Peyğəmbərimiz bir ata olaraq

Peyğəmbərimiz bir ata olaraq

Allah Rəsulu, demək olar, həyatın hər sahəsində, hər işdə, hər fəzilətdə zirvələr fəth etmişdi. Onu öz səviyyəmizlə, əsrin böyük insanları ilə müqayisə etmək yanlışlıq olardı. Tədqiqatçılar Onu dünyanın ən yüksək zirvələrində axtarmalı və xəyalən zirvələrin fövqündə gəzməlidirlər ki, qədrinə dastanlar qoşulan o Zata qədirbilməzlik etməsinlər.

Bəli, onlar Həzrət Məhəmmədi (s.a.s.) mütləq Rəsulullah üfqündə axtarmalıdırlar. Bizim kimi doğru-dürüst xəyal qura bilməyən insanların Həzrət Məhəmmədi təsəvvür etməsi mümkün deyil. Allah (cəllə cəlaluhu) misilsiz ərməğanı ilə Ona hər sahədə üstünlük bəxş etmişdir.

Rəsulullah kamil bir həyat yaşadı və qürub etdi. Bəşər Onun kimisini bir daha görmədi. Bəzi müasirləri və hətta yaxınında olanlar belə görə bilmədilər. Bəlkə də, bir çoxları günəşlə açan çiçəklər kimi özləri saralıb-solunca Onun qürubunu anlaya bilmişdilər.. ancaq çox gec idi. Təbii ki, ümməti arasında Onu tanıyanların, Ona hörmət bəsləyənlərin sayı daha çox olmuşdur.

Aradan on dörd əsr keçməsinə baxmayaraq, biz hələ də Həzrət Xədicəyə, Həzrət Aişəyə, Ümmü Sələməyə, Həzrət Hafsaya "anamız!" deyirik. Doğma anamıza "Ana!" demək bu qədər zövq vermir hətta! Əlbəttə ki, bu hiss, bu duyğu o dövrdə daha dərin, daha köklü, daha səmimi idi. Və bunların hamısı Ondan ötrü idi. Həzrət Əbu Bəkir qızı Aişəyə "Anacığım!" deyirdi. "Peyğəmbərin zövcələri möminlərin analarıdır" ("Əhzab" surəsi, 33/6) ayəsi də elə bundan xəbər vermirdimi? Və Həzrət Əbu Bəkir də bu düşüncə ilə öz qızı Həzrət Aişəyə "Anam!" deyirdi.

Onlar nə qədər təvəccöh, təqdir, ehtiram görsələr də, bunlar hüznü, kədəri dağıtmağa kifayət etmirdi. Bəli, daha sonralar firavan həyat onları çulğalasa da, bu hüznün izini üzlərindən silə bilmədilər. Bir-bir qürub edənədək də hüznlə oturub hüznlə qalxdılar, gözləri qəmli baxdı, ürəkləri qüssəli döyündü.

O, zövcələrinin qəlbində belə kamil ailə başçısı olduğu kimi, həm də mükəmməl ata idi.. eyni zamanda tayı-bərabəri olmayan bir baba idi.. bəli, burada da Ona çatan olmazdı.

O, uşaqları ilə, nəvələri ilə olduqca şəfqətlə rəftar edir, amma onların nəzərini axirətə və ülvi dəyərlərə yönəltməyi də unutmurdu. Onları təbəssümlə əzizləyir, oxşayır, üstəlik onların üxrəvi məsələləri azacıq ehmalına belə razı olmurdu.

Ailəsi ilə münasibətdə olduqca gülərüz və şəfqətli, Allahla irtibatda isə son dərəcə ciddi idi. Bir tərəfdən onlara hür və sərbəst insan kimi yaşamağın yollarını göstərir, digər tərəfdən də laübalı və yüngültəbiətli olmalarına imkan vermirdi. İmkan vermək bir yana qalsın, əksinə onları mənəvi tənəzzüldən qoruyub həmişə ülvi və üxrəvi aləmlərə hazırlayırdı. Allah Rəsulu bu tərbiyə anlayışı ilə ifrat və təfritdən uzaq olan orta yolu və sirati-müstəqimi təmsil edirdi. Bu da Onun fətanətinin başqa bir yönünü təşkil edir.

1. Övlad və nəvələrinə şəfqəti

Müslimin rəvayət etdiyi bir hədisdə Allah Rəsuluna xidmətçilik kimi yüksək payəyə çatan və on il fasiləsiz olaraq bu xidmətini sədaqətlə icra edən Ənəs ibn Malik deyir: "Ailə üzvlərinə qarşı Həzrət Məhəmməddən (s.a.s.) daha şəfqətli insan görməmişəm".[1]

Bəli, şəfqət və səmimiyyətdə Onun kimi ikinci bir ailə başçısı və ata göstərmək mümkün deyil.

