Tərbiyə sistemi

Tərbiyə sistemi

Peyğəmbərimizin (s.a.s.) ortaya qoyduğu təlim-tərbiyə prinsipləri Qurani-Kərim və Sünnədə təfsilatı ilə əksini tapmışdır. Əslində, hər şeyi bir kənara qoyaq, Onun təkcə Qurani-Kərimi insanlara təbliğ etməsi və mənimsətməsi belə öz-özlüyündə bir möcüzədir. Mövzumuz Quran deyil, ancaq haşiyə çıxaraq bir məqamı çatdırmaq istəyirəm.

Kainatın İftixarı heç bir şey bilməyən, oxuma yazmadan bixəbər, məktəb və mədrəsə görməmiş bir cəmiyyətdə zühur etmişdi. Vəfat edəndə isə əshabı arasında yenicə həddi-büluğa çatmış cavanlardan ömrünün sonlarını yaşayan qocalara qədər oxuma-yazma bilməyən bircə adam qalmamışdı. Halbuki hal-hazırda bu qədər imkana, bu qədər səy və cəhdlərə rəğmən, hərfləri öyrənəli 65 il[1] olmasına baxmayaraq, hələ xalqımızın çoxuna oxumağı, yazmağı öyrədə bilməmişik!

Allah Rəsulu isə 23 ildə inandırmış, maarfiləndirmiş və hər kəsə oxuma-yazma öyrətmişdi. İnanmıram ki, Rəsulullah dünyadan köçəndə Qurani-Kərim oxumağı bilməyən səhabə qalsın... O dövrdə Quran oxumaq bir yana, xışla tarla şumlayan Mədinənin əkinçiləri cütçüləri Quranı yeddi və ya on vəchlə oxumağı bacarırdılar. Bu gün "vücuh elmi" adlanan Quranın fərqli oxunma üsulunu bu sətirlərin müəllifi də bilmir və bilənlərin sayı da barmaqla gösrtəriləcək qədərdir.

Doğrudur, onlar fitrətən istedadlı insanlar idilər. Hafizələri yorğun deyildi. Ancaq bu böyük işin öhdəsindən təkcə zəka və hafizə sayəsində gəlmirdilər. Əksinə, Allah Rəsulunun gətirdiyi tədris sistemi onları Quranla bütünləşdirirdi.

Halbuki bu insanlar dünənəcən hər cür çirkin əxlaqın içində idilər. Allah Rəsulu o müdhiş icraatları ilə onları bütün pis xislətlərdən arındırdı və yeni bir insana çevirdi.

Məsələn: Qurani-Kərimin:

وَقَضَى رَبُّكَ أَلاَّ تَعْبُدُوا إِلاَّ إِيَّاهُ وَبِالْوَالِدَيْنِ إِحْسَاناً
"Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərlə yaxşı rəftar etməyi buyurmuşdur" ("İsra" surəsi, 17/23)

ayəsi nazil olur və dünənədək anasını-atasını doğrayan bu insanlara elə təsir edirdi ki, bir səhabə gəlib: "Ya Rəsulallah, – deyirdi, – atam mənə baxanda təbəssüm etməsəm, cəzam nə olacaq?"

Yenə Qurani-Kərimin

وَلاَ تَقْرَبُوا مَالَ الْيَتِيمِ
"Yetimin malına, xeyirxah məqsəd (onu qoruyub saxlamaq, çoxaltmaq) istisna olmaqla, əl uzatmayın"[2]

məallı ayəsi gəlincə bir çox səhabə Allah Rəsulunun hüzuruna gələrək "Bizdə olan yetimlərin malını al və sahiblərinə ver" – demişdi. Diqqət yetirilsə, ayədə "Yetimin malını yeməyin" deyilmir, "O mala əl uzatmayın!" buyurulur. Səhabələr səhabəyə layiq həssaslığı göstərir və onlara əmanət edilən yetim malını qaytarmaq istəyirdi. Yetimə aldığı nəfəsi çox görən və onun bütün varını-yoxunu əlindən almağa çalışan bu insanlara nə olmuşdu ki, belə birdən-birə dəyişib başqalaşmışdılar.

