Həmraül-Əsədə doğru
Mədinəyə çatmışdılar ki, Nuaym İbn Məsud – hələ haqqın yolunu tapmamışdı. Onu tanıyanlar "şeytan" deyirdilər. Bəli, iti ağılı vardı, – Uhudda da şeytanlığını bütün çılpaqlığı ilə ortaya qoydu. Allah Rəsulunun yanına gəlib: "Əbu Süfyan yenidən qoşun toplayıb üstünüzə gəlir. Boş yerə döyüşməyin, təslim olun!"[1] – dedi. Ancaq heç bir mömin əzmindən dönmədi.
Allah Rəsulu Mədinəyə yenicə girmişdi ki, Əbu Süfyanın ordusu ilə dönüb geriyə qayıtması xəbərini aldılar. Yaralılar yaralarını sarımağa belə vaxt tapa bilməmişdi. Halbuki bir çoxu ölümlə çarpışırdı, son anlarını yaşayırdı. Yaralıların eləsi vardı ki, ayağa durub addım atmağa heyi qalmamışdı. Buna baxmayaraq, hamısı qalxıb Həmraül-Əsədə doğru yola çıxdı. Allah Rəsulu və müsəlmanlar düşməni bir daha geri oturdacaqdılar. Peyğəmbərimiz buyurdu: "Dünən Uhudda bizimlə birlikdə olanlar sabah yenə filan yerdə toplansın. Qüreyş ordusunu təqib edəcəyik!"[2]
Üstünə örtük sərilmiş, ölümü intizarla gözləyən bu insanlar birdən-birə məzardan dirilirmiş kimi ayağa qalxdı və deyilən yerə axışdı. Bəli Allah Rəsulunun həyatbəxş səsi ilə ölülər yenidən dirilirdi. O səsin yaralılara abi-həyat olması nədir ki! Busirinin dediyi kimi:
Əgər gətirdiyi möcüzələr Onun uca zatı qədər böyük olsaydı,
Adı çürümüş sümüklərə oxunanda o sümüklər belə cana gələrdi!
Artıq hər yanda Rəsulullahın səsi, nəfəsi eşidilir və dörd bir tərəf lərzəyə gəlirdi. Elə bil İsrafil sura üfürmüş, hər kəs məzarından çıxıb məhşər meydanına axışırdı.
Bircə möminin də bu təqibdən geri qaldığına dair tarixdə heç bir qeydə rast gəlmirik. Qolu qopanlar, ayağını sürüyə-sürüyə yeriyənlər vardı, amma geridə qalan yox idi. Əbdürrəhman ibn Avf deyir ki: "Elələri vardı ki, yeriyə bilmirdi, belimizdə aparırdıq." Qılınc tutmağa taqəti olmayanlar da vardı.. və bu ordu gedib məqsədinə çatdı.[3]
Onların gəliş xəbəri özlərindən tez çatmış, Qüreyşi möhkəm sarsıtmışdı. Əsgərlər təşvişə düşməyində olsun, xəbər çatar-çatmaz Əbu Süfyan qurtuluşu qaçmaqda görmüşdü. İslam ordusu zahirən məğlubiyyət kimi görünən bir vəziyyətdən sonra zəfər nərələriylə Həmraül-Əsədə qədər getdi.. Orada bir gün qaldı, istirahət etdi və maddi-mənəvi yaralarını sarıyıb geri döndü.
Bu son yürüşdə heç kimin burnu qanamamışdı. Halbuki özünü müzəffər sayan Əbu Süfyan Allah Rəsulunun gəldiyini eşidən kimi qorxub geri dönmüşdü.[4]
İndi soruşuram: Uhudun qalibi kim, məğlubu kimdir? Qaçan Qüreyş, qovan İslam ordusu deyilmi?
Belə çətin vəziyyətdə mütləq məğlubiyyəti böyük bir qalibiyyətə çevirən ikinci bir hərb dahisi göstərmək hər halda mümkün deyil. Bu qalibiyyətdə Allah Rəsulunun inayət mehvərli möhtəşəm fətanətinin möhrü və damğası vardır.