Bu etiraf təkcə bizim dilimizdən çıxsaydı, bəlkə də, o qədər əhəmiyyətli olmazdı. Ancaq qarışqanı belə incitməyən, şəfqət və mərhəmətinə görə barmaqla göstərilən milyonlarla insan etiraf edib car çəkir ki, bütün varlığı şəfqətlə bağrına basmaqda Allah Rəsulunun tayı-bərabəri yoxdur.

Bəli, Allah hamı kimi Onu da bir insan olaraq yaratmışdı, amma insanlarla münasibət qursun deyə, Onun ürəyinə bütün varlığa qarşı dərin bir şəfqət və sevgi qoymuşdur. Ona görə də, Allah Rəsulu həm ailə üzvlərinə, həm də digər insanlara qarşı şəfqət hissi ilə dopdolu idi.

Oğul övladlarının hamısı kiçik yaşlarında vəfat etmişdi. Sonuncu oğlu Mariyə anamızdan dünyaya gəlmiş, ancaq o da çox yaşamamışdı. Allah Rəsulu o qədər vacib işlərinin arasında tez-tez dayəyə verilmiş oğlunun yanına gedir, onu bağrına basıb öpür, oxşayır, sonra da evinə qayıdırdı.[2] Uşaq vəfat edəndə də yenə onu qucağına götürüb bağrına basdı, gözləri dolmuşdu. Bunu təəccüblə qarşılayan səhabələrinə də:

"Qəlb hüznlənər, gözlər yaş tökər, lakin inşallah dil Allahın məmnun olmadığı bir şeyi söyləməz" buyurdu və dilini göstərib əlavə etdi: "Allah buna görə hesaba çəkəcək".[3]

Bir daha xatırladaq ki, O, insanların ən mərhəmətlisi, ən şəfqətlisi idi. Həzrət Həsən və Həzrət Hüseyni kürəyinə götürüb gəzdirirdi. Belə bir insan uşağı kürəyinə götürüb camaatın içinə çıxardımı heç!? O götürüb çıxırdı. Bununla sanki nəvələrinin yüksək məqamından xəbər verirdi.

Bir gün Həzrət Həsən və Hüseyn kürəyində olanda Həzrət Ömər içəri girdi. Onları belə şərəfli bir yerdə görüncə: "Nə gözəl miniyiniz var!" – dedi. Allah Rəsulu isə belə buyurdu: "Bəs necə, nə gözəl süvaridir onlar!"[4] Onların bu məsələni dərk edib etməməsindən asılı olmayaraq, Allah Rəsulu nəvələrini şərəfləndirirdi. Bir dəfə də Həzrət Həsənə: "Nə gözəl miniyin var!" – deyən şəxsə, yenə Rəsulullah: "O da nə gözəl süvaridir!" – cavabını vermişdi.[5]

Bəli, O, qiyamətədək bütün övliyanın atası olan, övliyaya aid şərəfin, etibarın, izzətin nüvəsini mahiyyətində daşıyan Əhli-Beytin bu iki imamına xüsusi iltifat göstərir, onları bəzən çiyninə mindirirdi. Onlara göstərdiyi bu iltifat və qayğıda şübhəsiz ki, Əhli-Beyt və bütün övliyanın payı vardı. Əhli-Beytin məşhur simalarından Əbdülqadir Geylani Allah Rəsulunun çiynində gəzən babalarını (Həzrət Həsən və Hüseyni) nəzərdə tutub haqlı olaraq belə deyir:

"Allah Rəsulunun mübarək ayaqları mənim çiynimdə, mənim ayağım da bütün övliyanın çiynindədir."[6] Hər halda bu, qiyamətə qədər də belə davam edəcək.

Yenə bir dəfə nəvələrini çiyninə mindirib gələcək və onlara belə deyəcəkdi: "Miniyiniz nə gözəl minik və sizlər də nə gözəl yüksünüz!"[7]

O, övlad və nəvələrini belə əziz tutmuş, sevgisini sərgiləmiş və onların qəlbində taxt qurmuşdu.