Zinakarlıq cəmiyyətdə geniş yayılmışdı, tamam məşru sayılırdı. Çox az adam tapılardı ki, çıxıb bu əxlaqsızlığa etiraz etsin. Bir müddət sonra nazil olan:

وَلاَ تَقْرَبُوا الزِّنَى
"Zinaya da yaxınlaşmayın!" ("İsra" surəsi, 17/32)

ilahi hökmü bu rəzalətin kökünü kəsdi. Bəli, ayənin nazilindən sonra cəmi bir-iki zina hadisəsinə rast gəlinmişdi.

Cahiliyyə insanları oğurluq və quldurluqda yarışır, bunu qəhrəmanlıq sayırdılar. Quranın:

وَالسَّارِقُ وَالسَّارِقَةُ فَاقْطَعُوا أَيْدِيَهُمَا
"Kişi və ya qadın – oğurluq edənin (sağ) əlini kəsin" ("Maidə" surəsi, 5/38)

fərmanı gəlincə hər şey birdən-birə dəyişdi. Bu ayədən sonra, əlin kəsilməsi ilə nəticələnən bir iki oğurluq hadisəsi məlumdur. Və yenə Qurani-Kərim bu cəlladlara:

وَلاَ تَقْتُلُوا النَّفْسَ الَّتِي حَرَّمَ اللّٰهُ
"Allahın haram buyurduğu cana haqsız yerə qəsd etməyin" ("İsra" surəsi, 17/33)

buyurması qətl və cinayətlərin qarşısını almağa kifayət elədi. Bəli, o dövrdə biri qəsdən – bir müsəlman bir yəhudini öldürmüşdü, – digəri də yanlışlıqla olmaqla, cəmi iki qətl hadisəsi baş vermişdi.

İndi baxın, Allah Rəsulunun 23 illik peyğəmbərliyi ərzində etiraf edilmiş bir zina əməli, bir yəhudinin öldürülməsi və bir qadının əlinin kəsilməsi kimi bir neçə hadisəyə şahid oluruq.

Halbuki bir az əvvəl də qeyd etdiyim kimi, bu cəmiyyət vəhşi və qəddar cəmiyyət idi.

Allah Rəsulu məhz bu cəmiyyətdən Əbu Bəkir, Əbu Hüreyrə, hətta Maiz, Qamidiyə kimi insanlar çıxarır. Budur, palçıqdan, bataqlıqdan və çirkabdan nurəfşan bir toplum zühur edir. Bu, möcüzə deyil, nədir?

Bu geniş və dərin mövzunu təfsilatıyla ərz etmək mümkün deyil, icazənizlə, ali əxlaqın üç-dörd prinsipinə dair bir iki misal verib Həzrət Məhəmmədin (s.a.s.) möhtəşəm islahatlarını bir daha göz önünə sərərdim .

1. Əliaçıqlıq və isar

Cahiliyyə toplumu ancaq və ancaq öz mənfəət və xeyrini düşünürdü. Möhtac insanlara əl tutmaq, yardım etmək, dar gündə dada yetmək onlara tamam yad işlər idi. Başqasını özündən üstün tutmaq, ehtiyac içində ola-ola kömək etmək – ki, buna "isar" deyirik, – kimi fəzilətlərin adını da eşitməmişdilər. Ancaq Allah Rəsulunun risaləti onlara bir çox çirkin xüsusiyyət kimi, xəsisliyi də tərgitdi, onların ruhunu səxavət və isar hissi ilə cilaladı.

Devs qəbiləsinin böyük övladı Həzrət Əbu Hüreyrə nəql edir:

Bir gün Peyğəmbərin hüzuruna bir nəfər gəldi. Allah Rəsuluna yaxınlaşıb: "Ya Rəsulullah! Neçə gündür, yeməyə bir şey tapmıram. Bir şey yemədən dalbadal oruc tutmağa niyyət etdim", - dedi. Allah Rəsulu ətrafına göz gəzdirdi. Lakin onu evinə aparıb qonaq edəcək səhabə görə bilmədi. Bir qədər sonra Allah Rəsulunu çox sevən Əbu Talha ayağa qalxıb: "Ya Rəsulallah, onu qonaq eləmək istəyirəm," – dedi və evinə apardı.

