...Və sərt yoxuş Uhud
İndi də Allahın (cəllə cəlaluhu) inayəti ilə Uhuda qayıdıb o möhtəşəm sərdar, o böyük insan və o müstəsna Nəbinin fərasət və fətanətini bir də Uhudun ətəklərində izləməyə çalışaq. Möminlərin münafiqlərdən ayrıldığı Uhud, vəfalının vəfasızdan ayrıldığı Uhud, igidlərin xain və qorxaqlardan ayrıldığı Uhud, Nəbiyə sadiq müsəlmanların şəkk-şübhəsi olanlardan ayrıldığı Uhud... O nə vaxt xatırlanır, ürəklər ürpərti ilə yerindən oynayır..
Allah Rəsulu bir gün Uhudun ətəklərindən keçərkən uzun-uzadı bu dağa baxmış və "Uhud elə bir dağdır ki, o, bizi sevir, biz də onu!"[1] buyurmuşdu.
Yuxarıda da ərz etdiyim kimi, sanki Allah Rəsulu bu sözü ilə Uhudu ona qarşı küskün olanlardan müdafiə edir. Allah Rəsulu insanlar yanlış bir anlayışla Uhudu vəfasız və uğursuz saymasınlar deyə, qəlblərə su səpmiş və müsəlmanın rəncidə olmuş şərəfinə, izzətinə başqa səbəb və amillərin mövcudluğuna da işarə etmişdir.
Bəli, Səadət əsrində müsəlmanların şərəfi, qüruru heç bir qarşılaşmada Uhud qədər qırılmamışdı. Bu, doğrudur, lakin səbəbkar Uhud deyildir. Hətta Uhud müsəlman ordusuna qarışıqlıq düşəndə möminləri himayə etmişdi. Müsəlmanlar səbəblər planında ona sığınmış və mütləq məğlubiyyətdən xilas olmuşdular.
Nəticə etibarilə, Allah Rəsulunun bir istedadını da üzə çıxaran məğlubiyyət görünüşlü bu müvəqqəti sarsıntının əsl səbəbi kimi, bəzi münafiqlərin döyüşün başlanğıcında xəyanət edərək ordudan ayrılmasını və müsəlmanların əhval-ruhiyyəsini sarsıtmasını, səhabələrin əmrə itaətin incəliyini tam qavraya bilməməsini, məşru olsa da, bəzilərinin qənimət arzusu ilə hərəkət etməsini sadalamaq mümkündür.
Bu da bir həqiqətdir ki, səbəbindən asılı olmayaraq, müsəlmanlar Uhudda kiçik bir sarsıntı keçirdilər. Ancaq Uhudu baiskar saymaq heç də doğru deyil. Ona görə də Allah Rəsulu Uhudu sevdiyini bəyan etmiş və bu vəhmi zehinlərdən silib atmışdır.
İndi əvvəla qoşunlar Uhuda necə gəldi, onları hansı amillər Uhudda döyüşə sürüklədi? Bundan qaçınmaq mümkün deyildimi? Sözə buradan başlayaraq ilk öncə Uhudu təhlil etməyə çalışaq ki, bu məğlubiyyət kimi görünən döyüşdə Allah Rəsulunun misilsiz hərbi dühası – ifadə yerində isə – ortaya çıxsın. Bədir məğlubiyyəti, Məkkə müşriklərinin qeyz və kinini əməlli-başlı qızışdırmışdı. Xüsusilə, Bədirdə yaxınları ölənlər məkkəliləri hərbə təhrik edirdilər.
Təkcə məkkəliləri təhrik etməklə qalmırdılar. Kab ibn Əşrəf vasitəsilə Mədinənin içinə də fitnə atəşi salmağa çalışırdılar. Kab ibn Əşrəf şeirlərində müsəlman qadınlara böhtan atan və möminləri bir-birinə vurduran tipik bir yəhudi idi. Hətta o ilan dilini Allah Rəsuluna belə uzatmaqdan çəkinmirdi. Müsəlmanlar bundan çox narahat olsalar da, hər dəfə Rəsulullahın tədbir, təmkin və səbrini görüb özlərini saxlayırdılar.
Səriyyə göndərməyi onlar da öyrənmişdi. Hücum və yağmalar təşkil edərək Mədinə əhalisini qorxutmağa çalışır, bəzən buna müvəffəq olurdular.
Mədinə şəhəri Bədirdən sonra bir il boyu bu cür soyğunlarla, yağmalarla üzləşdi. Bədənə düşən zərərli mikroblar kimi, məkkəlilər də Mədinəyə dadanmışdılar. Əmin-aman və mədəniyyətin gələcək beşiyi olan bu diyarı bütün zərərli mikroblardan qorumaq lazım idi və Allah Rəsulu da elə bunu etdi.
İslamın ən azğın düşməni Kab ibn Əşrəf bu dövrdə öldürüldü. Çünki o, böyük bir xəyanət güruhuna başçılıq edirdi. Öldürülməsi bir zərurət halına gəlmişdi. Məhəmməd ibn Məsləmə bu zərurəti yerinə yetirdi.[2]
Bəni Qaynuqa yəhudiləri də itaətsizlik edir, çirkin əməllərindən əl çəkmirdilər. Bu ərəfədə müsəlman bir qadına sataşdılar, sonra da çıxan qovğada adam öldürüldü. Bu da az imiş kimi, qalalarına arxayın olub hətta Allah Rəsuluna meydan oxudular. Həyasızcasına, "Sən döyüşdən başı çıxmayan qüreyşlilərlə vuruşdun. Bizim qabağımıza çıxsan, hərbin nə olduğunu görərsən!" dedilər.