Allah Rəsulu hər məsələdə olduğu kimi, uşaq tərbiyəsində də orta yolu izləmişdi. Bütün övlad və nəvələrini canı qədər istəyir, bu sevgisini həm də onlara hiss etdirirdi. Ancaq bu sevginin sui-istifadə edilməsinə də əsla fürsət vermirdi. Onsuz da peyğəmbər övladları arasında belə bir hərəkətə meyil edən də yox idi. Ancaq onlar bilmədən bir xəta işləyəndə dərin sevgisini təmkin və ciddiyyətlə yoğurur və onları şübhəli yerlərə ayaq basmaqdan çəkindirirdi. Məsələn, bir dəfə Həzrət Həsən və ya Hüseyn hələ çox kiçik olduqları üçün sədəqə xurmasına əl uzatmışdılar. Allah Rəsulu dərhal xurmanı onların əlindən alıb: "Bizə sədəqə xurmasını yemək haramdır!" – demişdi.[8] Uşaqları kiçik yaşlarından harama qarşı həssas yetişdirmək tərbiyədə müvaziliyin gözəl nümunələrindən biridir.

Allah Rəsulu hər dəfə Mədinəyə girəndə miniyinin üstündə bir neçə uşağın Ona sarıldığını görmək mümkündü.[9] Demək ki, O (s.a.s.), təkcə öz nəvələrini deyil, başqa uşaqları da şəfqət və səmimiyyətlə bağrına basır və onların könlünü sevgi ilə fəth edirdi.

Bəli, O, oğlan övlad və nəvələri ilə yanaşı, nəvəsi Ümaməni də çox istəyirdi. Bəzən küçəyə çıxanda Ümaməni Onun çiyinlərində görürdülər. Hətta bəzən nafilə namazlarında belə Ümamə kürəyindən düşmürdü. Səcdə edəndə onu yerə qoyur, səcdədən qalxanda da çiyninə alırdı.[10]

Allah Rəsulu Ümaməyə sevgisini dünənəcən qız uşaqlarını diri-diri torpağa basdıran bir cəmiyyətdə izhar edirdi. Bəli, cahiliyyədən yenicə çıxmış insanlar Allah Rəsulunun qız nəvəsinə göstərdiyi sevgi və qayğıya o günədək kimdəsə şahid olmamışdılar.

2. Həzrət Fatiməyə sevgi və şəfqəti

İslam oğlanla qız arasında fərq qoymur. Allah Rəsulu bunu şəxsən əməlləri ilə göstərmişdir. Necə ayrı-seçkilik ola bilər!? Biri Həzrət Məhəmməddirsə (s.a.s.), digəri Həzrət Xədicədir. Biri Adəmdirsə, o biri Həvvadır. Biri Əlidirsə, o biri Fatimədir.

O Fatimə ki, Allah Rəsulunun qızı, qiyamətə qədər gələcək bütün Əhli-Beytin və ümmətin anasıdır.

Allah Rəsulu pakizə qızı Fatimə yanına gələndə dərhal ayağa qalxar, onun əlindən tutub öz yerində oturdardı. Halını-xatirini soruşar, onu oxşayıb əzizləyər və nəzakətlə yola salardı.[11]

Bir dəfə Həzrət Əli Əbu Cəhlin qızı ilə evlənmək istəmişdi. Əslində, o da böyük qardaşı İkrimə kimi müsəlman olub İslamın sonsuzluq karvanına qoşulmuşdu, lakin bu evlilik, ehtimal ki, Fatiməni narahat edəcəkdi. Bəlkə də, Həzrət Əli belə bir nikahın Həzrət Fatiməni bu qədər incidəcəyini heç ağlına da gətirməmişdi. Həzrət Fatimə (r.anha) gəlib məsələni Allah Rəsuluna ərz edib kədərini dilə gətirdi. Əziz qızını məhzun görən İki Cahan Sərvəri çox kədərləndi, dərhal minbərə çıxıb əshabına səsləndi: "Eşitdim ki, Əli Fatimənin üstünə zövcə gətirmək istəyir. Əgər fikrində qətidirsə, Fatiməni boşamalıdır. Çünki bu, Fatiməni kədərləndirir. Fatimə isə mənim bir parçamdır. Onu kədərləndirən məni kədərləndirmiş, onu sevindirən məni sevindirmiş olar."

