdir. Elə insanlığa bu hüzuru yenidən daddırmaq da ancaq Onu və gətirdiyi nuru bəşəriyyətə tanıtmaqdan asılıdır. Çünki O, nə qədər tanınsa, o qədər seviləcək və bu sevgi ilə də cəmiyyətin çöhrəsi dəyişəcək.[19]

Köhnələrin "Dibaçə", daha sonrakıların "Müqəddimə" və yenilərin "Ön söz" dediyi bir çərçivə içində Allahın ehsan və kərəminə söykənərək İki Cahan Sərvəri və Kainatın İftixar Tablosu haqqında bəzi məqamları qısa ərz etməyə çalışdıq.

Əslində, Ondan bəhs edən hər söz gözəldir, gözəl olmayan bir şey varsa, ifadə və üslubdadır, ifadə və üslubda bir qüsur varsa, o da tamamilə bizə aiddir. Rəsulullaha aid olanlar isə yalnız və yalnız gözəlliklərdir.

[1] Məhəmmədi ruhun yayılması
[2] Şirin su mənbəyi
[3] Allahın birliyinə iman gətirib bütlərə tapınmamaq və hökmdarın zülmündən qurtulmaq üçün Kəhf mağarasına sığınan gənclərdən ayrılmayan itin adı.
[4] Darimi, Müqəddimə 3; Bəzzar, əl-Müsnəd, 9/437; Heysəmi, Məcməüz-zəvaid, 8/255.
[5]. Əhməd b. Hənbəl, əl-Müsnəd, 2/76; Heysəmi, Məcməüz-zəvaid, 9/58.
[6] Allaha yaxın insanlar. Allah dostları
[7] Acluni, Kəşfül-xafa, 2/214.
[8] Allah Rəsulunun məzarı olan yer
[9] Ali İmran surəsi, 3/81
[10] Müslim, İman 278.
[11] Baxın: Yuhanna, Bab: 16, ayə: 7-15
[12] Buxari, Nikah 4, 102.
[13] Səid b. Mənsur, Sünən, 2/349; Təbərani, əl-Mücəmül-kəbir, 5/260; İbn Kəsr, əl-Bidayə vən-nihayə, 4/66.
[14] İbn Hişam, əs-Siratun-Nəbəviyyə, 4/50; Təbəri, Tarixul-üməm vəl-müluk, 2/74; Hey­səmi, Məcməüz-zəvaid, 6/115.
[15] Əhməd b. Hənbəl, əl-Müsnəd, 5/235; Bəzzar, əl-Müsnəd, 7/91-92; İbn Hibban, əs-Sə­hih, 2/414; Təbərani, əl-Mucəmül-kəbir, 20/121.
[16] Qəlbən inanmaq, qəlbin hüzur içində, arxayın olması
[17] Saff surəsi, 61/8-9
[18] Rəğbət göstərilən
[19] Həzrət Əli (r.a.), Peyğəmbərimizi (s.a.s.) tərif edərkən belə deyir: "Onun (üstün xüsusiyyətlərini) bilərək söhbətində olanlar Onu (hər şeydən çox) sevərdilər". (Tirmizi, Mənaqib 8; İbn Əbi Şeybə, Musannəf, 6/328; Beyhaqi, Şuabül-iman, 2/150).

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.