Dəyərli oxucu! Bədir və Uhudu Allah Rəsulunun hərbi məharəti baxımından təhlil etməyə çalışdım. Avam bir insan olaraq bir hərb dahisinin vəzifələrindən danışmaq məcburiyyətində qaldığım üçün, bəlkə də, işlətdiyim kəlmələrlə sizi narahat etdim, incitdim, fikirlərinizi rəncidə etdim. Allah (cəllə cəlaluhu) məni əfv etsin, siz də bağışlayın.
a. Müntəzəm dəyişən strategiya
İndi də Allah Rəsulunun Bədirdəki gedişini, Uhudda əvvəli zəfər, axırı zəfər, ortası sarsıntı və bu sarsıntılara aparan hadisələri qısa şəkildə və maddə-maddə ərz etməyə çalışacağam:
Allah Rəsulu Bədirdə başqa bir taktika, Uhudda başqa bir döyüş üsulu, Xəndəkdə başqa bir strategiya, digər səfərlərində də fərqli strategiyalar tətbiq edərək daim düşmənlərini yanıltmış, çaşdırmış və itki vermədən (Təsəvvür edin ki, "Səadət əsri" boyu Onun tərəfindən cəmi 100-dən bir az çox müsəlman şəhid və qurban verilmişdir!) o müqəddəs mərhələni bəxtiyarlıq və xoşbəxtliklə möhürləmiş misilsiz liderdir. Əmisindən sarı irqə, sarı irqdən qara irqə qədər bütün cahana hərb elan etdiyi halda azacıq tələfatla çox əhəmiyyətli işləri görmüş və tarixə şanlı imzasını atmışdır.
Bəli, Uhudda fərqli, Bədirdə başqa döyüş üsulundan istifadə etdi. Uhudda xüsusi fədailər seçib əhəmiyyətli vəzifələr tapşırdı.. bir yerə oxçular yerləşdirib düşmən hücumunun qarşısını aldı. Və şəxsən cərgələrin arasına girib ordunu öz əlləri ilə nizama saldı. Təşviq elədi.. yarış hissini coşdurdu. Yəni bəzi səhabələri qibtəyə sövq elədi, məsələn, Əbu Dücanəyə (r.a.) bir qılınc verib onu cuşa gətirdi. Hətta Əbu Dücanənin (r.a.) təkəbbürlü yerişini görüncə buyurdu ki: "Sənin bu yerişindən Allahın xoşu gəlməz, amma düşmənin qabağında belə yerimək lazımdır!"[5] Bu hədisdən yola çıxan bəzi fəqihlər hərbdə lopa bığ saxlamağı döyüşdə düşmənə heybətli görünmək üçün caiz saymış, "İnsan hərbdə nə qədər heybətli və ölümdən qorxmaz görünsə, o qədər məqbuldur," – demişlər.
Allah Rəsulu Bədirdə işlətmədiyi bu taktikanı Uhudda tətbiq etmiş və səhabələri yarışa sövq etmişdi. Əlinə aldığı qılınca hər kəs sahib olmaq istəmiş, O isə Əbu Dücanəyə (r.a.) vermişdi. Qılınc ona verilincə digər fədailər də Əbu Dücanəyə (r.a.) dönmüş və onun kimi igidliklər göstərmişdi.
Bədirdən fərqli olaraq Uhudda qadınların da iştirak etməsi yeni taktika idi. Həzrət Nəsibənin (radiyallahu anha) qəhrəmanca vuruşmasına qısa da olsa yuxarıda təmas etmişdik.
Həzrət Fatimə anamız (radiyallahu anha) döyüşdə şəxsən iştirak etmişdimi, bilmirik. Bununla belə, mötəbər kitablar onun döyüşün sonunda atasının üzündəki qanı əlləriylə sildiyini və qanı dayandırmaq üçün həsir yandırıb yaralanan yerə basdığını yazır.[6] Demək ki, Allah Rəsulu yaralılara kömək etmək, onların əhval-ruhiyyəsini yüksəltmək və əsgərləri ruhlandırmaq kimi məsələləri nəzərə alaraq Uhuda qadınları da aparmışdı.
