Onun tərbiyə sistemindən nümunələr
1. Bir bədəvi ilə rəftarı
Buxari və Müslim bu hadisəni nəql edir: "Bir gün Allah Rəsulu məsciddə oturmuşdu. Bir bədəvi içəri girdi, ehtimal ki, Peyğəmbərimizdən nəsə soruşub öyrənməyə gəlmişdi. Ancaq gedib məscidin bir tərəfində kiçik ehtiyacını dəf etməyə başladı. Orada olanlar, مَهْ مَهْ (məh, məh!) deyib müdaxilə etmək istədilər. (Bu, ərəb dilində "Dayan, etmə!" deməkdir.) Allah Rəsulu "Adamla işiniz olmasın, yarımçıq kəsməyin!" buyurdu. O, bir bədəvi idi. Camaat durub onu döyə bilərdi. Bu da bədəvi ilə bədəvi kimi rəftar etmək olardı. Allah Rəsulunun səhabələri bədəvi deyildi. Sonra buyurdu: "Gedin bir qab su gətirin, sidiyin üstünə tökün, su onu yuyub aparar, ora da təmizlənər."[1]
Bəli, Rəsulullah böyük əksəriyyəti məsciddə kiçik ehtiyacını dəf edəcək qədər bədəvi və vəhşi olan bir toplumdan ideal cəmiyyət çıxarmışdı. Kim bilir, bəlkə də, o bədəvi Tariq ibn Ziyad, Şurahbil ibn Hasənə və ya Üqbənin atası idi...
2. Qadına verdiyi dəyər
Cahiliyyə dövrü geridə qalmışdı. O vaxtlara aid hər şey artıq ya acı bir xatirə kimi, ya da istehza ilə yad edilirdi. Bəli, insanlar cahillik dövründə olanlardan danışanda ya dodaqları qaçır, təbəssüm edirdilər, ya da iztirabdan kəkələyirdilər. Bir gün yenə çöldən gələn bir bədəvi məsciddə Allah Rəsuluna bəzi şeyləri danışdı, "Ya Rəsulullah! Mən də qız uşaqlarımı öz əllərimlə basdırmışdım, – dedi, – bir gün qızımın əlindən tutub çölə apardım. Uşaq xeyli böyümüşdü. Evdən əməlli başlı uzaqlaşdıq. Sonra da bel və kürəklə yer qazmağa başladım. Yazıq uşağın heç nədən xəbəri yox idi. Öz qəbrini qazmaqda mənə kömək edirdi. (Həmin adam bunları danışanda Allah Rəsulunun gözləri yaz buludları kimi dolmuş, göz yaşlarını saxlaya bilməmişdi.) Çuxuru qazandan sonra geri çəkildim. Qızcığaz çuxura baxırdı. Birdən kürəyinə bir təpik vurdum. Başıaşağı çuxura yuvarlananda "Ata, ata!", – deyə fəryad etdi. Allah Rəsulunun hıçqıra-hıçqıra ağladığını görən səhabələr "Rəsulullahı niyə belə kədərləndirirsən!", – deyə onu danlamağa başladılar.[2]
Bəli, o dövrün belə çirkin adətləri vardı, insanlıqdan əsər-əlamət qalmamışdı. Qadın yaşamaq hüququndan məhrum edilirdi. Və Allah Rəsulu məhz belə bir cəmiyyət içində zühur edir, hər şeyə əsl dəyərini verdiyi kimi, qadını da ucaldırdı.
Bəli, o dövrdə qadına xor baxır, onu təhqir edir, alçaldır, adam yerinə qoymurdular. Yeni doğulan qız uşaqları atadan gizlədilirdi. Hərçənd, o dövrdə statistika elmi yox idi və elə bir statistik məlumat da hazırlanmamışdı, amma zənnimcə, sağ qalan qadınların 50%-i atalarından gizlin böyüdülmüş qızlar idi. Bəlkə də, sadəcə Həzrət Əbu Bəkir kimi həlim-səlim və təmiz tinətli atalar uşaqlarına qıymamışdılar. Ancaq gəncliyində müsəlman olmayan bir çox insan bir qız uşağının qatili idi. Allah Rəsulu (s.a.s.) məhz bu cəmiyyət içində qadınları ən yüksək məqama çatdırırdı.