Allah Rəsulunun hər sözünə müntəzir dayanan Həzrət Əli dərhal əvvəlki fikrindən daşınıb Fatiməsinin yanına qayıtdı.[12]

Onsuz da Həzrət Əli Allah Rəsulunun qızını göz bəbəyi kimi qoruyur, bunu bilən Fatimə də Onu canından artıq sevirdi. Əslində, bu nəcib qadın elə bil, sırf övliya və əsfiya nəslini yetirmək üçün dünyaya gəlmişdi. Daima atasını və Onun müqəddəs məfkurəsini düşünürdü. Allah Rəsulunun vəfat edəcəyini eşidəndə iniltisi ilə cahanı titrətməsini və ailədən vəfat edib atasına qovuşan ilk insanın özü olacağını biləndə sevincinin yerə-göyə sığmamasını başqa cür izah etmək mümkün deyil.[13]

Bəli, ata-bala bir-birini çox istəyirdilər. Ancaq Allah Rəsulu Fatiməyə sevgisində də müvazinəti qoruyur və onu uca aləmlərə hazırlayırdı. Çünki əbədi vüslət o biri aləmdə mümkün olacaq, hicran və həsrət orada sona çatacaqdı. Qızı Fatimə ilə Allah Rəsulu ancaq 25 il birlikdə ola bilmişdilər. Bəli, Həzrət Fatimə Allah Rəsulundan altı ay sonra 25 yaşında vəfat etmişdi.[14]

3. Övladlarını əbədi həyata hazırlaması

Allah Rəsulu əbədiyyətə, yəni insanların yaradılış qayəsinə talib idi. Bəli, insan əbədiyyət üçün yaradılmışdır. Onun qəlbi əbəddən, Əbədi Zatdan başqa heç bir şeylə aram və hüzur tapa bilməz. Ondan başqa bir şey istəməz, iradi, qeyri-iradi daima Onu arzular. Nəhayət, insan əbədiyyəti tapanadək mənən doymaz, rahatlıq üzü görməz.

Bəli, insanın bitib-tükənməyən ümid və arzuları vardır. Ona nə verirsiniz-verin, qane edə bilməzsiniz! Bütün din və peyğəmbər bəyanlarının kökündə də məhz üqba (əbədi aləm, axirət) mehvərli müvazinət dayanır. Ona görə də Allah Rəsulu (s.a.s.) bir tərəfdən onlara qucaq-qucaq hüzur ərməğan edir, digər tərəfdən də onları əbədi səadətə hazırlayırdı. Aşağıdakı hadisə buna ən gözəl nümunələrdən biridir:

Fatimə anamız boynunda bir boyunbağı Allah Rəsulunun hüzuruna gəlir. Allah Rəsulu (s.a.s.) bir rəvayətdə qızının boynundan boyunbağını çıxarır. Başqa bir rəvayət də isə boyunbağı Fatimə anamızın əlində olur və Allah Rəsulu ona belə buyurur:

– İstəyirsən ki, xalq – burada "xalq" sözü ilə insanlar və ya ruhani varlıqlar, mələklər, səma sakinləri nəzərdə tutula bilər – "Peyğəmbərin qızı əlində Cəhənnəmdən bir zəncir, bir boyunbağı gəzdirir" – desin?"

Bəli, bir tərəfdən onları əziz tutur, iltifatını əsirgəmir, digər tərəfdən də üzlərini axirətə, Allaha, əbədi və üxrəvi gözəlliklərə çevirirdi. Bu söz Həzrət Fatiməyə kifayət etmişdi. Çünki onları deyən qəlb taxtının sultanı atasıydı. Həzrət Fatimə nəql edir ki:

"Dərhal boyunbağını satdım, bir kölə alıb azad etdim və sonra da Allah Rəsulunun hüzuruna gəlib elədiklərimi bir-bir danışdım. Sözlərimi eşidəndə şad oldu, sevindi. Sonra da əllərini açıb Allaha şükür etdi: (Qızım) Fatiməni Cəhənnəmdən qoruyan Allaha həmd olsun."[15]

Əlbəttə ki, Həzrət Fatimə boynuna taxdığı bu boyunbağı ilə haram işləməmişdi. Ancaq Allah Rəsulu sevimli qızının müqərrəbinlərdən olmasını istəyirdi. Peyğəmbərimizin xəbərdarlığı təqva və Allaha yaxınlıq mahiyyətli idi. Bu, bir mənada fani dünyaya bağlanmamaq, daha çox da uca məqamı və qiyamətədək təmsil etdiyi silsilə baxımından, "Əhli Beyt"in anasına yaraşan diqqət və həssaslıq nümunəsi idi.

Bəli, Həsənə, Hüseynə ana və daha sonralar gələn Zeynəlabidin kimi abidlərə ziya mənbəyi olmaq, əlbəttə, asan deyildi. Allah Rəsulu onu əvvəlcə Əhli-Beytə, sonra da Şahi-Geylani, Məhəmməd Bahauddin Nəqşibənd, Əhməd Rifayi, Əhməd Bədəvi, Şazili kimi neçə-neçə övliyalara ana olmağa hazırlayırdı. Elə bil: "Qızım, sən elə bir ər evinə, elə bir evə gəlin gedirsən ki, o müqəddəs ailəndən dünya qədər qızıl silsilələr çıxacaq. Boynundakı bu qızıl boyunbağını bir kənara at, sən onlara ana olmağı düşün!" – deyirdi. Nəqşilərin, rifayilərin, şazililərin və yüzlərlə uca yolun yolçularının qızıl silsiləsi...