Allah Rəsulu da tez-tez müsəlmanlara hücum edən və daha böyük hücumlar planlaşdıran bu namərdlərin üstünə yürüş təşkil elədi. Əməllərinə peşman olub silahı yerə qoysalar da, Allah Rəsulu onları Mədinədən sürgün etdi, çünki artıq onlara etibar qalmamışdı.[3]
Mədinə yavaş-yavaş əmin-amanlıq yurduna çevrilirdi. Məkkə isə qazan kimi qaynamaqda davam edirdi. Əbu Süfyan müsəlmanlardan intiqam alanadək yuyunmayacağına and içmişdi. Hətta bir dəfə Bəni Nadir yəhudilərinin məskəninə qədər gəlmiş, müsəlmanlara aid bir-iki yeri talan etmişdi. Müsəlmanların gəldiyini eşidən kimi Məkkəyə qaçmışdı...[4]
Allah Rəsulunun qurduğu xəbərləşmə şəbəkəsi fasiləsiz işləyir və bütün baş verənləri vaxtlı-vaxtında "mərkəz"ə çatdırırdı. Bu vaxt belə bir xəbər gəldi. Qüreyşlilər uşaq-böyük, qadın-kişi, kim varsa hamısını, hətta bəzi qəbilələrdən tərəfdarlarını da götürüb Mədinəyə doğru irəliləyirdi.
Allah Rəsulu yaxın səhəbələri ilə müşavirə etdi. Özü Mədinədə qalıb şəhəri müdafiə etməyi təklif etdi. Çünki Qüreyşi Bədirdəki kimi gözlənilməz döyüş taktikası ilə qarşılamaq istəyirdi. Qüreyşlilər Bədrin təcrübəsi ilə özünü meydan müharibəsinə hazırlamışdı. Əgər Mədinədə qalıb şəhərin müdafiəsini təşkil etsəydi, uzunmüddətli mühasirəyə hazır olmayan Qüreyş ümidsiz-ümidsiz gözləyib geri qayıdacaqdı. Allah Rəsulu fikrini təxminən bu sözlərlə bəyan edirdi: "Uşaq və qadınları təhlükəsiz yerlərə yerləşdirək. Sonra da qüreyşliləri Mədinənin kənar məhəllələrində qarşılayaq, şəhəri müdafiə edək."[5]
Peyğəmbərimiz, bu taktika ilə aşağıdakı məsələləri düşünürdü:
a. Müsəlmanların əsas məqsəd və qayəsi hərb etmək deyil. Onlar əmin-amanlığın timsalıdır.
b. Ancaq kimlərsə haqq və həqiqətin yayılmasına mane olmaq istəyəndə bu əngəli aradan qaldırmaq üçün hər şeyi gözə alır və döyüşürlər.
c. Müsəlmanlar hücuma məruz qalanda dini, vətəni, isməti, namusu qorumaq üçün vuruşur və lazım gəlsə bu yolda can verir, can alırlar. Bu da onların ən halal haqqıdır.
Bu imici bitərəf qalan, hadisələri izləməklə kifayətlənən insanlara aşılamaq çox mühümdür və Allah Rəsulu da məhz bu imici formalaşdırmaq üçün müdafiə taktikasını seçmək istəyirdi...
a. Uhudqabağı məşvərət
Allah Rəsulu müdafiə döyüşünə hazırlaşırdı... düşüncələr bu nöqtədə cəmləşmişdi. Bu vaxt yuxuda zirehini geyindiyini, mal-qaranın kəsildiyini, qılıncının ağzından bir parçanın qopduğunu görmüşdü. Bu yuxunu sözbəsöz belə yozdu:
"Bu zireh bizim üçün Mədinənin içidir, müdafiə olunaq. Onlar hücum etsinlər, biz onları burada qarşılayaq. O kəsilənlər mənim səhabələrimdir. Ora getməyək. Qılıncımın ağzından bir parçanın qopması isə yaxınlarımdan birinin ölməsinə işarədir."
Bəli, Allah (cəllə cəlaluhu) göstərmiş, xəbərdarlıq etmiş və əziz Rəsuluna bir işarə verərək sanki: "Onlarla müdafiə hərbi edin" buyurmuşdu. Yuxuda qılıncın ağzından qopan bir parça isə Həzrət Həmzənin şəhid olacağına işarə idi. Bəli, Uhudda Allahın Aslanı Həmzəni şəhidlik şərbəti gözləyirdi.[6]
Bədir döyüşündə iştirak etməyənlər isə şəhid olmaq üçün dua edirdilər. Allah (cəllə cəlaluhu) onların dualarını da qəbul buyuracaqdı.
Məsələn, Ənəs ibn Nadr "Allah məni müşriklərlə bir qarşılaşdırsın..!" deyir və şəhidlik arzusu ilə alışıb yanırdı. Yəni Ənəs və onun kimi düşünən səhabələr: "Görəsən nə vaxt şəhid olacağam, şəhidlik qanı ilə dəstəmaz alıb Allahın hüzuruna çıxacağam" deyə özlərinə yer tapmırdı... Bu, qarşısıalınmaz bir arzu idi. Bir il boyu bunun xəyalı ilə gecələmiş, bu arzu ilə sabahlamışdılar. Əlbəttə, belə bir dua cavabsız qalmazdı və qalmadı da.[7]
Kim bilir, neçə-neçə səhabə eyni arzu və istəklə qovrulur, Allaha (cəllə cəlaluhu) yalvarıb bir meydan müharibəsi diləyirdi ki, onların da üzünə şəhidlik qapısı açılsın.
Abdullah ibn Cahş, Amr ibn Cəmuh, Sad ibn Rəbi – hamısı şəhidlik gözləyən, əbədi səadət arzusu ilə yuxuları qaçan səhabələrdi. Həzrət Sümeyrənin (radiyallahu anha) oğulları da şəhidlik gözləyən möminlərdi. Şəhidlik onların yuxuları və xəyallarını bəzəyirdi. Və bu şəhidlik aşiqləri məşvərətdə üstünlük təşkil etdilər.
Allah Rəsulu məsələləri məşvərət vasitəsilə cəmiyyətə mənimsədirdi. O, elə edəcəkdi ki, hər bir fərd öz fikri ilə verilən qərara dəstək olsun. Beləcə, hər bir fərdin düşüncə və fikrinin nəzərə alınması onları daha da əzmlə dəstək olmağa vadar edəcəkdi. Əslində, Allah vəhyi ilə Rəsuluna yardım edirdi. Amma bəzi insanlar daha sonra qədərin hökmünə etiraz etməsin, "Kaş elə olaydı, belə olaydı..." deməsin deyə, əvvəlcə məşvərət təşkil edir, sonra da məşvərətdə öz fikirlərini bölüşürdü.