b. Uhudda müvəqqəti qarışıqlığın səbəbləri
Uhudda iki zəfər səhnəsi arasında müsəlman ordusuna qarışıqlıq və çaxnaşma düşdüyünü qəbul etmək lazımdır. Bunun səbəbləri kimi aşağıdakı məqamları qeyd edə bilərik:
Birincisi: Allah Rəsulunun başlanğıcda şəhərdə qalıb müdafiə olunmaq niyyətinə və təklifinə baxmayaraq, səhabələrin coşması, üz-üzə döyüşmək istəyi əmrə itaətin incəliyini anlamalarına mane oldu. Halbuki belə bir məqamda onların vəzifəsi mütləq itaət idi. Bunu oxçulara da aid etmək mümkündür. Bu fikir ayrılığı müvəqqəti də olsa, məğlubiyyət səbəblərindən biri ola bilər.
İkincisi: Dünyaya qarşı meyil və məhəbbəti olmayan, bunu hicrət zamanı hər şeyini Məkkədə qoyub Mədinəyə köçməklə isbat edən bu insanlar öz xarakter və ruh dünyalarının ziddinə hərəkət etdilər. Axirətə ən yaxın bir vaxtda qənimət və dünya malı ilə məşğul olmaq müqərrəbin üçün qəflətə düşmək sayıldığı üçün, Allah-Təala o "əqrabul-müqərrəbin"i (Allaha ən yaxın bəndələri) düşmənin qılıncı ilə bir mənada cəzalandırdı. Ancaq bu səhabələrə xas bir cəza idi. Bəli, bizim kimilər üçün bəzən savab sayılan əməllər onlar üçün günah sayılır və buna görə haqq-hesaba çəkilirlər. "Həsənati-əbrar seyyiati-müqərrəbindir".
Üçüncüsü: Qarşı cəbhədə Xalid kimi mahir sərkərdənin olması da müsəlmanların sarsılmasının bir səbəbi sayıla bilər. Sonralar İslam yolunda böyük xidmətləri olan Xalidin yenilməzlik ünvanını Allah-Təala Uhudda da qorumuş və hifz etmişdi ki, bu da onun gələcəkdə işləyəcəyi yaxşı əməllərə qabaqcadan verilmiş bir mükafatdır. Çünki Xalid irəlidə yenilməzlik ünvanından doğan cəsarəti və yüksək əhval-ruhiyyəsi ilə həm Bizansa, həm də Sasanilərə ağır zərbə endirəcəkdi. Əgər Xalid iştirak etdiyi bu ilk döyüşdə məğlub olsaydı, ehtimal ki, o yüksək əhval-ruhiyyə ilə İslamda qızıl səhifələr yaza bilməzdi.
Dördüncüsü: Bədrə gedə bilməyənlər dua etmişdilər. Şəhidlik arzu-niyazı onların yuxusunu qaçırırdı. Allah (cəllə cəlaluhu) da bu duaları qəbul edib çoxuna bu şərbəti içirdi. Uhudda qarışıqlıq düşəndə Ənəs ibn Nadr gözlərini səmaya dikib təşviş içində o yan-bu yana qaçanları göstərərək: "Allahım, bunların etdiklərinə görə əfv diləyirəm!" demiş.. sonra da gur səsiylə: "Allah Rəsulunun öldüyü yerdə siz niyə yaşayırsınız!" deyib səhabələri məzəmmət etmiş, ardınca da düşmən cərgələrinə hücum edib Peyğəmbərimizə qovuşmaq üçün yollar axtarmışdı.[7]
Bəli, şəhidlik üçün edilən duaların, demək olar, hamısı qəbul olunmuşdu. İnsan nə vaxt dua edib, duası cavabsız qalıb? Neçə əsr sonra Murad Xudavəndigar həzrətlərinin: "Allahım, Ümməti-Məhəmmədi əziz, məni də şəhid et!" deyə etdiyi duaya da, şəhidliyinə də Kosova[8] canlı şahiddir. Müsəlmanlar zəfər qazanır, əziz olur. Bir az sonra cəsədlər arasında gəzərkən Miloşun xəncərinə tuş gəlir o böyük insan, duasının ikinci hissəsi də yerinə yetir, şəhidlik şərbətini içib Rəbbinə qovuşur. Ürəkdən edilən bu duaları Allah Təala qəbul buyurmuşdur. Beləcə səhabələrin şəhidlik üçün etdikləri bu qədər dua Uhud meydanında qəbul olunmuş və bu qədər müsəlmanın şəhid olması da zahirən məğlubiyyət kimi görünmüşdür.