Hər şeyini İslam uğrunda fəda edən bu insanların əlində-ovcunda heç nə qalmamışdı.. evlərində hərdən bir şorba bişə-bişməyəydi. Ehtimal ki, o gün xanımı Ümmü Süleym bir parça şorba bişirmişdi. Və onu uşaqlarına verəcəkdi.. Qonaq evə gəlincə ər-arvad danışdılar: "Bu gecə şorbanı Allah Rəsulunun qonağına yedirək. Biz necə olsa, bu gün də ac oruc tuta bilərik. Uşaqları birtəhər yatırdaq, səhər onlara bir çarə taparıq."

Yeməyi süfrəyə qoyar-qoymaz xanım "səhvən" şamı söndürəcək və ev sahibi qaşığını boş aparıb-gətirəcəkdi. Çünki şorba bir adama ancaq çatardı... beləcə qonaq da qarnını doyuracaqdı. Dedikləri kimi də elədilər. Beləliklə, səhər oldu və sübh namazında Allah Rəsulunun arxasında yerlərini aldılar. Allah Rəsulu (s.a.s.) namazı qıldırıb əshabına tərəf çevrildi, Əbu Talha və qonağını gözləri ilə axtarıb tapdı və soruşdu: "Bu gecə nə etdiniz ki, haqqınızda:

وَيُؤْثِرُونَ عَلَى أَنْفُسِهِمْ وَلَوْ كَانَ بِهِمْ خَصَاصَةٌ
"Özləri ehtiyac içində ola-ola başqalarını özlərindən üstün tutarlar" ayəsi nazil oldu.[3]

Cahiliyyə insanı "isar"dan, yəni başqasını özündən üstün tutmaq, acı doyurmaq, paltarsıza paltar vermək, yaşatmaq, amma yaşamamaq, daddırmaq, amma dadmamaq kimi fəzilətlərdən bixəbər idi. O dövrdə belə bir şey yox idi, amma Allah Rəsulu onlara haqq yolunu göstərdi, gözəllikləri onların qəlbinə nəqş elədi və onları bu hislərlə, bu fəzilətlərlə yoğurdu. Siz bu diyərqəmlik[4] ruhuna istər səbir deyin, istər dözüm deyin, istər təslimiyyət dəyin, nə deyirsiniz deyin, nəticə dəyişməyəcək.

Bir alimin dilindən çıxan ölümsüz kəlamı bir daha təkrar edək: "İman təslim olmağı, təslim təvəkkülü, təvəkkül dünya və axirət səadətini tələb edir". Bəli, inanırsınızsa, Allaha təslim olacaqsınız. Allaha təslim olmaqla Ona təvəkkül edəcək və Ona güvənib arxalanacaqsınız. Məhz bu zaman da dünya və axirət səadətinə qovuşacaqsınız.

2. Xansanın qəhrəmanlığı

Xansa qardaşının ölümünə yazdığı mərsiyyələrlə yeri-göyü inlətmişdi. Bu böyük qadın o gün hələ cahiliyyənin tozundan, torpağından təmizlənməmiş, Həzrət Məhəmmədi tanımamış, Ona iman etməmiş, Quranın füsunkar bəyanını dinləməmiş və onun ümmanına baş vurmamışdı. Quranı tanıyar-tanımaz birdən-birə dəyişdi. Həm də necə dəyişdi! Cahiliyyə dövründə qardaşına dastan yazan bu uca ruhlu qadının dörd oğlu Qadisiyyə döyüşündə dalbadal şəhid oldu.. həm də şair təbiətli bir ananın həssas qəlbini parçalaya-parçalaya.. bir ana kimi inləmədi, iztirabdan qıvrılmadı, Haqqın yazısına ürəkdən təslim olaraq bu sözləri dedi:

"Allahım, Sənə şükürlər olsun. Verdiyin dörd oğulu sağ ikən Sənə hədiyyə göndərməyi mənə bəxş etdin!"[5]

Bu da Həzrət Məhəmməd Əleyhissalamın möcüzəvi bəyanları ilə insanları dəyişdirməsinə bir nümunə.. qaranlıqdan işıq çıxarması və zülmətdə nur cilvələri göstərməsi... Bir daha təkrar edirəm: insanları qısa zamanda bu qədər dəyişdirmək, kamillik zirvələrinə ucaltmaq möcüzədən başqa bir şey deyildir.

3. Bir anlıq insibağın[6] ərənləri

a. Həzrət İkrimə (r.a.)

Məkkə fəthindən sonra qaçan İkriməni xanımı razı salıb­ geri qaytara bildi. İki Cahan Sərvəri Rəsulullah ən amansız düş­mən­lərindən olan İkriməni təbəssümlə qarşılayıb:

مَرْحَباً بِالرَّاكِبِ الْمُهَاجِرِ
"Xoş gəldin, ey hicrət şərəfiylə şərəfyab olan süvari!"[7]

dedi.

Bu cümlə onun könlünü fəth etməyə yetmişdi. Öz-özünə söz verdi: Həm özü, həm də bircə oğlu Amir bu yolda canını fəda edəcəkdi. Yermük döyüşündə birdən gəlib dedilər ki, oğlun Amir şəhid oldu! İkrimə belini doğrultdu. Ehtimal ki, Allah Rəsulu təməssül etmişdi. "Ya Rəsulallah! Sənə söz vermişdim, oğlumu da yolunda fəda edəcəyəm deyə. Rəqibi-Mühacir sözünü yerinə yetirdimi?" – dedi. Əbu Cəhlin oğlundan "Raqibi-Mühacir" çıxar? O hər yerdə Allah Rəsuluna düşmən kəsilən, Onu öldürməyi ən yaxşı əməl sayan, yəni o zülmətdən, o qatı qaranlıqdan mələkləri geridə qoyan "Raqibi-Mühacir" çıxarmı?! Məgər çıxarmış.. və çıxdı da.

O İkrimə ki cahiliyyə dövründə varlı və güclü idi, zəiflərə zülm verir, onların yolunu kəsib istədiyini edirdi. Zəifin, üstəlik də qadınların yaşamaq haqqı yox idi. Qız uşaqlarını boş yerə öldürürdülər. Kasıb "Mənim də haqqım var!" deyə bilməzdi. Qanunlar vardı, həmişə olmuşdu, amma bunlardan aciz və zəif­lərə qarşı istifadə edilirdi. Allah Rəsulu məhz vəhşi, haqq, ədalət və doğru yolu bilməyən belə bir toplumdan yer üzündə ədaləti mükəmməl təmsil edən mələk kimi insanlar çıxarırdı.

b. Həzrət Ömər (r.a.)

Budur şanlı xəlifə Həzrət Ömər! Elə bir dövlətin başındadır ki, torpaqlarının bir ucu Yəmənə, bir ucu da Öküz çayına çatır. Və bir gün xəlifə Həzrət Ömərlə Übeyy ibn Kabın arasında bir anlaşılmazlıq olur. Übeyy: "Ey Rəsulullahın xəlifəsi, haqsızlıq edirsən!" – deyir. O da hakimə gedib üzləşməyi təklif edir. Hakim Zeyd ibn Sabitdir. Onun evinə gedirlər. Mühakimə orada olacaqdı. Mədinə qazısı Zeyd ibn Sabit xəlifənin içəri girdiyini görüncə ədəb ifadəsi olaraq yanındakı döşəyi işarə edib: "Ya Əmirəl-möminin, burada oturun!" – deyir. Buna qəzəblənən böyük Ömər tarixin qulağına sırğa olacaq bu sözləri söyləyir:

هَذَا أَوَّلُ جَوْرٍ جُرْتَ فِي حُكْمِكَ
"Sən hökmündə ilk haqsızlığı indidən etdin!"[8]