Gənclər: "Ya Rəsulallah! Bədirdəki kimi edək, çölə gedək, "Budur, meydan!" deyə hayqıraq, üz-üzə, göz-gözə vuruşaq. Bizi bu şərəfli mübarizədən məhrum etmə!" deyirdilər.[8]
Bəli, onlar Bədri misal gətirir və o cür döyüşmək istəyirdilər. Halbuki Allah Rəsulu bir dəfə tətbiq etdiyi döyüş üsulunu ikinci hərbdə tətbiq etmək tərəfdarı deyildi. Düşmən daim gözlənilməz döyüş taktikası ilə qarşılaşmalı idi. Ancaq gənclər öz fikirlərində israr etdilər. Böyüklər məsələdən agah olanda isə Allah Rəsulu zirehini çoxdan geyinmiş, qılıncına qurşanmışdı. Onların gəlib gənclərin israrlarından imtina etdiklərini bildirməsi ilə qərarı dəyişmək olmazdı. Onda da fikir ayrılıqları və problemlər meydana çıxardı.
Əvvəla, qərar veriləndən sonra fikri dəyişmək başqalarına təzyiq göstərmə və məcbur etmə kimi başa düşülərdi ki, bu da çıxılmaz vəziyyətə sürüklənmək deməkdi. Halbuki verilən qərardan dönmək, fərdlərin hiss və düşüncələrindən asılı olaraq tez-tez qərar dəyişdirmək adi bir lider üçün belə yolverilməz səhv idi. Əlbəttə ki, liderlər lideri İki Cahan Sərvəri belə bir xətadan uzaq və xali idi.. pak və təmiz olaraq da qalacaqdı.
İkincisi: Əgər müdafiə hərbi etsəydilər və birdən işdir, uğursuzluqla üzləşsəydilər, başdan bu işə könlü olmayanların xoşagəlməz sözlər söyləməsi, heç olmasa belə düşünməsi ehtimal daxilində idi.
Üçüncüsü: Müdafiə hərbində əldə edilən qənimət, – şərəf və izzət də daxil olmaqla – meydan müharibəsinə tən olmazdı, ola bilməzdi. Bu da məmnun qalmayanların etirazına səbəb ola bilərdi.
Bu və bu kimi səbəbləri nəzərə alan Allah Rəsulu belə buyurdu: "Bir nəbi zirehini geyindikdən sonra, Allah onunla düşmənləri arasında hökmünü vermədikcə, zirehini çıxarmaq ona yaraşmaz!..."[9] Çünki Allah Ona: "Onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha inan və Ona təvəkkül et!" ("Ali-İmran" surəsi, 3/159) buyuraraq qətiyyətli olmağı əmr edirdi.
Bəli, yol üstündə hər bir tərəddüd səhabələrin ürəyinə qorxu və tərəddüd sala bilərdi. Tez-tez qərar dəyişmək insanlar arasında fikir ayrılığına gətirib çıxarardı. Bu da birlik və bərabərliyə xələl gətirərdi.
Allah Rəsulu Mədinədə qalıb şəhəri müdafiə etmək istəsə də, məşvərətdə açıq döyüşə girmək fikrinin tərəfdarı çox olunca, çoxluğun fikrinə uyğun qərar verdi və bir daha da qərarından dönmədi. Axırı nə olur-olsun dönməzdi də. Çünki millət və dövlət həyatında "məşvərət" kimi çox əhəmiyyətli bir prinsipi oturtmaq naminə 70 deyil, 70 min şəhid verilsəydi, Allah Rəsulu yenə də o yoldan dönməyəcəkdi…
Bədir bir fəth idi, Uhud da ən az Bədir qədər fəthdi.
b. Uhuda doğru
Allah Rəsulu dərhal Uhuda doğru hərəkət etmə əmri verdi. Döyüşçülər Uhudu tutmaqla düşmənin Mədinəyə hücumunun qarşısını almalı idi. Qadın və uşaqlar təhlükəsiz yerlərə yerləşdirildi. Düşmən Mədinəyə soxulmağı bacarsa, arxadan qısqaca alıb əl-qolunu bağlayacaqdılar. Dərhal qərar verilmişdi, amma alternativ taktikalar da vardı.
Uhudun ətəyinə çatanda döyüş mövqeyini aldılar. Müsəlman ordusu sayca cəmi 700 nəfər idi. Abdullah ibn Übeyy ibn Səlul öz fikrinin qəbul edilmədiyini bəhanə gətirərək 300 nəfər adamını götürüb ordudan ayrılmışdı.[10] Müsəlman ordusunda təxminən yüz nəfərin əynində zireh vardı. Bayraq yenə Musab ibn Ümeyrə (r.a.) həvalə edilmişdi.[11] Süvarilərin sərkərdəsi isə Zübeyr ibn Avvam (r.a.) idi. Zirehsiz əsgərlərin başında da Həzrət Həmzə (r.a.) dayanmışdı..
... Və oxçular... Düşmənin arxadan hücumuna mane olmaq üçün mühüm bir mövqedə yerləşdirilən oxçu dəstəsinə Abdullah ibn Cübeyr (r.a.) başçılıq edirdi. Allah Rəsulu o gün oxçulara bərk-bərk tapşırıq vermişdi: "Siz arxamızı qoruyun və yerinizi əsla tərk etməyin. Bizim qənimətləri bölüşdürdüyümüzü görsəniz belə, yerinizi tərk etməyin. Və yenə qartallar bizim cəsədimizi götürüb aparsa belə, yerinizdən tərpənməyin!"[12]
Allah Rəsulu öz vəzifəsini mükəmməl şəkildə yerinə yetirdi. Bu dəfə fərqli döyüş üsulu tətbiq edəcəkdi. Ordusunu Uhudun köksünə çəkəcək, düşməni mühasirəyə alacaq və onları oxçularla sıxışdıracaqdı. Sonra ölüm fədailərini – İbn Cahşları, ölüm axtaran Musab ibn Ümeyrləri, Əbu Dücanələri və aslanlar aslanı Həzrət Həmzələri düşmənin üstünə göndərəcəkdi…
Bədirdə parol "Əhad! Əhad!" idi. Uhudda isə "Öldür! öldür!" mənasına gələn "Əmit! Əmit!" idi.[13] Burada taktika da, parol da dəyişmişdi. Müsəlmanlar Allah və Rəsulu xətrinə özlərini qoruyacaq, düşməni öldürəcəkdilər.