Bəli, övliya, əsfiya, əbrar və müqərrəbinə ana olmaq asan iş deyildi. Odur ki, Allah Rəsulu bu məsələdə öz ailəsi ilə daha həssas və ciddi rəftar edirdi. Bəli, O, bu davranışları ilə – şəfqət və mərhəmət öz yerində – onların nəzərlərini üxrəvi aləmlərə çevirərək sirati-müstəqimin[16] bir yönünü xatırladır və sanki "Sizə Allah gərək, Allah!" deyirdi. Çünki onların yolundan:

Cənnət, Cənnət dedikləri
Üç-beş köşklə bir neçə huri
İstəyənə ver onları,
Mənə Sən gərək, Sən!

deyib bütün ömrünü üqba və Allaha yaxınlıq istiqamətində yaşayan insanlar çıxacaqdı. Beləliklə də, Allah Rəsulu ən çox sevdiyi bu insanları – əsl sevgi məhz bunu tələb edir – dünyanın kirinə-pasına bulaşmaqdan qoruyur, üstlərinə toz qonmasına imkan vermir, onların nəzərini ülvi aləmlərə çevirir və onları orada bir olmağa hazırlayırdı. "İnsan sevdiyi ilə bərabərdir."[17] Həzrət Məhəmmədi (s.a.s.) sevirsinizsə, Onun yolu ilə gedəcəksiniz. Bu dünyada Rəsulullahın yolunu tutanlar o biri aləmdə də Onunla birlikdə olacaq.

Allah Rəsulu onları əbədi vüsala hazırlarkən bir tərəfdən sevib bağrına basır, digər tərəfdən də bu sevgini çox yaxşı dəyərləndirirdi. "Sevdim, bağrıma basdım, səni əzizim bildim. Allah səni ümmətin əzizi etdi. Sən bəşərin başında Həzrət Məryəm kimisən". Allah Rəsulu – zəif bir rəvayətdə – Həzrət Məryəmin izzətini:

"Qadınlar arasında bir peyğəmbər olsaydı, Həzrət Məryəm olardı", – sözləri ilə təqdir edir. Sən də onun kimi uca bir qadınsan.. elə isə dünya ilə münasibətdə ən azı onun qədər izzətli və müvazinətli olmalısan.

İnsanlara şəfqət göstərəcəksən, onları qəlbən sevib bağrına basacaqsan, lakin axirətə hazırlamağı da əsla unutmayacaqsan, ehmal etməyəcəksən. Budur sirati-müstəqim, orta və ən doğru yol! Bir yol ki, rəhbəri Allah Rəsuludur...

4. Həzrət Fatimənin xidmətçi istəməsi

Onun tərbiyə sistemi ilə əlaqədar bir gözəl nümunəyə də İmam Buxari və Müslimin kitablarında rast gəlirik... Hadisəni Həzrət Əli (r.a.) nəql edir:

"Evimizdə xidmətçimiz yox idi. Fatimə bütün işlərini özü görürdü. Onsuz da, bircə otağımız vardı. Fatimə orada ocağı yandırıb yemək bişirməyə çalışırdı. Çox vaxt ocağı alışdırmaq üçün əyilib közləri üfləyəndə sıçrayan qığılcımlar paltarını yandırırdı. Paltarı dəlik-deşik olmuşdu. İşi təkcə bu deyildi. Çörək bişirir, su daşıyırdı. Dəyirman daşını çevirə-çevirə əlləri, su daşıya-daşıya da kürəyi qabar bağlamışdı.

Bu vaxt bir döyüşdən sonra Mədinəyə əsirlər gətirilmişdi. Allah Rəsulu bu əsirləri Mədinə əhalisindən istəyənlərə paylayırdı. Fatiməyə dedim ki, atasının yanına gedib bir xidmətçi istəsin, ev işlərinə köməyi olar.