Əxlaqın bütün qayda və prinsiplərini burada sadalamaq mümkün deyildir. Biz bunlardan ancaq bir neçəsinə işarə edə bildik. Əgər bütün əxlaq qaydalarını sadalamaq mümkün olsaydı,­ Allah Rəsulunun qeyri-adi işlərinə dair daha güclü ipucları əldə edərdik. Belə ki, gözəl əxlaqa aid nə qədər qayda və düstur vardısa, onlarda da onun əksi vardı. İki Cahan Sərvəri Rəsulullah da onların bu mənfi cəhətlərini bir-bir söküb atdı, yerinə müsbət xüsusiyyətlər həkk elədi.

Allah Rəsulu tərbiyə sahəsində də bir möcüzə göstərərək bəşərin təlim-tərbiyəsi ilə əlaqədar bəzi hökmlər ortaya qoydu. Bu hökm və prinsiplər mahiyyətcə bütün bəşəriyyət və dövrlərin tələbatına cavab verir: alimlər bu hökmləri müqayisə və bənzətmələrlə genişləndirərək, dərinləşdirərək hər dövr və topluma mükəmməl tərbiyə sistemi təqdim edəcəkdilər. Aciz qənaətimcə, bu prinsiplərin arxasında dayanan Rəsulullahın zəkasını və düşüncə dərinliyini qavrayıb Onun anlayışını mənimsəyə bilsək, mələkləri belə qibtəyə sövq edəcək səviyyəyə çatarıq. Bununla belə, Həmidə Qütübün də bir yerdə bildirdiyi kimi biz hələ yoldayıq. Necə ki, Həzrət Musa üzünü Allaha (cəllə cəlaluhu) tutub təəccübünü dilə gətirir: "Ya Rəbbi! Çox insan görürəm ki, Səni tapsa da, Sənin yolunla getsə də, birdən-birə yolunu dəyişib başqa tərəfə yönəlir."

Allah-Təala ona kəmali-hikmətlə buyurur: "Ya Musa, onlar qətiyyən Mənə sarı gəlmədi, Məni tapa bilmədi və Mənə çata bilmədilər. Onlar hələ yolda idilər, yollarını dəyişdilər."

(Allah (cəllə cəlaluhu) yolda qalmaqdan və yolu dəyişdirməkdən bizləri hifz eyləsin! (Amin)) Bəli, bizə təminat verilməyib. Kimsə kimsəyə azıb yolunu dəyişdirməyəcəyinə dair təminat verə bilməz...

Hər şey Allahın (cəllə cəlaluhu) əlindədir.. hər şeyə hökm edən Allah (cəllə cəlaluhu) bizi doğru yoldan ayırmasın! Bizi bir göz qırpımı da olsa, nəfsimizlə baş-başa qoymasın! Allah (cəllə cəlaluhu) bu nəcib, bu soylu və tarixdə tayı-bərabəri olmayan böyük milləti beynəlxalq müstəvidə öz yerini almağa müvəffəq etsin!

Bəli, bu millətin tarixi yerini tutması İslam və Quran əxlaqının daha səviyyəli və inandırıcı şəkildə insanlara çatdırılmasına əlverişli zəmin hazırlayacaq. Məhz o zaman bəşəriyyət utopyalarda axtardığı ideal fəzilətlərin və cəmiyyətin neçə əsr əvvəl yaşandığını, gerçək olduğunu görüb heyrətə gələcək. Bizlər bu gün Əflatunun "Dövlət" əsərini oxuyur və filosofların dövləti necə idarə etdiyini öyrənməyə çalışırıq. Bunları bir kənara qoyun, tarixin müəyyən dövrlərində dövlətlər elə mükəmməl idarə edilib ki, filosoflar belə bunu qavraya bilməz. Budur İslamın başlanğıcı və şanlı Dövləti-Aliyə! Mələklər səmalarda bir dövlət qursaydılar, bunlardan mükəmməl olmazdı.