Beşincisi: Uhudda üz-üzə gələnlər böyük bir alimin dediyi kimi, əksəriyyət etibarilə "o gün"ün səhabələri ilə gələcəyin səhabələri idi. Yəni Uhudda ilk dövrün səhabələri ilə sonralar səhabə adını alan Amr ibn Aslar, İkrimələr, Xalid ibn Vəlidlər, İbni Hişamlar döyüşürdü. Gələcək fəthlərdə böyük rol oynayan və təbiətcə məğlubiyyətlə barışmayan bu insanlar qürurları rəncidə olmadan İslama girsinlər deyə Uhudda müvəqqəti məğlubiyyətlə üzləşmişdi müsəlmanlar.
Altıncısı: Uhudda meydana gələn o sarsıntı həm də bir tövhid dərsidir. Bədir zəfəri bəzilərində, bəlkə də, səbəblərə arxayınlıq əmələ gətirmişdi.. əslində düşmənin qarşısında əziz və şərəfli olmaq məsum bir hisdir, amma yuxarıda da ərz etdiyimiz kimi, onların – bir anlıq da olsa – belə bir hissə qapılması Allah və Rəsuluna bu səviyyədə yaxın insanlar üçün bir qəbahət və günah sayıla bilər.
Qalibiyyət və məğlubiyyət tamamilə Allahın (cəllə cəlaluhu) əlindədir, Onun hökmü ilə mümkün olur. Onları Bədirdə qalib edən Odur. Fərdlər Onun hökmünü düşünmədən qələbəni özlərindən görsələr, gizli şirk edə bilərlər. Halbuki onlar şirkin ən kiçiyindən belə fərsəx-fərsəx uzaq idilər. Düşüncə və fikir planında bunu hər kəs qəbul etməklə birlikdə, Allah-Təala əyani nümunəni ortaya qoyaraq səhabələrin bu məsələdə haqqəl-yəqin səviyyəsində imana çatmasını murad etmiş və Uhudda onları mütləq zəfərdən sonra müvəqqəti də olsa məğlub vəziyyətə salmışdı. Sonra da onlara gözlənilmədən zəfər bəxş etmiş, muradını və yeganə hökm sahibi olduğunu xatırlatmışdı. "De: "Ey Allahım, mülkün sahibi Sənsən! Sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan. Xeyir yalnız Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən!" ("Ali-İmran" surəsi, 3/26) məallı ayə Uhudda tamamilə təzahür etmiş və Müsəlmanlar bu ilahi icraatı gözləri ilə görüb yaşamışdılar. Zahirən kiçik zərərləri olsa da, imanda əldə edilən bu tövhid nuru və onun içində hiss edilən əhadiyyət[9] sirri o zərərləri heçə endirmişdi.
Əlbəttə, qılıncın da, mövqe tutmağın da öz yeri vardır və bunlar müvəffəqiyyətə aparan səbəblərdəndir. Lakin əsas məsələ ancaq və ancaq Allahın iradə və muradıdır. Çünki hər şeyə qadir olan yalnız Odur.
Bəli, sanki Allah Təala Uhuddakı müvəqqəti çaxnaşmanın dili ilə möminlərə bunu deyirdi: Allahın (cəllə cəlaluhu) gücünü nəzərə almadan heç bir məqsədə çata bilməzsiniz. İndi isə görürsünüz ki, mütləq bir zəfərdən sonra, məğlubiyyət də mümkündür. Elə isə Allah (cəllə cəlaluhu) istəmədikcə nə zəfər qazanmaq, nə də məğlubiyyətdən xilas olmaq mümkündür.
Əslində hər bir möminin əyani olaraq belə bir tövhid dərsi almağa nə qədər ehtiyacı var. Bəlkə də, Allah səhabələr vasitəsilə bizə də ibrət dərsi verirdi!