Nəsayi Aişə anamızdan nəql edir: "Peyğəmbərimizin hüzuruna bir qız gəlib "Ya Rəsulallah! – dedi, – atam məni istəmədiyim halda əmim oğluna nikahladı". Allah Rəsulu dərhal onun atasını çağırıb: "Qızının razılığı olmadan onu kiməsə ərə getməyə məcbur edə bilməzsən" – buyurdu. O da: "Siz necə əmr edirsiniz, elə də olsun, ya Rəsulullah!" – deyib fikrindən daşındı. Səhabənin başqa cür düşünməsi də mümkün deyildi. Ata, bəlkə də, qızını verməklə qardaşı oğlunu bir çətinlikdən və çətin bir vəziyyətdən qurtarmaq istəyirdi, ancaq Allah Rəsulunun əmri hər şeyin fövqündə idi. Ata sözlərini bitirincə qız ayağa qalxıb belə dedi: "Ya Rəsulallah, mənim əsas məqsədim atamın ziddinə getmək deyildi. Ancaq İslamda bunun hökmü nədir, qızını ərə verməkdə atanın nə qədər səlahiyyəti var, mən sadəcə bunu öyrənmək istəmişdim və bura da bu niyyətlə gəlmişdim."[3]
Dünənədək diri-diri torpağa gömülən, alçaldılan, hər cür həqarətə məruz qalan qız Peyğəmbərin hüzuruna çıxır və rahatlıqla haqqını tələb edə bilirdi. "Atası onun razılığı olmadan kiməsə məcbur verə bilərdimi?" O, bunu soruşurdu. Bir neçə il əvvəl desəydilər ki, qadına bu qədər dəyər veriləcək, camaat inanmaz, ya da deyəni dəli sanardı. Amma bütün bunlar gerçəkləşirdi.
3. İstiğna[4] timsalı
İmam Müslim və Əbu Davud Avf ibn Malikdən nəql edir: "Bir gün Allah Rəsulunun hüzurundaydıq, səkkiz-doqquz nəfər olardıq. Bizə "Beyət edin!" buyurdu. Hamımız heyrətləndik. Çünki indiyə qədər neçə dəfə beyət etmişdik! Soruşduq ki, "Ey Allahın Rəsulu, hansı məsələdə beyət edək?" Cavab verdi ki:
أَنْ تَعْبُدُوا اللّٰهَ وَلاَ تُشْرِكُوا بِهِ شَيْئاً وَتُصَلُّوا الصَّلَوَاتِ الْخَمْسَ وَأَنْ لاَ تَسْأَلُوا النَّاسَ شَيْئاً
Allaha ibadət edib Ona heç bir şərik qoşmamağa, beş vaxt namazı layiqincə qılmağa və insanlardan heç bir şey istəməməyə beyət edin![5]
Bu son cümləni söyləyəndə başqaları eşitməsin deyə səsini qısdı, səhabələrini utandırmaq istəmirdi. Allah Rəsulu olduqca həssas bir insan idi. Səhabələri ilə münasibətdə heç vaxt aradan pərdəni götürməmişdi.
Və illər keçdi, bu beyət edən səhabələrin bir çoxu yoxsullaşdı, ancaq Allah Rəsuluna verdikləri sözdən dönmədilər. Hətta at belində olarkən yerə düşən qamçını kimdənsə istəməyi əhdlərinə xəyanət kimi gördülər.[6] Ehtimal ki, beyətdən sonra heç bir kimsədən bir bardaq su belə istəməmişdilər.
