O (s.a.s.), məsum idi
Allah Rəsulunun keçmişi tərtəmiz idi. Rəsulullahda bircə dənə də qınanası, məzəmmət ediləsi hərəkət görən olmamışdı. Həzrət Əbu Bəkir (r.a.) Peyğəmbərimizin uşaqlıq dostu idi. Əgər Onda qüsurlu bir hərəkət və davranış görsəydi, peyğəmbərliyini elan edər-etməz ilk inananlardan olardımı? Və Həzrət Xədicə anamız (r. anha) da Onun tərtəmiz əxlaqına vurulmuş, o qədər elçisi ola-ola Allah Rəsulunu seçmişdi.
وَالطَّيِّبَاتُ لِلطَّيِّبِينَ وَالطَّيِّبُونَ لِلطَّيِّبَاتِ
"Təmizlər təmizlərə" ("Nur" surəsi, 24/26)
ayəsinin də bəyan etdiyi kimi, tahirə anamız Həzrət Xədicə (radiyallahu anha) tahir və tərtəmiz Allah Rəsuluna layiq zövcə olmaq üçün əlindən gələni etmiş, son nəfəsinədək vəfalı həyat yoldaşına sadiq yaşamışdır.
Rəsulullahın əxlaq və fəziləti dillərdə dastan idi. Məkkəlilər peyğəmbərliyindən əvvəl də Onu "Əmin" kimi tanıyırdılar.[1] Düzlüyü və əhdə vəfası hər kəs tərəfindən şəksiz qəbul edilirdi. Bunu Əbu Cəhil də, Əbu Ləhəb də bilir və etiraf edirdi.[2] Onlar başqa məsələlərə ilişib qalmışdılar. Yoxsa bütün düşmənləri bilirdi ki, O, doğrunu söyləyir. Günahsızlıq Onun ayrılmaz bir parçası idi, O, həmişə məsum idi. Heç günah işləməmişdi. Onun bu xüsusiyyətinə ismət fəslində təmas edilmişdir.
Uilyam Mur (William Muir) deyir ki: "Həzrət Məhəmməd (s.a.s.) üstün şəxsiyyət və mümtaz bir fəzilət abidəsi idi. Həyatında bir dəfə də olsa, dünyagörmüş və mədəni insanlara bayağı gələn bir davranışa yol verməmişdir. Halbuki O, dövlət qurdu, dövlətlər yıxdı. Bu qədər qovğaların içində belə bir ədəb mücəssəməsi kimi yaşadı və pak bir ömür sürdü..."
O, insani qüsurlardan uzaq və xali idi. Hərtərəfli, mükəmməl istedad və qabiliyyətə malik idi. Bu qədər mükəmməl istedad və qabiliyyət isə ancaq peyğəmbərdə ola bilərdi. Məsələn, O, sadəcə ticarətlə məşğul olsaydı, Onun ticarət qabiliyyəti ən yaxşı tacir olmağa kifayət edərdi. Belə olanda da Onun siyasi və hərbi dühası əlverişli mühit tapa bilmədiyi üçün istifadəsiz qalacaqdı. Halbuki O, yaxşı tacir olmaqla yanaşı, eyni zamanda mükəmməl bir idarəçi və sərkərdə idi. Məsələni yalnız bu kimi sahələrlə məhdudlaşdırmaq da doğru deyil. O, bütün bəşəriyyəti bağrına basacaq səviyyədə yaradılmışdır. Belə bir istedad isə ancaq peyğəmbərlərdə olar. Əksinə Ondakı istedad və qabiliyyətin lüzumsuz olduğunu qəbul etməli olarıq ki, Allah (cəllə cəlaluhu) əbəs işlərdən xalidir.
O, hər məsələdə zirvədə dayanmışdı. Belə olmalıydı ki, ümmətinin ən istedadlı və qabiliyyətli möminləri belə Ondan bir addım geridə qalsın. Ondan sonra ən istedadlı və qabiliyyətli insan Həzrət Əbu Bəkir (r.a.) idi. Buna baxmayaraq, O, Allah Rəsulunu hər kəsdən çox qəbul edir və Ona bağlılığı ən böyük üstünlük sayırdı.
[1] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 2/19.
[2] Baxın.: Buxari, "Təfsir", (111) 1; Müslim, "İman" 355-356; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 3/65.
- tarixində yaradılmışdır.