O da atasının yanına getdi, lakin Rəsulullah evdə yox idi. Həzrət Aişə: "Gələndə mən xəbər verərəm" – demiş, o da geri qayıtmışdı. Yatağa uzanmışdıq ki, Allah Rəsulu birdən evimizə gəldi. Yataqdan durmaq istədik, mane oldu.. və aramıza oturdu. Sinəmə toxunan ayağının sərinliyini hiss edirdim. Arzumuzu soruşdu. Fatimə də vəziyyəti danışdı. Allah Rəsulu belə dedi:

"Ey Fatimə, Allahdan qorx və Allaha aid vəzifəni qüsursuz yerinə yetir! Allahın çiyninə yüklədiyi fərzlərə layiqincə əməl et. Ərinə də daim sadiq və itaətkar ol! Onun haqqına da riayət elə! (Yəni sənin iki vəzifən var: Allaha ibadət, sonra da ərinə itaət etmək.) Sənə bir şey də söyləyim. Yatağına girəndə otuz üç dəfə "Sübhanallah", otuz üç dəfə "Əlhəmdülillah", otuz üç dəfə də "Allahu Əkbər" de. Bu sənin üçün xidmətçidən daha xeyirlidir."[18]

Yəni: Mən sənə axirəti göstərirəm... orada mənə qovuşmaq və mənimlə birlikdə olmaq istəyirsənsə, iki yolun var: Birincisi, Rəbbinə ibadət vəzifəndə qüsura yol verməməli, ikincisi də ərinə aid vəzifə və mükəlləfiyyətlərini yerinə yetirməlisən. Bir xidmətçinin sənin ərinə aid vəzifələri yerinə yetirməsi sənin kamala çatmağına mane ola bilər. Halbuki sən zülcənaheyn (iki qanadlı) olmalısan. Bir insan ən kamil qul olmaq və ibadətini ən mükəmməl yerinə yetirmək üçün nə etməlidir? Bir bəndə ən mükəmməl insan olmaq və mükəlləfiyyətlərini qüsursuz-qəzasız yerinə yetirmək üçün nə etməlidir? Sənin vəzifən də bunlara əməl etməkdir.

Sən əvvəla, Rəbbinə ibadətini ən mükəmməl şəkildə yerinə yetir və kamil bir qul ol! Sonra da Əli kimi qiyamətə qədər gələn əhlullahı sülbündə (belində) daşıyan böyük bir insana aid zövcəlik vəzifələrini yerinə yetir və mükəmməl bir insan ol! Ol ki, bütün mükəmməlliyin və mükəmməllərin toplandığı yerdə – Cənnətdə mənimlə birlikdə ola biləsən!

Burada Həzrət Əli ilə əlaqədar bir məqamı ərz etmədən keç­məyə könlüm razı olmur. Allah Rəsulu qızını ona tərəddüdsüz vermişdi. Çünki o, Həzrət Fatimə kimi peyğəmbər qızına ər və bir nəbiyə kürəkən olmağa layiqdi. O, övliyanın şahı idi.. bu fitrətlə yaradılmışdı. Allah Rəsulu bir gün belə buyurmuşdu: "Hər peyğəmbərin nəsli özü ilə davam etmişdir, mənim nəslimi isə Əli davam etdirəcək."[19] Yəni mənim nəsil ağacımı o sulayacaq, o yetişdirəcək, o budayacaq. Meyvəsini dərənlər mənimlə birlikdə Əhli-Beyt içində onu da yad edəcəklər. Məsələyə bu prizmadan baxsaq, Həzrət Əliyə itaət Allah Rəsuluna itaətdir. Allah Rəsuluna itaət də Allaha itaətdir.

Peyğəmbərimiz ailədə kişinin yeri və haqqı barədə belə buyururdu: "Əgər Allahdan başqasına səcdə etmək olsaydı, qadınlara ərlərinə səcdə etməyi əmr edərdim."[20] Əgər belə bir şey caiz olsaydı, Həzrət Əli buna çoxdan layiq idi. Bəli, əgər kişiyə səcdədən söhbət getsəydi, başda Həzrət Əli gələrdi. Zülcənaheyn olmaq istəyirdisə, əri Həzrət Əliyə xidmətdə heç kimi özünə şərik etməməli idi. Xidmətçi tutmaq qanadın birini qırmaq deməkdi. Tək qanadlı bir qadın isə Həzrət Həsənə, Həzrət Hüseynə, Şahi-Geylaniyə.. və qiyamətə qədər gələcək bütün qütblərə (böyük mürşidlərə), mücəddidlərə, müctəhidlərə ana ola bilməzdi. Allah Rəsulu onu uca məqama çatdırmaq üçün dünyadan bütün əlaqələrini kəsir, nəzərlərini axirətə yönəldirdi. Çünki Allah (cəllə cəlaluhu) da Onu belə tərbiyə etmişdi:

Bəli, dünyaya gəlmədən atasını almışdı. Gözünü açanda ata kimi arxası olmamışdı. Altı yaşına çatanda digər dəstəyini – anasını axirətə aparmışdı.. və beləcə dünyaya gələr-gəlməz tövhid nuruna, əhadiyyət sirrinə gedən yolları açmışdı önündə. Əb­dülmüttəlibin himayəsi isə bir müddət ilahi izzət və əzəmətə bir pərdə, arxa duran hami üçün də bir şərəf olmuşdu. Amma bu da Onun nəzərində səbəblər baxımından artıq heç bir məna ifadə etmirdi. Əbu Talibin qayğı göstərməsi və arxa çıxması isə əmilik himayəsindən o tərəfə keçməmişdi.. və üxrəvi baxımdan Həzrət Əliyə atalıq kimi bir nemət idi. Bu yaxınlıq sayəsində bir gün Əlini götürüb yanında böyüdəcək, Şahi-Mərdan, Heydəri-Kərrar və Şahi-Övliya kimi uca məqamlara yüksəldəcəkdi. Allah (cəllə cəlaluhu) Rəsulunun ətrafını səbəblərdən təmizləmiş və Onu bütün varlığı ilə Öz dərgahına yönəltmişdi. "Sən səbəblər dünyasında gəzə bilməzsən, sən hər yerdə "Ey Rəbbimiz! Biz ancaq Sənə təvəkkül etdik, tövbə edib ancaq Sənə tərəf qayıtdıq. Axır dönüş də ancaq Sənin hüzurunadır." ("Mumtəhinə" surəsi, 60/4) həqiqətini təmsil etməlisən. Allaha güvənməli, Allaha arxalanmalısan.

Fatimə Onun qızı idi. İlahi tərbiyənin lütf etdiyi fəzilətləri qızından əsirgəyə bilməzdi. O qız ki, Həzrət Həsəneyndən (İki Həsən – Həzrət Həsən və Hüseyn) Xatəmül-övliyaya qədər bir çox Haqq dostunun anası olacaqdı. Beləliklə, onu bu mübarək meyvələrin çəyirdəyi mahiyyətində yetişdirməli idi. Elə buna görə də Peyğəmbərimiz fövqəladə mərhəməti, şəfqəti, sevgisi və könüllərdə taxt qurması ilə yanaşı, Fatimənin nəzərini həmişə üxrəvi aləmlərə çevirirdi.

5. Peyğəmbər evinin tərbiyəvi ab-havası

Allah Rəsulunun ailəsində xəşyət (Allah qorxusu) hakim idi. O ailənin üzvləri xəşyət hissi ilə oturub durur, xəşyətlə nəfəs alırdılar. Allah Rəsulunun baxışlarını tuta bilənlər o gözlərdə daima Cənnətin gözəlliyini və ya Cəhənnəmin dəhşətini görə, hətta hiss edə bilərdilər. Ailəsi Onun namazda titrəməsinə, irəli-geri gedib gəlməsinə, Cəhənnəm əndişəsindən sarsılmasına, Cənnət arzusuyla qanadlanmasına hər gün şahid olurdu.

Bəli, Ona baxan Allahı xatırlayırdı. İmam Nəsayi nəql edir: "Allah Rəsulu (s.a.s.) namaz qılarkən elə bil içində qazan qay­nayırdı."[21] O, daim ağlayaraq, qazan kimi qaynayaraq Allaha yönəlib namaz qılardı. Aişə anamız dəfələrlə Onun Rəbbinin hüzurunda başını yerə qoyub titrədiyini, ürpərti ilə səcdə etdiyini görmüşdü.[22]

Təbii ki, Onun bu halı ev əhlinə də təsir edir və onlara çox şey öyrədirdi. Allahdan çox qorxan bu Nəbilər Sultanının xanım və övladlarında da eyni xəşyət hissi hakim idi. Çünki Allah Rəsulu həmişə elədiyini, yaşadığını söyləyir və söylədiyini də əməlləri ilə göstərirdi. Bunun ən bariz şəklini ancaq Onun ailəsində görə bilirik. Yer üzündə bütün pedaqoq və tərbiyəçilər bütün tərbiyə sistemlərini səfərbər etsələr, insan yetişdirməkdə o ailəyə çata bilməzlər.. və çata bilməmişlər də.