Döyüş planı bu cür hazırlanmışdı. Allah Rəsulu əlində tutduğu qılıncı göstərərək: "Kim bu qılıncın haqqını verər?" buyurdu. Səhabələr qılıncı almaq üçün irəli atıldı. Onları özlərindən yaxşı tanıyan Allah Rəsulu gözləriylə qılıncın əsl sahibini axtarırdı. Elə bu əsnada Əbu Dücanə soruşdu: "Ya Rəsulullah! Bu qılıncın haqqı nədir?" Allah Rəsulu: "Əyilib bükülənə qədər vuruşmaqdır," – buyurdu. O da: "Bu qılıncı mənə ver, ya Rəsulallah!" – dedi.. və artıq qılınc əsl sahibinə çatmışdı. Ölüm sarığını başına sarıyıb düşmən cərgələrinə şığıdı Əbu Dücanə!
Ənsar Əbu Dücanəni (r.a.) yaxşı tanıyırdı. O, al rəngli sarığını sarıdımı, demək, ölümə gedirdi və bu vaxt heç kim Əbu Dücanənin (r.a.) qabağına çıxmaq istəməzdi, çıxa da bilməzdi. Biz bu söhbətin Əbu Dücanə (r.a.) ilə Allah Rəsulu arasında olduğunu bilirik.[14] Halbuki Uhud dağı neçə-neçə Əbu Dücanə (r.a.) görəcəkdi o gün!
Abdullah ibn Cahş (r.a.) güclü bir düşmənlə qarşılaşmaq və düşmən əli ilə ölmək üçün Allaha (cəllə cəlaluhu) dua edirdi. Aman Allahım, bu necə möhtəşəm axirət və əbədiyyət düşüncəsidir! Həmzənin (r.a.) nəriltisi ilə yer-göy lərzəyə gəlirdi. Bu ölüm fədailərini düşmənin üstünə göndərmək gözlənilməz strategiya idi. Bədir döyüşünə görə plan quran Əbu Süfyan Uhudda çaş-baş qalmışdı. Bəli, Uhud Bədrə oxşamırdı. Üstəlik "Ölüm! Ölüm!" nərələrindən canına üşütmə düşən Qüreyş qızdırmalı xəstə kimi tir-tir əsirdi.
Bəli, müşriklər belə bir şey gözləmirdilər. Ona görə də müsəlmanların ilk hücumu ilə pərən-pərən düşmüşdülər. Budur, Uhudun birinci mərhələsi... Bu mərhələdə Allah Rəsulu Mədinə ilə Uhud arasında, kürəyini Uhuda verərək oxçularını əlverişli mövqeyə yerləşdirmiş, onlara: "Əsla yerinizdən tərpənməyin!" demiş, sonra da igidlərini düşmən ordusu üzərinə göndərmiş və düşməni darmadağın etmişdi. Hətta qaçan düşmən bir də baxmışdı ki, qadınların alaçıqlarına çatıblar. Bu vaxt Əbu Dücanə (r.a.) də irəliləyə-irəliləyə mərkəzdə qorunan Əbu Süfyanın xanımı Hində özünü yetirmiş, hətta qılıncını qaldırıb başına endirmək istəyəndə "Allah Rəsulunun qılıncını bir qadının qanı ilə çirkləndirməyim" deyə düşünüb geri qayıtmışdı.[15]
Bütün səhabələr verilən tapşırıqları və vəzifəsini layiqincə yerinə yetirmiş və əzmlə vuruşmuşdular. (Allah (cəllə cəlaluhu) onlardan əbədiyyən razı olsun!)
"Ali-İmran" surəsi sanki Uhudda döyüşən bu insanları dastanlaşdırır. Uca Allah keçmiş peyğəmbərlərdən misallar verib onların ətrafındakı igidləri təsvir edərkən Həzrət Məhəmməd Mustafanın bu bahadırlarına da işarə edir və belə buyururdu: "Neçə-neçə peyğəmbər rəbbaniləri (Rəbbin sadiq bəndələri) ilə birlikdə (düşmənə qarşı) vuruşmuşdur. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də (kafirlərə) boyun əymişlər. Allah səbir edənləri sevər! Onların: "Ya Rəbbimiz, günahlarımıza və işlərimizdə həddi aşdığımıza görə bizi bağışla! Ayaqlarımızı möhkəmlət və kafirlərə qələbə çalmaqda bizə kömək et!" – deməkdən başqa sözləri olmamışdır. Nəhayət, Allah onlara həm dünya nemətlərini, həm də ən gözəl axirət nemətini (Cənnəti) verdi. Allah yaxşı iş görənləri sevər!" ("Ali-İmran" surəsi, 3/146-148)
Ayə rəbbaniləri tərif edirdi. Amma "tarix təkrar olunur" prizmasından baxanda burada Uhudda döyüşən səhabələri görmək çətin deyil. Üstəlik bu ayələr Uhudla əlaqədar nazil olmuşdu.
c. Uhudun mərhələləri
Uhudda üç fərqli tablo vardır:
ca. Birinci tablo:
Allah Rəsulunun tələm-tələsik verdiyi qərarların müvəffəqiyyət və uğurla nəticələnməsi tablosudur. Düzdür, bu mərhələdə də bir neçə şəhid verilmişdi. Amma Seyyidinə Həzrət Həmzə, Əbu Dücanə, İbn Cahş (radiyallahu anhum) düşməni ot kimi biçib keçmişdilər. Və müsəlmanlar açıq zəfər qazanmış, düşməni məğlubiyyətə uğratmışdılar. Bu əsnada müşrik qadınları qaçanları geri qaytarmağa çalışmış, "Bu, sizə yaraşmaz!" deyə yalvarmışdılar, amma qaçmağa üz tutan Məkkə ordusunu dayandırmaq mümkün deyildi.