Halbuki biz İslamiyyəti o səviyyədə təbliğ edənədək millətlər qulaqlarını tutub bizi dinləməyəcək. Bəlkə də, Quran nurunun öz gücüylə bəzi vicdanlara təsir etməsi ilə kimlərsə müsəlman olacaq, ancaq həqiqi oyanış, islami dirçəliş bu şanlı, şərəfli və möhtəşəm millətin o uca həqiqəti öz qədd-qamətinə uyğun təmsil etməsi ilə reallaşacaq.

Geri qayıdıram: Allah Rəsulu cahil bir mühitdə, cahil bir cəmiyyətdə, mayası cahiliyyə adətlərindən tutulmuş bir toplumun içində möhtəşəm bir inqilab meydana gətirir. Və bu inqilab həyatın hər sahəsini ehtiva edir. Əslində, bəşər tarixində bir çox dahi yetişmiş və müəyyən sahələrdə bir qisim dəyişikliklər həyata keçirmişlər. Amma öz sahələrindən kənara çıxa bilməmişlər. Məsələn, dahi bir sosioloq sosiologiya sahəsində mükəmməl nəsillər yetişdirmişdir, amma nə onlara iqtisadi bilikləri mənimsətmiş, nə psixologiya elmindən bir şey çatdırmış, nə tərbiyə sahəsində çox şey öyrədə bilmiş, nə də onları ruh-mənəviyyat yolunda azacıq kamilləşdirmişdir. Başqa bir dahi çıxmış, ölkədə iqtisadi inqilab etmiş.. və cəmiyyətin maddi-texniki tərəqqisində mühüm rol oynamışdır. Ancaq onlara nəfsə nəzarət, özünü hesaba çəkmək kimi fəzilətlərə dair bircə kəlmə də söyləyə bilməmişdir. Bir başqası başqa sahədə və s... heç biri bütün sahələrdə ən mükəmmələ çata bilməmişdir. Ancaq Həzrət Məhəmməd (s.a.s.) həyatın bütün sahələrini əhatə etmiş, zirvələrə yüksəltmiş və əbədilik təminatı vermişdir.

Bəli, O, iqtisadiyyat sahəsində zirvədədir.. ictimaiyyətdə zir­vədədir.. hərb sahəsində zirvədədir.. nəfsə nəzarətdə zirvədədir.. özünü insanlara qəbul etdirməkdə zirvədədir.. dünya və axirət tarazlığını qurmaqda zirvədədir.. əşya və hadisələrə nüfuz etməkdə zirvədədir.. varlığın mahiyyətinə nüfuz etməkdə zirvədədir.. və hər şeydə zirvədə dayanır.

Bəli, Həzrət Məhəmməd Mustafanın (s.a.s.) tərbiyəsində in­sana aid heç bir duyğu cılız qalmamış, heç bir şey ehmal edil­məmiş, əksinə hamısı inkişaf etdirilmiş və onlara kamillik yolları göstərilmiş, Allahın inayəti ilə, hər sahədə ən kamil insanlar yetişmişdir.

[1] Latın əlifbasının qəbulunu nəzərdə tutur- red.
[2] "Ənam" surəsi, 6/152; "İsra" surəsi, 17/34.
[3] "Həşr" surəsi, 59/9. Buxari, "Təfsir", (59) 6; Müslim, "Əşribə", 172-173.
[4] Başqalarını düşünmək, insanların haqq və hüququnu, ən zəruri ehtiyaclarını təmin etmək uğrunda fədakarlıq göstərmək, yaşatmaq naminə yaşamaq, özü ehtiyac içində ola-ola başqalarına kömək eləmək.
[5] İbn Əsir, "Üsdül-qabə", 7/88-90; İbn Həcər, "Əl-isabə", 4/287-288.
[6] İnsibağ – boyanmaq. Başda Rəsulullah (s.a.s.) olmaqla böyük zatların söhbətlərinin mənəvi ab-havasına boyanmaq.
[7] Tirmizi, "İstizan", 34; Hakim, "Əl-müstədrək", 3/271.
[8] Beyhaki, "Əs-sünənül-kübra", 10/144.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.