İmam Buxari "Səhih" əsərində rəvayət edir: "Hakim ibn Hizam Allah Rəsulunun hüzuruna gəlib bir şey istədi. Allah Rəsulu ona istədiyini verdi. Hakim yenə bir şey istədi. Bir neçə dəfə istəyini təkrar etdi. Nə istədisə, Allah Rəsulu verdi. Sonra da belə buyurdu:
– Bu dünya şirindir, cazibədardır, gözəldir. Çoxunuz bu cazibəyə qapılıb gedə bilərsiniz. İstəmədən verilsə, bərəkətli olar. İstədiyinizə görə verilsə, sizə yük olar və minnət altında qalarsınız. Saqın istəməyin!
Daha sonralar tamam yoxsullaşan Hakim ibn Hizama nə Həzrət Əbu Bəkir, nə də Həzrət Ömər nəinki sədəqə və zəkatdan, hətta qənimətdən gələn xümsdən belə ona bir şey qəbul etdirə bilmədi. "Xeyr!" – deyir, qəbul etmirdi."[7]
4. Cahiliyyə dövründən bir səhnə
O, min cür çirkin cahiliyyə adətinə sinə gərərək bir zülmət çağını işıqlı əsrə çevirirdi.
Cəfər ibn Əbu Talib Nəcaşiyə: "Ey Məlik, biz qan içər, leş yeyər, zina edər, oğurluq edər, adam öldürər və quldurluqla məşğul olardıq.. güclü zəifi əzərdi, insan adına yaraşmayan əməllər işləyərdik..."[8] – deyəndə Həzrət Məhəmməddən (s.a.s.) əvvəl bəşəriyyətin necə zülmət içində olduğunu diqqətə çatdırırdı.
Bəli, Cahiliyyə cəmiyyətində qarışqanı fil edirdilər.. hər kəs özünü haqlı sayır, insanlar bir-birini öldürürdü... zinaya rəvac verilirdi.. oğurluq qəhrəmanlıq idi... və əksəriyyət içki düşkünü idi...
O, çirkin adətlərinə bu qədər təəssübkeş və vəhşi bir cəmiyyəti həm də qısa zamanda, bütün rəzilliklərdən, çirkinliklərdən təmizlədi, onları ən yüksək insani keyfiyyət və fəzilətlərlə bəzədi. Əflatun (Platon) "Dövlət" əsərində, başqa utopik yazarlar da (məsələn, Tomas Mor) kitablarında həmişə bu cəmiyyətin xəyalını qurmuşdur. Halbuki Həzrət Məhəmməd Mustafa (s.a.s.) o fəzilətli toplumu çoxdan yetişdirmişdi.
Halbuki vəhşi və təəssübkeş, hətta vəhşilikdən başqa bir şey bilməyən bir cəmiyyətdən bəşəriyyətə müəllimlik edən fazil insanlar çıxarmaq zülmətdən günəş çıxarmağa bərabərdir. Və elə Həzrət Məhəmməd (s.a.s.) də o cəmiyyəti yetişdirməklə möcüzə eləmiş və özünün də möcüzə olduğunu göstərmişdir.
İllərlə yanımızda qalan bir insana pis xasiyyətini tərgitdirə bilməyən bizlər cəmiyyətin qanına, damarına işləmiş adətləri söküb atan Həzrət Məhəmməd Əleyhissalam qarşısında baş əyir və Onun haqq peyğəmbər olduğuna bir daha şəhadət gətiririk. Bəli, bütün varlığımızla, vücudumuzun hər zərrəsi ilə hayqırır və deyirik: "O, Allahın Rəsuludur!"