Bu qarşılaşmada müsəlman qoşunun münafiqlər ayrıldıqdan sonra təxminən 700 nəfər olduğunu səhih tarixi qeydlərdən öyrənirik. Qarşı tərəfin ordusu isə üç minə yaxın idi. Bu da təqribən müsəlmanların beş qatı demək idi. Yəni hər müsəlman beş düşmənlə döyüşməli olmuşdu. Qüreyşlilər qadınlarını və uşaqlarını da gətirmişdi. Qadınlar dəf çalır, əsgərləri ruhlandırırdılar. Müşrik ordusu tam təchizatlı və hazırlıqlı idi, amma müsəlmanın fəndi qarşısında Bədirdə olduğu kimi, burada da dağılmışdı. Elə bu əsnada əmrə itaətsizlik oldu ki, biz də buna "zəllə" deyirik. Çünki onlar müqərrəbin, yəni Allaha (cəllə cəlaluhu) çox yaxın bəndələrdi.
Bizlər, İslam və iman məqamının insanlarıyıq. İman edir, İslamı yaşayır və ondan o tərəfini dərk edə bilmirik. Onlar isə ehsan məqamında idilər; Allaha (cəllə cəlaluhu) Onu görürmüş kimi ibadət edirdilər və hər şeyi bizdən fərqli görürdülər. Hətta çox vaxt kəmiyyət və keyfiyyət çərçivəsinə sığmayan lahuti[16] üfüqləri müşahidə edirdilər. Bu qədər yaxın olduqlarına görə də bəzən ürəklərindən və fikirlərindən keçən şeylərdən belə hesaba çəkilirdilər. Orada meydana gələn yüngül bir qarışıqlıq və Allah Rəsulunun məğlubiyyətdən zəfər çıxarma strategiyasına gedən yolda baş verən kiçik sarsıntı müqərrəbinə bir mənada xəfifcə tənbeh idi.
Bəli, Allah Rəsulu Uhudda müvəffəqiyyət qazandı. Bəzi mənbələrin yazdığı kimi, Uhud məğlubiyyət deyil. Mən şəxsən burada "məğlubiyyət" təbirini çox ağır görürəm. Bu sözdən mənən narahat olur və onun yerinə "Uhudda müvəqqəti sarsıntı oldu" deyirəm.
cb. İkinci tablo:
Düşmən məğlubiyyətə uğramışdı. Pərən-pərən düşmüş, canhövlü qaçırdı. Müsəlmanlar istər-istəməz Bədiri xatırladılar. O vaxt da düşmən ordusu belə götürülmüşdü. Beləliklə, hər şeyin sona çatdığı qənaətinə gəldilər. İndi isə növbə qənimətləri yığmağa gəlmişdi. Dəvələr, atlar, inəklər onları gözləyirdi. Düşmən bütün mal-mülkünü atıb elə qaçmışdı ki, gedib qənimət toplamağa zahirən heç bir əngəl yox idi. Beləliklə də, oxçular da aşağı enib qənimət toplamağa girişdilər. Abdullah ibn Cübeyr (r.a.) onlara Allah Rəsulunun əmrini xatırlatsa da, görünür, əmrin incəliyini qavraya bilməmişdilər. Çünki yerlərini tərk edib meydana enənlər bu əmri "Döyüşün sonuna qədər mövqeyinizi tərk etməyin!" şəklində başa düşmüşdülər və indi isə döyüş sona çatmışdı. Bundan başqa, onlar bu cür darmadağın olmuş bir ordunun özünü toplayıb geri qayıtmasını qeyri-mümkün sanırdılar. Bu isə Uhudun ikinci tablosudur!
cc. Üçüncü tablo:
Oxçuların mövqelərini tərk etməsi cəbhədə bir boşluq açılması demək idi ki, həyatında məğlubiyyət üzü görməyən hərb dahisi Xalid bunu dərhal sezəcəkdi. İndi də onun əlinə fürsət düşmüşdü.
Bu əsnada müsəlmanlar qılınclarını qınına salıb qənimət toplamaqla məşğul idi. Kimisi də çadırlarına çəkilib istirahət edirdi ki, Xalid ildırım sürəti ilə irəlilədi və qalan bir neçə oxçunu da şəhid edərək arxadan hücuma keçdi. Müsəlmanlar tamamilə hazırlıqsız idilər. Hətta vuruşma qurtardı deyə döyüş əhval-ruhiyyəsi və ayıq-sayıqlıq da qeyb olmuşdu. Bu da yenə Xalidin işinə yarayacaqdı. Fürsətdən istifadə edib sürətlə hücum etdi…
Burada, bir məqama təmas etməkdə fayda var. Əvvəla, Peyğəmbərimiz "Mədinədə qalaq" demişdi, onlar dinləməmiş və əlbəyaxa döyüşə girməkdə israr etmişdilər. Bu, onlar üçün fasid bir dairəyə[17] girmək demək idi. İndi bu fasid dairə də başqa bir fasid dairə doğurmuşdu. Allah Rəsulu, "Burada qalın yerinizdən tərpənməyin!" demiş, onlarsa yerlərini tərk etmişdi. Bu da onların təkrar zəllə işləməsi və büdrəməsi idi. Bu büdrəmə haqda Quranda buyurulur: "Şeytan məhz bəzi əməllərinə görə onların ayağını büdrətdi." ("Ali-İmran" surəsi, 3/155)
Yəni yolun başında onlara "Qalın!" deyildi, ancaq israrla: "Mədinədən kənara çıxıb vuruşaq!" dedilər. Hərb əsnasında onlara "Yerinizdən ayrılmayın!" deyildi. Onlar isə yerlərindən ayrılıb qənimət toplamağa, daha doğrusu, o biri yoldaşlarına kömək etməyə başladılar. Birinci dəfə söz dinləməmək acı nəticə verdi. Birinci acı nəticə ikincisini doğurdu. Əgər Allah-Təala mərhəmət ilə buna əngəl olmasaydı, yanlışlar bir-birinin ardınca gələcəkdi... Mərhəmətin qəzəbin önünə keçməsi bir daha əyan-bəyan zühur etmiş və o müqərrəbin camaatı qanadının altına almışdı.