Bəli, Allah Rəsulu (s.a.s.) eləmək və demək istədiklərini daha çox davranışlarıyla göstərir, sonra da əməllərinə tərcüman olurdu. İnsan Allah qarşısında nə səviyyədə xəşyət hissi keçirməli, necə təvazökar olmalı, acizliyini necə dərk etməli, necə səcdə etməli və necə ikiqat olmalıdır? Rükunu necə etməli.. qadədə (namazın oturuşlarında) belini necə bükməli, gecələri necə fəryad etməlidir?… Allah Rəsulu bütün bunları evində etmiş, sonra da əshabı ilə söhbətində: "İnsanlar belə etməlidir. Uşaqlarını belə tərbiyə etməlidir. Haqq və həqiqətə bu cür tərcüman olmalıdır", – demiş.. və dedikləri də həm öz ailəsində, həm də əshabı arasında rəğbətlə qarşılanmış, qəbul edilmiş , inanan insanların qəlbinə həkk olunmuşdur.

Hər şeydən əvvəl O, tayı-bərabəri olmayan bir ata və baba idi. Bizə çox sadə görünsə də, atalıq və babalıq çətin və məsuliyyətli vəzifədir. Allah Rəsulu atalıq və babalıq vəzifələrini asanlıqla və layiqincə yerinə yetirən ən kamil ata və babadır.

Onun yetişdirdiyi övlad və nəvələrin sülbündən gələn nə qədər insan bəşərin uca üfqünə yüksəlmiş, günəş, ay və ulduzlar kimi əsrlərə səpələnmişdir. Allah-Təala bu şərəf və neməti yalnız son Peyğəmbəri Həzrət Məhəmmədə nəsib etmişdir. Allah Rəsulunun nəsli yeganə nəsildir ki, sayı milyonları keçsə də, içindən bircə mürtəd belə çıxmamışdır.

Elə Haqq dostları var ki, böyük məqamlara ucalsalar da, ev­lərində bitən "övlad ağacı" bəhərsiz olmuşdur. Övlad və ya nəvələri yoldan azıb şeytana uymuşlar. Hal-hazırda buna yüzlərlə nümunə göstərmək mümkündür. Ancaq Allah Rəsulunun heç bir övlad və ya nəvəsi o ailəyə, ailənin məna köklərinə xəyanət etməmişdir. Nəinki xəyanət etməmiş, daima ona sadiq qalaraq vəfa timsalı olmuşdur.[23]

Bəli, insan nə qədər dahi olur-olsun, bu qədər mükəmməl tərbiyəçi ola bilməz. Risalətin bir dəlili də məhz budur.

[1] Müslim, "Fədail...", 63; Əhməd ibn Hənbəl, "Əl-müsnəd", 3/112.
[2] Müslim, "Fədail...", 62-63; Əhməd ibn Hənbəl, "Əl-müsnəd", 3/112.
[3] Buxari, "Cənaiz", 44; Müslim, "Fədail", 62; "Cənaiz", 12.
[4] Bəzzar, "Əl-müsnəd", 1/418.
[5] Tirmizi, "Mənaqib", 30; Hakim, "Əl-müstədrək", 3/186.
[6] Münavi, "Feyzül-Qadir", 6/16.
[7] Təbərani, "Əl-mücəmül-kəbir", 3/52.
[8] Buxari, "Zəkat", 60; Müslim, "Zəkat", 161.
[9] Buxari, "Cihad", 196; Müslim, "Fədailus-səhabə", 65-68; Əbu Davud, "Cihad", 54.
[10] Buxari, "Ədəb",18; Müslim, "Məsacid", 42.
[11] Tirmizi, "Mənaqib", 60; Əbu Davud, "Ədəb", 143.
[12] Buxari, "Nikah" 12, 16; Müslim, "Fədailüs-səhabə", 93-96.
[13] Buxari, "Mənaqib", 25; Müslim, "Fədailüs-səhabə", 98-99.
[14] Hakim, "Əl-müstədrək", 3/176-177; İbn Həcər, "Əl-isabə", 8/54, 57.
[15] Nəsayi, "Zinət", 39; Əhməd ibn Hənbəl, "Əl-müsnəd", 5/278-279.
[16] Doğru yol. Allahın razı olduğu ən doğru yol.
[17] Müslim, "Birr", 165. (Kəlmə fərqi ilə; Buxari, "Fədailül-əshab", 6.)
[18] Buxari, "Fədailül-əshab", 9; Müslim, "Zikr", 80, 81; Əbu Davud, "Xərac", 19.
[19] Təbarani, "Əl-mücəmül-kəbir", 3/43; Deyləmi, "Əl-müsnəd", 1/172.
[20] Əbu Davud, "Nikah", 41; Darimi, "Səlat", 159.
[21] Nəsayi, "Səhv", 18.
[22] Müslim, "Səlat", 221; Əbu Davud, "Səlat", 147.
[23] Bir-iki nadanın əvvəlcə bu mənsubluqdan sui-istifadə etməsi, sonra da xəyanətə əl atması ümumi qaydaya xələl gətirmir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.