Mən ideal "tərbiyə sistemi" saydığım bir sistemi – təbii ki, yenə Ondan ilham alan və Mədinə qaynaqlı – ən yaxın dostlarıma tam qəbul etdirə bilmədim. "Fəzilət" deməkdən yoruldum, amma fəzilətə yönəldə bilmədim. Ancaq Allah Rəsulu vəhşətdən mədəniyyət, rəzalətdən ülvilik və bədəvilikdən mədəni insanlar çıxarır, sonra da onları mədəni millətlərə müəllim edirdi. Zənnimcə, hal-hazırda mənim kimi aciz və evindəki üç-dörd adama söz deyə bilməyən insanlar bəşər övladını qısa müddətdə yüksək payələrə çıxaran və ruhunun ilhamını onların qəlbinə boşaldan Həzrət Məhəmməd Mustafanın böyüklüyünü daha yaxşı anlayarlar... Təki qərəz və inadkarlığa ilişib qalmayaq.
Rəsulullah İrana, Turana yönəldi. Halbuki İran da, Turan da, türklər də, romalılar da – hər biri fərqli mədəniyyətin təsirində idi. Onun bəyanları elə bil bu xalqların əyninə biçilmişdi. Budur möcüzə! Bəli, Onun yer kürəsini ovcunun içinə alıb hər yerə hökm etməsi böyük bir möcüzədir.. və bu möcüzə də Allah tərəfindən göndərildiyini göstərir. Yəni o Zat Allahın haqq elçisidir. Bizim məqsədimiz də bunu çatdırmaqdır.
Bir insan dühasının işığında öz əsrini dərk edə bilər. Məsələn, ola bilsin ki, İskəndər öz əsrini müəyyən qədər idrak edib, Sezar öz dövrünə sığmayıb, bəlkə də, Napoleon yaşadığı dövrü qavraya bilib.. və ilaxır.. Həzrət Məhəmmədin gətirdiyi hökmlərin dünyanın müxtəlif bölgələrində yaşayan yüzlərlə millətin ruh dünyası ilə üst-üstə düşməsi və onlara hökm etməsi yalnız Ona xas keyfiyyətdir ki, buna möcüzə deməkdən başqa çarəmiz qalmır.. bu müvəffəqiyyəti ifadə etməyə başqa söz də bilmirəm.
Bəli, Alparslan 4-5 əsr əvvəl yaşamış Həzrət Məhəmməd Əleyhissalamın gətirdiyi bəyanları öz ruh dünyasına uyğun görmüş və bütün varlığı ilə mənimsəmişdi. Aradan əsrlər keçməsinə baxmayaraq, dünyanın ən böyük cahangirlərindən Həzrət Fateh də Allah Rəsulunun bəyanlarını sələfləri kimi sevə-sevə qəbul etmişdi. Xələflər də bu yola sadiq qaldılar. Halbuki bunların, demək olar, hamısı dahi və seçilmiş insanlar idi. Böyük düha sahibi olsalar da, Allah Rəsuluna, Onun yoluna səmimi qəlbdən itaət edirdilər..
XXI əsrin astanasındayıq, 14 əsr keçsə də heç nə dəyişməmiş və Allah Rəsulunun gətirdiyi bəyanlar da öz təravətini qoruyaraq qəlb, ruh, vicdan və ağlımıza yeni şeylər pıçıldamaqda davam edir. Çünki O, bu bəyanları ürəyimizdən keçənləri bilən, ruhumuza nigahban olan, varlığını vicdanımıza hiss etdirən və əsərləri ilə əqlimizi doyuran Allahdan alır və bizə çatdırırdı. Yoxsa kim olur-olsun, bəşər övladı hər dövrün ehtiyaclarına cavab verən belə bir sistemi qurmaqda acizdir.
[1] Buxari, "Vudu", 57; Müslim, "Təharət", 98-100.
[2] Darimi, "Müqəddimə", 1.
[3] Nəsayi, "Nikah", 36.
[4] Göz-könül toxluğu
[5] Müslim, "Zəkat", 108; Əbu Davud, "Zəkat", 27.
[6] Müslim, "Zəkat", 108; Əbu Davud, "Zəkat", 27.
[7] Buxari, "Vəsayə", 9.
[8] Əhməd ibn Hənbəl,"Əl-müsnəd", 1/201-202.
- tarixində yaradılmışdır.