Bir də, orada hərb qurtardı deyə qənimət toplamağa başladılar. Əslində bu, vuruşan və müvəffəq olan döyüşçülər üçün çox normal hərəkət idi. Ancaq müqərrəbin üçün bu, bir büdrəmə sayılırdı. Allah-Təala Bədirdə əldə edilən qənimətlər səbəbiylə hətta Həbibinə də xəbərdarlıq etmişdi...[18] Bu xəbərdarlıq gələndə Allah Rəsulu və Əbu Bəkir (r.a.) hıçqıra-hıçqıra ağlamış, onların ağladığını görən Həzrət Ömər (r.a.) də göz yaşı tökməyə başlamışdı.[19]
Onlar fani dünyaya meyil edə bilməzdi.. əksinə dünyaya qarşı sərt mövqelərini ortaya qoymalı idilər. "Qəniməti götürək, aparaq" düşüncəsində bizə görə heç bir qəbahət olmasa da, o cəbhədə, o meydanda, şəhidlərin qanı ilə islanmış o torpaqda müqərrəbinin buna tənəzzül etməsi daha sonra onların vicdanını didib dağıdacaqdı. Demək ki, Allah onları qabaqcadan tənbehləyərək bu ağır aqibətə düçar olmaqdan qorudu. "Dərd dərdi unutdurar" deyiblər, hər yeni müsibət o qədər ağır oldu ki, əvvəlkini unutdurdu. Məsələn, ən axırda Peyğəmbərimizin mühasirəyə düşməsi, hətta şəhid edilməsi haqqında yayılan şayiə bütün müsibətləri unutdurmağa kifayət elədi. Yaxşı ki, düşmən Peyğəmbərimizə çathaçatda Rəsulullah səhabələri haraylamış və əshabı Onun səsinə səs verib ətrafında ətdən qala olmuşdu.
Qadınlar əllərində parça, bellərində su qabları yaralılara su vermək və yaralarını sarımaq üçün oraya gəlmişdilər. Təbii ki, başlarında da Ümmü Ümarə (radiyallahu anha)... tarixin şərəflə yad etdiyi böyük qadın.. meydana ərini və oğullarını göndərmişdi, onlar döyüşəcəkdilər. Özü də belində su qabı, əlində parça yaralıların imdadına tələsirdi.
Gördüyü mənzərə dəhşətli idi. Allah Rəsulunun dövrələyən ətdən "qala" parça-parça olub dağılır və xain əllər addım-addım Ona yaxınlaşırdı. Əslində hamısını doğramadan, hətta onları tikə-tikə eləmədən Allah Rəsuluna yaxın düşə bilməzdilər. Artıq orada qeyzlə çəkilən hər bir qılıncın, nifrətlə atılan hər bir oxun, qalxan hər bir mizrağın hədəfi Rəsulullahdı, Ona tuşlanmışdı, amma bütün bunlar özünü Rəsulullaha sipər edən möminlərin sinəsinə saplanırdı. Hətta elə bir an gəlmişdi ki, orada qırılmamış qol, kəsilməmiş baş qalmamışdı.
Elə bu əsnada Allah Rəsulu üstünə gəlməkdə olan bir dəstə gözü dönmüş düşməni göstərərək: "Bunlarla kim vuruşacaq?" deyincə Nəsibə (radiyallahu anha) əlindəki parçanı, belindəki su qabını bir kənara ataraq: "Mən, ya Rəsulullah!" cavabını vermiş, müdafiə xəttində yerini alıb əlindəki qılıncla sağa-sola hücum etmiş və Rəsulullaha yaxınlaşanların göz açmasına imkan verməmişdi.
Oraya yaraları sarımaq üçün gəlmişdi, amma döyüş qızışınca, təhlükə artınca bir aslana çevrilmişdi. Allah Rəsulunun önündə döyüşərkən oğlunun qolunun bir qılınc zərbəsiylə kəsildiyini görür, qaça-qaça gedib onu sarıyır və əlini belinə vuraraq: "Get, Rəsulullahın önündə döyüş, oğlum!" deyir və yerinə qayıdır. O qədər yaxın döyüşürdü ki, Allah Rəsulunun hənirtisini hiss edirdi. Kürəyində əl boyda dərin bir yara açılmışdı, qan içində qalmışdı.
Övladını döyüşə göndərəndən sonra Allah Rəsulu ona belə buyurur: "Sənin bu elədiyinə kim dözə bilər, kim tab gətirə bilər!?" Bunu eşidən böyük qadın: "Allaha dua et, məni Cənnətdə Səninlə birlikdə eyləsin!" deyir. Və Allah Rəsulu əllərini qaldıraraq, üzündən, kürəyindən, qolundan qan axan bu qadına dua edir: "Allahım, Cənnətdə onu mənimlə birlikdə eylə!"[20] O şərəfli qadın bu duanı eşidincə: "Artıq Sənin qarşında qiyamətə qədər döyüşə bilərəm," – deyir.