Bundan başqa, Allah Rəsulunun təklifi ilə razılaşmamağın əvəzində verilən bu keçici cəza möminləri silkələyib özünə gətirmişdi. Bundan sonra fərqli fikir irəli sürərkən son dərəcə həssaslıq göstərəcəkdilər. Onların yiyələndiyi bu ədəb də, əlbəttə, az qazanc deyildi…
Hər şey, hər hadisə Allahın (cəllə cəlaluhu) qüdrəti ilə idarə edilir.[10] Ancaq nəticə, demək olar, həmişə inananların lehinə olmuşdur və olacaq da. Onun üçün də Qurani-Kərim: "Gözəl nəticə müttəqilərindir!"[11] deyərək bu cür vəziyyətlərdə bizi indinin xaoslarından qurtararaq gələcəyin fərəhli günlərinə səyahətə aparır. Uhudda da bu vəziyyət eynilə meydana çıxmış, möminlərin zəfər və qələbəsi ilə sona çatmışdır.
Bəli, müxtəlif hikmətlərə binaən kiçik bir qəza olsa da, Uhud əsla məğlubiyyət deyildir. Xeyr! Uhud çox yönlü, gizli bir zəfərdir.
c. Ruh düşkünlüyünün aradan qaldırılması
Uhuddan qayıdan Allah Rəsulu bu son manevrlə ordunun əvvəlki əhval-ruhiyyəsini bərpa edərək Mədinəyə dönmüşdü. Artıq müsəlmanlar daha təcrübəli, Allah Rəsulunun sözlərindəki incəliyi anlamaqda daha həssas idilər. Ancaq hərb əsnasındakı müvəqqəti məğlubiyyət çox keçmədən ətraf bölgələrə yayılmış, hətta bəzi ərəb və yəhudi qəbilələrinin iştahını artırmışdı. Uhudda rəncidə edilmiş heysiyyəti qüvvətləndirmək, müsəlmanların gücünü göstərmək qaçılmaz zərurət idi və bu işi gecikdirmək də olmazdı.
Hicri 4-cü ildə Allah Rəsulu Məkkə müşrikləri ilə əlbir hərəkət edən Nadir oğullarının üzərinə yürüş təşkil etdi. Bu yəhudi qəbiləsi həddini aşmış, iki dəfə də Rəsulullaha sui-qəsd təşkil etmişdi. Münafiqlərin və Məkkə müşriklərinin kömək istəyinə aldanan və Allah Rəsuluna müharibə elan edən Nadir oğulları möhkəm qalaların arxasına gizlənməklə hər şeyi həll edəcəklərini sanırdılar...
Halbuki 15 günlük mühasirədən sonra təslim oldular və daşına bilən mal-mülklərini yanlarında aparmaq şərtilə yurd-yuvalarını tərk edib başqa yerlərə köçməyə razılaşdılar. Ölümdən canlarını qurtardıqları üçün bayramla, şənliklə getdilər. Mədinə belə toy-bayram, belə şənlik görməmişdi. Zillətə baxın ki, yurd-yuvalarını kədərlə deyil, hüznlə deyil, gülüb oynayaraq tərk edirdilər![12]
[1] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 4/54, İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 4/50.
[2] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 4/52, İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 4/48-49
[3] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 4/52, İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 4/49.
[4] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 4/55, İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 4/51.
[5] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 4/13; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 4/15.
[6] Buxari, "Məğazi", 24; Müslim, "Cihad", 101; Tirmizi, "Tibb", 34.
[7] Buxari, "Cihad", 12; İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 4/32; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 4/31-32.
[8] Osmanlıların xaçlı ordusunu məğlub etdiyi I Kosova döyüşü nəzərdə tutulur – red.
[9] Allahın bir və tək olmasının hər şeydə təcəlli etməsi – red.
[10] Əgər siz (Uhud müharibəsində) yara aldınızsa, o biri (kafir) dəstə də (Bədr müharibəsində) o cür yara aldı. Biz bu günləri (bu hadisələri) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirən şəxsləri (başqalarından) ayırd etsin və içərinizdən şəhidlər (şahidlər) seçsin. Allah zülmkarları sevməz! "Ali-İmran" surəsi, 3/140.
[11] "Əraf" surəsi, 7/128; "Qasas" surəsi, 28/83. Kiçik fərqlə baxın: "Hud" surəsi, 11/49.
[12] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 4/134-136.
- tarixində yaradılmışdır.