Qabiliyyətləri kəşf etməsi

Qabiliyyətləri kəşf etməsi

Ümmətini tanımaqda da tayı-bərabəri yox idi. Həbəşistana hicrət edənləri və hicrət qafiləsinin rəhbərlərini də son dərəcə dəqiqliklə seçmişdi. Cəfər ibn Əbu Talibin (r.a.) Nəcaşinin hüzurunda müsəlmanların lehinə gördüyü işlər isə bu qərarın təsdiq möhürüdür.[1]

Mədinəyə göndərdiyi ilk mürşid Musab ibn Ümeyr (r.a.) idi. Musab gördüyü parlaq işlərlə Allah Rəsulunun müxtəlif iş və tapşırıq üçün insan seçimində məharətini bir daha təsdiq etmişdir. O gün Mədinəyə Musab kimi incə ruhlu bir insan lazım idi, Rəsulullah da onu göndərdi.[2]

Hicrət zamanı yerində bir nəfər uzanmalı və müşrikləri lən­gitməli idi. O əsnada Allah Rəsulunun qəsdinə duranlar onu yatağında yatan adama səhvən xətər yetirə bilərdilər. Belə bir vəziyyətdə orada qalmağa Həzrət Əli kimi bir qəhrəman lazım idi. Rəsulullah onu seçdi.[3]

Mağarada Ona kim yoldaş olacaqdı? Mədinəlilər ilk dəfə Onu kiminlə görməli idilər? O, həmişə ikincilik məqamını qoruyan Həzrət Əbu Bəkir (r.a.) olmalı idi və elə də oldu.[4] Allah Rəsulu yolun başında Əbu Bəkri (r.a.) hansı mövqeyə qoydusa, həyatının sonuna qədər də Əbu Bəkir (r.a.) orada qaldı. Çünki ilk seçim çox dəqiq və yerində edilmişdi.

Elə Raşid xəlifələrin hər birində Onun seçiminin izi var. Birinci xəlifə Əbu Bəkir, ikinci Ömər, üçüncüsü Osman və dördüncüsü də Əli (radiyallahu anhum) olmalı idi. Çünki qədərin cızdığı ömür payı belə olmasını zəruri edirdi. Görünür, bu ardıcıllıq ilahi bir təsniflə müəyyən edilmişdi.

Əbu Dücanəyə (r.a.) uzatdığı qılıncdan tutmuş[5] Nuaym ibn Məsuda (r.a.) verdiyi Qüreyşlə yəhudilərin ittifaqını pozma tap­şırığına qədər[6] bütün qərarlarında "iş bacarana, layiq olana həvalə edilməlidir" prinsipi ilə hərəkət etmiş və bunda da müvəffəq olmuşdu.

Hüzeyfəyə sirr vermək olardı, – sirlərini ona əmanət etmişdi.[7] Məkkədə kəşfiyyat üçün əmisi Həzrət Abbasdan (r.a.) istifadə etdi – Həzrət Abbas bu işin öhdəsindən layiqincə gəldi.[8]

Orduya sərkərdə təyin etdiyi şəxslərdən məktub verib hökmdarlara göndərdiyi elçilərə, elm öyrənsinlər deyə Suffəyə topladığı səhabələrdən zəkat amillərinin (zəkat yığan məmurlar – red) seçilməsinə qədər bütün hadisələr Onun bənzərsiz lider olduğunu təsdiqləyirdi.

Bəli, vəzifə və məsuliyyət tapşırılası insanları düzgün seçməyi bacarmaq bir lider üçün çox əhəmiyyətlidir. Tarix bu mövzuda liderlərin etdiyi xətalarla doludur. Ən yaxınlarından xəyanət görən liderlərin sayı heç də az deyil.

Ərqam ibn Əbil-Ərqamı (r.a.) Allah Rəsulu daha çox maliyyə işlərində istifadə edirdi. Həzrət Əbu Bəkir (r.a.) və Həzrət Ömər (r.a.) dövründə də o eyni işlərlə məşğul olmuşdur. Həzrət Osman (r.a.) öz sərvətindən yaxın qohumlarına daha çox kömək edirdi. Ancaq onun bu əliaçıqlığını bəzi insanlar yanlış yerə yozur və Ümeyyə oğullarının beytülmaldan (xəzinədən) sui-istifadə etdiklərini sanırdılar. Ərqam ibn Əbi Ərqam (r.a.) bu cür məzəmmətə tuş gəlməmək üçün Həzrət Osmana (r.a.) müraciət edərək xəzinənin açarını təhvil verdi. "Camaat elə bilir ki, sən qohumlarına öz malından deyil, xəzinədən kömək edirsən, mən belə ittihamlarla maliyyə işlərinə nəzarət edə bilmərəm" – dedi və vəzifəsindən ayrıldı.. o vaxtadək ömrünün təxminən 25 ili maliyyə işlərində keçmişdi.[9]

[1] Əhməd ibn Hənbəl, "Əl-müsnəd", 1/201-202.
[2] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 2/281.
[3] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 3/8-9.
[4] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 3/13.
[5] Müslim, "Fədailüs-səhabə", 128; Əhməd ibn Hənbəl, "Əl-müsnəd", 3/123.
[6] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 4/188.
[7] Buxari, "Fədailül-əshab", 20.
[8] İbn Həcər, "Əl-isabə", 3/631.
[9] İbn Həcər, "Əl-isabə", 1/43.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.