O uca qadının həyatı şərəfli səhnələrlə doludur: Əqabədə Peyğəmbərimizə beyət edib Onu Mədinəyə dəvət edənlər arasında olan, bütün ailə üzvləri ilə birlikdə İslamın əmrinə girən, Uhudda Peyğəmbərimizin önündə keçilməz sipərə dönən, qəhrəmancasına, mətanətlə döyüşən, hicab ayəsi nazil olar-olmaz cihada gedə bilməyəcək deyə kədərdən boğulan, yalançı peyğəmbərlər ortaya çıxanda yenidən döyüşlərə atılıb Yəmamədə vuruşan, qolunu və oğlunu orada qoyub geri dönən o böyük qadın mübariz və keşməkeşli bir ömür yaşamışdır.[21]
Uhudun ölüm fədailərindən biri də Ənəs ibn Nadr idi.. Ənəs ibn Malikin əmisi.. Ənəs ibn Nadr (r.a.) həm döyüşür, həm də "Allah Rəsulunun şəhid olduğu yerdə siz nəyi gözləyirsiniz?" deyə hayqırırdı.[22]
İlk çağırış burada olmuşdu, düşmən ordusu da burada məğlub ediləcəkdi. Artıq müsəlmanlar özünə gəlmişdi. Allah Rəsulu hər şeyə rəğmən, əmrə itaətin incəliyini anlamayan yoldaşlarına yeni əmrlər verir, yeni taktikalar təqdim edirdi. Bu vaxt Uhudun bir yerində ölümü gözləyən Sad ibn Rəbi (r.a.) yanına gedən səhabəyə belə demişdi:
"Allah Rəsuluna salam deyin, Uhudun arxasından Cənnət qoxusunun gəldiyini hiss edirəm. Və qövmümə (ənsara) də salam deyin. Nəfəs alıb verdikləri müddətcə Allah Rəsuluna bir şey olsa, Allahın (cəllə cəlaluhu) hüzurunda canlarını qurtara bilməzlər!"[23]
...Və şəhidlik üçün dua edənlərin duası da cavabsız qalmamışdı: Ənəs ibn Nadr, İbn Cahş, Həzrət Həmzə və bir çox müsəlmanın duaları qəbul olunmuş, qanadlanıb göylərə uçmuşdular. Uçan uçub getmiş, qalanlar qan gölündə sürünürdü.. və sanki Uhud da möminlər kimi ağlayırdı, amma göz yaşları qandı... Bir tərəfdən də Allah Rəsulunun şəhid edildiyini eşidən ürəklər qan ağlayırdı və bu şayiə çoxlarını ruhdan salmışdı.. və elə bu əsnada müsəlmanların bir qismi "Mədinəyə gedib qüvvələri yenidən toplamaq" kimi düşüncələrlə o tərəf bu tərəfə var-gəl eləməyə başlamışdılar.. və sözün əsl mənasında çaxnaşma içində idilər ki, Kab ibn Malikin o gurultulu səsi eşidildi: "Ey müsəlmanlar! Sizə müjdələr olsun, Rəsulullah sağdır!"[24]
Uhud bu hayqırtı ilə elə bil yenidən dirildi, cana gəldi və hər kəs Ona doğru qaçışmağa başladı. Rəsulullah olan çuxurun ətrafında ikinci çağırış edildi müsəlmanlara. Müsəlmanlar onun ətrafında ətdən qala oldular. Kimisi başına pərvanə kimi dolanır, kimisi mübarək üzünə batmış dəbilqə parçalarını çıxarmağa çalışır və kimisi də müsəlmanları oraya toplamağa səy göstərirdi. Hamısı Onun üstündə tir-tir əsirdi. Elə bir səhabə yox idi ki, Onun bircə dişi qanamasın deyə sevə-sevə canını verməyə hazır olmasın. Bu, Allah Rəsulunun ətrafındakı ikinci dəvət idi! Bir daha ölməyə söz verəcək və Ondan ayrılmayacaqdılar.
İnsanlığın İftixarı, böyük sərdar yenidən cilovu əlinə aldı. Artıq oxçuların yerini tərk etməsi, başqalarının gedib uzaqda döyüşməsi Onun yeni planlarına mane olmayacaqdı. Ətrafında toplaşan müsəlmanlarla birlikdə səssizcə Uhudun arxasına çəkilib düşməni üstələmək üçün yeni planlar cızırdı. Yəni Allah Rəsulu müvəffəqiyyətlə nəticələnən üçüncü tablonu hazırlamaqda idi.[25]
ç. Çaxnaşmadan zəfərə
Bu üçüncü tablo mütləq bir zəfər idi. Çünki düşmən geri dönmüş, müsəlmanlar da onları qovmuşdu. Baxmayaraq ki, Əbu Süfyan yenidən hücum etmək istəyirdi, amma Safvan ibn Ümeyyə: "Ya Əba Süfyan, geri qayıdaq. Çünki onların hamısını öldürməsək, Məhəmmədə yaxın düşmək mümkün deyil. İndi bir zəfər qazanmışıq. Bunu məğlubiyyətə çevirməyək!" deyərək onu bu aqibəti məchul plandan daşındırmışdı. Əslində, o da eyni qənaətdə idi. Və Məkkəyə doğru yola düşmüşdülər.[26]
Allah Rəsulu məğlubiyyət kimi görünən bir vəziyyətdə bir mənada parlaq zəfər qazanmışdı. Bununla da ilahi qədər sanki səhabəyə belə bir ibrət dərsi verirdi: Allah (cəllə cəlaluhu) Rəsuluna inayət və kərəmiylə müvəffəqiyyətlər bəxş edir. Sizin qılınclarınız sadəcə bir vasitədir. Yoxsa, Rəsulunu zəfərdən zəfərə aparan yalnız və yalnız Allahdır (cəllə cəlaluhu).
Elə Uhudun həm əvvəlində, həm də döyüşün nəticəsi etibarilə qazanılan zəfərlər Peyğəmbərimizə verilsin deyə arada müvəqqəti sarsılmışdı müsəlmanlar. Lakin Allah (cəllə cəlaluhu) bu ən çətin vəziyyətlərdə belə Rəsulunu tək qoymamış, vəd etdiyi nüsrəti vermişdir: "Allah sizə verdiyi vədinə sadiq çıxdı. Siz onları Allahın izni ilə kəsib-biçirdiniz. Lakin O (Allah) sevdiyiniz şeyi (zəfər və qəniməti) sizə göstərəndən sonra zəiflik göstərdiniz və (sizə verilmiş) əmr barəsində bir-birinizlə çəkişərək (Peyğəmbərə) qarşı çıxdınız. İçərinizdən bəziləri dünyanı, bəziləri isə axirəti istəyirdi. Əlbəttə, O, sizi əfv etdi. Çünki Allah möminlərə qarşı mərhəmətlidir! Peyğəmbər sizi çağırdığı zaman arxaya baxmadan qaçırdınız. Allah sizi qəminizin üstünə qəm gətirməklə cəzalandırdı ki, əlinizdən çıxan şeylərə və uğradığınız fəlakətlərə görə təəssüf etməyəsiniz. Şübhəsiz ki, Allah gördüyünüz işlərdən xəbərdardır!" ("Ali-İmran" surəsi, 3/152-153)
Allah ilə sizin aranızda əhdnamə vardı. O: "Buyurduğumu yerinə yetirin ki, Mən də sizinlə olan əhdə vəfa edim" ("Bəqərə" surəsi, 2/40) buyurur. Bu əhdnamə Allah (cəllə cəlaluhu) tərəfindən əsla pozulmaz. Əgər siz bu əhdi pozsanız, Allah da pozar.. və Uhudda da Allah sizə verdiyi sözünə əməl elədi. Onun əmri, izni və istəyi ilə döyüşün başlanğıcında kafirləri darmadağın etdiniz.
"Sonra gözlənilməz şəkildə və heç nədən uğursuzluğa düçar oldunuz. Beş dəqiqə sonra gəlməliydiniz, amma qənimət götürməyə beş dəqiqə əvvəl gəldiniz və əmri gözləmədiniz. Bəli, Sultanlar Sultanı sərdar alaçığından əmr verəcəyi anı gözləyirdi. Lakin siz tələsdiniz və beləcə aranıza qarışıqlıq düşdü.
Bəli, ordu dağılıb bir mövqedə qərar tutmayanda qarışıqlıq meydana gəlir. Onsuz da, hər bir yeni qərar fikir ixtilafına səbəb olur və fərqli düşüncələrin ortaya çıxmasına gətirib çıxarır, hər düşüncənin də öz tərəfdarı olur.. birlik və vəhdət də beləcə pozulur. Allah (cəllə cəlaluhu) həqiqəti göstərəndən sonra itaətsizlik etdiniz, siz müqərrəbinsiniz. Bu, başqaları üçün günah olmaya bilər, amma siz peyğəmbər hüzurunun boyası ilə "boyan"ırsınız. Mütəmadi gələn vəhylə, Allah Rəsulunun ilhamları və söhbəti ilə yetişirsiniz. Siz Allahın (cəllə cəlaluhu) məmnun olacağı qəlibə düşmüsünüz, fəzilətə, imana, kamala çatmısınız. İstədiyiniz bəzi şeyləri də – o, fani dünya idi və o qədər əhəmiyyətli deyildi.. olsa da olardı, olmasa da... – Allah (cəllə cəlaluhu) sizin əlinizdən aldı. Arzuladığınız o şeydən də sizi məhrum etdi. Çünki siz axirəti, əbədiyyəti istəsəydiniz, dünya necə olsa, arxanızca gələcəkdi.
Bir mənada fani dünyaya talib oldunuz. Halbuki dünyanı istəməyə sərf edilən enerji ilə axirət tələb etmək olmaz. Axirəti daha ciddi səylə, dünyanı isə ikinci planda istəməliydiniz. Bundan savayı, siz axirəti, əbədiyyəti arzulasaydınız, dünya arxanızca qaça-qaça gələrdi. Unutmayın, and olsun ki, Allah (cəllə cəlaluhu) sizi bağışladı."
Allah Rəsulu o qorxunc sarsıntıdan sonra bir mənada yeni zəfər əldə etmişdi. Əbu Süfyan ordusu Məkkəyə, Allah Rəsulu da onların içinə ciddi bir qorxu saldıqdan sonra Mədinəyə döndü.
[1] Buxari, "Zəkat", 54; Müslim, "Fədail", 11.
[2] Buxari, "Məğazi", 15, 16; Müslim, "Cihad", 119; İbn Hişam "Əs-siratün-nəbəviyyə", 3/121.
[3] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 3/311-313; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 4/3-5.
[4] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 3/310-311; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 3/344.
[5] Əhməd ibn Hənbəl, "Əl-müsnəd", 3/351; İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 4/8-9; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 4/11.
[6] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 4/8; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 4/11-12.
[7] Müslim, "İmarə", 148.
[8] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 4/9; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 4/11-12.
[9] Buxari, "Etisam", 28; Əhməd ibn Hənbəl, "Əl-müsnəd",3/351.
[10] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 4/9-10; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 4/13-14.
[11] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 4/12; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 4/15.
[12] Buxari, Cihad, 164; Əbu Davud, Cihad, 116; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 4/25.
[13] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 4/15.
[14] Müslim, "Fədailüs-səhabə", 128; Əhməd ibn Hənbəl, əl-Müsnəd, 3/123; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 4/15.
[15] Bəzzar, "Müsnəd", 3/193-194.
[16] İlahi aləmə, qeyb aləminə aid olan. Sirli aləm. Ruhani aləmlə bağlı.
[17] "Fasid dairə" ifadəsi "çıxılmaz vəziyyət", "xəta doğuran xəta", "yanlışlar zənciri" mənalarına gəlir.
[18] "Ənfal" surəsi, 8/67-68.
[19] Müslim, "Cihad", 58; Əhməd ibn Hənbəl, "Əl-müsnəd", 1/31-32.
[20] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 4/30-31; İbn Həcər, "Əl-isabə", 8/140, 266.
[21] İbn Həcər, "Əl-isabə", 8/140, 266.
[22] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 4/32; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 4/34.
[23] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 4/44, Hakim, "Əl-müstədrək", 3/221-222.
[24] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 4/32; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 4/35.
[25] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 4/32; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 4/35.
[26] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 4/54-55; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 4/51.
- tarixində yaradılmışdır.